Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Ədəbiyyat İnstitutunun əməkdaşları Şuşaya səfər ediblər

15-04-2022 [ 09:36 ] [ oxunub:68 ]
printerA+ | A-
102255

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər ediblər.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik İsa Həbibbəylinin təşəbbüsü ilə həyata keçirilən səfərin əsas məqsədi 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Müzəffər Azərbaycan ordusunun qazandığı şanlı zəfər nəticəsində işğaldan azad edilən doğma Şuşa şəhərini görmək arzusunu müəssisə əməkdaşları üçün gerçəkləşdirmək olub. Təsadüfi deyil ki, Şuşa Azərbaycan ədəbiyyatının yarandığı ən mühüm mərkəzlərdən biridir. Burada görkəmli şair və yazıçılarımızdan Molla Pənah Vaqif, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Süleyman Sani Axundov, Üzeyir bəy Hacıbəyli, Əhməd bəy Ağaoğlu, Ceyhun bəy Hacıbəyli, Yusif Vəzir Çəmənzəminli və adlarını sadalamaqla bitməyən neçə-neçə dahilərimiz yaşayıb yaratmışlar. Hər bir Azərbaycan vətəndaşının, o cümlədən ədəbiyyatşünasların otuz il arzusunda olduğu Şuşanı gedib görmək istəyini nəzərə alaraq, Ədəbiyyat İnstitutu müəssisənin Həmkarlar Təşkilatının dəstəyi ilə mədəniyyət paytaxtına səfər təşkil edib.

Şuşa ziyarəti dövlətimizin Şuşaya vətəndaş səfərləri çərçivəsində yaratdığı imkanlardan faydalanmaqla həyata keçirilib. Səfər çərçivəsində institut əməkdaşları proqram üzrə Xurşidbanu Natəvanın evi və bulağı, Şuşa qalası, mərkəzi meydandakı Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün heykəlləri, Bülbülün ev muzeyi, Cıdır düzü və Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini ziyarət ediblər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev görkəmli şairimiz Xurşidbanu Natəvanın anadan olmasının 190 illik yubileyinin qeyd olunması haqqında 14 mart 2022-ci il tarixində Sərəncam imzalayıb.

Ölkə başçısının Sərəncamına uyğun olaraq, səfər çərçivəsində Şuşanın mərkəzində yerləşən Xurşidbanu Natəvanın heykəli önündə görkəmli şairə həsr olunmuş “Xan qızı Xurşidbanu Natəvan” adlı elmi sessiya da keçirilib.

Sessiyada institutun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli, Natəvan irsinin tədqiqatçısı, professor İslam Qəribli, filologiya elmləri doktoru Mahirə Quliyeva, institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı və filologiya üzrə fəlsəfə doktoru, dosent Fəridə Hicran çıxış edərək Şuşa ziyarəti və Xurşidbanu Natəvanın həyatı və yaradıcılığı haqqında danışıblar.

Şuşa səfəri Ədəbiyyat İnstitutunun əməkdaşlarında zəngin təəssürat yaradıb. Bu təəssüratların gələcək elmi tədqiqatlar üçün stimul verəcəyi şübhəsizdir.

FOTO QALEREYA