Milli oyanış və marifçi-demokratik ənənələr üzərində bir əsrdən artıq yol keşmiş, canlı media məktəbi sayılan “Xalq qəzeti”nin 105 yaşa çatmasını bütün xalqlımız kimi, ölkənin elmi-mədəni ictimaiyyəti də sevgi-sayğılarla qarşılayır, qədirbilənliklə qeyd edir. Bu ümummilli qəzet ötən dövrlərdə fərqli adlarla, müxtəlif siyasi sistemlərdə fəaliyyət göstərməsinə baxmayaraq, həmişə ölkəmizin və xalqımızın həyatını və inkişaf yolunu əks etdirməklə irəliyə doğru təkamül proseslərinə öz töhfələrini verib.
“Xalq qəzeti” müstəqillik illərində yeni, daha yüksək missiyalı inkişaf mərhələsinə qədəm qoyub. Qəzetin indiki kollektivi mükəmməl bir jurnalistika sənətkarlığı nümunəsi ilə milli qəzetçiliyimizi zənginləşdirir. Aktual təhlillərdən ibarət silsilə məqalələri, aydın publisist üslubu, janr müxtəlifliyi “Xalq qəzeti”ni ölkə mətbuatının ön mövqeyinə çıxarıb.
Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində ən yüksək qələbə olan Qarabağın azad edilməsi və Böyük Qayıdış hərəkatına həsr edilmiş publisistika nümunələri ilə “Xalq qəzeti” yeni tarixi dövrün “Dəmir yumruq”la yazılmış müasir “Qarabağnamə”sinin şanlı səhifələrini xalqa çatdırır. “Xalq qəzeti”nin Türk dünyası, Qərbi Azərbaycan, Cənubi Azərbaycan, milli-mənəvi dəyərlərimizin inkişaf etdirilməsi istiqamətindəki ardıcıl və davamlı fəaliyyəti onu azərbaycançılıq idealının əsl publisist tribunasına çevirib.
Bu gün “Xalq qəzeti”nin XXI əsrin çağırışlarına uyğun şəkildə özünün müxtəlif təbəqələrdən olan oxucuları süni intellekt, rəqəmsal inkişaf, “yaşıl” enerji, smart texnologiyaları, robot dünyası ilə əlaqədar dünyada və ölkəmizdə gedən proseslərlə ardıcıl surətdə tanış etməklə böyük maarifçilik işi aparması, intellektual potensialımızın inkişafına xüsusi diqqət yetirməsi də yüksək qiymətə layiqdir.
“Xalq qəzeti” ölkəmizin müxtəlif təbəqələrinin maraq dünyasına daxil olmuş, mətbuatın və sosial şəbəkələrin geniş vüsət aldığı indiki dövrdə oxunan, düşündürən, oxucunun təsəvvürlərini dəyişdirməyi və onu mənəvi cəhətdən zənginləşdirməyi bacaran və irəli aparmağa uğurla xidmət edən mətbuat orqanı olmaq missiyasını şərəflə və məsuliyyətlə davam etdirməkdədir.
Hörmətli baş rerdakror Əflatun Amaşov, əlamətdar yubiley münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının kollektivi və elmi ictimaiyyətimiz adından Sizi və “Xalq qəzeti”nin bütün əməkdaşlarını səmimi təbrik edirəm. Qəzet kollektivinə müstəqil Azərbaycan dövlətinin daha da inkişaf etdirilməsinə xidmət etmək yollarında böyük uğurlar arzulayıram.
İsa HƏBİBBƏYLİ,
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik