Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

ПОИСКИ. ИССЛЕДОВАНИЯ

Деконструкция в постмодернистской азербайджанской прозе - Эльнара Гарагeзова

26-08-2021 [ 12:43 ] [ прочитано:49 ]
printerA+ | A-
101089

Postmodern Azərbaycan nəsrində dekonstruksiya: "Koroğlu" - eposdan romana

"Kitabi-Dədə Qorqud" dastanı kimi, "Koroğlu" dastanı da ədəbiyyatımızın kanonik mətnlərindəndir və hər iki dastanın motivləri həm şifahi, həm də yazılı ədəbiyyatımızda daim işlənmişdir.

Üzeyir Hacıbəyovun "Koroğlu" operası, Sabit Rəhmanın ssenarisi əsasında Hüseyn Seyidzadənin çəkdiyi "Koroğlu" filmi, Səlahəddin Əcəminin "Koroğlu" poeması, Vüqar Əhmədin "Koroğlu" romanı, İlqar Fəhminin "Çənlibel tülküsü" trilogiyası "Koroğlu" dastanının motivləri əsasında yaradılmışdır. Bu əsərlər içərisində İlqar Fəhminin "Çənlibel tülküsü" ədəbi layihəsi postmodern siqləti ilə seçilir. 

İlqar Fəhminin üç romandan ibarət "Çənlibel tülküsü" ədəbi layihəsinə daxil olan, müəllifin "yarım-tarixi dedektiv" adlandırdığı "İlk sui-qəsd", "Qarğa yuvası" və "Kölgədə əqrəb" əsərlərində oxucuya "Koroğlu" eposunun dekonstruksiya olunmuş variantı təqdim edilir. "Postmodern Azərbaycan nəsrində dekonstruksiya" məqalələr silsiləsinə daxil olan digər məqalələrimizdə də qeyd etdiyimiz kimi, postmodernizmdə dedektiv süjet və elementlər mətnin ilk qatı olaraq istifadə olunur. "Yarımçıq əlyazma", "Qızılgülün adı" romanlarında olduğu kimi, "Çənlibel tülküsü" ədəbi layihəsinə daxil olan romanlarda da klassik dedektiv, qapalı məkanda təhqiqat üsulundan istifadə edilmişdir. İlqar Fəhminin bu üç romanında təzahür edən dekonstruktiv elementləri aşağıdakı kimi sıralaya bilərik: 

1.Eposdan fərqli olaraq trilogiyada Koroğlunun nərəsi, gücü və qılıncı mistik-magik effektdən məhrumdur. "İlk-sui qəsd" romanında Qoşabulağın suyunun qüdrətinin, Misri qılıncın ildırımdan düzəldilməsinin Aşıq Cünunun Koroğlunun təbliği məqsədilə uydurduğu və yaydığı feyk hekayət olduğu aydın olur. 

2.Koroğlu trilogiyada tez özündən çıxan, ancaq fiziki gücə güvənən, tədbirsiz bir qəhrəmandır. 

3.Eposda dəlilər güclü, qorxmaz, ədalətli təsvir olunsalar da, trilogiyada onlar incə duyğulardan məhrum, ancaq savaş, yemək və kef məclisi arzu edən kobud "döyüş maşınları" kimi təqdim olunurlar. Dəyişməyən cəhət dəlilərin hiyləgər olmaması və Koroğluya sonsuz sədaqətləridir. 

4.Eposdan fərqli olaraq trilogiyada Aşıq Cünunla yanaşı, Molla Həbib obrazının, dərvişlərin iştirak etməsi, sufi simvollardan istifadə olunması mətndə əlavə qatların yaranmasına səbəb olmuş, polifonik effekt təmin olunmuşdur. Dastanda dini mənsubiyyət hiss olunmur, ancaq trilogiyada bütün Çənlibel əhli müsəlmandır, bəzi məqamlarda isə cinə, caduya inanan cahil müsəlmanlardır. Qeyd etməliyik ki, İlqar Fəhminin "Qarğa yuvası" romanında dərvişlər sadəcə tərki-dünya insanlar deyil, həm də fiziki cəhətdən güclü, hazırlıqlı əsgərlərdir. Romanda dərvişlər Səfəvi dövlətinin gizli polis qüvvələri, əks-kəşfiyyatçılar kimi fəaliyyət göstərirlər. Sufi simvollarından biri olan yüsuç təsbeh də dövlət işlərində gizli kodlaşdırılmış məlumat daşıyıcısı kimi istifadə edilir. 

5.Dastanda olduğu kimi, trilogiyada da magik-mistik elementlərdən istifadə olunmuşdur. Buna misal olaraq Qara Mahmud tutulandan sonra Çənlibel məscidinin mollası Molla Həbibin Keçəl Həmzəyə hədiyyə etdiyi iri dənəli mərcan təsbehi göstərə bilərik. Əgər dərvişlərin təsbehi gizli, kodlaşdırılmış məlumatın daşıyıcısıdırsa, Molla Həbibin Keçəl Həmzəyə bağışladığı təsbeh daha çox mifik-mistik səciyyəlidir. 

6. Eposda Keçəl Həmzə ilə bağlı məqamlar onun Toqatda Qıratın üzəngisini basaraq üzrxahlıq etməsi sayəsində Koroğludan halallıq alması ilə yekunlaşır. Trilogiyada isə Keçəl Həmzə Koroğlunun ən etibarlı adamı, məsləhətçisi, əks-kəşfiyyatın rəhbəri kimi göstərilir və Koroğluya, Çənlibelə qarşı olan təhdidlərin qarşısının alınmasında, düşmənlərin ifşasında mühüm rol oynayır.   

7. Keçəl Həmzə obrazı trilogiyanın əsas qəhrəmanıdır. Trilogiyada hadisələrin cərəyan etdiyi zaman  Koroğlunun Toqat səfərindən sonrakı fəaliyyət dönəmini əhatə edir və yazıçı məhz Koroğlunun Keçəl Həmzə ilə qarşılaşmasından sonrakı dövrü dekonstruktiv elementlərlə təsvir edir. Bununla da, müəllif eposun sonundakı finalı da dəyişdirmiş olur. Müəllif bu əsər vasitəsilə oxucuya eposun sonunda tüfəngi görüb qılıncı atan, dəliləri buraxan, sonradan Çənlibeli mühafizə etmək üçün yenidən silahlanan qoca qəhrəman Koroğlunun yerinə Çənlibeldə struktura, müəyyən ierarxiyaya malik kiçik dövlət qurmuş, Səfəvi xanədanı ilə bağları olan, öz yanında xüsusi məsləhətçi - Keçəl Həmzəni saxlayan, yalnız qəhrəmanlıqla deyil, siyasi fəndlərlə də Çənlibeli mühafizə edən hakimi-mütləq Koroğlunu təqdim edir. 

8. Qeyd edək ki, "Koroğlu" dastanında təsvir olunan hadisələrin xronotopa, səfərlərin coğrafiyasına, obrazların titullarına əsasən Səfəvilər dövlətinin və Osmanlı dövlətinin hakimiyyəti zamanında cərəyan etdiyini güman etmək mümkündürsə, romanda tam əminliklə hadisələrin məhz Səfəvilər dövründə baş verdiyi iddia olunur. Yalnız obrazlar və süjetlər deyil, romanın dilinə daxil edilən ərəb-fars mənşəli sözlər, bəlağətli nitqlər də bunun sübutu kimi çıxış edir.

lqar Fəhminin "Çənlibel tülküsü" trilogiyasında "Koroğlu" dastanı süjet, qəhrəman və mətnin dili səviyyələrində dekonstruksiyaya uğrasa da, dastanın əsas ideyası (vətənpərvərlik), qəhrəmanların səciyyəvi xarakteristikası (qəhrəmanlıq, sədaqət, təmizlik), məkan (Çənlibel) toxunulmaz qalmışdır. Beləliklə, trilogiya milli-mədəni mətni inkar etmir, sadəcə olaraq yeni dekonstruktiv variasiyanı təmin edir. 

https://525.az/news/174087-postmodern-azerbaycan-nesrinde-dekonstruksiya-koroglu-eposdan-romana

 

Postmodern Azərbaycan nəsrində dekonstruksiya: Kitabi-Dədə Qorqud motivləri

Ədəbiyyatımızın ana kitabı hesab olunan "Kitabi-Dədə Qorqud" ilə bağlı ədəbiyyatşünaslığımızda elmi araşdırmalar, ədəbiyyatımızda isə dastanın motivləri əsasında qələmə alınmış bədii əsərlər intensivliyi ilə seçilir. "Kitabi-Dədə Qorqud" dastanı ilə  bağlı qələmə alınan bədii əsərləri növ və janr xüsusiyyətlərinə görə bir neçə qrupa bölmək olar: 

1. Dastanın motivləri əsasında yazılan nəzm əsərləri. Dastanın motivləri, ayrı-ayrı qəhrəmanları ilə bağlı yazılan şeirlər, poemalar bu mövzuda olan digər  əsərlər içərisində üstünlük təşkil edir. Buna misal olaraq N.Həsənzadənin "Dədə Qorqudun sapand daşları", M.Aslanın "Dədəm Qorqud gəzən yerlər", E.Baxışın "Dədəm Qorquda", "Alqış", "Sənə, mənə baxma, dədəm",  "Ulaş oğlu Salur Qazan", Dilsuzun "Bamsı Beyrəyin talanmış oğuz ellərinə dönüşü", M.Şükürün "Dədə Qorqud", Z.Əfəndizadənin "Dədə Qorquda məktub", A.Sadiqin "Dədə Qorqud", Ə.Quluzadənin "Dədəm Qorqud söyləsin", F.Müslümün "Ozan dədə", Hidayətin  "Dədə Qorqud", T.Hüseynin "Dədə Ozan", H.Kürdoğlunun "Sağ ol, ay Dədə Qorqud", A.Tağızadənin "Dədəm Qorqud diyarında", F.Qocanın "Dədə Qorqud", R.Zəkanın "Dədə Qorqud ocağı", Anarın  "Dedim, mən Dədə Qorqud", Nisəbəyimin  "Sonda Dədəm Qorqudla xəbərləşim", Z.Yaqubun "Dədəm Qorquda" və digər şeirləri göstərə bilərik. Heyraninin  "Dəlinamə", B.Vahabzadənin "Qiymət",  N.Xəzrinin "Əfsanəvi yuxular", "Torpağa sancılmış qılınc", A.Abdullazadənin "Ulu Qorqud", Səhəndin "Dədəmin kitabı", "Sazımın sözü", "Duxa qoca oğlu Dəli Domrul", N.Kəsəmənlinin "Dədə Domrul", R.Təhməzoğlunun  "Dədəm Qorqut", T.Elçinin "Oğul Buğac" poemalarında  "Kitabi-Dədə Qorqud" süjetləri yeni janr formatında işlənərək oxucuya təqdim edilmişdir. 

2. Dastanın motivləri əsasında yazılan dram əsərləri haqqında danışarkən  Ə.Dəmirçizadənin "Qaraca çoban", K.Abdullanın "Beyrəyin taleyi", "Casus", A.Dağlının "Dədə Qorqud", N.Xəzrinin "Burla Xatun"  pyeslərindən söz aça bilərik. 

3. "Kitabi-Dədə Qorqud" dastanının motivləri və süjetləri bir sıra nəsr əsərlərində də təcəssüm etdirilmişdir. M.Rzaquluzadənin "Dəli ozan", "Ceyran ovu", "Qoca canavar",  "Qoşa çadır", "Dənizdə toy" hekayələri, Ə.Qurbanovun (Muğanlı) "Məclisə Dədə Qorqud gəldi" əfsanəsi, "Qorqud dədənin öyüdü" hekayəsi, Anarın  "Dədə Qorqud" povesti, K.Abdullanın "Yarımçıq əlyazma", Orxan Fikrətoğlunun "Ölü mətn", Pərviz Cəbrayılın "Yad dildə" romanları bu qəbildəndir. 

Postmodern Azərbaycan nəsrində "Kitabi-Dədə Qorqud" dastanı əsasında yaradılan bədii əsərlərin əsas xəttini dekonstruktiv yanaşma, postmodern sitat təşkil edir. "Kitabi-Dədə Qorqud" dastanlarının dekonstruksiyası əsasında yaradılan postmodern əsərlərdən danışarkən dekonstruksiyanın  əksi səviyyəsinə görə bu əsərləri   iki qrupa bölmək lazımdır: 

1. Əsər dastanı bütövlükdə dekonstruksiya etmir, müəyyən dekonstruktiv elementlərlə dastana istinad olunur. 
2. Əsər bütövlükdə dastanın dekonstruksiyasına əsaslanır.

Orxan Fikrətoğlunun "Ölü mətn" romanında "Kitabi-Dədə Qorqud" dastanına istinad polifonik mətnin qatlarından biri kimi çıxış edir. Romandakı Dədə ilə bağlı məqamlar demiurq obrazını əyaniləşdirərək əlyazmanın - "ölü mətn"in ilkin tarixinə işıq salmağa xidmət edir. Pərviz Cəbrayılın "Yad dildə" romanında isə "Kitabi-Dədə Qorqud" qəhrəmanlarının adları kod-simvol olaraq istifadə edilmişdir. Əsərdəki İçərişəhər-Bayırşəhər təzadı dastandakı İç Oğuz - Dış Oğuz təzadının postmodern variasiyası kimi diqqət çəkir. Hər iki roman "Kitabi-Dədə Qorqud" dastanını bütövlükdə dekonstruksiya etmir, dekonstruktiv elementlərlə postmodern istinad, sitat yaradılır. 

İkinci qrupa daxil olan əsər Kamal Abdullanın "Yarımçıq əlyazma" əsəridir. Qeyd etməliyik, Kamal Abdulla "Kitabi-Dədə Qorqud" mövzusuna dekonstruktiv yanaşmasını "Beyrəyin taleyi", "Casus" pyeslərində də ifadə etmişdir. "Yarımçıq əlyazma" romanında təsvir olunan əlyazmanın bir hissəsi "Kitabi-Dədə Qorqud"  dastanının dekonstruktiv variantının təqdimatıdır. Bu hissə gənc Dədə Qorqudun Oğuz elindəki xainlərin ifşa olunması məqsədilə Bayandır xanın rəhbərliyi ilə aparılan təhqiqatı qələmə aldığı əlyazma formatında oxucuya təqdim edilir. Beləliklə, müdrik qoca Dədənin yerini gənc Qorqud alır, dastandakı qəhrəmanların  dastanın mətni ilə tanış olan oxucu üçün gözlənilməz olan, hətta belə demək mümkünsə şok effekti yaradan, postmodern realilər əsasında qurulan yeni obrazları dedektiv çalarlı bir süjetin içində təqdim olunur. Postmodernizmdə əsərin üst qatında dedektiv elementlərin olması yayındırıcı, aldadıcı bir üsul olaraq istifadə olunur. Eyni elementə Umberto Ekonun "Qızılgülün adı" romanında da rast gəlinir. Həm Kamal Abdullanın, həm də Umberto Ekonun romanı ilk baxışda klassik dedektiv stilində təqdim olunur. Hər iki romanda təhqiqat qapalı məkanda - bir kilsənin və bir obanın daxilində aparılır.

Beləliklə, dedektiv üst qat vasitəsilə postmodern romanda cərəyanın əsas atributikası - xaosun içində nizam meydana çıxır: adi oxucu üçün dedektiv süjet, intellektual oxucu üçün polifonik mətn təqdim olunur. "Yarımçıq əlyazma"nın yarımçıqlığı və adsızlığı "Kitabi-Dədə Qorqud"un dekonstruktiv variantını təmin etməklə yanaşı, həm də dastanın kanonlaşmasına, əsl mətn kimi istinad mənbəyinə çevrilməsinə səbəb olur və  beləliklə, oxucuda ilkin mətnə maraq yaradır, dastanın yenidən oxunmasına və təbliğinə rəvac verir.  

https://525.az/news/173572-postmodern-azerbaycan-nesrinde-dekonstruksiya-kitabi-dede-qorqud-motivleri

Postmodern Azərbaycan nəsrində dekonstruksiya: Təhminə

Postmodern Azərbaycan nəsrində dekonstruksiya yalnız kanonik mətnlər və arxetiplər üzərində qurulmur, daha müasir ədəbi mətnlərin də dekonstruktiv  variantları yaradılır. Bu baxımdan maraq doğuran, obyekt olaraq seçilən əsərlərdən biri Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanıdır. Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" əsəri əbədi ədəbi mövzulardan birinə - iki gəncin cəmiyyətin yazılmamış qanunlarının qarşısında davam gətirə bilməyib məğlub olmasına, nakam sevgiyə həsr edilib. Əsəri bir məhəbbət macərası oxumaq istəyi ilə mütaliə etmək niyyətində olan oxucu sadə bir sevgi süjeti ilə deyil, polifonik bir əsərlə qarşılaşır. Getdikcə mövzu şaxələnir, yazıçı cəmiyyətin müxtəlif qatlarını, fərqli problemləri, insan təbiətinin mahiyyətini, həyatın mənasını, cəmiyyət və insan dilemmasını bu sevgi süjeti simvolikası vasitəsilə açır, əsərin alt qatlarında həmin dövrdə cəmiyyətin problemi olan, amma açıq deyilməsi mümkün olmayan mətləblərə toxunur. "Beşmərtəbəli evin altıncı mərtəbəsi"nin əsas qəhrəmanları olan, daha öncə yazılan "Ağ liman" əsərində də xatırlanan Zaur və Təhminənin sevgisi cəmiyyətin yasaqlarına təhdiddir. Oxucuların əksəriyyəti üçün Zaur obrazı qəbuledilən, ənənəvi olsa da, Təhminə obrazı dövr üçün çox koloritli, qeyri-adi və qəbuledilməz idi. Azad sevgi anlayışının olmadığı bir zamanda Təhminə ürəyinin hökmünü cəmiyyətin hökmlərinə qarşı qoyur. 

Təhminədən fərqli olaraq Zaurun sevgisi cəmiyyətin qanunlarını sındıracaq qədər güclü deyil. Beləliklə, cəmiyyətin "düzgün, əsl kişi" qəhrəmanı, öz sevgisinə sahib çıxa bilməyən Zaur sevgini sonsuz və yeganə həqiqət hesab edən, cəmiyyətin "əxlaqsız" damğası vurduğu Təhminənin cəsədi üzərindən keçərək normal həyat qurur. Ancaq cəmiyyətin ona geyindirdiyi qiyafənin altındakı qəlbi hər zaman bu dünyada  cəmiyyətin qanunlarına belə meydan oxuyacaq SEVGİNİN -  Təhminənin, "beşmərtəbəli evin  altıncı mərtəbəsi"nin olduğunu ona xatırladır.

Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanı yazıldığı dövrdən bu günədək oxucular arasında öz populyarlığını qoruyub saxlaya bilmişdir. Əsərin ekranlaşdırılmasından sonra isə  Təhminə və Zaur obrazları yalnız oxucular deyil, həm də tamaşaçılar tərəfindən sevilən və tanınan obrazlara çevrildi. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında bu romanın motivləri əsasında iki yeni əsər - Günel Anarqızının "Altıncı" romanı və Ziyad Quluzadənin "Kəpənəkdoğan" əsərləri qələmə alınmışdır. 

Günel Anarqızının "Altıncı" romanı Təhminənin gündəliyi şəklində yazılmışdır. Mübhəm mətləblərin ifadəçisi olan gündəlik janrının köməyi ilə yazıçı Təhminənin Zaurdan əvvəlki,  Zaurla birgə yaşadığı və Zaurdan sonrakı həyatının daha geniş, daha  incə ştrixlərlə zəngin, duyğularla yoğrulmuş təsvirini təqdim edir. 2018-ci ildə "Ədəbiyyat məcmuəsi"ndə (2019-cu ildən jurnal "Azərbaycan ədəbiyyatşünaslığı" adlanır) dərc olunan "Qadın ədəbiyyatı" müstəqillik dövrü Azərbaycan ədəbiyyatı kontekstində" adlı məqaləmizdə Təhminə obrazının kişi müəllif (Anar və Ziyad Quluzadə) və qadın müəllif (Günel Anarqızı) tərəfindən fərqli təqdimi və interpretasiyası haqqında söhbət açarkən "Altıncı" əsərini tədqiqata cəlb etmişdik. "Altıncı" Təhminənin bir obraz kimi yenidən açılmasını, fərqli qavranılmasını təmin etsə də, əsər "Beşmərtəbəli evin altıncı" mərtəbəsi əsərini dekonstruksiya etmir, Anarın təqdim etdiyi süjet xəttinə sadiq qalır. Bu səbəbdən bu məqalədə əsas diqqət çəkəcəyimiz əsər Ziyad Quluzadənin "Kəpənəkdoğan" romanıdır. 

Ziyad Quluzadənin postmodern Azərbaycan nəsrinin maraqlı nümunələrindən olan "Kəpənəkdoğan" romanında  Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" əsəri tam şəkildə dekonstruksiya edilmişdir. Ziyad Quluzadə Anarın süjetinə alterantiv süjet yaradaraq Təhminə-Zaur sevgisinin evlilikdən sonrakı taleyinin mümkün bədii həllərindən birini təqdim edir. Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi"nin  "Kəpənəkdoğan"da  dekonstrukiyaya uğradığı məqamları aşağıdakı kimi əyaniləşdirə bilərik: 

1. Zamanın dekonstruksiyası. Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" əsəri XX əsrin 70-ci illərində qələmə alınmışdır və romanda da həmin dövrün realiləri əks olunur.  Ziyad Quluzadənin "Kəpənəkdoğan" əsərində (2011)  Təhminə və Zaur XXI əsr oxucusunun çağdaşlarıdır. Hər iki əsərdə məkan (Bakı) toxunulmaz olaraq qalır. 

2. "Təhminə və Zaur". "Beşmərtəbəli evin altıncı mərtəbəsi" əsərinin əsasında çəkilən filmin və  çox zaman oxucular tərəfindən əsərin də bu cür adlandırılması bu tandemin sevgi cütlüyü (Leyli və Məcnun, Fərhad və Şirin, Vərqa və Gülşa və b.) kimi qəbul edildiyindən xəbər verir. Ziyad Quluzadənin qəhrəmanları isə sevginin sehrini gündəlik həyatın keşməkeşlərində itiriblər. "Təhminə və Zaur" sevdası romanda keçmiş məhəbbətin uzaq və dumanlı xatirəsi, fon kimi çıxış edir. 

3. Təhminə obrazının dekonstruksiyası. Anarın Təhminəsi azad sevgi uğrunda mübarizə apararkən cəmiyyətin yasaqlarını pozsa da, oxucu onun məhəbbətinin saflığına inanır, onu qorxmaz, mübariz bir qadın kimi tanıyır. "Kəpənəkdoğan"ın qəhrəmanı olan Təhminə isə cəmiyyət qarşısında məğlub olaraq onun yazılmamış qanunlarını etirazsız qəbul edən bir qadına çevrilir. "Yeni" Təhminə qızının başına gələn hadisənin cəmiyyətin gözündə anormal, qəbulolunmaz olmasından dolayı Zaur Məryəmi evdən qovarkən etiraz etmir, balasını ərinin statusuna, cəmiyyətin qanunlarına və cəmiyyət tərəfindən "qəbul  olunan" olmaq üçün qurban verir. 

4. Zaur obrazı. "Kəpənəkdoğan"ın Zauru "Beşmərtəbəli evin altıncı mərtəbəsi" əsərindəki sələfindən xarakter baxımından seçilmir. Qocalsa da, yenə cəmiyyətin "sıravi əsgəri" kimi fəaliyyət göstərir. Zaur daxilən fərqli həyat istəsə də, "cəmiyyətə yarınmaq", "hamı kimi olmaq" istəyi daha güclüdür. "Beşmərtəbəli evin altıncı mərtəbəsi"ndə şayiələrə görə Təhminədən vaz keçən Zaur burada daha dəhşətli bir hərəkətə yol verir: karyerası üçün balasından üz döndərir, onu ölümün ağuşuna atır. 

5. Məryəm və rəmzi-mistik qat. Anarın Təhminəsi ana olmaq şansını həmişəlik itirmişdi. "Kəpənəkdoğan"ın qəhrəmanları olan Təhminə və Zaurun isə Məryəm adlı bir qızları var. Adını daşıdığı Müqəddəs Məryəm kimi bakirə ikən hamilə qalan və  qiyamət xəbərçisi olan kəpənəklər dünyaya gətirən Məryəm əsərin əsas qəhrəmanıdır. Məryəm həm cəmiyyətin, həm də Təhminə-Zaur tandeminin imtahanı və sonudur. Məryəm obrazı vasitəsi ilə Ziyad Quluzadə əsərə Anarın təqdim etdiyi süjetdə olmayan rəmzi -mistik qat gətirir. Əsərdə həm xristian fəlsəfəsi ilə bağlı məqamlar (Müqəddəs Məryəm, İsa, kilsə, yeni eranın başlanğıcı, xilaskar və yenidən doğulma), həm də şərq fəlsəfəsi, sufizmlə bağlı məqamlar (kəpənək uzaq şərq arxetipi və sufi simvoludur) əksini tapmışdır.

6. "Təhminə effekti". "Kəpənəkdoğan" əsərində Təhminənin anasının da gündəliyindən parçalar verilir və bu priyomla Ziyad Quluzadə Təhminənin yeni obrazının ştrixlərini daha da qabarıq təqdim etməyə nail olur. Oxucu Təhminənin anası - Təhminə-Məryəm xətti üzrə gündəliklər vasitəsilə hadisələri izlədikcə nəsillər boyu davam edən "Təhminə effekti" ilə qarşılaşır. Əsərdə gündəlik janrından priyom kimi istifadə edilməsi obrazların daha inandırıcı və səmimi qurulmasına, oxucunun diqqətinin fokuslanmasına səbəb olur. 

Beləliklə, "Kəpənəkdoğan" romanında "Beşmərtəbəli evin altıncı mərtəbəsi"nin dekonstruktiv variantının yaradılması Anarın əsərinin əsas mətn olaraq qəbul edilməsini şərtləndirir və romanı kanonlaşdırır. Bu roman həm də postmodern Azərbaycan nəsrində zaman baxımından daha yaxın olan bədii mətnlərin dekonstruksiyası vasitəsilə dekonstruktiv prosesin  növbəti etapının başlandığını göstərir. 

https://525.az/news/174408-postmodern-azerbaycan-nesrinde-dekonstruksiya-tehmine-elnare-qaragozova-yazir

 

Другие новости