AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri, fil.e.d., prof. Tahirə Məmməd 2-5 Noyabr tarixlərində Antalyada keçirilən Türk Dünyası Strateji Araşdırmaları Konqresində iştirak etmişdir. Manisa Cəlal Bayar Universitetinin Strateji araşdırmalar dərnəyinin təşkilatçılığı ilə keçirilən Konqresin işində TİKA, Bursa Uludağ Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Qazaxıstan Əhməd Yəsəvi Universiteti, Qırğızıstan Cəlal-Abad İqtisad və İdarəçilik Universiteti, Makedoniya Beynəlxalq Vision Universiteti dəstək verən qurumlar kimi iştirak edirdilər.
Konqresdə Türk dünyasından olan alimlərdən başqa, fərqli regionlardan olan türkoloqlar da iştirak etmiş, 156 məruzə dinlənilmiş, türk mədəniyyətini təbliğ edən tədbirlər həyata keçirilmişdir. Manisa Universitetinin Türk dilləri kafedrasının müdiri Prof.Dr. Ayvaz Morkoçun düzəltdiyi “Qarabağ şairləri və yazıçıları” sərgisi Konqres müddətində foyedə nümayiş etdirilmiş və maraqla qarşılanmışdır. Konqresdə Prof.Dr. Ayvaz Morkoç Abbas Səhhətin həyat və yaradıcılıq yolu, XX əsr türk poeziyasında tutduğu yer və fikirləri ilə bağlı geniş məruzə ilə də çıxış etmişdir. Tanınmış türk müğənnisi və aparıcı Bünyamin Aksunqurun ifa etdiyi mahnılar içərisində Azərbaycan musiqisinə xüsusi yer ayrılmışdır.
AMEA həmin konqresdə iki məruzə ilə təmsil olunurdu. Tahirə Məmməd “Azərbaycan ədəbiyyatında türk imicini əks etdirən obrazlar: mərhələləri və startegiyası” adlı məruzə ilə çıxış etmişdir. Zəngin faktları əhatə edən məruzədə Nizami Gəncəvi yaradıcılığından başlayaraq müstəqillik dövrü də daxil olmaqla araşdırılan problem mərhələlərlə təqdim edilmişdir. Məruzə Konqres iştirakçılarının böyük marağına səbəb olmuşdur.