Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Lətifə Orucun “Sirli gedişlər” romanının təqdimatı və müzakirəsi keçirilib

14-04-2022 [ 13:30 ] [ oxunub:55 ]
printerA+ | A-
102248

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Lətifə Orucun “Sirli gedişlər” romanının təqdimatı və müzakirəsi keçirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açıb. Giriş nitqi söyləyən akademik bildirib ki, “Lətifə Orucun “Sirli gedişlər” romanı müstəqillik dövründə yaranan ən yaxşı avtobioqrafik romanlardan biridir. Avtobioqrafik romanın üstünlükləri və çətinlikləri var. Müəllif bir şəxsin keçdiyi ömür yolunun timsalında xalqın, ölkənin, onu əhatə edən mühitin mənafeyini, taleyini ümumiləşdirmiş olur.

Lətifə Orucun kitabında həm onun tam öz portreti vardır, həm də onu əhatə edən bütün mühitin təsviri vardır. Müəllifin özünü tanımaq üçün bu kitab böyük bələdçidir, həm də onun dövrünü, mühitini, təkamülünü, cəmiyyətin inkişafını görmək və ümumiləşmiş nəticələr çıxarmaq olar. O, öz tərcümeyi-halını yazmayıb, zamanı, dövrü, əhatəsini ətrafını təsvir etməyi bacarıb, onların hər birinin fərdi xarakterini yazıb. Obrazların hər biri fərqli rakusdan qələmə alınıb. Bu da yazıçı üçün əhəmiyyətli qabiliyyətlərdən biridir. Əsərdə həyat materialı çox zəngindir. Bütün sovet epoxası, keçid dövrü, bugünkü günlər, Şuşa qələbəsi qələmə alınıb. Əsər Şuşada tamamlanır. Dövlətçilik bu romanın ana xəttidir. Hesab edirəm ki, Lətifə Orucun bu kitabı, həm də onun dövlətçilik, vətəndaşlıq mövqeyini ifadə edir. Lətifə Orucu Rusiya Yazıçılat İttifaqının üzvü seçiblər. Müəllifi təbrik edirəm, yeni yaradıcılıq uğurları arzulayıram”.

Millət vəkili Razi Nurullayev çıxışında qeyd edib ki, “mən əsəri bir il öncə oxumuşam. Bu əsəri oxuyanda bir çox insanlar öz həyatlarının müəyyən epizodlarını orada görə bilər. Mən də həyatımın bir çox epizodlarını gördüm. Ona görə əsər mənə maraqlı gəldi və məni çox təsirləndirdi. Əsər Ermənistandakı hadisələrlə başlayır, ermənilərin Azərbaycana, azərbaycanlılara olan münasibətindən bəhs edir. Romanda sovet dövründə Azərbaycanda olan eybəcərliklər də əksini tapıb”.

Tədbirdə XX əsr (Sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elnarə Qaragözova “Lətifə Orucun “Sirli gedişlər” romanı müstəqillik dövrü Azərbaycan ədəbiyyatı kontekstində: mövzu, forma və ideya məsələləri” adlı məruzə edib. Məruzədə vurğulanıb ki, “əsərdə erməni hiyləsi, erməni xisləti də zaman-zaman Leylanın həyat yolunda rast gəldiyi naqis məqamlardandır. Gəncliyində - 70-ci illərdə bu naqisliyi heyrətlə qarşılayan Leyla kamillik yaşında bu genetik düşmənçiliyin mahiyyətini daha dərindən dərk edir, vətənin yaralarını öz yaraları kimi sarmağa, sağaltmağa çalışır. Romanın azad olunmuş Şuşada Leylanın qonaqlıq mərasimi keçirməsi ilə yekunlaşması da simvolikdir. Ömrünü halallıq, xalqa xidmət və düzgünlüklə yaşayan bir insanın xalqımızın illərlə həsrətində olduğu Şuşada təşkil etdiyi ziyafəti məhz şəhid övladının ad günündə onun könlünü almaq üçün tərk etməsi, şəhid qızının sevincini dəvət etdiyi bütün qonaqlardan və qonaqlıqlardan üstün tutması yazıçının yaratdığı qadın-ana-vəkil obrazının ştrixlərini dərinləşdirir, onu oxucunun gözündə bir daha ucaldır.

Maraqlı və orijinal quruluşa malik olan roman səkkiz fəsildən ibarətdir. Əsərin  hər fəslinin əvvəlində dəyərli fikirlər, ibrətamiz kəlamlar yer alır. Romanın gənclərə ötürmək istədiyi əsas mesaj da məhz budur: Yer üzündə məhz bu üçlüyün - cəmiyyətin qanunları, hüquq müddəaları və Allahın qoyduğu qaydaların vəhdəti insanın xoşbəxtliyini təmin edə bilər”.

Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli çıxışında əlavə edib ki, “bu əsəri oxuduqda tədqiqatçısı olduğum Çingiz Aytmatovun “Üz-üzə” əsəri yadıma düşdü. Təbii ki, bu analogiya əsərin məzmunu ilə deyil, müəyyən qədər yaranma sitiuasiyasi ilə bağlıdır. Lətifə xanım da əsərində bir növ özünü yazıb, amma bu yalnız tərcümeyi-hal xarakterli əsər deyil. Əsərdə həm sovet, həm də müstəqillik dövründə bir xalqın keçdiyi yolun əksi vardır. Eyni zamanda dönməz bir insanın mücadiləsi əksini tapıb”.

 

Tədbirdə Ədəbiyyat nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi, filologiya elmləri doktoru, professor Akif İmanlı, filologiya üzrə fəlsəfə doktoru, yazıçı Akif Əli, BDU-nun kafedra müdiri, professor İradə Hüseynova, Uşaq ədəbiyyatı şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Gülnar Qəmbərova, yazıçı Hacı Loğman, jurnalist Ləman Ələləşrəfqızı, yazıçı, biologiya üzrə fəlsəfə doktoru, dosent Sadiq Qarayev, ehtiyatda olan polis polkovniki Mehrab Tukanov, şair Lalə Bağırova, müəllifin bacısı Zəminə Əliyeva çıxış edərək Lətifə Orucun “Sirli gedişlər” romanının ideya və bədii xüsusiyyətləri barədə fikirlərini bölüşüblər.

Sonda müəllif  Lətifə Oruc çıxış edərək tədbirin təşkili üçün minnətdarlığını bildirib.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

 

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR