Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

Другие новости

Первый шаг в Первый шаг в «год сотрудничества ради зеленого мира», впечатление интеллигента о Форуме, прошедшем в Зангилане: впечатление интеллигента о Форуме, прошедшем в Зангилане

04-07-2024 [ 14:29 ] [ прочитано:45 ]
printerA+ | A-
104714

Forumdan – qədim yurd yerimiz Zəngilandan təlatümə gəlmiş ruhla qayıtdıq. Bir neçə gün keçdi, ancaq yenə də toparlanıb yazmaq istədiklərimi qələmə ala bilmirdim ki, bilmirdim... Yolboyu erməni vandallarının xarabalığa çevirdiyi, daşı daş üstündə qoymadığı yurd yerlərimizin ağrısını yaşayır, eyni zamanda aparılan geniş miqyaslı bərpa və misilsiz quruculuq işlərinin şahidi olduğumdan ürəyim fərəh və qürur hissləri ilə dolub-daşırdı. Ancaq internetdən bu qədim Oğuz yurdu ilə bağlı yazılanları oxumaq istədiyimdə Xalq şairi Zəlimxan Yaqubun böyük sevgi, ürək yanğısı və həsrətlə yazdığı Zəngəzur,  Qarabağ ünvanlı bayatıları içərisindən çinarlı Zəngilanla bağlı iki örnəyi gözüm aldı. O bayatılardan birində şair:

Zəngilanda qar sızlar,

Qara düşər, yar sızlar.

Baharlı əldən gedib,

Neyləsin baharsızlar? 

– deyə özünə sual ünvanlayır…

Bilmirəm o bayatının qələmə alındığı vaxtdan neçə il keçib, amma şübhə yoxdur ki, dədə-baba torpaqlarımızın erməni vandalları tərəfindən işğal edilməsindən doğan dözülməz ürək ağrısının, üzüntünün diqtəsi ilə qələmə alınıb… İçimdən bir sual boy verdi: Əgər Zəlimxan Yaqub yaşasaydı və Baharlıların, Zəngilanlıların, eləcə də bu gün hər biri Qarabağlı olan və bütün Azərbaycanı təmsil edən QHT-çilərin dörd il öncə çinar boylu oğulların erməni tapdağından azad etdiyi çinarlı Zəngilana gəldiklərini və “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə Zəngilanın mərkəzindəki müasir memarlıq kompleksi - əzəmətli Konqres mərkəzində möhtəşəm bir forumun keçirildiyini bilsəydi, nələr yazardı görəsən? Heç şübhəsiz, sinədəftər şair şanlı Ordumuzun qeyri-adi döyüş taktikası, Ali Baş Komandanla, dövlətimizlə xalqımızın birliyi sonucunda qazanılan unikal zəfərimizə bir dastan bağlayar, bir-birindən gözəl poemalar yazardı... 

İlgincdir ki, Prezident İlham Əliyev məhz 2024-cü ilin 25 iyun tarixində - QHT-lərin Forumunun sonuncu günündə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə doğma yurd, bayraq sevdalısı Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi ilə bağlı Sərəncam imzalayır və həmən Milli Məclisin üzvü Elşən Musayevin də Vətən müharibəsi qəhrəmanı haqqında duyğulu yazısı dərc olunur: “Təsəvvür edin, adam ətrafındakı insanların həyatını xilas etmək üçün açığa çıxır, özünü fəda edir, əlindəki üçrəngli bayraqla düşmənə meydan oxuyur. Üstəlik, bilə-bilə ki, qarşıda onu hansı məşəqqətlər gözləyir. Təsəvvür edin, adam ətrafındakı insanların həyatını xilas etmək üçün açığa çıxır, özünü fəda edir, əlindəki üçrəngli bayraqla düşmənə meydan oxuyur. Üstəlik, bilə-bilə ki, qarşıda onu hansı məşəqqətlər gözləyir. Təsəvvür edin, bəzən normalda hər birimiz adi bir diş həkiminə gedərkən ən kiçik ağrıdan, diskomfortdan sığortalanmaq üçün keyidici iynənin vurulmasını xahiş etdiyimiz halda, Natiq həmin dişlərin diri-diri çıxarılmasını, hər iki bəbəyinin oyulmasını, təpədən dırnağa qədər yandırılmasını gözə alaraq yenə də VƏTƏN! deyir. Təsəvvür edin, əsirlikdə, düşmən əhatəsində, masa arxasında gözündən qorxu və təlaş yağan Natiq deyil, şərəfsiz və cəllad Balasanyandır! Kənardan baxan da əsla və əsla anlamaz ki, kim-kimi sorğu-sual edir. Necə bacarıb bunu, Natiq? Həqiqətən möcüzədir...” 

Gerçəkdən möcüzədir Natiqin etdikləri, bundan ötəsi yox... Və biz vətəndaş cəmiyyətinin təmsilçiləri Natiq Qasımov kimi möcüzə oğullarımızın, “Vətən eşqi məktəbində can verməyi öyrənən (Şəhriyar)” və bundan şərəf duyan, Vətənsiz yaşamağı bir heç-boşuna keçən ömür sayan igidlərimizin azad etdiyi Zəngilanda keçirilən Forum zamanı məhz onların qəhrəmanlıqları sayəsində dədə-baba torpaqlarımıza gələ bildiyimizə görə qürur duyur, Uluyurdumuzun azadlığı uğrunda şirin canından keçən şəhidlərimizin qutsal ruhlarına dualar edir, qazi və əsgərlərimizə, Ordumuza can sağlığı diləyirdik... 

Dövlət himnimizin səsləndirilməsindən və Azərbaycanımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin qutsal ruhlarını bir dəqiqəlik sükutla yad etdikdən sonra Zəngilanda aparılan quruculuq və abadlıq işlərinə dair videoçarx nümayiş olundu. 

Azad Zəngilanda ilk dəfə keçirilən  “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu”nun açılış mərasimində dəyərlilərimiz - Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyevin və QHT Agentliyinin icraçı direktoru Aygun xanım Əliyevanın hesabat xarakterli çıxışları diqqət çəkdi. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva forumun “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunduğunu və işğaldan azad olunmuş torpaqlarımızda-Zəngəzurda ilk dəfə keçirildiyini diqqətə çatdırdı, tədbirdə QHT-lərin 200-ə yaxın əməkdaşının iştirak etdiyini bildirdi və forumun zəngin proqramı olduğunu bəyan elədi: “Forumda 200-ə yaxın Azərbaycanda fəaliyyət göstərən ictimai birliklərin rəhbərləri və nümayəndələri iştirak edir. Forum çərçivəsində COP29 yaşıl dünya naminə həmrəylik hərəkatı eyni zamanda QHT-lər, nəticələr, hədəflər, Ermənistanın dağ mədən sənayesində törətdiyi ekoloji fəsadlar və.s mövzularda maraqlı panel müzakirələr olacaq. Eyni zamanda QHT-lər silahlı qüvvələr günü münasibəti ilə N saylı hərbi hissəyədə, səfər edəcək. Sabah isə QHT-lərin forumun son günündə yaşıl dünya naminə həmrəylik müraciəti gözlənilir. Artıq forum öz işinə başlayıb, maraqlı fikirlər səslənir. İstər QHT sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı ictimai iştirakçılığın təşviq edilməsi, QHT-n beynəlxalq əlaqələrin inkişaf etdirilməsi və.s mövzularda maraqlı panel müzakirələri davam etməkdədir...”

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi olan Vahid Hacıyev Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işləri barədə geniş təqdimatla çıxış etdi və QHT-lərin forumunun ilk dəfə azad edilmiş ərazilərdə-Zəngilanda keçirilməsini yüksək qiymətləndirdi. 

Tural Əliyev isə çıxışında bir sıra önəmli məqamlara toxundu və vurğuladı ki: “Son dövrlər QHT-lərlə iş sahəsində kəmiyyətdən keyfiyyətə əsaslı keçid baş verib. Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə QHT sektorunda dərinləşdirilən islahatların, yaradılan sağlam mühitin məntiqi nəticəsidir. QHT sektorunda təşəbbüskarlıq, ictimai nəzarət, hesabatlılıq, şəffaflıq, ixtisaslaşma xeyli dərəcədə yüksəlib. Bu gün cəmiyyət və dövlət həyatında elə bir prioritet sahə yoxdur ki, orada QHT-lər fəal olmasın... Bir sıra xarici dairələr hər fürsətdə qəsdən kosmopolit, yad, zərərli ideoloji fikirlər yaymaqla Azərbaycanda güclü olan ənənəvi milli-mənəvi dəyərləri, ailə dəyərlərini, yüksək vətənpərvərlik hisslərini, dini və etnik mühitdəki nümunəvi harmoniyanı zədələməyə çalışırlar. Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsinə vəsilə olan, tarixi Zəfərimizin əsasını təşkil edən ideoloji, mənəvi dəyərlərə qarşı bu qəsdin, hücumun qarşısının alınmasında Azərbaycan QHT-ləri ön sıralarda yer alır...”

Forum çərçivəsində yeni metodların tətbiqi və beynəlxalq təcrübəyə əsaslanması ilə əlamətdar olan məsələ və problemlərin “Azərbaycan QHT-ləri: nəticələr və hədəflər”, “Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadları”, “COP29 və Yaşıl Dünya Naminə Həmrəylik Hərəkatı” kimi mövzular üzərindən üç panel müzakirəsi aparıldı. Müzakirələr zamanı moderator və spikerlərin çıxışları böyük maraq doğurdu və diqqətlə dinlənildi. 

Ermənistanın qanunsuz dağ-mədən fəaliyyətini ifşa edən xəritə hazırladığını bildirən “Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri, “Environmental Protection First” (EPF) Koalisiyasının üzvü Müqabil Bayramov vurğuladı ki, bu xəritəni sırf siyasi məqsədlər üçün deyil, ekoloji fəlakətlərin baş verəcəyi, mövcud ekoloji problem və məsələlərin yerlərini geniş ictimaiyyətə, Ermənistana və dünyaya   çatdırmaq üçün hazırlamışıq...  

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev və Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası İcraiyyə komitəsinin sədri Sahib Məmmədov QHT sektorunda uğurla transformasiya prosesinin getdiyi barədə forum iştirakçılarını məlumatlandırdılar. 

İyunun 24-də “Yaşıl dünya naminə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu” çərçivəsində 200 nəfərə yaxın QHT rəhbərinin Silahlı Qüvvələr Günü münasibəti ilə Qubadlı rayonundakı Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinə səfəri təşkil olundu. Hərbi hissədə silahlar və hərbi texnika nümayiş etdirildi. Sərhədçilərin müşayiəti ilə poliqon ərazisində bir sıra hərbi texnikada arzu edənlərin gəzintiyə çıxması üçün şərait yaradıldı. Bu gəzintidə Zəngilan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan sərhəd qoşunları kapitanı, “Qarabağ” ordeni ilə təltif edilmiş Aşur Cəmiyevin oğlu İsmayıl Cəmiyev və Qubadlı uğrunda şəhid olmuş ədliyyə kapitanı Ruhin Xəlilovun qızı Melisa Xəlilova da vardı. Daha sonra Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov, şəhid anası, “Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova, Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı çıxış edərək Silahlı Qüvvələr Günü münasibəti ilə hərbçiləri ürəkdən qutladılar və şərəfli, qutsal fəaliyyətlərində sərhəd keşikçilərimizə uğur arzuladılar.

Daha sonra Forum adından əsgərlərə milli şirniyyatlarımızdan ibarət bayram hədiyyələri təqdim edildi və görüş Dövlət Sərhəd Xidmətinin musiqi ansamblının ifasında bayram konserti ilə sona yetdi...

Zəngilanda keçirilən QHT-lərin Əməkdaşlıq Forumu iştirakçılarının ölkə başçımıza ünvanladıqları “Yaşıl Dünya Naminə Azərbaycan QHT-lərinin həmrəylik müraciəti”nin qəbul edilməsi tədbirin kuliminasiya nöqtəsi idi. Müraciətin içəriyi yetməli olduğumuz hədəfləri bəlirləyirdi. Müraciətdən alıntılara nəzər yetirmək, fikrimcə, bu hədəfləri anlamaq üçün yetərlidir:

“Biz - Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları olan ictimai birliklərin rəhbərləri Sizin Yaşıl Dünya Naminə ardıcıl və məqsədyönlü fəaliyyətinizi yüksək qiymətləndirir və təqdir edirik.

Yürütdüyünüz siyasətin məntiqi nəticəsidir ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bu gün cənnətə çevrilir, bu ərazilər eyni zamanda yaşıl enerji zonaları elan olunub.

Beynəlxalq ictimaiyyətin yekdilliklə COP29-a ev sahibliyini bu dəfə məhz Azərbaycana həvalə etməsi Sizin dünyanı həmrəyliyə dəvət edən yaşıl enerji siyasətinizə olan böyük hörmət və rəğbəti aydın ifadə edir.

Azərbaycanın COP29 ölkəsi kimi, iqlim dəyişmələri səbəbindən su altında qalmaq təhlükəsi ilə üzləşmiş kiçik ada dövlətlərinə qlobal dəstəyin təmin olunması üçün fəal iş aparması ölkəmizə xüsusilə inkişaf etməkdə olan ölkələrin (İEOÖ) diqqətini daha da artırıb.

Biz - Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri Sizin yanınızdayıq, Sizinlə bir yerdəyik, Sizinlə fəxr edirik.

QHT-lərə Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə Zəngilanda keçirilmiş forumda ekoloji məsələlərin müzakirəsi üstünlük təşkil etdi, 3 paneldən 2-si bu mövzuda idi. Aparılmış müzakirələr əsasında belə bir ümumi qənaətə gəlirik ki, Sizin yaşıl düşüncəyə söykənən yeni enerji strategiyanız Azərbaycana qarşıdakı dövrdə daha böyük qələbələr bəxş edəcək!”    

Müraciət oxunduqdan sonra təqdim olunan konsert proqramının “Zəngəzur yallısı”nın sədaları altında iştirakçıların əl-ələ tutaraq rəqs etməsi, qonaqlara “Yaşıl Dünya Naminə” zeytun tinginin hədiyyə edilməsi də ilk idi. Çünki, bu hədiyyə -zeytun ağacı həyat və qələbə simvoluna, sülh və zəfərə, eyni zamanda yer üzünü yaşıllaşdırmaqla, insanların ağ ciyəri sayılan oksigenlə təmin etməklə xilas etməyə edilənn eyham idi. 

Forumun birinci gününün işğaldan azad olunduqdan sonra sürətlə inşa edilən və Azərbaycanın növbəti mədəniyyət incisinə çevrilən Zəngilan məscidini ziyarət etdik və bu zaman mavi rəngin fonunda milli memarlıq ornamentləri ilə nəqşlənmiş bu tikilinin gözəlliyinə heyran olmamaq mümkünsüz idi. Bu yerdə də Zəlimxan Yaqubun ikinci bayatısını xatırladım: 

Bu torpaq Zəngilandı,

Haqqa səcdə qılandı.

Boynumuza dolanan,

Gör, neçə rəng ilandı.

“Haqqa səcdə qılan” Zəngilanda gerçəkləşən bu Forum Milli Birliyin, birgə əməkdaşlığın rəmzi oldu həm də... 

Zəngilanda keçirilən QHT Əməkdaşlıq Forumu ilə bağlı təəssüratlarım o qədər zəngin oldu ki, istər-istəməz bu qədim yurdun adının mənası və başına gətirilən faciələr haqqında düşünməyə başladım və birinci məqamla bağlı Hacı Nərimanoğlunun fikirlərində həqiqət gördüm: ““Zəngəzur” və “Zəngilan" toponimləri eyni kökdəndir. Zəngi oğuz türklərinin ən geniş yayılan güclü tayfalarından biridir; Mosul, Kərkük, Suriya, Özbəkistan, Türkmənistandan başlamış, Qərbi Azərbaycan, Arazın o tay-bu tayında zəngi adı ilə bağlı 60-dan çox yer adı var; Zəngiçay, Zəngitəpə, Zəngərik, Zəngişamlı, Zəngənə, Zəngilan, Zəngəran, Zəngənə, Zəngişalı, Zəngidərə çayı, Zəngibasar, Zəngilər, Zəngan-Zəncan, Zəngilli, Zəngi çayı və b. Mahmud Kaşğarlı, Fəzlullah Rəşidəddin, Abbasqulu ağa Bakıxanov, Əbdülqazinin və b. əsərlərində, habelə bir çox digər yazılı mənbələrdə “zəngi” etnoniminin adı çəkilir. Zəngi tayfaları Azərbaycan Atabəylər, Səfəvilər hakimiyyətlərinin əsas sütunlarından olub. 1127-1250-ci illərdə Mosul, Dəməşq, Hələbi də əhatə edən Zəngi dövləti mövcud olub...” 

Sən demə, uzaqgörən Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə 1974-cü ildə Zəngilan rayonu ərazisindəki Bəsitçay Dövlət Təbiət Qoruğu yaradılıbmış. Azərbaycanın cənub-qərbində, Zəngilan rayonu ərazisində Bəsitçay dərəsində yerləşən Qoruq müvafiq ərazinin landşaft kompleksini, xüsusilə nadir təbii çinar meşəliyini qorumaq məqsədilə təşkil edilibmiş... Və vaxtilə Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisində 100 hektar çinar meşəsi var imiş. Qoruqdakı çinar ağaclarının orta yaşı 165 il, orta hündürlüyü 35 metr, orta diametri isə bir metrdir. Qoruğun ətraf sahələrində, bəzən də özündə canavar, çöl donuzu, porsuq, cüyür, dovşan, müxtəlif gəmiricilər və sair məməlilərə, kəklik, turac, göyərçin və digər quşlara rast gəlinir. Min təəssüflər ki, 30 ilə yaxın müddət ərzində erməni təcavüzkarlarının işğal altında saxladığı qoruq ciddi ekosidə məruz qalıb. Mütəxəssislər bildirirlər ki, qoruqdakı ən nəhəng ağacdan birinin yaşı 1200 il, hündürlüyü 53 metr, diametri 4 metrdir. Onun kök gövdəsindən 185 ədəd pöhrə əmələ gəlib. Bu pöhrələr də öz növbəsində nəhəng ağaca bənzəyir, böyüklərinin 100-150 il yaşı və 40 metrə qədər hündürlüyü var. Təəssüf ki, belə bir təbii sərvətimiz 1993-cü ildən başlayan işğal illərində erməni vəhşiləri tərəfindən məhv edilib, qiymətli ağaclar kəsilərək mebel istehsalında istifadə olunub. Bəsitçay Dövlət Təbiət Qoruğu işğaldan azad edildikdən sonra dövlətimizin başçısı İlham Əliyevin sərəncamı ilə bərpa edilməyə başlanılıb. Mövcud vəziyyətin qiymətləndirilməsi üçün işğaldan azad olunmuş ərazilərə ezam olunan monitorinq qrupunun araşdırmalarına əsasən məlum olub ki, erməni vandalizmi nəticəsində qoruğa aid olan 85 hektar meşə ilə örtülü sahənin 42 hektardan çox hissəsi tamamilə məhv edilib. Çoxyaşlı Şərq çinarları kəsilib, köklərinin itirilməsi üçün müxtəlif partladıcı maddələrdən istifadə edilib, ərazidə yanğınlar törədilib və qoruğun inzibati binası dağıdılıb... (Salman Alıoğlu)” 

Əməlin mənfurluğu, barbarlığı tükürpədicidir...

Bütün bu baş verən faciələri, insanlarımıza və ana təbiətə qarşı düşmənlərin törətdikləri ağlasığmaz soyqırğınları və ekoloji təcavüz olaylarını-genosid və ekosid əməlləri düşündükcə, şanlı zəfərimizin, yurd yerlərimizə böyük qayıdış prosesinin və  bu Forumun önəmini daha dərindən anlayırıq... 

Bir sözlə, bu kimi anlayışları aşılamağa odaklanmış Forumda təşkilatçılıq yüksək səviyyədə idi... Coşan duyğular ruhumuzda fırtınalar qoparmışdı! Axı, biz olmazları olara çevirmiş, 28 ildən sonra ata-baba torpaqlarımıza qovuşmuşuq... Və forumun Şərgi Zəngəzura aparan yolun başlanğıcında, eyni zamanda Araz çayına tökülən və Ermənistan tərəfindən ekoloji terrora məruz qalan Oxçuçayın keçdiyi Zəngilanda baş tutması Azərbaycan QHT-lərinin dünyaya bir mesajı idi: Azərbaycan xalqı ərənlərimizin qanı, canı bahasına azad edilmiş dədə-baba torpaqlarına qayıdır! Bu mənada Forumun mövzusu və keçirildiyi məkan da çox dəqiqliklə-yerində seçilmişdi və hədəflərə tuşlanmışdı. Çox mühüm problemlərin müzakirəsinin iştirakçısı olduq, möhtəşəm final yaşadıq, şaqqıldayan selə dönən, fırtınalı dənizin dalğaları tək coşan duyğularımızı ifadə etməkdə sözlər aciz qaldı... Lirik duyğular, emosional əhvali-ruhiyyə yaradan forumun finalını Zəngəzur yallısı ilə bitirmək ayrıca bir özəllik idi... Çıxışçılar, spikerlər hədəflərə doğru yöndən yanaşaraq taleyüklü məsələlər üzərində köklənmişdilər... Bu, yönə və hədəflərimizin-problemlərimizin həllinin gerçəkləşməsinə doğru inamla yürüməliyik.... Əlaqədar qurumları gerçək əməkdaşlığa cəlb etməli, işlərimizi reallaşdırmaq uğruna səyləmizi birləşdirməliyik. Əməli işlər üçün gücümüzü birləşdirib Azərbaycan həqiqətlərini çox təsirli şəkildə dünyaya, beynəlxalq aləmə çatdırmalıyıq... Bu qutsal yolun yolçularının hər birinə uğur diləyirəm... Yolumuz hələ ki, Zəngəzuradır, dostlar! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!!!  

 

Esmira Fuad.

Filologiya elmləri doktoru

Əbədi Turan Kitab Fondunun sədri

 

PHOTO GALLERY