Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

ПОИСКИ. ИССЛЕДОВАНИЯ

Концепция милосердия Низами Гянджеви - социальное государство - Сираджеддин Гаджи

11-07-2024 [ 12:17 ] [ прочитано:25 ]
printerA+ | A-

"Yeddi gözəl" məsnəvisinin "Quraqlıq ilinin təsviri və Bəhramın şəfqəti" adlı bölməsinin şərhi

(Əvvəli burada)

 

Qırx doqquzuncu beytin şərhi:

bir dəstə verdi

 

Müxtəlif şəhərlərdən bir yerə yığıb,

Hər qəsəbəyə onlardan bir dəstə verdi.

 

Bəhram mərhəmət hərəkatının zəfərini bayram edir, bayram böyük saleh əməli xalqın yaddaşına, tarixə yazan, onun unudulmasına imkan verməyən, onu örnəyə çevirən, minnətdarlıq, şükür, sevgi duyğularını ayaq tutan, sağlam düşüncə, tarix şüuru inşa edən, duaya yol açan, birləşdirən, qoruyan, ənənəyə bağlı nəsillər yetişdirən, mərhəməti dövlət idarəçiliyinin, ictimai münasibətlərin əsasına qoymağın xeyrini göstərən, sevinmə mədəniyyətini öyrədən dəyərdir. Bayram şərdən qurtulub xeyrə qovuşmağı, ümidi ifadə edir, elə buna görə də hər bayramın içində qurtuluş /xilaskarlıq anlamı var. Bəhramın bayram siyasəti xalqa deyir ki, o, ağıllıdır, cəsurdur, sizi sevir, xilaskardır, sizi ölümün əlindən mərhəmətlə qurtardı...

- Nizami də bu anlayışa uyğun olaraq Bəhramı mərkəzə qoyur, hər işi ona bağlayır: "o topladı", "o verdi";

- Altı minlik sənətkarlar ordusunu topladı, sayın çox olmasını istədi ki, hər kəs bayramı yaşasın, mərhəmətin, mərhəmətli şahın dəyərini bilsin, mərhəmət insani, milli, siyasi dəyərə çevrilsin, bayramın əli ilə xalqın düşüncəsinə, əməlinə, əxlaqına daşınsın;

- Altı min sənətkarı (söz, səs, rəqs, teatr ustasını) haradan topladı? Hər bir şəhərdən/ətrafından: a) çoxluğu təmin etmək bu yolla mümkündür; b) sənətkarlar şəhərlərdə olurlar; c) Bəhram hər bir şəhərin bayramda iştirakını istəyir ki, say artsın, məkan böyüsün, nəticədə, bayram siyasi anlam qazansın, kütləviləşsin; d) o, çox mərhəmətlidir, hər kəsin sevinməsini istəyir;

- Sonra o altı minlik sənətkarlar ordusunu dəstələrə ayırdı (içində hər çeşid sənətkar olan qruplar - söz ustaları Bəhramı tərifləyəcək, səs ustaları oxuyacaq, rəqqaslar oynayacaq, aktyorlar tamaşa göstərəcəklər);

- O dəstələri "hər yerə" ("boğe"), hər məkana (tərcümədə "hər qəsəbəyə") göndərdi / verdi - istisnaya yer qoymadı, bütün xalqı əhatə etdi, sayı çoxaltdı, məkanı böyütdü ki, mənəvi, siyasi hədəf gerçəkləşsin;

- Niyə göndərdi / verdi? Ondan - o sənətkarlardan xeyir görsünlər, gerçək bayram yaşasınlar, sözsüz, səssiz, rəqssiz, tamaşasız bayram olarmı?;

- Xalqa gerçək bayram yaşatmaq Bəhramın mərhəmətinin göstəricisidir, o, bayramın həm maddi (bolluq, bərəkət, güvənlik, zənginlik), həm də mənəvi yönünü təmin etdi (söz, səs, hərəkət/rəqs,tamaşa, ümid, sevinc);

- Beytdə iki "hər" əvəzliyi var, məkanı böyüdərək Bəhramın mərhəmətinin dərəcəsini ifadə edir;

- İki feil var, misraların başındadır, ikisi də şühudi keçmiş zamandadır, qətilik, əminlik, şahidlik bildirir, Bəhrama aiddir: "topladı", "verdi" - o, dediyini yerinə yetirdi, milli bayram təşkil etdi, hər kəsi sevindirdi, saleh əməlini mərhəmətinə şahid tutdu;

 

Əllinci beytin şərhi:

xoş olsunlar

 

Ki, getdiyi yerlərdə,

Həm xalqı xoşlandırsınlar,

            həm də özləri xoş olsunlar.

 

Nizami "ta" deyir, Bəhramın hər bir (fərqli) şəhərlərdən altı min sənətkar toplamasının, onları dəstələrə ayırmasının, ölkənin hər bölgəsinə göndərməsinin məqsədini açıqlayır. Şahın iki məqsədi var, ikisi də onun mərhəmətini, dövlət, vəzifə, sərvət xalq üçündür anlayışını göstərir:

a) "Hər/hansı yerə getsələr" ("paltarlarını harada çıxarmış olsalar") - istisna, yerin fərqi yoxdur, iş dəyişməyəcək;

b) Xalqı (bayram hamını əhatə etməlidir) xoş edəcək - sevindirəcəklər (özləri də, sənətkarlar da) xoş olacaqlar, nəticədə, bütün ölkə bayramı hiss edəcək, yaşayacaq, mərhəmət adlı dəyəri, mərhəmətli şahı yaddaşına, tarixinə yazacaq, unutmayacaq, əmanət kimi nəsillərə ötürəcək;

- "Ş" səsi beş dəfə təkrar olunmuş, xoş/bayram demiş, beytə bayram libası geyindirmişdir;

- Beytdə iki "xoş" sözü var, ölkə, hər insan bayram havasındadır deyir;

- Beytin rədifi var, "olsunlar" ("başənd" feilidir, əmr biçimindədir, şahın buyruğunu göstərir, ey sənətkarlar, elə bayram təşkil edin ki, xalq xoş/razı, məmnun olsun;

- Üç feil var, üçü də əmr biçimindədir: mərhəmət hərəkatının nəticələrini bayram etmək, xalqa bayram yaşatmaq şahın əmridir, dövlət siyasəti, proqramıdır;

 

Əlli birinci beytin şərhi:

Zöhrə dövrün sahibi idi

 

Zamanın dövr taleyi Öküz (Bürcündə) idi,

Onun sahibi Zöhrə, Zöhrə isə dövrün sahibi idi.

 

Bəhramın hər kəsə mərhəmət hərəkatı ölkədə bayram havası yaratdı, şah milli bayramın dövlət səviyyəsində keçirilməsini buyurdu, plan hazırladı, onu gerçəkləşdirdi. Nizami mərhəmət bayrama yol açar, mərhəmət, mərhəmətli şah, mərhəmətli (sosial) dövlət nemətdir, dəyərdir, bayramdır ölçüsünü tanıtmaq üçün astronomiya (nücum) elminin imkanlarından yararlanır:

- Bəhramın dövrünü tanıdır: "zamanın dövrü" - böyük zamanın bu dövrü/bu vaxt dilimi, zamanın dövr taleyi Öküz idi - Öküz bürcündə idi;

- Öküz/Sour-Buğa bürcünün bu özəllikləri var: ilin yaz fəslinə, ən gözəl çağına uyğundur - 21 aprel-21 may, mərhəmətin, ədalətin olduğu dövr ən gözəl zaman dilimidir, köklü dəyişiklik dövrüdür - dəyişimin əsası mərhəmət və ədalətdir, Bəhram ölkəni bu dəyərlərlə dəyişdirdi, inkişafı tətikləyir - mərhəmət, ədalət varsa, inkişaf olacaq, bu bürcün təsirində olanlar iradəli, çalışqan, sağlam, səbirlidirlər - Bəhram böyük ağlı, sarsılmaz iradəsi, ciddi əməyi, dirəniş gücü ilə ölkəni xilas etdi - əməksiz bayram yoxdur;

- Onun - Öküz bürcünün sahibi Zöhrə idi. Zöhrə bir ulduzdur, bu adları da var: Nahid, Çoban ulduzu, Venus, ona "kiçik xoşbəxtlik" də deyirlər. Bu ulduzun təsiri altındakı bürclərdə doğulanlar gözəl, incə, zövqlü, zəki, bacarıqlı, sənətkar olurlar, çox duyğuludurlar, üçüncü fələk - göy üzünün üçüncü qatına Zöhrə hakimdir, cümə günü onun təsiri altındadır, yaşıl, parlaq rənglər ona aiddir, fələyin sazəndəsi - musiqiçisidir, əfsanəyə görə eşq, musiqi ilahəsidir, göy ilə gündüzün qızıdır, kim bu ulduza baxsa, könlü sevinclə dolar, ruhu dincələr, harada Zöhrə varsa, orada sevgi, gözəllik, sevinc, musiqi - bayram var;

- Zöhrə (ulduzu) Öküzün (bürcünün) sahibi idi - iki gözəllik, bolluq, bərəkət, zənginlik, bayram qaynağı birləşmişdi - Bəhramın dövrü - mərhəmətin, ədalətin, insan sevgisinin Zöhrə dövrü - bayram çağı idi, dünya/ölkə, dövlət, şah mərhəmət, ədalət bürcündə olsa, xalqın bayramı olar;

- Zöhrə dövrün sahibi idi - bütün gözəlliklərin yaşandığı zaman dilimi idi - Bəhram mərhəməti, ədaləti, insan sevgisini dövlət idarəçiliyinin əsasına qoyaraq xalqa bayram yaşatdı - göy üzünün sevinc qaynağı Zöhrə, yer üzünün sevinc qaynağı ədalət, mərhəmət, sosial dövlətdir;

- Beytdə Zöhrə sözünə iki dəfə yer verilmişdir, deyir ki, bayramın anası, mayası, qaynağı mərhəmətdir, mərhəməti siyasi, iqtisadi, sosial, mənəvi bürcə/əsasa, ölçüyə çevirin ki, xalq bayram etsin;

- Beytdə iki "sahib" sözü var, ikisi də Zöhrəyə aiddir - Zöhrə/mərhəmət hər işinizə sahib/hakim olsa, bayram olacaq;

- Nizami Zöhrə ulduzunu mərhəmətin simvolu kimi tanıdır;

- Beytdə iki "dövr" sözü var, deyir ki, zamanınızı - Allahın sizə verdiyi ömür nemətini mərhəmətə həsr edin, dövrünüzün / ömrünüzün mənasını mərhəmət mayalasa, həyatınıza mərhəmət hakim olsa, bayram olacaq;

- Beytdə Zöhrənin işığı ilə nurlanmış, sonsuz göy üzü var. Deyir ki, mərhəmət ucalıq, genişlik, nur, sevincdir;

- Beytdə sahiblik bildirən üç söz var: "daşt" ("malik olmaq"), "sahib" (bu söz iki dəfə işlənmişdir: mərhəmətə - Zöhrəyə sahib çıxın, dəyərini bilin, qoruyun ki, o da sizə yiyə dursun, sizi qorusun, mərhəmət öz-özünə var olmaz, var edilər, əmək, zaman, qaynaq, sevgi, ağıl, iradə, səbir, vicdan tələb edər;

 

Əlli ikinci beytin şərhi:

qəm ola bilər?

 

O dövrdə ki Zöhrə hökmran olsun,

Belə bir dövrdə qəm harada ola bilər?

 

Bu, məsnəvinin sonuncu beytidir - orijinalda misraların yeri dəyişikdir. Nizami mərhəmət varsa, qəm yoxdur ölçüsünü təqdim edir, bu vasitələri seçir: 

- Bəhramın dövrünü tanıdır, seçir, bu məqsədlə "dər çenan dour" ("belə dövrdə") deyir. Bu dövrün özəlliyi nədir? Onun xarakterini mərhəmət müəyyən edir, hər işin əsasında mərhəmət, ədalət var, mərhəmət, mərhəmətli şah, sosial (mərhəmətli) dövlət xalqın xidmətindədir;

- Nizami bədii suala yer verir: qəm harada olsun/ola bilər? Bədii sual imkansızlığı göstərir, deyir ki, dövrə/ölkəyə mərhəmət hakimdirsə, qəmə yer yoxdur, onun varlığı imkansızdır - mərhəmət qəmin kökünü kəsər;

- "Ke" / "ki" - ikinci misranın başındakı bağlayıcı bu vəzfələri yerinə yetirir: a) misraları bir-birinə bağlayır; b) Bəhramın dövründə niyə qəmə yer yox idi sualına cavab imkanı açır;

- O dövrün kəndxudası Zöhrə idi / bir dövrün kəndxudası / hakimi - sahibi Zöhrə olsa, o dövrdə qəmə yer olarmı / qəm harada olar?;

- Beytdə Zöhrə mərhəməti, ucalığı, genişliyi, xeyri, ədaləti, nuru, qəm isə zülmü, şəri, darlığı, qaranlığı təmsil edir (Zöhrə ilə qəm leksik antonimdir, bədii təzadın tərəfləridir), deyir ki, mərhəmət qaranlığı (zülmü) yox edən nurdur, hər işinizin, o sıradan dövlət idarəçiliyinizin mayası mərhəmət olsa, zülmə yer qalmayacaq, barış, sevgi, inkişaf, birlik, zənginlik, paylaşma, güvən, hüzur, ümid olacaq;

- Nizami öncə maraq yaradır, bu məqsədlə sual verir, Bəhramın dövründə qəm harada ola bilər ki, deyir, sonra da təsbitini əsaslandırır;

- Beytin rədifi var, "olsun"/ "olsa", dövrün hakimi mərhəmət olsa, qəm harada olsun ki / ona yer qalarmı ki, mərhəmət olsa, qəm harada (var) ol bilər ki, heç işıqla qaranlıq bir arada yaşayarmı?;

 

(Davamı var)

Другие новости