Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Beynəlxalq elmi əlaqələr. Konfranslar

Almaz Ülvi “Özbək filologiyasında mətnşünaslıq və mənbəşünaslıq məsələləri” adlı beynəlxalq onlayn konfransda məruzə edib

13-06-2020 [ 14:46 ] [ oxunub:75 ]
printerA+ | A-
100042

İyunun 12-də Namanqan Dövlət Universitetinin təşkil etdiyi “Özbək filologiyasında mətnşünaslıq və mənbəşünaslıq məsələləri” adlı beynəlxalq onlayn konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr”i şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova “Azərbaycan elminin akademik İsa Həbibbəyli fenomeni” adlı məruzə ilə çıxış edib.

Almaz Ülvi konfrans iştirakçılarının nəzərinə çatdırıb ki, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda son 5 ildə “Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı”, “Zahirəddin Məhəmməd Babur və Azərbaycan”, “Maqsud Şeyxzadə - Azərbaycan və özbək xalqlarının görkəmli oğlu”, “Camal Kamal və Azərbaycan ədəbiyyatı”, “Cəlil Məmmədquluzadə. Poçt qutusu” (təqdimatı), “Səməd Vurğun və özbək ədəbiyyatı”, “Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğət”, “Əlişir Nəvai ədəbi və elmi irsinin öyrənilməsi” və s. adlı elmi-nəzəri konfranslar tanınmış özbək alimlərinin iştirakı ilə keçirilib.

Akademik İsa Həbibbəylinin təklifi ilə akademik Naim Kərimov, professorlar - Şöhrət Siracəddinov, Bakıjon Tuxliyev, Alimcan Dövlətov, Rəhmətulla Barakayev, Həmidulla Baltobayev, Nurbay Cabbar, Gülbahar Aşurova, Nadir Xalbutayev, Erqaş Açilov, Maqsud Asadov, Babaxan Şərif, Gülnaz Sattarova, Mahroba Kuçkarova, Burabiyə Rəcəbova, Sırdərya Utanova, Dilrabo Adnaziyayev, Gulxumar Tuyçiyeva və başqa tanınmış özbək alimlərini Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna dəvət edilib və bu dəvətlər Azərbaycan-özbək ədəbi əlaqələrinin möhkəmlənməsi və genişlənməsində böyük rol oynayıb.

Məruzədə, eyni zamanda, Özbəkistan Milli Universitetinin professoru Həmidulla Baltobayevin 2019-cu ildə Azərbaycanda “İlin alimi” elan edilməsi, 2 nəfər Özbəkistan gənci - Obidjon Şofiyev (doktorant) və Məhəmmədəmin Tuxliyevin (dissertant) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna qəbul olunması qeyd olunub.

Konfransda Azərbaycandan Sənubər Hacıyeva “Özbək məişəti Rüstəm Bazarov və Mahmud Hüseynov yaradıcılıqlarında” və Nüşabə Adıgözəlzadənin “Azərbaycanca-özbəkcə, özbəkcə-azərbaycanca lüğət” kitabının türk dilləri lüğətçiliyi tarixində yeri” mövzusunda məruzələri dinlənilib.