Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Elmdə həqiqət meyarı ilə - Safurə Quliyeva

07-09-2022 [ 15:05 ] [ oxunub:31 ]
printerA+ | A-
102665

Elmdə həqiqət meyarı ilə - Safurə Quliyeva Şirindil Alışanlının "Sözün yaşamaq haqqı" kitabından yazır

"Sənətkar ömrünün müdriklik çağı, dağ silsiləsinin zirvə yüksəlişini xatırladır... Zirvəyə doğru qalxdıqca təbiət də dəyişir, insanın aldığı nəfəs, ürəyinin döyüntüləri də dəyişir, eyni çiçəyin fərqli, daha cazibəli ətrini və rəngini duyursan, dağın zirvəsinə qalxdıqca dağ əzəməti, qartal qüruru ilə ağ bənövşə kövrəkliyi, "kölgədə bəslənmiş quzey qarı"nın zərifliyi ömür yolu haqqında müdriklərin danışdığı nağılı - əfsanəni xatırladır". Bu bədii lirik düşüncələr görkəmli ədəbiyyatşünas alim Şirindil Alışanlının "Sözün yaşamaq haqqı" kitabında (B., "Sabah", 2022) Xalq yazıçısı Elçinin 75 illik yubileyi münasibətilə yazdığı "Sənətkarın obrazı" məqaləsində yer almışdır. Kitabda alimin elmi fəaliyyətinin "müdriklik çağı"nda yazdığı milli bədii irsimizin və ədəbiyyatşünaslıq elmimizin bir sıra şəxsiyyətlərinin yaradıcılıqlarını və ədəbi-nəzəri problemlərini əhatə edən məqalələri toplanmışdır. Onun bəhs etdiyi tanınmış simaların bədii, elmi irsinin ideya-fəlsəfi özəlliklərini müəyyənləşdirən təkzibolunmaz mühakimələri öz dolğun məzmununa, elmi siqlətinə görə milli ədəbiyyat tariximizin bir sıra qaranlıq məsələlərinin dürüst öyrənilməsi üçün əhəmiyyətli və aktualdır.

Məqalələrdə tarixə çevrilmiş ədəbi yaradıcılıqların müasir dövrün ictimai-siyasi reallıqları işığında elmi dəyəri hərtərəfli açıqlanıb, "ədəbiyyatın həndəvərində dolanan qeyri-professionalların" səriştəsiz mülahizələri elmi həqiqət meyarı ilə aydın, konkret arqumentlərlə təkzib edilir. Xüsusilə XX yüzillikdə sovet dövrünün klassik sənətkarı Səməd Vurğunun və eləcə də həmin ictimai-siyasi quruluşda yaşayıb-yaratmış digər görkəmli sənətkarların ədəbi-bədii irsi ilə əlaqədar əsassız söz-söhbətlərə cavab olaraq alim qətiyyətlə yazır: "Heç bir əsəri, ədəbi-bədii abidəni, ədəbi şəxsiyyəti, həmçinin ədəbiyyat tarixini, onu yaradanların elmi irsini də real tarixi gerçəklikdən ayırmaq olmaz" (12). Konkret olaraq Azərbaycanda sovet sosialist sistemi durumuna gəldikdə, müəllifin qeyd etdiyi kimi, bu dövrün ədəbi-bədii irsi barədə fikir yürüdərkən onun tamamilə fərqli mədəni-ictimai özəllikləri və siyasi-ideoloji yönümünü dərk edib, mövcud reallıqlardan çıxış etmək çox mühümdür.

Tarixi həqiqətdir ki, XX yüzilliyin əvvəllərindən qabaqcıl sosial təbəqənin rus imperializminin müstəmləkəçiliyinə qarşı mübarizə amalından qəflətən yaranışına yollar açılmış müstəqil Azərbaycan cümhuriyyətinə keçid dövrünün xoş duyğu və əməllərinə başlar-başlamaz Rusiya Kommunist (bolşeviklər) Partiyasının "Fəhlə-kəndli dövləti zəhmətkeş xalqın xidmətindədir!" və "Bütün dünya proletarları, birləşin!" şüarları və ordusunun hücumu ilə boğduruldu. Yüz ildən bəri həsrətində olduqları milli müstəqilliyə çatıb, onu tez də itirən ziyalıların ağı-bayatıları yanında iqtisadi-mədəni inkişafdan, adi insani güzərandan məhrum yoxsul xalq kütlələrinə vəd olunan "işıqlı yolların" ilk "elektrik lampaları"na (H. K.Sanılı) yazılan vəsfnamələri də yer alırdı. Tarixi həqiqəti danmaq olmaz. 20-ci illərdə çoxlu iş yerləri açılır, əmək və təhsil müəssisələri, kütləvi savadlanma kursları yaradılır, yoxsul balaları böyük imtiyazlarla təhsil alır, cəmiyyətdə sanballı mövqe qazanırdılar. Zəhmətkeş xalqın güzəranı gündən-günə yaxşılaşır, "işıqlı gələcəyə" ümidi artır, ideoloji-mədəni sistemdə xoşməramlı tədbirlər həyata keçirilir, poeziya da, musiqi də "...Əcəb ağ gündədir mənim Vətənim..." ovqatına köklənirdi.

Fəhlə-kəndli sosialist dövləti, həmçinin mədəniyyətin, elmin inkişafına böyük sərmayə yatırır, kütləvi maarif-mədəniyyət ocaqları, nəşriyyatlar, mətbuat orqanları, tərcümə mərkəzləri, digər qarşılıqlı əlaqələr qabaqcıl bəşəri biliklərə yiyələnməyə yollar açırdı. Aylıq maaş, təqaüd, qonorarlar, müsabiqələr, təltiflər, mükafatlar, pulsuz mənzil, istirahət evləri, yaradıcılıq ezamiyyələri və s. və i.a. ziyalı təbəqənin bir qismində də dövlətə böyük rəğbət, etimad hissi yaradırdı. "XX əsr - sovet epoxası bütün naqislikləri ilə yanaşı, post-sovet məkanında yaşayan xalqların inkişafında müstəsna rol oynamışdır... Sovet sivilizasiyası tarixi bir mərhələ kimi mövcud olmuşdur. Sivilizasiya anlamını təyin edən iqtisadi, elmi, sosial-mənəvi arqumentlər sovet sivilizasiyasını da müəyyən edir". (340)  Amma ki... Gərək hər kəs onun "sosializm quruculuğu" işinin fəal yardımçılarından, marksist-leninçi dünyagörüşlü, "kommunist əqidəli sovet adamı" olaydı. "Milli azadlıq, müstəqillik" sözlərini yaddaşından silməli, "xalq üçün, vətən üçün" şüarını qəbul edib, "müsavat" adı ilə qoşalaşan "istiqlaliyyət" xəyallarını qəlbinin dərinliklərinə gömmüş olaydı. Başqa çıxış yolu görünmürdü. Ölkənin gələcəyi perspektivində günəşin şüaları parıldamasa da, "elektrik lampası"nın işığı zahirdə olanı görmək üçün çoxlarını qane edirdi. Yəni 30-cu illərdə bədii ədəbiyyatımızda sovet quruluşunu, onun yaradıcılarını, tarixi günlərini tərənnüm tendensiyası səmimi idi. Gerçək yaşantıların ifadəsi olub, poetik nümunələrdə yüksək pafosla inikas olunurdu.

Doğrudur, ədəbi ictimai mühitdə 20-ci illərdə xüsusi məqsədlə yaradılmış "Ədəbi məhkəmələr"in, proletkultçu tənqidçilərin "ifşa kampaniyaları"nda aşkara çıxarılan "müsavat tör-töküntüləri", "xırda burjua qalıqları" adı ilə tənqid hədəfi olanlar - həqiqətən Vətənin "milli müstəqilliyi əqidəsindən dönə bilməyənlər də az deyildi. Dövrün, demək olar ki, əksər ziyalılarının iç dünyasında yaşanan bu əlçatmaz amala sədaqət onların bədii əsərlərinin alt qatlarında mütəxəssislər tərəfindən onda da, indi də oxunmaqdadır. Ş.Alışanlının "Səməd Vurğun sənəti müasir ədəbi-ictimai reallıqlar kontekstində" məqaləsindəki bədii həqiqətlər müasir oxucuya gerçək tarixi prosesin düzgün oriyentasiyası üçün çox önəmlidir: "Bədii düşüncədə milli özünüdərk, milli istiqlal amalı alt qata köçmüşdü. 28 yaşlı Səməd Vurğunun 1934-cü ildə yazdığı "Azərbaycan" şeiri milli istiqlalın yeni biçimdə poetik məramnaməsi, zamanımızda milli ideologiya kimi dövlət siyasətinə çevrilmiş azərbaycançılığın... ədəbi-bədii şüura çevrilməsi idi... "Vaqif" dramı keçmişi xalqın müasir taleyi fonunda oxumağın, görməyin, bədii dəyərləndirmənin misli-bərabəri olmayan nümunəsi, Azərbaycan xalqının ən böyük milli sərvətlərindən biridir... "Vaqif" dramında... Vaqif - Səməd Vurğun özü idi, millətin danışan dili, xalqın müstəqillik amalının daşıyıcısı idi. "Azərbaycan" şeiri və "Vaqif" dramı Azərbaycan Xalq Cümhuriyyətinin ideyalarının ədəbi mətndə ifadə olunmuş böyük tarixi missiyanı icra etmiş abidələrdir". "Bədii mətnin alt qatlarında ifadə olunmuş mətləbləri şərh etməyə mövcud siyasi reallıq imkan vermirdi" (5, 6) və s.

Həqiqətən, yaxın keçmişimizdə, ancaq bugünümüzdən tamamilə fərqli totalitar rejim şəraitində yaşayıb-yaradan bədii söz sənətkarlarının əsərlərini sadəcə zahiri ideya-məzmununa görə təşrih edib fikir söyləmək həmin irsə qarşı ədalətsiz mühakimələrə yol açır. Ədəbiyyatşünas alim haqlı olaraq zamanın ictimai-siyasi səciyyəsindən çıxış edib, 1920-30-cu illərdə yaşamış şair və yazıçıların klassik ənənələrdən gələn rəmzlər, simvollar, sətiraltı mənalar, yaxud zaman-məkan köçürülmələrindən istifadə etməli olduqlarına tutarlı dəlillər və nümunələrlə diqqət cəlb edir.

Ş.Alışanlı "Cəfər Cabbarlı sənəti zamanın və sənətin sınağında" məqaləsində mühitin ideya-estetik dinamikasına bələdliyi və bəhs etdiyi bədii irsin özəlliklərinə konseptual baxışı sayəsində sovet cəmiyyətindəki ideoloji ziddiyyətlər fonunda yazıb-yaradan böyük sənətkarın yaradıcılığında "əbədi yaşamaq haqqı verən" amilləri aşkarlayır. O, nəzərə çatdırır ki, "C.Cabbarlı Azərbaycan xalqının XX əsrin əvvəlləri tarixi mərhələsinin keçid dövrünün, yeni ictimai görüşlərin formalaşma prosesinin mahiyyətini bütün tərəfləri ilə əks etdirir" (17). Alim dramaturqun mövzusu uzaq tarixi keçmişdən alınan "Od gəlini" əsərinin "çağdaş meyarların, təsəvvürlərin fonunda da öz missiyasını yerinə yetirmək əzmindədir" (20) deyə pyesin məhz Azərbaycanın müstəqilliyi, milli-azadlıq ideallarının təsdiqi olduğunu vurğulayır. Həmçinin "...minlərlə günahsız insanın nahaq qanının axıdıldığı bir zamanda C.Cabbarlı Elxanın dilindən dünyaya dünən də, bu gün də meydan oxuyur". (21)  Bir obyektiv həqiqətə də diqqəti cəlb edir ki, C.Cabbarlının "Sevil" pyesi dövrün ən aktual problemi - çadra əleyhinə yazılsa belə, "şəxsiyyətin cəmiyyətdə mövqeyi və yeri kimi daha sanballı ictimai-sosial məzmun kəsb edir" (20) və həmçinin ideyası "xalqlar dostluğunun təbliği" kimi dəyərləndirilən "1905-ci ildə" pyesinin də "mətnaltı qatları" tarixən kənarda qalıb,... məlum səbəblər ucbatından şərh olunmayıb". Doğrudur, sovet dövrü ədəbiyyatşünaslığında rus imperializminin tənqidi mövqeyindən olsa da, "Atan kazaklardır!" ünvanlı çox simvolik mənalı təhlillər də var idi. Ş.Alışanlının əsaslandığı və inkişaf etdirdiyi elmi həqiqətlərə dayaqlanaraq haqq veririk ki, tariximizin çox ziddiyyətli bir dövrünün bədii salnaməsi olan bu əbədiyaşar sənət əsərləri günümüzdə "səhnədən və dərsliklərdən kənardırsa, ancaq təəssüf doğurur və bu gedişata dur deməyin" (20) vaxtı çatmayıbmı?! Məqalədə dahi dramaturqun ədəbi-tənqidi görüşləri, tərcümə yaradıcılığından da məqsədyönlü bəhs açan müəllif: "Hələ Hamletin məşhur monoloqundakı "Olum, ya ölüm". Axı həmin monoloqu ondan əvvəl də tərcümə etmişlər. Birisi "Həyat, ya matəm", ikincisi "Qəbir, ya səbr", üçüncüsü "Varlıqmı, yoxluqmu" yazmışdır. O isə "ölüm" müqabilində "olum" kəşf etmişdir. Bu gün sənətin olum və ya ölüm məqamında C.Cabbarlı yaşayır, bizimlədir" (24) kimi sətiraltı mənalı elmi təəssübkeşliklə sözünü bitirir.

Kitabda ədəbi-mədəni mühitimizdə tarixi şəxsiyyətlərə və söz sənətkarlarına qarşı birtərəfli münasibətdən narahatlıq hissi xüsusilə diqqəti cəlb edir. Müxtəlif məqamlarda fərqli yozumlarla vurğulanan belə səthi mülahizələrə münasibətdə müəllifin elmi meyarı həm də vətəndaşlıq yanğısı ilə müşayiət olunur. O, ürək ağrısı ilə nəzərə çatdırır ki, "Klassik irsimizin elə bir nümayəndəsi olmamışdır ki, son iki onilliyin əsaslandırılmamış, ifrat hücumlarına məruz qalmasın. Bu məqamda ədəbiyyatşünaslıq faktının inkarı üçün obıvatellərə "marksist-leninçi" damğası kifayət edir. Müasir ədəbiyyatşünaslığın nəzəri-metodoloji problemlərinə həsr olunmuş ciddi, adətən qeyri-ciddi, qeyri-professional söhbətlərdə Xətai, M.Ə.Sabir, M.F.Axundzadə, C.Cabbarlı, S.Vurğun, R.Rza ilə yanaşı, H.Araslı, M.F.Qasımzadə, Məmməd Arif kimi ədəbi-nəzəri fikrin nümayəndələrini də "təftiş və inkar" ünvanına çevirirlər". (54)

Ədəbiyyatşünaslıq elmi sahəsində "səlahiyyətli söz sahibi" olmaq hər mütəxəssisə nəsib olmur. Başqa elmlərdən fərqli olaraq, burada bədii duyum, qavrayış, yaddaş fəhmindən savayı, bəşər sivilizasiyasının tarixi barədə əhatəli bilgi, dünya söz sənətinin bədii və elmi irsinə bələdlik, milli ədəbi-mədəni inkişafın tarixi mərhələləri və əbədiyaşar söz sərvətini, eləcə də konkret dəyər verməli və yaxud fikir söyləməli olduğun yaradıcılığın mövcud ideya-estetik sferada ən incə özəlliklərini öyrənib araşdırmaq imkanın və qabiliyyətin olmalıdır. Tədqiqat predmeti istər bir dövrün ədəbi prosesi, bir yazıçının yaradıcılığı, bir əsər, yaxud istər yaradıcılıq metodları, bütöv təhlil sistemi, yaxud təkcə məcazlar sistemi, qafiyə quruluşu olsun, fərq etməz; ədəbiyyatşünas alim obyektinin məxsusi landşaftına bələd olmalıdır ki, hər məqamda elmi həqiqət naminə vicdanla öz sözünə sahib çıxa bilsin. Əks təqdirdə alim necə inandıra bilərdi ki, "Üç min ilə yaxın tarix boyunca Yaxın Şərqdə elə mühüm bir siyasi, ictimai və mədəni hadisə göstərmək olmaz ki, onun qoyuluşunda və həllində Azərbaycan xalqının böyük rolu olmasın" (H. Araslı). (55) Ya da necə əminliklə demək olardı ki, "İctimai fikirdə baş verən hər ovqatla klassik irsə yanaşmaq olmaz. Füzuli nə sufidir, nə ateistdir. Füzuli orta əsrlər Şərqində mövcud olan romantik ədəbiyyatın böyük humanist nümayəndəsidir..." (32). Yaxud "XX əsr Azərbaycan humanist fikri bütün istiqamətləri ilə bu böyük şəxsiyyətin (Səməd Vurğunun) cazibəsində olmuşdur... Səməd Vurğunun akademikliyinə ağız büzənlərə qısaca onu deyərdik ki, əvvəla bu nəzəri irsi öyrənmək lazımdır, özü də ədəbi-nəzəri fikrin tarixi kontekstindən..." və s. və i.a. (Ş.Alışanlı).

"Sözün yaşamaq haqqı" kitabındakı ötən yüzillikdə ədəbiyyatşünaslıq elmimizin korifey alimləri Mir Cəlal, Həmid Araslı, Məmməd Cəfər, Yaşar Qarayev, Abbas Zamanov, Teymur Əhmədov və başqalarına həsr olunmuş dolğun məzmunlu məqalələrdə hər birinin elmi fəaliyyəti və şəxsiyyəti onların "milli sərvətə çevrilən irsində... nəyi görməli, nəyi seçməli" oriyentiri ilə işıqlandırılır. Müəllif yaradıcılığına dərindən bələd olduğu şəxsiyyətlərin elmimizin tərəqqisi və tarixində əbədiyaşar mövqeyinə aydınlıq gətirərək əminliklə yazır: "Bu gün Azərbaycan humanitar elminin hansı səviyyədə mövcudluğundan asılı olmayaraq onun çağdaş varlığı göstərilən şəxslərin elmilik və alimlik əxlaqının ehtiva etdiyi dərslərin gözə görünməyən inersiya ilə davamı kimi ortadadır". ("Tarixin elmi və bədii dərki") (202) Bu məqamda kitabdakı 1970-80-ci illərin qabiliyyətli mətnşünası Məryəm xanım Axundovadan gətirilən sitatı da xatırlamaq yerinə düşər: "Təqdim olunan bu əsərlərin çoxu həsr olunduğu mövzuda ilk tədqiqatlar olub, öz mürəkkəbliyi ilə seçilən bir dövrün məhsullarıdır. Odur ki, bunlara bir qədər tarixi yanaşmaq, yazıldığı dövrü, ictimai-siyasi şəraiti də nəzərə almaq lazım gəlir". (58)

Bəlkə kiminsə hansı biçimdəsə əvvəllər deyilmiş olsa da, belə bir müqayisə fikrimə gəldi ki, yaradıcılığı insan qayəsi və zəhməti sayəsində pərvəriş tapmış bağa bənzətmək olar. Sənətkar bu bağın bağbanı, əsərləri isə bağdakı ağaclardır. Əkilən toxumların növü, məkanı, zamanı, məqsəd və qulluq məqamları və s. ağacların həm boyuna-buxununa, həm də barına-bəhərinə öz naxışlarını vurur. Buna görə də bu ağacların biri digərinin eyni ola bilməsi mümkünsüz!..  Bənzəyişləri isə lap azdan lap çoxa kimi - nə qədər desən, mütləqdir!.. Adətdir ki, bağa varan öncə oradakı gözəllikləri, barı-bəhəri görər. Sonrası... Varanın məramına, məqsədinə, kimliyinə baxır. Ataların belə məqamlar üçün müdrik kəlamları az deyil: "Barlı ağaca daş atarlar...", həm də "Zər qədrini zərgər bilər"...

Ş.Alışanlı, haqqında bəhs etdiyi ədəbi şəxsiyyətin yaradıcılığını bir məqalə tutumunda yığcam araşdıraraq onun ədəbiyyatşünaslıq tariximiz üçün mühüm xidmətlərini elmi həqiqət meyarı ilə əsaslandırıb təqdim edir. Məsələn, əminliklə belə nəticə çıxarır ki, "M.F.Axundovdan sonra... dünya nəzəri-estetik fikrinin dövriyyəsinə daxil olmuş Səməd Vurğunun "immanent qanunauyğun inkişaf tarixinə əsaslanan, ədəbi fikrin dövrləşdirilməsi ilə bağlı konsepsiyası", Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi, humanitar fikrin nəzəri, tarixi və müasir problemləri, bədii sənətin milli-mənəvi, fəlsəfi-estetik problemlərinə dair tədqiqatları və ümumiləşdirilmələri bu gün də aktualdır.

Yaxud müəllif C.Cabbarlı yaradıcılığının ədəbiyyat tariximizdə əvəzolunmaz mövqeyini şərh edərək yazır: "C.Cabbarlının ədəbi irsi XX əsrin əvvəli ilə 20-30-cu illərin qovuşduğu və ayrıldığı məqamları özündə birləşdirməklə milli-mənəvi keçmişimizin inkişafındakı iki mərhələni bütöv bir estetik sistem kimi öyrənməyə zəmin yaradır" (22). Həmçinin böyük sənətkarın bədii ədəbiyyatın hər üç növündə və zamanın demək olar ki, bütün əsas yaradıcılıq metodlarında kamil sənət nümunələri yaratmaqla yanaşı, ədəbi-tənqidi məqalələrində də tarixi dəyəri olan mülahizələrinə diqqət cəlb edir. Eləcə də, 1940-80-ci illərdə humanitar fikrin öncül simaları Mir Cəlal, H.Araslı, M.Cəfər, Y.Qarayev, Ş.Hüseynov, T.Bünyadov və başqalarının elmə verdikləri töhfələr dolğun, tutarlı nümunələrlə nəzərə çatdırılır. Və bu yazılarda onların irsinin yaşarı tərəfləri və dəyəri barədə söylənən elmi həqiqətlər polemikliyə yer qoymur. Müəllifin humanitar elmlərin müxtəlif sahələrini ehtiva edən bu görkəmli alimləri bir araya gətirən vahid kriteriyası da mövcuddur. Onun düşüncəsinə görə, "Ədəbi fikir adamı, onun fəaliyyəti o zaman ictimai yaddaşa çevrilir ki, onun ruhunda vətəndaşlıq hər şeydən üstün olur". (59) Həqiqətən, sovet dönəmində yaşayıb-yaratdıqlarına baxmayaraq bu şəxsiyyətlər bütün varlıqları ilə doğma Vətənin təbii-mədəni sərvətlərinə bağlı olmuş, xalqın mənəvi-əxlaqi kökündən pöhrələnib boy atmışlar. Xoşbəxtlikdən Ş.Alışanlı həm də müəllimləri olmuş, yaxud yaxın ünsiyyət bağladığı bu müdrik insanların xarakter özəlliklərini həssaslıqla müşahidə edib təsirlənmiş, hər məqaləsinin sonunda dərin rəğbət oyadan canlı obrazlarını yaratmışdır. Belə ki, professor M.C.Paşayev haqqında ciddi elmi ümumiləşdirmələrdən sonra: "Filoloji fakültədə təhsil almış hər tələbə öz ailəsinə, işlədiyi kollektivə, dərs dediyi sinif otaqlarına Mir Cəlal müəllimin sadəlik və paklıq işığından pay aparmışdır" (37) qeydi alim haqqında xoş təəssürat yaradır. Həm də günümüzün neqativ reallıqları içində bəzi müəllimlər ətrafındakı söz-söhbətin təsirilə ünvanına yetişəcəyinə əminliklə mənalı bir mesaj kimi səslənir. Görkəmli şərqşünas alim Həmid Araslını o, yaddaşlara belə həkk edir: "O, həm auditoriyada müəllimlik etmiş, həm də klassik filologiya sahəsində məktəb yaratmışdır. Məğrur, təmkinli, xeyirxah, milli ziyalıya mənsub hər nə varsa, ona da məxsus idi". (67)

Ş.Alışanlı əmək fəaliyyətinə başladığı Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri M.C.Cəfərova həsr etdiyi "Səni kim unudar" adlı məqaləsində alimin klassik bədii irs haqqında nəzəri konsepsiyaları, nəzəri-estetik fikrin tarixilik kontekstdə dinamikası ilə bağlı görüşlərindən və s. ətraflı bəhs edir. Yazısını onun xarakter cizgiləri canlandırılan unudulmaz obrazı ilə tamamlayır: "Akademik Məmməd Cəfər öz tələbələrinin yaddaşında sadəlik və müdriklik mücəssəməsi kimi qalıb. Heç vaxt imzasının altında onun elmi-təşkilati statusunu təsdiq edən sözə rast gəlməzdik. "Məmməd Cəfər" - bu iki söz bütün titulların akademikliyini ehtiva etdiyi məzmundan da yüksək idi. Onun şəxsiyyətinin və elminin dərsləri bu gün də yaşayır". (80) Və ya "Sabirşünaslığın banilərindən olan Abbas Zamanovun yarıməsrlik elmi fəaliyyətinə alimin bu xarakter cizgiləri ilə ruh verilir: "Mərdlik, cəsarət simvolu kimi müasirlərinin etimad göstərdiyi köhnə kişilərdən idi". (180)

Həyatda mənəvi-əxlaqi kökü, qayğısı və zəhməti ilə pərvəriş tapdığı doğmalarına və elmi fəaliyyətində dərs alıb püxtələşdiyi ustadlarına dərin ehtiram və rəğbət hissi Ş.Alışanlının, demək olar ki, bütün yazılarında yer almışdır. Xüsusilə "ədəbiyyatşünaslıq elmimizin nadir şəxsiyyətlərindən biri Yaşar Qarayevə həsr olunmuş "Yaxından və uzaqdan" məqaləsində "ədəbi ünvanı Azərbaycanda yaratdığı elm, əxlaq və saflıq məktəbi olan" (119) "misilsiz bir yaradıcı" insanın elmi və ictimai fəaliyyəti əhatə olunmuş və təkrarsız obrazı canlandırılmışdır.

Həm müəllifin tədqiqat obyektini dərindən mənimsəyərək təqdim etdiyi materiala elmi meyarla dəyər vermək qabiliyyəti, həm də onilliklərlə yaxın ünsiyyətdə olduğu mənəvi-əxlaqi mükəmməlliyinə və intellektual düşüncəsinə heyran kəsildiyi ustadına münasibətindəki istilik və səmimiyyət məqaləni xeyli oxunaqlı etmişdir. Ş.Alışanlının Yaşar Qarayev yaradıcılığı barədə beynəlxalq ədəbiyyatşünaslıq elmi müstəvisində müasir ədəbi-nəzəri səviyyədən yürütdüyü mülahizələr həm də müəllifinin elmi biliklərinin dərinliyinə, əhatəliyinə dəlalət edir. O, qəhrəmanının ədəbiyyatımızın tarixindəki mövqeyini belə təqdim edir: "Respublikada humanitar düşüncəni yeni istiqamətə yönəldən... bir alim və ictimai xadim kimi... Yaşar Qarayev imzası ədəbiyyatşünaslıq, ədəbi tənqid, ədəbiyyat tarixçiliyi, teatrşünaslıq, estetika və nəhayət... humanitar elmlərin nəzəri-metodoloji problemlərini əhatə edir". (119)

Ş.Alışanlı Y.Qarayevin Azərbaycan ədəbiyyatşünaslığındakı xidmətlərinə dəyər verərkən onun nəzəriyyə sahəsindəki araşdırmaları, yaradıcılıq kateqoriyasının tədqiqi, realizmin daxili tipologiyası və tarixi təkamül prosesi, onun tiplərinin növbələşməsi ilə ictimai-siyasi hadisələr arasındakı qanunauyğunluqları və s. xüsusi nəzərə çatdırır. Hələ universitetin Filoloji fakültəsində oxuyarkən böyük qardaşı, görkəmli şair Hüseyn Kürdoğlunun yaxın dostu Yaşar Qarayevin elmi yaradıcılıq uğurlarının şahidi olmuş, qələmindən çıxan bütün yazılarını böyük maraqla izləyə bilmişdir. Buna görə də başqalarının "ədəbiyyat filosofu", "elmimizin möcüzəsi", "tənqidimizin şairi" kimi epitetlərinə o da öz təriflərini əlavə edir: "xarakter etibarilə romantik", "yüksək ziyalılıq, yüksək vətəndaşlıq", "elmi və əxlaqi kamillik" nümunəsi və s. Məqaləni oxuduqca ədəbiyyatşünaslıq elminin nəzəri-tarixi problemlərinin tədqiqində yeni istiqamətlər açan bu "fenomenal alimin" yaradıcılığı fəlsəfi-estetik məzmunu və məntiqi mənalılığı ilə diqqətə çatdırılır, təfəkkürü qidalandırır və düşündürür: "Milli ictimai fikrimizdə, elmi vicdan və əxlaqımızda, yüksək ziyalı ünsiyyətində bənzərsiz intellekti ilə dərhal seçilən" (118) Yaşar Qarayevin elmi analitik gücünü və zamanında hər qaranlıq, mübahisəli ədəbi-nəzəri, elmi-tarixi məsələlərə aydınlıq gətirmək qüdrətini vurğulayaraq qeyd edir: "Yaşar müəllimin son tədqiqatları milli tarixi dəyərləri yenidən qiymətləndirməyin metodoloji çətinliklərinə cavab kimi yazılmışdı. O, milli tərəqqini ənənənin davamı və inkişafında görür və haqlı olaraq yazırdı: "Ədəbiyyat tarixini yenidən yazmağı - onu hər yeni dövrün ideologiyası ilə və hər dəfə yenidən təftiş kimi başa düşmək olmaz". (134)

Yaşar Qarayevin 1990-cı ildən sonra milli müstəqillik illərində fəaliyyətinin başlıca aspektləri azərbaycançılığın bütün humanitar düşüncədə geniş vüsət tapması və Azərbaycanı, onun qədim ədəbi-mədəni irsini dünyada tanıtması oldu. "Uzun illər yasaq edilmiş ortaq türk, müsəlman mənəvi dəyərlərini və mühacirət ədəbiyyatını ədəbi-ictimai dövriyyəyə gətirməkdə onun bir alim, elm təşkilatçısı kimi müstəsna xidmətləri vardır". (129)

Bütün bunlarla yanaşı, Yaşar müəllimin şəxsiyyətinə aid müəllifin "yaddaş kitabı"ndan fraqmentlərlə yaşarlı mülahizələri elmimizin yüksək səviyyəli aliminin təkrarolunmaz obrazını canlandırır: "Yaşar müəllim təkcə böyük elmi ideyaları ilə deyil, müdrik həyat fəlsəfəsi ilə də tərbiyə edirdi, öz ətrafında məişət qayğılarından ucada durmağa sövq edən psixoloji bir ovqat yaradırdı". (144) "Yaşar müəllim mənim tanıdığım nadir şəxsiyyətlərdən idi ki, ... elmi və həyati vərdişləri eyni biçimdə idi. O, necə düşünürdüsə, elə də yazırdı, elə də danışırdı. Həyatın, məişətin adiliklərində də gözəllik, zəriflik görürdü. Hamımızın müşahidə etdiyimiz görüntülərdə heç kimin gözləmədiyi bir məna, əxlaqi-ictimai tutum tapırdı". (140) "Yaşar müəllimin bənzərsiz təfəkkür tərzi onun rəsmi görüşlərdə, qəbullarda və dost məclislərindəki çıxışlarına, avtoqraflarının məzmununa heyrətamiz bir fərdilik bəxş edirdi". (140) Məqalədə Ş.Alışanlı onun "Elm və həyat" jurnalının 40 illliyi münasibətilə yazdığı təbrikdən bir nümunə gətirir (bax: s.140).

Elmi-ictimai mühitdəki yüksək mövqeyi müqabilində "təvazökarlıq mücəssəməsi" olan Yaşar Qarayev ilə 35 ilə yaxın bir institutda işləmək və onu yaxından müşahidə etmək səadəti nəsib olmuş birisi kimi Ş.Alışanlının unudulmaz alimimizin obrazını belə həssaslıq, qayğı və məhəbbətlə yaratdığına görə içimdə ona dərin minnətdarlıq duyğusu yaşadım. Yaxşı yadımdadır ki, institutumuzun direktoru işlədiyi müddətdə (1987-2002) Yaşar müəllimin sədrlik etdiyi müxtəlif məqsədli yığıncaqlarda, Elmi Şura və konfranslarda fərqli mövzularda danışarkən nitqində işlətdiyi bədii müqayisələr, paralellər, bənzətmələrin estetik-poetik gözəlliyinə heyran kəsilir və hər dəfə bədahətən şifahi söylənən bu misilsiz bədii biçimli, dərin mənalı və dolğun məzmunlu nitqin heç kim tərəfindən yazıya alınmadığı üçün yaddaşlardan silinib yox olacağına, itib-batacağına çox heyifsilənirdim. Ümid edirdim ki, yəqin, arxivində bu çıxışlar üçün yazdığı müəyyən qeydlər qalır və nə vaxtsa bu təkrarsız elmi-bədii-fəlsəfi natiqlik inciləri çap olunacaq. Ancaq vaxtsız xəstəliyi və vəfatından sonra ailəsinin evi təmir üçün boşaltdırdıqları zaman onun çox qiymətli kitabxanası və arxivinin istifadəsi mümkün olmayan harasa daşındığı xəbərinə bütün onu tanıyanlar kimi mən də çox təəssüfləndim. Ağır xəstəliyi müddətində həmişə yanında olan, xəstəxanaya və evinə mütəmadi gedib-gələn Şirindil müəllimin də sarsıntısı çox güclü idi. Çünki əmin idi ki, orada Yaşar müəllimin çap etdirməyə heç vaxt tələsmədiyi elmi tədqiqatlarından savayı çox qiymətli bədii əsərləri, xüsusilə gənc yaşlarından arabir yazdığı şeir və hekayələri, esse və aforizmlərin əlyazmaları da var idi. Ustadının arxivindəki çap etdirmədiyi əlyazmalarını səliqəyə salıb nəşr etmək istəyini həyata keçirə bilməsə də, ruhdan düşmədi. Elmimizin bu "nadir fenomeni"nin çap olunmuş məqalələrini, kiril əlifbasında olan kitablarını toplayıb, qədrşünaslıqla latın qrafikası ilə 5 cilddə yüksək keyfiyyətlə elmi nəşrini təşkil etdi. Əlavə olaraq, Yaşar Qarayev haqqında məqalələri və xatirələri də toplayıb, nəfis bir kitab halında nəşr etdirdi.

Ancaq nə edəsən ki... "Zaman keçdikcə Yaşar müəllimin yeri daha çox görünür. Bənzərsiz söz, bənzərsiz iş üslubu, bənzərsiz ünsiyyət fəlsəfəsi. Bunlar üçün çox darıxmışıq...". (149-150)

Məqalə belə kövrək duyğularla bitsə də, Ş.Alışanlının böyük məhəbbətlə yaratdığı bənzərsiz həqiqi alim obrazı Yaşar Qarayevin xatirəsinin əbədiləşməsi yolunda gördüyü nəşr işləri ilə yanaşı, sanballı bir elmi abidədir.

Bu yazıda gətirilən sitatların çoxluğuna görə haqqına girdiyim üçün müəllifdən üzr istəyirəm. Oxuculara isə orta əsrlərdən tutmuş bu günümüzədək bədii söz xəzinəmizin müxtəlif polemik elmi-nəzəri problemlərinə: ədəbiyyat tarixinin dövrləşdirilməsi, Azərbaycan renessansı, yaradıcılıq metodları, ədəbi-nəzəri meyarlar, ədəbi demokratizmdə məsuliyyətsiz hallar, müasir ədəbi-tənqid, zamanımızdakı tənqidçi tiplərinə (..."muzdur tənqidçilər...") dair məlumatlanmaq, həm də ziqzaqlı həyat dolaylarında mənəvi-əxlaqi cəhətdən zənginləşmək üçün bu kitabı oxumağı tövsiyə edərdim. Çünki məqalə həcminə sığmadığına görə orada yer almış "Sənətkarın yaşamaq haqqı" məqaləsində görkəmli Xalq yazıçısı İlyas Əfəndiyev yaradıcılığına müstəqillik dövrünün siyasi-ideoloji prizmasından yığcam ekskurs ("... XX əsrin ədəbi-tarixi tərəqqisində xüsusi rolu ilə yanaşı, bu əsərləri bu gün sevdirən, yaşadan onların yaşadığı milli mənəvi-əxlaqi tutumdur. (88), yaxud Xalq şairi Bəxtiyar Vahabzadənin mövcud durumla bağlı həyəcanlarını inikas edən, 1950-ci illərdə yazılmış:

 

Qıfıl altındadır ürəklərimiz,

Axı qıfıl hara, azadlıq hara?

Nədir əlacımız, bəs neyləyək biz?

Hardan açar tapaq bu qıfıllara?

 

- kimi ictimai-əxlaqi ideallara sədaqət ruhlu yaradıcılığının təhlili ("Xalqın taleyi ilə bağlı elə hadisə, məqam yoxdur ki, şair ona biganə qalsın" (105); "Böyük sənət zirvəsindən təcəssümünü tapmış ictimai-əxlaqi ideallar daim yaşayır, yeni nəsillərin milli yaddaşının, bədii dünyagörüşünün korşalmasına aman vermir".  (93));  "Xalqın, millətin taleyi naminə vətəndaş mövqeli" Xalq yazıçısı Elçin haqqında "cəmiyyətdə gedən sosial korroziyanın" ictimai köklərinin təhlili verilən "Sənətkarın obrazı" ("Güclü vətəndaşlıq hissi ilə nəzəri-estetik səviyyənin müasirliyi Elçinin tənqiddə axtardığı əsas keyfiyyətdir. (173); "Ömrü xalqın ömrü olan" professor Qəzənfər Paşayevin yaradıcılığının geniş palitrası verilən "Kərkük sevdalı filoloq" və "Düzqırıxlıdan başlanan yol" məqalələri ("Onun ünsiyyət, yaşam fəlsəfəsinin mayasında xalq müdrikliyindən gələn sadəlik, dözümlülük, uzaqgörənlik dayanır... Onun cild-cild kitablarını yaşadacaq bir meyar var: vətəndaşlıq". (221); "Yaddaşın vətəndaşlıq tutumu" (Professor Şirməmməd Hüseynov haqqında: "Bir anlığa məni qəribə bir hiss bürüdü: onun yaddaşını necə və hara köçürməli? Min təəssüf ki, buna nail olmaq üçün elmin imkanları hələ məhduddur. (158); "Şərəfli ömür yolu" (Professor Teymur Əhmədov); "Tarixin elmi və bədii dərki" (AMEA-nın müxbir üzvü Teymur Bünyadov) və s. yazılardan da xeyli mənəvi, elmi, estetik qida alacaq, şüurunuz həqiqətpərəstlik, vətəndaşlıq, milli qürur hisslərinə köklənəcəkdir. Bu məqalələrdə müəllifin yaxşı bələd olduğu tarixi zaman kəsimlərinə, yaradıcı şəxsiyyətə, elmi, bədii irsimizin problemlərinə, müasir dövrün ədəbi-ictimai gerçəkliklərinə onun öz baxışı, dərki, duyumu, deməyə həqiqət meyarlı sözü kifayət qədərdir. Və analitik yanaşma, dəyərləndirmə kriteriyası o qədər dürüst, vicdanlı və əndazəlidir ki, polemikliyi imkansız dərəcədədir.

Ş.Alışanlının elmi üslubu lakonikliyi, məna-məzmun dolğunluğu, mühakiməsinin dəqiq ifadəliliyi və səmimiyyəti ilə özümlüdür və rəğbət oyadır. Kitabdakı məqalələrin hər biri, haqqında bəhs olunan şəxsiyyətin yaradıcılığı barədə dolğun, səhih elmi mənbə olmaqla yanaşı, həm də müəllifinin mənəvi yaddaşının bir çox qığılcımlarından işıq, hərarət saçıldığı üçün pozitiv dalğalıdır, xoş duyğular oyadır. Hələ xalqın sevimli şairi Hüseyn Arifi xatirdə canlandıran "Gecələr harda gecələr", aşıq sənətinin "Sazın qüdrəti ilə sözün hikməti"ni qovuşduran ustadları Aşıq Şəmşir və Aşıq Qənbər Şəmşiroğlu, Kəlbəcər ədəbi mühiti ilə bağlı verilən ədəbi, poetik bilgilərin oyatdığı assosiasiyalar və kövrək duyğulu məqamlar...

Böyük maraqla oxunan yazılarda bayaqdan bəri ciddi elmi və həyat həqiqətli sözündən, ürəyəyatımlı söhbətindən düşüncəsinə, zəngin yaddaşına cığır açdığımız müəllifin təkrarsız obrazı "Su xəzinəsi Laçın" məqaləsində birdən-birə bütün əzəməti ilə qarşımızda boy verir. Yetmiş yaşlı böyük ədəbiyyatşünas alimimiz Şirindil Alışanlının özünün kimliyinə yaxından bələd olmaq üçün bu yazını oxumağı xüsusilə məsləhət bilirəm. Doğma yurduna, daşına-torpağına munis duyğularla süslənmiş bu təsirli sətirlər müəllifinin hədsiz vətən sevgisinin inikası fraqmentləridir. Bəzi nümunələrə diqqət edək: "Hər daşı, hər qayası onun sakinlərinə əziz" olan Laçın şəhəri "ətraf kəndləri, obaları başına yığmışdı. Hamı bir-birini tanıyırdı. Böyüyünün böyük yeri var idi, kiçiyinin kiçik. Xeyiri də bir idi, dar günü də..." (319).

"Laçında hər dağın, hər qayanın öz rəngi, öz duruşu vardı... Qayaların bağrından pıqqıldayıb çıxan, hərəsi bir dad verən yüzlərlə şəfa qaynağının adı dillərə düşüb mahal-mahal gəzirdi...". (321)

"Laçın başdan-başa təbiət abidələri idi. Adamlar və təbiət elə uyuşmuşdu ki, elə bil hər ikisi yalçın bir qayanın iki parçası idi... (318) Bu dağların təbiəti adamların xarakteri ilə uyuşurdu. Sərtlik də vardı, nəciblik də! Elinə, obasına gün ağlamaq, əl tutmaq həyat vərdişi idi. Su çəkdirmək, yol salmaq, körpü tikdirmək ənənəsi yaranmışdı." (321)

Bu deyilənlərdə nə qədər böyük səmimiyyət, böyüyüb boya-başa çatdığı elinə-obasına bağlılıq, saf, zəngin mənəvi mühitində pərvəriş tapdığı doğma insanlara məhəbbət var!.. On beş ilə yaxın şöbəmizin müdiri olan bu laçınlının yanında hər birimiz özümüzü yığışdırıb, layiqli aparmağı vacib bildiyimiz kimi, həmçinin həyat dolaylarında həllində aciz qaldığımız hər müşkülümüzün qapısını da bu laçınlının köməyi ilə aça bilmişik. Və nəinki şöbə əməkdaşlarımız, əlli ilə yaxın işlədiyi Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda onun istər ustad həmkarları, istərsə də həmyaşıdları, yetirmələri, yaxud sadəcə qohumu, tanışı olsun, kimlərin çətin günündə nəcibliklə köməyinə yetməyib bu laçınlı alim qardaşımız?! Etiraf etməli olanlar onlarca deyil, yüzlərlədir.

Məqalələrdən birində yazır ki, hazırda "meyarlar bəzi məqamlarda subyektiv müdaxilə ilə müşayiət olunan süni şişirtmə, yersiz və əsassız, ironiya doğuran mübaliğəli qiymətlərlə "zəngin" olduğu" (118) üçün həqiqi alimə dəyər verərkən həmin epitetləri işlətmək ar gəlir. Bir şöbədə işlədiyimiz on beş il müddətində həm əhatəli, ədəbi, elmi-nəzəri biliklərindən faydalandığımız, həm də duyğulu-qayğılı-duzlu söz-söhbətindən mənəvi-əxlaqi varlığına dərin rəğbət bəslədiyimiz Şirindil müəllim barədə bütün mövcud tərifləri və alqışları yazmaq istəyimi üstələyərək yenə də onun öz yazılarındakı düşüncələrinə, ustadları üçün işlətdiyi həqiqət meyarlı təriflərə müraciət etməli oldum: "Mənim üçün yeganə meyar ədalət prinsipidir. Axı bizə himayədarlıq edənlər, əlimizdən tutanlar heç bir təmənna güdməyiblər. Kim onlara xəyanət edirsə, bədbəxtdir" (330); "Onu mənə əziz, doğma edən insanlıq və alimlik meyarları imiş: sadəlik, səmimilik, bütün dəyərli insanlara məxsus təvazökarlıq, gözlərində oxunan xeyirxahlıqdır..." (278); "...təmənnasız mənəvi dəstək, ədəbi vicdan, vətəndaş yanğısı, qədirşünaslıq, nəciblik nümunəsi" (203); "mərdlik, cəsarət simvolu kimi onu tanıyanların etiqad etdiyi köhnə kişilərdən" (180); "tənqidi fikrin urvatını" gözləyən, "elmi ədalət prinsipinə, həqiqi elmi meyarlara söykənən" (202); "müasir humanitar fikrimizin səlahiyyəti söz sahibi" (211) və s. və i.a.

Şirindil Alışanlı - Onu yaxından tanıyan hər kəs üçün "bu iki söz bütün titulların akademikliyini ehtiva etdiyi məzmundan da yüksəkdir!". (80)