Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

ПОИСКИ. ИССЛЕДОВАНИЯ

«Я посветил свою жизнь слову»: факт этической и интеллектуальной зрелости - Низами Тагысой

05-06-2024 [ 15:29 ] [ прочитано:104 ]
printerA+ | A-
104639

İlham Məmmədlini tanıdığım ilk vaxtlardan indiyəcən onu yalnız bir sifətdə - həlim, daim fikir və duyğulara qərq olmuş insana dəyər verməyi bacaran, Qarabağ sevgisini içində daşıyan, özünün bütün hallarda müsbət mənəvi-əxlaq keyfiyyətlərini təbiətincə nümayiş etdirən mərifət və ağıl sahibi, insanlıq mücəssəməsi kimi qəbul etmişəm. Onun publisistikaya, ədəbiyyata, bədii-poetik sözə dəyər verib, onları öz baxış bucağından oxuculara çatdıranda da abır-ismətilə yanaşı, həm də yana-yana yazdığını görmüşəm.

Sözə vurğunluq İlham müəllimin iç dünyasından gəlir. Təsadüfi deyil ki, orta məktəb illərindən yazmaq-yaratmaq istəyi onu Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə gətirib. Məhz burada o, publisist sözünün, bədii ifadə və ibarənin sehrinə düşüb. Təhsilini başa vurduqdan sonra müxtəlif mətbu orqanlarda - "Həqiqət", "Azərbaycan aqrar elmi", "Bərəkət", "Həyat", "Respublika", "Hər gün", "Azərbaycan XX əsr", "Himayədar" kimi müxtəlif qəzet və jurnallarda müxbir, redaktor və baş redaktor kimi çalışmaqla yanaşı, həm də elmi-tədqiqat sahəsində araşdırmalar aparıb, 2009-cu ildə "XX əsr Kəlbəcər ədəbi mühiti" mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib. Hazırda AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda aparıcı elmi işçi kimi fəaliyyət göstərməklə, həm də elmlər doktoru dissertasiyası üzərində çalışmaqdadır.

İlham Məmmədlini tanıyandan onun poetik fikrə və nəzəri düşüncəyə yaxın olduğunu müşahidə etmişəm. 2023-cü ildə mənə yenicə işıq üzü görmüş "Ömrü sözə verdim" kitabını hədiyyə edəndə çox sevindim. Bu kompakt və maraqlı bölmələri əhatə edən "Mənim həyat yolum, mənim söz yolum...", "Yurd ağrılı misralar", "İllərdi hüsnünə həsrət qalmışam...", "Mən dünyayla dil tapmadım...", "Bir yarpaq da sevgidən...", "Dünya həmən dünyadı...", "Kəlbəcərli günlərim...", "Bu adamlar, adamcıqlar...", "Qarabağım - Sinə dağım" kimi rubrikalarda yer almış nümunələr müəllifin sözə verdiyi fərdi dəyərin aqibəti və onun ləngəri ilə sıx bağlıdır.

Kitab çeşidli rubrikaları özündə əks etdirsə də, onun başlıca leytmotivi məhz yurd-yuva, doğma ocaq, Vətən qayğısıdır. Elə "Yetmədim mənzil başına" şeirində olduğu kimi:

 

Tanrım vüsalına yetəm,

Dolanam yurdum başına.

Torpağını gözə təpəm,

Üz sürtəm çopur daşına.

 

Yağı düşmən ayrı saldı,

İblis ürəyimdən çaldı.

Dağlarım düşmənə qaldı,

Düşdüm zamanın qışına.

 

İlhamın vətəndaşlıq mövqeyini və vətənpərvərlik hisslərini tərənnüm edən bu misralarında doğma torpaq, yurd yerləri, onun çopur daşı hər şeydən əziz görünür. Doğma torpaqla bağlı şairin düşüncələri mühüm mövzu kimi onun poetik qayğılarını əhatə edir, özünün xüsusi hisslərinə bələnməklə ruhu, intuisiyası ilə ondan kənarda özünü hiss etmir.

Şairin "Allah", "Üşüyür", "Qalıb", "Dağlara", "Bu tayda "qaspodin", o tayda "ağa", "Dərdim", "Vətən ağrısı", "Keçir", "Məni", "Ya Qarabağ, ya ölüm" və başqa bu kimi şeirlərində biz müəllifin vətənpərvərlik ovqatının ən yüksək nöqtəyə çatdığını görürük. "Üşüyür" şeirində onun içində qaynayan Vətən, yurd həsrəti hissinin şahidi oluruq:

 

Yenə payız gəlib bizim dağlara,

Obasız, ellərsiz Murov üşüyür.

Tənhalıq qorxusu sarıb canımı,

Saçlarıma düşən qırov üşüyür.

 

...Yurdu yağmalanıb, eli qalmayıb,

Gülşəni sovrulub, gülü qalmayıb,

Dərdim ağlamağa dili qalmayıb,

Qaçqın yurdlarında hər ev üşüyür.

 

İlham Məmmədlinin şeirlərində Vətənin taleyi ilə bağlı nostalji düşüncələr daim içini didib-dağıdan fikirlərlə müşayiət olunur. Xilası isə şair Allaha müraciətdə görür:

 

Qışın boranında yanıram, Allah,

Özümü atəşdə sanıram, Allah,

Yayın ortasında donuram, Allah,

İsti ocağımda alov üşüyür,

- deyərək səsi-ünü göylərə bülənd olur.

 

Qeyd etdiyimiz nümunələr sübut edir ki, İlham Məmmədlinin yaradıcılığının ideya-bədii dominantası vətənpərvərlikdir. Bir şeyi nəzərə almaq lazımdır ki, ədəbiyyat, xüsusilə poeziya xalq həyatında baş verən proseslərin yaradılmasında ən mühüm vasitələrdəndir. Vətənə məhəbbət isə şairin dərin bəşəri hissi yaşantısı olmaqla onun şəxsiyyəti ilə uzlaşır, doğulduğu kiçik Vətənlə birləşir. Onun etik və intellektual yetkinliyinin mühüm əlamətinə çevrilir. İlham Məmmədlinin yaradıcılığının ideya-məzmun planında önə çıxan vətənpərvərlik, vətəndaşlıq və tarixilik onun poetikasındakı obrazlılığı, ritmikanı, yanğı strixiyasını görməyə və hiss etməyə şərait yaradır.

İlham müəllimin yaradıcılığında vətənpərvərlik mövzusunun bədii təcəssümünün ən mühüm şərti onun poetik düşüncəsinin təkamülünün necə getdiyini izləməyi ortaya çıxarır. Kəlbəcər obrazının poetik transformasiyası, şairin istifadə etdiyi obrazlı-poetik vasitələr "eli qalmayıb", "gülü qalmayıb", "dili qalmayıb" kimi ifadələrlə müxtəlif zaman və məkan müstəvisində keçmişə ekskurs etməklə yaradılır. Lirik təhkiyənin nüvəsində isə Kəlbəcərin taleyinə görə dərin həyəcan hissi dayanır. Şairin daxili həyəcanı getdikcə artır. Bunu biz onun 1995-ci ildə qələmə aldığı "Dağlara" şeirində daha yaxşı görürük:

 

Bəlkə yuxularda qovuşam deyə,

Yatanda yatıram yönüm dağlara.

Hər gecə Tanrıya yalvarıram ki,

Bir quşa çevrilib dönüm dağlara.

 

Zaman sinəsindən silib izimi,

İllər ayrılığı qırıb dizimi.

Çatdıra bilmirəm ürək sözümü,

Yetişmir harayım, ünüm dağlara.

 

İlham Məmmədlinin şeirlərində yerli təbiət vətənə dərin məhəbbət hissi ilə birləşərək vahid mühüm bütövə çevrilir. O, vətənin hər qarışını yerli rənglərlə, qoxularla vəsf edir, təbiət gözümüz önündə bütün tərəfləri ilə canlanır, bərq vurur.

Vətənpərvərlik konsepti şairin Vətənə olan qızğın və sönməz münasibətində predmetləşir. Müəllif Vətəninin başına gələnləri koloritli və görümlı təsvir etməyi bacarır. Vətənpərvərlik hissi şairin "Vətən ağrısı" və "Mənim" adlı şeirlərində yetərincə görümlü ifadə olunur. Bu hiss İlhamın poetik arsenalında mühüm sosiomədəni dominant dəyəri və onun öz milli dünyagörüşünün nüvəsi kimi, özünü müəyyən edən başlıca komponent mentallığı və identikliyi ilə həmahəng olan kateqoriya olaraq səslənməkdədir.

İlham Məmmədlinin poetik düşüncəsinin funksionallığını dərk etmək üçün "Ömrü sözə verdim" kitabına filologiya elmləri doktoru, professor, ədəbiyyatşünas, orijinal nəsr ustası Vaqif Sultanlının "Sözün və sükutun harmoniyası" adlı "Ön söz"ünü də mahiyyətincə nəzərdən keçirməyə ehtiyac vardır. O, haqlı olaraq yazır ki, "İlham Məmmədlinin mənsub olduğu, ədəbi-bədii düşüncəsinin formalaşdığı mühit folklor arealına söykənir. Elə bu... şeirlərinin dilinə və üslubuna sadəlik, aydınlıq və xəlqilik aşılayır... müəllifin yazılarında poetik mətnin daxili strukturunu oluşduran cizgilər formanı şəkilləndirən elementlərlə qovuşduğundan tamlıq yaradır...

Şairin düşüncələrinin əhatə və yaylım ərazisi, hər şeydən öncə, vətənlə bağlıdır. Doğulduğu yurdun uzun illər erməni işğalı altında xarabazara çevrilməsi, pərən-pərən düşən el-obasının, doğmalarının qaçqın, köçkün, didərgin həyatı yaşaması, vətəndə vətənsiz keçən günlərin ağrı, acı və iztirabları, nəhayət, işğalın bitməsi ilə həsrətə son qoyuluşu, xalqın ümidinin, inamının dönüşü, dirçəlişi onun poetik axtarışlarının xronoloji tablosunu oluşdurur".

Bütün bu aspektlər İlham Məmmədlinin poetik təfəkküründən süzülüb gələn mövzuların aktuallığını göstərir. Odur ki, şairin içini göyüm-göyüm göynədən vətən hissi ilə paralel olaraq şeirlərində kədər konsepti ilə bərabər, həm də başqa mövzular "Bənövşə", "Lalə", "Nərgizim"lə yanaşı, Tanrıya giley "Bağışla Tanrım, bağışla", "Yaşamaq olmur", "Vardım haqqın sorağına", "Yaşamadım" və s. bərabər sevgi-məhəbbət mövzusunu çevrələyən "Sənsiz keçən günlərim", "Var", "Düşər", "Sən", "Son görüş", "İçində", "Mən", "Sən mənim olsaydın", "Qəfildən çıxasan qarşıma, gülüm", "Nə gözəl çəkib" və s. İlham Məmmədlinin poetik təfəkkür diapazonunun genişliyini və rəngarəngliyini sübut etməkdədir. Şairin əsərlərinin daha ətraflı və çeşidli təhlillərini aparmaq mümkündür. Zənn edirik ki, İlham Məmmədlinin şeirləri bundan sonra da poetik təfəkkür araşdırıcılarının diqqətini cəlb edəcək.

Другие новости