Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

ПОИСКИ. ИССЛЕДОВАНИЯ

Мухаммад Физули и турецкое литературоведение - Сираджеддин Хаджи

30-10-2024 [ 13:11 ] [ прочитано:254 ]
printerA+ | A-

(Əvvəli burada)

Məhəmməd Füzuli özünü dünyəvi padşahlardan üstün sayır, deyir ki, onlar yüz fəsad, fitnə ilə ölkələr işğal edirlər, ancaq fələk hər şeyi tərsinə çevirir, nə padşah, nə əsgər, nə ölkə qalır, ancaq mən elə bir sultanam ki, sözümün feyzi zəfərlər qazanır. Hər sözüm Allahın yardımı ilə dənizləri, torpaqları ələ keçirən bir pəhləvandır. Hara getsə, vergi, xərac almaz, hansı ölkəni ələ keçirsə, kimsəyə zərər verməz. Fələyin təqdirini dəyişməsi ona təsir göstərməz. Soltanlar mənə yardım təklif etməsinlər, başımdakı qənaət tacı mənə yetər. Ölümsüz insanların - bəqa əhlinin yeyəcək üçün ölümlü insanlara - fəna əhlinə əl açmasından Allah qorusun.

Türk alimləri deyirlər ki, Füzuli gözələ, gözəlliyə, doğruya aşiqdir: "...Füzulinin şeirlərində rindlik eşqdən sonra ən güclü ünsürdür. O, dünya malına önəm verməz, qənaət sahibidir, gözü, könlü toxdur... Füzulinin aşiqanə şeirlərindəki kimi rindanə şeirlərində də dərin bir hiss qüvvəti və şeiriyyəti var".

Türk alimləri Füzulini Hafizlə müqayisə etmiş, aralarındakı oxşarlıq və fərqləri göstərmişlər: ikisi də doğuluşdan şairdir, ikisi də islami və ədəbi dəyərlərlə yetişmişdir, ikisinə də təsəvvüfün böyük təsiri var, ikisi də rind ruhludur, ancaq nə Hafiz, nə də Füzuli mütəsəvvif şairdir, "...Füzulinin alimliyi, Hafizin isə rindliyi daha güclüdür".

Qeyd edim ki, Azərbaycan və türk füzulişünasları şairin təsəvvüfə münasibəti ilə bağlı fərqli fikirlər söyləmişlər, məsələn, Bəkir Çobanzadə Füzulinin sufi, mistik olmadığını deyir, Əli Hüseynzadə "Füzuli və təsəvvüf" adlı məqalə yazaraq bu fikri təkzib edir. Bu iki xətt türk füzulişünaslığında da var. Məsələni doğru həll etməyin ölçüləri bunlardır: birincisi, Füzulinin dünyagörüşü İslam mədəniyyətinə bağlıdır, onun şeirlərini bu mədəniyyətin dəyərlərindən qopararaq öyrənmək imkansızdır. İkincisi, Füzuli bəyan, bürhan məktəbinə deyil, irfan məktəbinə aiddir, həqiqətin kəşf, mücahidə yolu ilə öyrəniləcəyinə əmindir. Üçüncüsü, Füzuli vəhdəti-vücuda inanır, deyir ki, varlıq Allahın təcəllisidir. Dördüncüsü, Füzuli təriqət şairi olmasa da - təriqət əhli olduğunu yazan təzkirəçilər də var - təsəvvüfün təsiri altındadır, onun anlayışlarından, təsəvvüfi ədəbiyyatın obrazlarından çox istifadə edir, "təsəvvüf onun üçün bir məqsəd deyil, vasitədir". Beşincisi, Füzuli bir eşq şairidir, onun şeirlərində ilahi eşq də, dünyəvi eşq də var.

Məhəmməd Füzuli özünü "eşq şəhidi" adlandırır, eşqinin artması üçün Allaha dua edir, deyir ki, gerçək aşiq canını cananına fəda edər, şair həqiqi aşiqin/aşiqliyin ölçülərini sıralayır:

 

Aşiq oldur kim, qılır canın fəda cananına,

Meyli-canan etməsin, hər kim ki qıymaz canına.

 

Canını cananə verməkdir kəmal aşiqin,

Verməyən can, etiraf etmək gərək nöqsanına.

...Eşq dərdinin dəvası qabili-dərman degil,

Tərki-can derlər bu dərdin mötəbər dərmanına.

 

Hiç kim canan üçün can verməgə laf etməsin,

Kim, gəlibdir bu sifət ancaq Füzuli şanına.

 

b) "Leyli və Məcnun" məsnəvisi

Türk alimləri Məhəmməd Füzulinin "Leyli və Məcnun" məsnəvisinin tənqidi mətninin hazırlanması, nəşri, araşdırılması ilə bağlı ciddi işlər görmüşlər. Professor Agah Sırrı Ləvənd öncə Leyli və Məcnun mövzusunun tarixini öyrənmiş, ərəb qaynaqlarına müraciət etmiş, farsdilli ədəbiyyatda bu mövzuda yazılmış məsnəviləri incələmiş, mövzunu yazılı ədəbiyyata gətirmiş Nizami Gəncəvinin "Leyli və Məcnun" məsnəvisinə ayrıca yer vermiş, Nizami ilə Füzulinin məsnəvilərini müqayisə mövzusuna çevirmiş, oxşar, fərqli cəhətləri göstərmiş, Füzulinin "Leyli və Məcnun" məsnəvisini türk dilində yazılmış məsnəvilərin zirvəsi saymışdır.

Füzuli "Leyli və Məcnun" məsnəvisinə dibaçə ilə başlamış, əfsanə bəhanəsi ilə həqiqi eşqi - ilahi eşqi tərənnüm etmək istədiyini bildirmiş, sonra üç rübai yazmış, yardım üçün Allaha dua etmişdir:

 

Lütf ilə şəbi-ümidimi ruz eylə!

İqbalımı tövfiq ilə firuz eylə!

 

Leyli kimi ləfzimi diləfruz eylə!

Məcnun kimi nəzmimi cigərsuz eylə!

 

Məhəmməd Füzuli "Leyli və Məcnun" məsnəvisində dibaçə və üç rubaidən sonra sırası ilə Allahdan yardım istəyir, tövhid bölməsi yazır - Allahı tanıdır, münacata yer verir, Allahın varlığının dəlillərini ortaya qoyur, cəhaləti tənqid edir, günahların səbəbinin cəhalət olduğunu bildirir, Allah Rəsulunu tərifləyir, merac gecəsini tanıdır, gücünün azlığını açıqlayır, saqinaməyə yer ayırır, nəfsi qırmağın yolunu göstərir, Osmanlı soltanını tərifləyir, onu islam padşahı adlandırır, məsnəvinin yazılma səbəbini sıralayır, mədhiyyə yazır, "Leyli və Məcnun" məsnəvisinə "möhnət divanı" adını qoyur, ikinci dibaçə artırır, bəlaya, acıya tərif verir, hadisəni danışır, əsərinin yazılma tarixini açıqlayır, məsnəvini dua ilə bitirir.

Məhəmməd Füzuli "Leyli və Məcnun" adlı məsnəvisi olan şairlərdən, ilk sırada Nizami Gəncəvidən təsirlənsə də, orijinal əsər yazmışdır, şairin "Leyli və Məcnun" məsnəvisinin quruluşu bunu açıq göstərir - məsnəvinin quruluşunu, süjet xəttinin ardıcıllığını açıqladıq - onu  da əlavə edək ki, şair "Leyli və Məcnun" məsnəvisində üç rübaiyə, iki qəsidəyə, iyirmi dörd qəzələ, iki mürəbbeyə yer vermiş, bölmələrin sonuna kiçik və böyük olmaqla on üç "tamamiyi-süxən" ("sözün sonu") yazmışdır.

Türk alimləri deyirlər ki, Füzulinin "Leyli və Məcnun" məsnəvisi quruluşu, dili, şeiriyyəti, ideyası baxımından şah əsərdir, təkrarsızdır, mövzu şairin ruhuna, dünyagörüşünə, inancına uyğun olduğundan Füzulinin ədəbi kimliyinin ortaya çıxmasına yol açmışdır, o, Məcnunun, Leylinin dili ilə danışmış, böyük istedadının gücü ilə uca, ülvi, ilahi eşqi tərənnüm etmişdir: "...Füzuli şeirlərində tərənnüm etdiyi eşqini "Leyli və Məcnun" məsnəvisində hekayə biçimində təqdim etmişdir, Füzuli duyğularını bu iki qəhrəmana söylədir. ...Onun "Leyli və Məcnun" məsnəvisinin türk ədəbiyyatında bu mövzuda yazılmış bütün məsnəvilərdən üstün və gözəl olmasının səbəbi də budur".

c) Füzulinin nəsri

Türk füzulişünaslarının ən çox araşdırdıqları məsələlərdən biri də şairin nəsridir. Məhəmməd Füzulinin bu nəsr əsərləri daha çox öyrənilmişdir: "Hədiqətüs-süəda", "Şikayətnamə", türkcə məktublar.

Şairin "Hədiqətüs-süəda" əsərinin tənqidi mətninin hazırlanması, nəşri, təhlili ilə bağlı ciddi işlər görülmüşdür. IAMəhəmməd Füzuli "Hədiqətüs-süəda" əsərini məqtəl janrında yazmışdır, həcmcə ən böyük əsəridir, yazılma tarixi dəqiq bilinmir. Şairin bu əsəri yazmasının səbəblərini belə sıralamaq olar: birincisi, Füzuli "şəhid qanları ilə yoğrulmuş" Kərbəla torpağında yaşamışdır, "bu məkanın açılmamış qönçələri məzlum şəhid məzarlarının qübbələridir", o, bu məkana, bu yerin insanlarının ruhuna hz.Hüseyn sevgisinin hopduğunu görmüş, bu sevgini yaşamış, onunla bağlı məclislərdə iştirak etmişdir. İkincisi, Füzuli şiədir, onun əhli-beytlə ruhi bağı var, hz.Hüseyni çox sevir. Üçüncüsü, "Hədiqətüs-süəda"nın mövzusu Füzulinin dünya görüşünə uyğundur, şairə özünü ifadə imkanı verir. Dördüncüsü, Füzuli kədər şairidir, o, acını, qəmi tanıdır, acı ilə insanın fikri, ruhi, əxlaqi yüksəlişi, dəyəri arasında bağ qurur. Beşincisi, Füzuli eşqə, aşiqə, aşiqliyə, imtahana, səbrə tərif verir, gerçək aşiqləri tanıdır, onları örnək göstərir. Altıncısı, Füzuli əsərini türkcə yazır, istəyir ki, Kərbəlanın dəyərləri türklər arasında yayılsın, şəhidlik, aşiqlik anlayışları yaşasın, insanların cihad ruhu diri qalsın.

Türk füzulişünasları haqlı olaraq deyirlər ki, "Hədiqətüs-süəda" sadəcə hz.Hüseynlə bağlı deyil, Füzulinin inandığı dəyərləri - eşqi, aşiqi, şəhidliyi, imtahanı, səbri tanıdır...

Türk füzulişünasları bu əsər orijinaldır, yoxsa tərcümədir sualına da cavab axtarmışlar, fərqli mövqelər olsa da, ortaq fikir budur ki, "Hədiqətüs-süəda" Hüseyn Vaiz Kaşifinin "Rövzətüş-şühəda" əsərinin sərbəst tərcüməsidir.

Türk alimləri Məhəmməd Füzulinin məktublarını da araşdırmışlar. Bilindiyi kimi, şairin türkcə beş məktubu var. Türk füzulişünasları məktubları bu yönlərdən dəyərləndirmişlər: birincisi, məktublar bədii nəsr nümunələridir, ikincisi, Füzulinin ömür yolunu öyrənmək üçün önəmli qaynaqdır, üçüncüsü, şairin əlaqələrini müəyyənləşdirməyə imkan verir, dördüncüsü, şairin satirik üslubunu tanıdır, beşincisi, məktublar deyir ki, Füzuli türk, fars, ərəb dillərini dərindən bilir, altıncısı, Füzulinin məktublarında şeirlər də var, yeddincisi, məktublar Füzulinin dilinin, üslubunun, ünsiyyət mədəniyyətinin səviyyəsindən xəbər verir.

Türk alimləri Məhəmməd Füzulinin türkcə yazmasına çox önəm vermiş, bu məsələləri önə çıxarmışlar:

- Füzulinin ana dilində yazdığı əsərlər türk bədii dilinin inkişafında yeni bir mərhələdir;

- Şair ənənədən, xalq dilinin imkanlarından ustalıqla istifadə etmişdir;

- O, türk bədii dilinin imkanlarını artırmışdır;

- Şair ərəb, fars dilinə aid tərkiblərin sayını azaltmışdır;

- Füzulinin bədii dili sonrakı dönəmlərdə türkcə yazmaq ənənəsini gücləndirmişdir;

- Divan şairləri içərisində xalqa ən yaxın olan və sevilən şair Məhəmməd Füzulidir.

 

Nəticə

 

Məqalədə bu nəticələri ortaya qoyduq:

- Türk füzulişünaslığının tarixi qədimdir, şairin yaşadığı dövrdən başlayır;

- Məhəmməd Füzuli ilə bağlı ilk qaynaqlar, əsasən, təzkirələrdir, təzkirələrdə az bilgi olsa da, şairin kimliyini doğru tanıtmaq baxımından çox önəmlidir;

- XVI, XVII, XVIII, XIX yüzilliklərdə yazılmış qaynaqlarda Məhəmməd Füzuli ilə bağlı dəyərli bilgilər olsa da, türk füzulişünaslığının əsas inkişaf mərhələsi XX yüzillikdir;

- Türk alimləri XX yüzillikdə Məhəmməd Füzulinin əsərlərinin əlyazmalarının tapılması, bu əlyazmalar əsasında şairin irsinin tənqidi mətninin hazırlanması, nəşri ilə bağlı böyük işlər görmüşlər;

- Məqalədə türk füzulişünasları və onların şairlə bağlı yazdıqları elmi əsərlər tanıdılmışdır;

- Məhəmməd Füzulinin hər əsərinin nəşri ilə bağlı görülmüş işlər bir-bir sayılmışdır;

- Türk alimlərinin Füzulinin həyatının öyrənilməsi, irsinin təhlili ilə bağlı yazdıqları əsərlər, müəyyənləşdirdikləri istiqamətlər, ortaya qoyduqları nəticələr dəyərləndirilmişdir;

- Türk alimləri Məhəmməd Füzulinin irsini doğru öyrənmək üçün şairin inancı, dünyagörüşü, sosial, mədəni, elmi, ədəbi, siyasi çevrəsi arasında bağ qurmuşlar;

- Türk alimləri deyirlər ki, Füzuli irfan məktəbinə bağlıdır, o, ilahi eşqi də, dünyəvi eşqi də tərənnüm etmişdir;

- Türk füzulişünasları klassik şərhçilik ənənəsinə sadiq qalaraq şairin qəzəllərini şərh etmişlər;

- Məqalədə türk füzulişünaslığının təcrübəsinin öyrənilməsinin önəmi göstərilmiş, Azərbaycan və Türkiyə alimlərinin əlaqələndirilmiş fəaliyyətinin zəruriliyi vurğulanmışdır.