“Külli Qarabağın abi-həyatı;
Nərmü nazik bayatıdır, bayatı.”
İllərdir analarımızın dilində dualar, əsgərlərimiz əlləri tətikdə səngərdə, ədəbiyyat adamları əlində qələm, hamı bir müqəddəs ada – Qarabağa köklənib. Kədərləndiyimiz, üzüldüyümüz, itirdiklərimiz olub. Qələm əhli əlindəki qələmi “süngü”yə çevirib. Qarabağdan, qaçqın və köçkünlərimizdən, onlara qarşı olunan erməni vəhşiliklərindən də yazıb, Qarabağda gedən haqq davamızdan, ordumuzun şücaətindən də. Vətən uğrundan canından keçən qəhrəmanlarımızdan, “can verib, nam alan” şəhidlərimizdən, qazilərimizdən də yazıb. Nədən yazıblarsa, orada qələbəmizə inam xüsusilə vurğulanıb. Hürriyyət şairi Namiq Kamal, Əbdülhaq Hamidə yazdığı bir məktubda “ədəbiyyatın vətənə ordu qədər xidmət etdiyinin” altını cızması təsadüfi deyil.
Ruhumuz, düşüncəmiz, ədəbiyyatımız Qarabağ havası ilə nəfəs alır, ürəyimiz Qarabağla döyünür, I və II. Qarabağ müharibəsi ədəbiyyatımızda inikas edir. I.Qarabağ müharibəsi ədəbiyyatımızdan “ağrı” kimi keçsə də, II Qarabağ müharibəsi Böyük Zəfərimizlə taclandı. 30 ilə yaxın bir zaman ərzində həsrət yanğımıza çevrilmiş cənnət məkanımız – Şuşamız Ali Baş Komandanın “Əziz Şuşam, sən azadsan! Şuşa, sən bizimsən, Şuşa biz qayıtdıq! Şuşa biz səni yenidən dirçəldəcəyik!” – nidaları ilə Azərbaycan poeziyasının misralarını azad Şuşa şeirləri, nəğmələri ilə bəzədi. Qarabağ həsrəti başqa bir məcraya yönəldi, zəfər qoxulu, zəfər təntənəli şeirlər, poemalar, dastanlar yazıldı. Qəlbi Qarabağla döyünən şairlər zəfərimizi alqışladı. Vətən müharibəsində əldə edilən zəfərimiz, torpaqlarımızın işğaldan azad edilməsi ədəbiyyatımızın rəngini dəyişdi. Mənə elə gəlir ki, zəfərimizdən sonra yazılan bütün əsərlərin rəngi, torpaq uğrunda can qurban edən şəhidlərimizin al qanı kimi qırmızıdır.
Göylər çıxa bildin, uça bildinsə, dərindir,
Tarix, özün yaza bildinsə, sənindir!
Bayraqları bayraq yapan üstündəki qandır,
Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!
Böyük zəfərimizlə rəngi qırmızıya boyanan Qarabağ mövzulu ədəbiyyatımıza yeni nəfəs, yeni ruh, yeni düşüncə gəldi. Yazılan əsərlərdə, müxtəlif məzmunlu şeir və poemalarda, zəfər, şəhidlər və işğaldan qurtarılan bölgələr ədəbi obraz kimi ədəbiyyatsevərlərin diqqətinə çatdırıldı. Yazılan şeirlər ruhumuza nəğmə kimi hopdu. Mahnının nəqarəti kimi, dilimizdə dolaşdı, ruhumuza hakim kəsildi. Qələmini müqəddəs amala xidmətə kökləyən yazıçı, jurnalist, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in Baş redaktoru, AYB sədr müavini, şair, jurnalist Rəşad Məcidin “Şuşa”ya həsr etdiyi şeirləri də ruhumuza hopan, dodaqlarda nəğməyə dönən şeirlərdəndir.
Rəşad Məcid hələ, 1979-cu ildə 15 yaşlı yeniyetmə ikən Azərbaycan poeziyasının baş mövzularından olan Şuşaya şeir həsr edib. “Cıdır düzü” adlandırdığı şeirdə şairin “həyəcanları”, “Dəli gülüşləri”, “savaşları”, “ən rahat, xoşbəxt anları bu müqəddəs torpaqla bağlıdır. Sehrli-sirli, özü ən gözəl şeir, nəğmə olan Şuşanın “nəğmələri ilə qanad açan” şairin “Cənnətə düşən, göyə uçan” dərmanı da, ilhamı da Xarıbülbüllü Şuşadır:
Səninlə bağlıdır həyəcanlarım,
Ən rahat anlarım, xoşbəxt anlarım.
Sənin nəğmən ilə qanad açmışam,
Cənnətə düşmüşəm, göyə uçmuşam.
Səninlə bağlıdır göz yaşlarım da,
Dəli gülüşlərim, savaşlarım da.
Yenə köməyim ol, bu çətin anda,
Tapım o gördüyüm axarı, bülbül.
Qaytar o əvvəlki səadətimi,
Qaytar bəxş etdiyin baharı, bülbül.
Gəzim qarış-qarış, addımbaaddım,
O gözəl, o əziz diyarı, bülbül.
Yenə səsin gəlsin, qoy qanadlanım,
Qalxım nəfəsinlə yuxarı, bülbül –
Xarıbülbül!
Şeir, Şuşanın, Cıdır düzünün sehrindən ilhamlanan on beş yaşlı yeniyetmə şairin 1981-ci ildə dərc olunan ilk şeiri olub. İllər sonra Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalında (12-13 may 2021-ci il) olarkən şair, “tarixin möcüzə sərgisi” adlandırdığı Şuşanın sehrinə yenidən düşüb. Bu möcüzə gözəlliyi görüb sehrinə düşməmək mümkün deyil, 42 ildən sonra Şuşa haqqında yeni şeirini yazıb. O günün təəssüratından bəhs edən Rəşad Məcid müsahibələrindən birində deyir: “Keçən il işğaldan sonra ilk dəfə Cıdır düzündə “Xarıbülbül” festivalına gəldik. Prezident çıxış edərək qeyd etdi ki, “Bu festival şəhidlərimizin xatirəsinə həsr olunub, Şuşanın azadlığını qəhrəman əsgərlərimizə borcluyuq”, – dedi və ardınca Şuşa haqqında ən təsirli sözlərindən birini, “Dünyanın çox gözəl şəhərlərində olmuşam, amma Şuşaya bənzər şəhər görməmişəm…” söyləməsi, “40 ildi Şuşanı ilahi məkan bilən, 30 ildən sonra Şuşada olmağın səadətini yaşayan bir insan üçün bu sözləri eşitməyin nəticəsi sevinc göz yaşlarına qərq olmaqdı.” Yenidən doğulmaqdır, su torpağın qatlarından süzülərək durulduğu kimi durulmaqdır, həsrətində olduğun həsrətlisinin vüsalına qovuşmaqdır. 30 ildən sonra yenidən Şuşada olmağın səadəti içində, həmin günün səhəri, cənab Prezidentin sözlərinin təsirilə, 42 ilin ardından “Şuşa” şeirini yazan şairin o günkü təəssüratları çox təsirlidir: “Həmin günün səhəri gözümü Şuşada açanda inana bilmirdim. Bir də gördüm qulağıma azan səsi kimi Alim Qasımovun canlı muğamı gəlir. Bütün bunlardan ilhamlanaraq 42 ildən sonra Şuşaya yeni şeir həsr etdim.” Akademik İsa Həbibbəyli yazır ki, “Rəşad Məcid üçün şeir “bir dolu ürəyin püskürmə çağı”dır, “dikəlib asfaltı deşən bənövşə”dir, “sinədə boğmaq mümkün olmayan bir qəfil hönkürtü” kimi təbii proseslərin nəticəsində yaranmış bədii düşüncənin ifadəsidir.” Eynilə “Şuşa” şeirində olduğu kimi:
“Min şəhər adı var dillərdə əzbər,
Adların ən üstün adıdır Şuşa.
Musiqi notudur cüt hecasıyla: Şu-Şa
Dilimin şəhdidir, dadıdır Şuşa.
Ciyərdə nəfəsdir, damarda qandır,
Ruha qanad verən sirli məkandır,
Biri beş edəndir, güc artırandır,
Qoşundur, əsgərdir, ordudur Şuşa.
Qoynuna hər gələn yüz xəyal eylər,
Uzaqdan baxanlar qeylü-qal eylər.
Birini coşdurar, birin lal eylər,
Tilsimdir, ovsundur, cadudur Şuşa.”
“Şuşa” şeiri yalnız şeir deyil, həzin mahnıdır, bütün gözəllikləri ilə gözümüz önündə cilvələnən Şuşanın müqəddəs, sehirli, möcüzəli ruhu hopan rəsm əsəridir. Belə mükəmməl bir əsər ancaq, “dünyagörüşünün miqyası etibarilə həm mükəmməl, bütöv, etibarlı bir Azərbaycan övladı” olan Rəşad Məcidin qələmindən süzülə bilər. “Rəşad Məcid yalnız şair deyil, “dünyagörüşünün miqyası etibarilə həm mükəmməl, bütöv, etibarlı bir Azərbaycan övladı, həm də dünyanın gəliş-gedişindən, ümumən həyat (və insan) mənzərələrindən yaxşı baş çıxaran həssas analitikdir, dünyanın tarixindən olduğu kimi bu günündən də dərs almağın, öyrənməyin, ona uyğunlaşmağın və ya onunla polemikaya girməyin metodlarını, üsullarını yetərincə mənimsəmiş çevik, öz mövqeyi olan mütəfəkkirdir. Və Rəşad Məcidin analitizminin, mütəfəkkirliyinin canlılığı, məhsuldarlığı ondadır ki, “amorf”, sxolastik və ya pedant deyil, dünyayla onun öz dilində – onun az qala hər gün dəyişən “çağırışlar”ının (həyəcanlarının!), stilizasiyalarının, improvizələrinin, ritm-intonasiyalarında danışa bilir…” Bu sözlərin altında akademik Nizami Cəfərovun imzası var.
Şuşaya həsr etdiyi şeirlər də bu müqəddəs torpağın möcüzəsinə düşən, həyacanlarını, səsini duyan, bu səsin sehrinə düşüb göylərə yüksələn mütəfəkkir şairin duyğularıdır, qəlb çırpıntılarıdır. Hər daşı, hər qayası, gülü-çiçəyi (Xarıbülbülü), cıdırı-düzü (Cıdır düzü) duyğulu hər bir insan üçün bir şeir, nəğmə olan Şuşa (geniş anlamda Qarabağ) Rəşad Məcid üçün “gözəllik önündə təzələnib durulduğu”, “Cıdır düzü” deyəndə ürəyinin qanadığı məkandır:
Dərədə möcüzə, dağda möcüzə,
Torpağa bu qədər vurulmamışdım.
Gözəllik önündə heç vaxt, heç vədə,
Belə təzələnib durulmamışdım.
Dili tutulubmu torpağın, daşın?
Görən niyə belə səssizdi bu yer?
Haçansa Üzeyir ayağı dəyib,
Yəqin ona görə əzizdi bu yer.
…Burda daşları da qoruyaq gəlin,
Hansı bir daşdasa Vaqif qanı var.
Bura yaddaşıdır obanın, elin,
Burda hər bir nəslin öz ünvanı var…
Haşiyə çıxaraq bu müqəddəs məkanla bağlı düşüncələrimi qeyd etmək yerinə düşər, deyə düşünürəm. Mən də nə Şuşalı deyiləm, nə də 2 il öncəyə qədər Şuşanı görməmişdim. Amma ruhən şuşalıyam, qəlbən şuşalıyam, çünki azərbaycanlıyam. Azərbaycansız Şuşa, Şuşasız Azərbaycan olmadığı kimi, Şuşa bütün azərbaycanlıların göz bəbəyidir, hər gün ruhumuzun pərvazlandığı müqəddəs məkandır, Bakıdan hər gün “Salam Şuşam”, “Sabahın xeyir, Şuşam” pıçıldadığım, hər gün hava haqqında məlumatlarını izlədiyim vətən torpağıdır. Bir sözlə, Şuşanın elmi-ədəbi və mədəni mühitinə həsr olunmuş Beynəlxalq sempozyumda iştirak etmək üçün getdiyim Şuşaya sevgimi, həsrətimi, ən əsası heyrətimi sözlə ifadə etmək çox çətindir. Rəşad Məcidin “Tilsimdir, ovsundur, cadudur”, – dediyi Şuşa” məni lal etmişdi. Lal olmaq da danışmaqdır, hətta sükut daha çox danışmaqdır, insanın özünün – özü ilə danışmağıdır, bəzən pıçıltısı, bəzən harayıdır. Bütün bu duyğular, yəni Şuşanı ilk görənlərin duyğuları, Rəşad Məcidə çox maraqlıdır: “Şuşanı ilk dəfə görən insanları müşahidə etmək, keçirdiyi hissləri anlamağa çalışmaq çox maraqlıdır.” Şuşanı ilk dəfə görən bir insan kimi mən bütün gözəl duyğuları bir arada yaşadım. Üzərindən 2 il qədər zaman kəsimi ötsə də, Şuşa adını duyunca hələ də o duyğular ruhuma hakim kəsilir və belə duyğulu anlarımda şair Rəşad Məcidin “Şuşa” şeirini özümdən-özümə hədiyyə edirəm. İllər boyu tarixiylə, yazılarla, şeirlərlə yaddaşımıza və ruhumuza işləmiş, qanımıza hopmuş müqəddəs məkan, “tilsim”, “cadu”, “möcüzə” olan Şuşa belə anlarda ruhumuzun dərmanıdır.
Şuşa hər bir şairin arzuladığı mövzudur. Şuşa haqqında çox yazılıb, hələ daha çox yazılacaq. Yazılan şeirlər himn kimi, nəğmə kimi ruhumuza hopacaq, Rəşad Məcidin bu müqəddəs məkana həsr etdiyi şeirlər kimi. Çünki Rəşad Məcidin lirikası “içərisində olduğu cəmiyyətlə və doğma təbiətlə birgə nəfəs alan bir qəlbin həyata şairanə şəkildə vurğunluğudur. Onun şeirlərində dünya da, Vətən də, ictimai motivlər də, milli duyğular da, sevgi də, Rəşad Məcid üçün şeir “bir dolu ürəyin püskürmə çağı”dır, “dikəlib asfaltı deşən bənövşə”dir, “sinədə boğmaq mümkün olmayan bir qəfil hönkürtü” kimi təbii proseslərin nəticəsində yaranmış bədii düşüncənin ifadəsidir. Rəşad Məcidin lirikası içərisində olduğu cəmiyyətlə və doğma təbiətlə birgə nəfəs alan bir qəlbin həyata şairanə şəkildə vurğunluğudur.” Dünya, Vətən, ictimai motivlər, milli duyğular, tale, sevgi, təbiət və s. təqdimatıdır. “Saf, təmiz və təbii” duyğuların vəhtətindən yaranan Rəşad Məcid poeziyası Şuşaya həsr etdiyi şeirində deyildiyi kimi, dodaqlarda pıçıltıya dönən “tilsimdir, sehrdir, əfsundur.”
Lütviyyə Əsgərzadə
filologiya elmləri doktoru
"Ədəbiyyat qəzeti", 2024, 06 aprel