Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

Статьи

Академик Иса Габиббейли.Полезный пример в литератураведение

13-04-2017 [ 11:46 ] [ прочитано:181 ]
printerA+ | A-

XX əsrin ikinci yarısından etibarən gerçəkliyi əks etdirməyə doğru ədəbiyyatda başlanan proseslərin genişlənməsi böyük bir ədəbi cəbhənin meydana gəlməsi ilə nəticələnmişdir. 

Bədii ədəbiyyatın nəsr qolunda daha qabarıq şəkildə nəzərə çarpan bu qüvvətli meyl poeziyada da özünəməxsus əks-səda tapmış, nümayəndələrini yetirib ədəbi mühitə çıxarmışdır. 

Əslində, hələ əllinci illərdə ölkə üzrə şəxsiyyətə pərəstiş sindromu aradan qaldırıldıqdan sonra poeziyada ictimai-siyasi məzmunlu romantik pafosu tədricən lirizmin əvəz etməsi prosesi başlanmışdır. Lakin altmışıncıların bütöv bir nəsil kimi cəbhə boyu addımlaması ilə həmin istiqamət daha da dərinləşməyə doğru getmişdir. Ədəbiyyata XX əsrin əllinci illərində gələn və “öz ömrünü dəmadəm sözə verən” Hüseyn Kürdoğlunun zəngin və çoxcəhətli yaradıcılığı da Azərbaycan ədəbiyyatında gedən həmin proseslərin işığında meydana çıxmışdır. Əslində, Hüseyn Kürdoğlu və onun mənsub olduğu nəsil Azərbaycan “altmışıncıları”nın əvvəli idi. Lakin bədii nəsrlə müqayisədə şeirdə, xüsusən heca vəznli poeziyada “göydən yerə enmə” prosesi bir qədər çətin gedirdi. Çünki heca vəznli şeiri yüksək romantik zirvəyə qaldırmış Xalq şairi Səməd Vurğunun qaynar poetik nəfəsi hələ qulaqlardan getməmişdi və bu şeir günəşinin təsirindən tamamilə ayrılmaq asan məsələ deyildi. 

Təsadüfi deyildir ki, poeziyada Azərbaycan altmışıncılarını daha çox sərbəst şeir yazanlar təmsil edirdilər. Hüseyn Kürdoğlu və onun təmsil etdiyi ədəbi nəsil isə vəzni dəyişməyərək şeiri insanın həyatı və mənəviyyatına yaxınlaşdırmaq vəzifəsini həyata keçirirdilər. Bu ədəbi nəslin şeirində tərənnümdən gələn romantik əlamətlər müəyyən səviyyədə davam etməklə bərabər, həyatın və insanın nəbzi döyünən duyğu və düşüncələrdə öz əksini tapmışdır. Hüseyn Kürdoğlunun “Həyat ağacı” qismindən olan çoxsaylı şeirləri artıq poeziyada da gerçəkliyin müdriklik səviyyəsində tərənnümünün oturuşduğunu göstərir. Bu məqamda Hüseyn Kürdoğlunun şair xəyalı cəmiyyətdəki ideoloji mühitdən deyil, folklordan, klassik ədəbi ənənələrdən və həyatın dərslərindən ilham almışdır. Bu mənada Hüseyn Kürdoğlunun “Həyat ağacı” şeiri XX əsrin altmışıncı illərdən sonrakı poeziya ağacının real mənzərəsini dolğun şəkildə mənalandırır:

Barlıdır, ucadır həyat ağacı,
Bəhəri həm şirin, həm də ki, acı.
Dırmanıb çıxırıq, ucalırıq biz,
Başına çatmamış qocalırıq biz.
Ordan xəyal kimi düşürük bir-bir,
Ağacın dibində ölüm müntəzir
Göydə tutur bizi, gömür torpağa,
Təzə gələnlərsə çıxır budağa. 
Bu gün ülfətdədir ölümlə həyat,
Ağacın başına çıxan yox heyhat.

Bütün bunlara görə də XX əsrin ikinci yarısı Azərbaycan şeirində Məmməd Araz tipli şeir inkişaf etməyə başlamışdır. Vəzn və üslub etibarilə bir-birlərinə çox yaxın olan bu şairlər xalq ədəbiyyatı qaynaqlarından həyata doğru münasibətlərində fərqli yanaşmaları ilə fərdiləşmişlər. Hüseyn Kürdoğlu həm folklordan və klassik ədəbi ənənədən yaradıcı istifadə etmək, həm də müasir həyati mətləbləri mövcud ampluada ifadə etmək istedadı ilə özünəməxsusluq qazanmışdır. Hüseyn Kürdoğlunun yaradıcılığında romantika, didaktika, patetika, lirika və gerçəklik üzvi bir sistem halında cəmləşmişdir. Bu key fiyyətlər şairin şeirlərinin və poemalarının orijinallığını təmin etmişdir. Bütün bunlara görədir ki, Azərbaycan altmışıncılarının “proloqu” kimi meydana çıxan bu ədəbi nəsil əslində yetmiş-səksəninci illər poeziyasında lirizmi bəlli bir səviyyədə yaşadıb saxlamaqla şeirin vətəndaşlıq ruhunun qüvvətlənməsinə güclü təsir göstərmişlər. Hüseyn Kürdoğlunun və onun ədəbi nəslinin yaradıcılığında həyatın adiliklərindən çox milli ideyalar, vətəndaşlıq mövqeyi, tale yüklü məsələlər öz əksini tapmışdır. Bu tipli şeir poeziyada ictimai motivlərlə lirikanın arasında yaşayıb tarixi yolunu davam etdirmiş, ədəbiyyat tariximizdə izlər salmış, cəmiyyətin irəliyə doğru inkişafına xidmət göstərmişdir. Fikrimizcə, Hüseyn Kürdoğlu ictimai idealların tərənnümü ilə lirika arasında yaranıb inkişaf edən Azərbaycan şeirinin görkəmli nümayəndələrindən biridir.

Tanınmış ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin “Hüseyn Kürdoğlunun poetik dünyası” adlı monoqrafiyası bu orijinal şairin həyatı və yaradıcılığını bütün əsas mahiyyəti və istiqamətləri ilə geniş oxucu auditoriyasına, ictimaiyyətə təqdim edən qiymətli elmi əsərdir.

Oxuculara məlumdur ki, professor Qəzənfər Paşayev Azərbaycan kərkükşünaslığının elmi əsaslarını yaratmış görkəmli Azərbaycan alimidir. O, eyni zamanda klassik və müasir Azərbaycan ədəbiyyatının əsas yaradıcıları, görkəmli nümayəndələri olan ədəbi simalara həsr edilmiş ciddi elmi əsərlərin müəllifidir. Qəzənfər Paşayev Xalq yazıçıları Anar və Elçin, Xalq şairləri Hüseyn Arif və Fikrət Qoca, ədəbiyyatşünas alimlərdən Abbas Zamanov və Bəkir Nəbiyev... haqqında da sanballı elmi əsərlər meydana qoymuşdur. “Hüseyn Kürdoğlunun poetik dünyası” monoqrafiyası Qəzənfər Paşayevin ciddi elmi araşdırmalarının nəticəsində meydana çıxan qiymətli monoqrafik tədqiqatdır.

Hər şeydən əvvəl, onu qeyd etmək lazımdır ki, Qəzənfər müəllim Hüseyn Kürdoğlunun poetik dünyasını dərindən öyrənmişdir. O, tədqiqat obyekti kimi müəyyən etdiyi Hüseyn Kürdoğlunun tərcümeyi-halını, mühitini və taleyini araşdırmış, şairin yaradıcılığı ilə həyat yolu arasındakı bağlılığı müəyyən etmişdir. Bundan başqa, professor Qəzənfər Paşayev Hüseyn Kürdoğlunun yaradıcılıq yolunu Azərbaycan ədəbiyyatının inkişaf prosesləri, şairin mühiti və müasirləri ilə birlikdə izləmiş və qiymətləndirmişdir. Eyni zamanda, bir çox məqamlarda, xüsusən “Bənövşə” motivli şeirlərdə yazılı ədəbiyyatda xalq-aşıq şeiri ənənəsinin qüvvətləndirilməsində Hüseyn Kürdoğlunun ədəbiyyat mühitinin fövqündə dayandığını müəyyən etməklə onun ədəbi prosesin inkişafındakı yerini, təsvir gücünü diqqət mərkəzinə çəkmişdir. Qəzənfər müəllim bütün məqamlarda şairin yaradıcılığından, ədəbiyyat materialından çıxış etdiyi üçün Hüseyn Kürdoğlu haqqında inandırıcı obyektiv elmi söz deyə bilmişdir. “Kürdoğlunun poeziyası yayın cırhacır vaxtı içilən, cana məlhəm olan bulaq suyu kimidir”... “Onun sevgi şeirlərindən təbiətin ətri gəlir. Hüseyn Kürdoğlunun təbiətə sevgisi ilk eşqi ilə qaynayıb qarışır...
 
İnanırıq ki, qüdrətli bir rəssam şairin təbiət mənzərələrini vəsf edən şeirlərini incələsəydi, fırçasının və qəlbinin məhəbbəti ilə ölkəmizin füsunkar gözəlliklərini əks etdirən heyrətamiz bir tablo yaradardı”, “...Çəkinmədən deyə bilərik ki, Kürdoğlu xalq dili ilə ədəbi dilin qovşağında poeziyada sözdən heyrətamiz bir abidə ucaltmışdır”, “...Vətəni, eli-obanı canından çox sevən, poeziyasında tərənnüm edən, insanları vətənpərvərlik ruhunda tərbiyə edən şairlərimiz arasında Hüseyn Kürdoğlu şərəfli yer tutur”. Hətta professor Qəzənfər Paşayev monoqrafiyasında bir neçə məqamda etiraf etməli olmuşdur ki: “Açığını deyim ki, ...misraları təhlilə çəkməyə gücüm çatmadı”. Bizə görə bu cür yanaşma Hüseyn Kürdoğlunun əslində ədəbiyyatşünaslıq elminin yüksək tələbləri səviyyəsində dəyərləndirilən şeirlər yazdığını səciyyələndirmək deməkdir. Məhz bütün bunlardan sonra professor Qəzənfər Paşayevin Hüseyn Kürdoğlunun yaradıcılığı haqqında gəldiyi obyektiv ümumiləşmiş nəticə elmi-nəzəri qiymətə çevrilir: “Əsas məsələ odur ki, Hüseyn Kürdoğlu təbin, ilhamın, fitri istedadın, el-obaya, vətənə sonsuz məhəbbətin sayəsində əsl poeziya nümunəsi yaradan, Azərbaycan poeziya bağçasında məxsusi yeri olan şairdir”.

Professor Qəzənfər Paşayevin “Hüseyn Kürdoğlunun poetik dünyası” monoqrafiyasının strukturu da yeni və orijinaldır. O, ədəbiyyatşünaslıq elmində ənənə şəklini almış “Şairin lirikasının janr (yaxud sənətkarlıq) xüsusiyyətləri” məlum modelindən qaçaraq, Hüseyn Kürdoğlunun şeir yaradıcılığının daxili imkanlarına əsaslanmaqla onun lirikasında aparıcılıq təşkil edən hər janrı ayrıca bölmədə təhlil edib dəyərləndirmişdir. Qəzənfər Paşayev Hüseyn Kürdoğlunun şeirlərindən çıxış edərək və akademik Tofiq Hacıyevin təhlillərinə əsaslanaraq onun “dördlük tarixində eraya çevrilən” şeirlərinin: bayatı-dördlük, qoşma-dördlük, gəraylı-dördlük, satirik dördlüklər formalarında yazılmış poetik nümunələrin ideya-bədii xüsusiyyətlərini seçilmiş misallarla isbata çatdırmışdır. Qəzənfər müəllim “zəmanəmizin bayatı ustası” hesab etdiyi Hüseyn Kürdoğlunun bayatı dünyasını bütün genişliyi ilə təqdim etmişdir. Tədqiqatçı haqlı olaraq bu qənaətə gəlmişdir ki: Sarı Aşığın bayatıları və Kərkük xoyratları ilə yanaşı, atasının dostunun arvadı “sinədəftər” Çilə xaladan eşidib yazdığı və “Laçın” qəzetinin qocaman əməkdaşı, şair Tapdıq Nəcibdən “bir qalın dəftər bayatı toplayıb” öyrəndiyi örnəklər Hüseyn Kürdoğlunun bu janra dərin sədaqətini formalaşdırmışdır. Hüseyn Kürdoğlunun 1992-ci ildə “Gənclik” nəşriyyatında çap etdirdiyi “Min bir bayatı” kitabı Azərbaycan yazılı şeirində bayatılardan ibarət ilk müəllif kitabı kimi də mühüm əhəmiyyət kəsb etmişdir. Monoqrafiyada Hüseyn Kürdoğlunun bayatılardan ibarət poemalar yazması haqlı olaraq əsl novatorluq nümunəsi kimi dəyərləndirilmişdir.

Azərbaycan şeirində ağıların, təcnislərin, gəraylıların, rübailərin, az işlədilən təsniflərin, həcv, bəhri-təvil kimi  unudulmaqda olan janrlarda  yaşadılıb inkişaf etdirilməsində Hüseyn Kürdoğlunun xidmətlərini professor Qəzənfər Paşayev konkret bədii nümunələrlə açıb göstərmiş, təhlil edib qiymətləndirmişdir. Bununla şairin şeir yaradıcılığının janr baxımından tam və zəngin mənzərəsi bütün dolğunluğu ilə canlandırılmışdır. Bu təhlillər və ümumiləşdirmələr həm də Azərbaycan şeirinin XX əsrin ikinci yarısından sonrakı dövrdəki janr imkanlarını aydın surətdə təsəvvür etməyə imkan verir.

“Hüseyn Kürdoğlunun poetik dünyası” monoqrafiyasında professor Qəzənfər Paşayev “Şairin əbədi məhəbbəti” bölməsində onun ilk nakam sevgisinin və ailə həyatına çevrilmiş məhəbbətinin dastana bənzəyən süjetini müəyyən etmiş, maraqlı elmi ümumiləşdirmələrə gəlmişdir. Hüseyn Kürdoğlunun vaxtilə məşhur xanəndə Qulu Əsgərovun oxuduğu, indi də repertuarda olan “Bəyənmir məni” və “Könül bağladım” mahnılarının məlhəm kimi insana rahatlıq gətirməsi də monoqrafiyada haqlı olaraq bu poetik nümunələrin həyatiliyi və müəllifin dərin səmimiyyətilə əlaqələndirilir.

Çoxcəhətli yaradıcılıq fəaliyyətinə malik olan Hüseyn Kürdoğlunun tərcüməçilik işinə dair çalışmaları və elmi-tədqiqat sahəsindəki araşdırmaları da təqdim edilən monoqrafiyanın tədqiqat obyektidir. Professor Qəzənfər Paşayev ilk dəfə olaraq Hüseyn Kürdoğlunun həmin istiqamətlər üzrə xidmətlərinə də işıq salmışdır. Əsərdə İraq, Türkmənistan və Dağıstan poeziyasından etdiyi tərcümələrin orijinalın ruhunu dolğun ifadə etməsi şairin mühüm nailiyyətlərindən biri olaraq səciyyələndirilir. Hüseyn Kürdoğlunun Səməd Vurğunun yaradıcılığının ilk dövrünə, Abdulla Qoranın həyatı və bədii yaradıcılığına, XIX əsr Cənubi Azərbaycan folkloruna həsr olunmuş elmi əsərlərinin ana xətləri,  Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutundakı fəaliyyəti oxuculara təqdim olunur. Beləliklə, monoqrafiya Hüseyn Kürdoğlunun həyatı və çoxcəhətli yaradıcılığı haqqında tam, bütöv, ümumiləşmiş elmi təəssürat yaradır. “Hüseyn Kürdoğlunun poetik dünyası” monoqrafiyası professor Qəzənfər Paşayevin çoxillik elmi fəaliyyətinin müasir mərhələdəki uğurlarından olmaqla bərabər, həm də ədəbiyyatşünaslıq elmimizin də qiymətli nümunələrindən biridir.

Bir məsələni də ayrıca qeyd etməyi lazım bilirəm. Yazıçı və şairlərimizin həyatı və yaradıcılığına həsr edilmiş təməl monoqrafik tədqiqatlar uzun zamanlardan bəridir ki, çox az hallarda meydana çıxır. Belə kitablar az olduğu və ya bəzən heç olmadığı üçün ayrı-ayrı sənətkarların yaradıcılığı əsasında aparılan problem-tədqiqatlar çox hallarda möhkəm təməli olmayan, havadan asılı qalan araşdırmalar təəssüratı doğurur. Ədəbiyyat tarixçiliyi ilə nəzəriyyə biri - digərini tamamlayanda daha mükəmməl, uzunömürlü əsərlər meydana çıxa bilər. Ədəbiyyatşünaslıq elmimiz bu istiqamətdə düşünüb-daşınmalı, addımlar atmalıdır.

Bu mənada professor Qəzənfər Paşayevin təqdim olunan monoqrafiyası müasir Azərbaycan ədəbiyyatşünaslıq elmi üçün düşündürücü və faydalı bir örnək kimi də əhəmiyyətlidir.

PHOTO GALLERY