Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

ПОИСКИ. ИССЛЕДОВАНИЯ

Отдел низамиоведения в период независимости Азербайджана - Нушаба Араслы

11-03-2024 [ 12:01 ] [ прочитано:22 ]
printerA+ | A-

Məlumdur ki, hələ 1981-ci ilin avqust ayında Azərbaycan Respublikasının Mərkəzi Komitəsinin "Nizami Gəncəvinin anadan olmasının 840 illiyi haqqında" verdiyi qərara əsasən, Azərbaycan Respublikasının rəhbəri Heydər Əliyevin təşəbbüsü və himayədarlığı ilə elə həmin ildə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda ilk dəfə olaraq, ayrıca Nizamişünaslıq şöbəsi yaradılmışdı və şöbəyə rəhbərlik professor, əməkdar elm xadimi Rüstəm Əliyevə həvalə olunmuşdu. Həmin dövrdə Heydər Əliyevin xüsusi tapşırığı və Nizamişünaslıq şöbəsinin iştirakı ilə Nizami Gəncəvi əsərlərinin filoloji tərcümələri hazırlanaraq Azərbaycan və rus dillərində nəşr edildi. Şairin poemalarının poetik tərcümələri orijinalla yoxlanılıb dəqiqləşdirildi, müqəddimələr və şərhlər daha mükəmməl şəkildə yazıldı.

Nizaminin şəxsiyyəti, həyatı, ədəbi mühiti və yaradıcılığının mühüm istiqamətlərinin öyrənilməsi həmin dövrdən başlayaraq tədqiqat obyektinə çevrildi. Şairin Şərq bədii fikir tarixinə gətirdiyi yüksək bəşəri ideyaların, klassik poetik ənənələrdən bəhrələnməklə, orijinallığı və bədii sənətkarlıq xüsusiyyətlərinin tədqiqi sahəsində mühüm işlər görüldü. Bu dövrdə respublikada və Nizamişünaslıq şöbəsində görülən monumental işlər haqqında təsəvvür yaratmaq üçün onların bəzilərini qeyd etmək lazımdır.    

XX əsrin 80-ci illərində Nizami "Xəmsə"si üzrə ayrı-ayrı poemaları Azərbaycan və rus dillərinə - R.Əliyev, M.Əlizadə, H.Məmmədzadə, Q.Əliyev, V.Aslanov tərəfindən filoloji tərcümə olunaraq, Y.E.Bertels, Həmid Araslı, Tahir Məhərrəmov, Əhmədağa Əhmədov, Məmməd Arif, Mirzə İbrahimov, Z.Quluzadə kimi görkəmli alimlərin redaktorluğu, Ön sözü, izahları ilə nəşr olunmuşdur.

Görkəmli Nizamişünas alimlərdən R.Azadənin "Nizami Gəncəvi. Həyatı və sənəti" (Bakı, 1979) və "Nizami Gəncəvi" (Bakı, 1980), Nüşabə Araslının "Nizami və türk ədəbiyyatı" (Bakı,1979), A.Hacıyevin "Renessans və Nizami Gəncəvi poeziyası" (Bakı, 1980); M.Cəfərin "Nizaminin fikir dünyası" (Bakı, 1982), X.Yusifovun "Şərqdə intibah və Nizami Gəncəvi" (Bakı, 1982); R.Əliyevin "Nizami. Azərbaycan, rus və ingilis dillərində biblioqrafik məlumat" (Bakı, 1983) və "Ölməz məhəbbət dastanı" (Bakı, 1984); X.Hüseynovun "Nizaminin "Sirlər xəzinəsi" (Bakı, 1983); Ç.Sasaninin "Nizaminin "Leyli və Məcnun" poeması" (Bakı, 1985); M.Kazımovun "Nizaminin "Yeddi gözəl" poeması və XIV-XVI əsrlər farsdilli ədəbiyyatda nəzirə ənənəsi" (Bakı, 1987); Z.Quluzadənin "Şərq mədəniyyəti tarixinin nəzəri problemləri və nizamişünaslıq" (Bakı, 1987); C.V.Qəhrəmanov və K.Allahyarovun "Nizami Gəncəvi əsərlərinin əlyazmaları dünya kitab xəzinələrində" (Bakı, 1987) və sair elmi araşdırmalar bu gün də öz əhəmiyyətini saxlamaqdadır.

Bu dövrdə Nizami əsərlərinin ümumittifaq miqyaslı nəşrləri mühüm yer tutur: Nizami. Şeirlər və poemalar. (Leninqrad, 1981); Nizami Gəncəvi. Seçilmiş əsərləri. 5 cilddə (Moskva, "Xudojestvennaya literatura", 1985) və s. nəşrlər böyük əhəmiyyətə malik işlərdir.

Qeyd etmək lazımdır ki, AMEA-nın müxbir üzvü Azadə Rüstəmova Nizamişünaslıq şöbəsinə rəhbərliyi dövründə öz fəaliyyətini uğurla davam etdirmişdir. "Nizami dünya ədəbiyyatşünaslığında" toplusu, "Nizami" almanaxının I, II və III buraxılışları işıq üzü görmüşdür.

1981-1991-ci illərdə Nizamişünaslıq şöbəsinin Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş 4 Ümumittifaq konfrans keçirilmiş, Nizamişünaslığın aktual problemlərinə həsr olunmuş yüzlərlə məruzə dinlənilmişdir.

Lakin 1991-ci ildə Azərbaycanın müstəqilliyinin ilkin dövründə o zaman hələ bizə məlum olmayan qüvvələrin təsiri ilə Nizamişünaslıq şöbəsi bağlandı və işçilər müxtəlif şöbələrə yerləşdirildi. Bir çox Nizamişünas-alimlər və hələ yetişməkdə olan gənc nəslin elmi profilləri dəyişdirilərək başqa istiqamətə yönəldilsə də, Nizami Gəncəvi irsinin problemləri alimlərimizin daim diqqət mərkəzində olmuş və Azərbaycan Nizamişünaslığının ənənələri davam etdirilmişdir. İnstitutun əməkdaşları tərəfindən nəşr olunan - Azadə Rüstəmova. "Nizaminin poeziya sələfləri" (Bakı, 1999); İmamverdi Həmidov. "Əbu Bəkr əl-Valibi və onun Əxbarül-Məcnun və əşarü-hu" əsəri (Bakı, 1999); Teymur Kərimli. "Nizami və tarix" (Bakı, 2002); Nüşabə Araslı. "Nizaminin poetikası" (Bakı, 2004); Zəhra Allahverdiyeva. "Azərbaycanda nizamişünaslığın təşəkkülü və inkişafı" (Bakı, 2007), Zəhra Allahverdiyeva. "Xəmsə" üslubunda türk sözləri (Bakı, 2012), Teer E.M. Nizami Qəndjevi v polğskix issledovaniəx i perevodax (Baku, 2012), Vəfa Hacıyeva. "Nizami Gəncəvi yaradıcılığında adlar" (Bakı, 2004), Vəfa Hacıyeva. "Nizami Gəncəvi yaradıcılığında adların tipoloji-üslubi xüsusiyyətləri" (Bakı, 2010), Gülçin Babayeva. "Nizami Gəncəvi İran nizamişünaslığında" (Bakı, 2012) və başqa əsərlər müstəqilliyimizin ilk dövründə Nizamişünaslığın qlobal problemlərinin həllinə yönəldilmiş sanballı elmi əsərlərdir.

2014-cü ilin yanvar ayında AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin təşəbbüsü ilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda yenidən Nizamişünaslıq şöbəsi yaradılaraq fəaliyyətə başladı. Şöbənin rəhbəri görkəmli Nizamişünas-alim, AMEA-nın müxbir üzvü Nüşabə Araslının başçılığı ilə dahi şairin həyatının və ədəbi irsinin tədqiqi və təbliği işi daha da genişləndirildi.

Onu qeyd etmək lazımdır ki, Nizamişünaslığın inkişafında hər bir dövrün öz spesifik xüsusiyyətləri mövcud olmuşdur. XVIII-XIX əsrlərdə Azərbaycanın Çar Rusiyası tərəfindən işğal olunması, Azərbaycanın ikiyə bölünməsi, daha sonra XX əsrdə qapalı postsovet məkanında Azərbaycanın tarixi, ədəbiyyatı və mədəniyyəti haqqında xarici ölkələrdə təbliğat işi məhdudlaşmış,  bu səbəbdən, Avropada yanlış olaraq, bütün Şərq xalqlarının farsdilli ədəbi irsinin, o cümlədən, Azərbaycanın ayrılmaz söz xəzinəsi olan Nizami Gəncəvi irsinin İran mədəniyyəti altında təbliğ olunmasına zəmin yaranmışdır. Necə deyərlər, torpağımızı işğal edib, mədəniyyətimizi talamış və söz xəzinəmizi yadların adına yazmışlar.

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyatı və mənşəyi haqqında bir sıra ciddi təhriflərin veb saytlarda yerləşdirilməsi və yanlış informasiyaların yayılması dünya şərqşünaslıq elminin səviyyəsinə və nailiyyətlərinə kölgə salmaqla yanaşı, Azərbaycan Nizamişünaslığının inkişafına da əngəllər törədir.

İlk öncə, son dövrlərdə Nizaminin bioqrafiyası ətrafında kobud səhvlər və ziddiyyətlər rus və ingilis dilində yaradılmış vikipediyada yer alır. Bu vikipediyanın elmi mənbələrini, əsasən, köhnə ensiklopediyalar, həmçinin bəzi İran, Rusiya və Avropa alimlərinin artıq müasir dünya elminin tələblərinə cavab verməyən əsərləri və bir neçə qərəzli işlər, o cümlədən, İran müəllifləri S.Lornejad və Əli Dostzadənin erməni havadarlarının dəstəyi ilə İrəvanda 2012-ci ildə nəşr olunan "Fars şairi Nizami Gəncəvinin modern siyasiləşdirilməsi haqqında" (On the Modern Politicization of the Persian Poet Nezami Ganjavi) adlı həqiqətə zidd kitab və sair bu kimi işlər təşkil edir. Bu vikipediyada, hətta erməni müəllifinin qərəzli təhrifinə də yer verilmişdir.

Müstəqilliyimiz dövründən başlayaraq, mütəmadi olaraq ermənilərin təhriki ilə bəzi İran alimləri Nizami Gəncəvinin mənşəyini, soy kökünü, ata-anasının doğma məskəni, Azərbaycanın qədim şəhəri Gəncənin tarixini təhrif etməklə məşğuldurlar. Bu səbəbdən müasir Azərbaycan nizamişünasları daim süni olaraq yaradılmış bu yanlışlıqlara cavab verməli olur, müxtəlif Beynəlxalq konfranslarda əks tərəfin iddiaçıları ilə lüzumsuz dialoqlara qoşulmaq məcburiyyətində qalırlar.

Azərbaycan türklərinin bir məşhur məsəli var: "Dəyirman öz işində, çax-çax baş ağrıdar". AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsi dahi şairimizin nəsil-şəcərəsi, həyatı, mühiti və yaradıcılığının öyrənilməsi sahəsində mühüm nailiyyətlər qazanmışlar. İnstitutun direktoru, akademik İsa Həbibbəylinin rəhbərliyi və Nizamişünaslıq şöbəsinin fəaliyyəti sayəsində "Nizami Gəncəvi almanaxı"nın nəşri bərpa olunmuşdur. 2019-cu ildən etibarən Bakıda çap olunan "Nizami Gəncəvi almanaxı"nın dörd sayı işıq üzü görmüşdür.

XXI əsr - Azərbaycanın milli müstəqillik və dövlətçiliyinin möhkəmləndiyi, azad olunmuş torpaqlarımızda zəfər marşının çalındığı, bərpa və quruculuq işlərinin başlandığı bir dövrdə elmin müxtəlif strukturları üzrə, o cümlədən, Nizamişünaslıq şöbəsində də uğurlu addımlar atılmışdır.

Ölkənin Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasında 2021-ci ilin "Nizami Gəncəvi İli" elan edilməsi haqqında 5 yanvar 2021-ci il tarixli Sərəncamı ölməz şairin irsinə ardıcıl qayğı və diqqətin bariz nümunəsidir. Vaxtında verilmiş bu sərəncamla Azərbaycan Nizamişünaslıq elminin tarixində yeni bir dövr başlamışdır. Nizami Gəncəvinin həyatı, dövrü, ədəbi mühiti haqqında dəqiq elmi araşdırmaların aparılması, şairin əsərlərinin əlyazmalarının dürüst elmi-tənqidi mətnlərinin üzə çıxarılması, sənətinin təsir dairəsinin öyrənilməsi, Nizami Gəncəvi ensiklopediyasının hazırlanması, şairin bədii irsinin ideya-fəlsəfi, poetik xüsusiyyətlərinin daha geniş aspektdə tədqiqi, poemalarının dünya xalqlarının dilinə tərcümələri və nəşri işlərinin yenilənməsi üçün mühüm şərait yaranmışdır. Nizamişünaslıq şöbəsində görkəmli mütəxəssis Nizamişünas alimlərlə (Nüşabə Araslı, Zəhra Allahverdiyeva, Yelena Teer, Vəfa Hacıyeva, Təhminə Bədəlova, Hürnisə Bəşirova) yanaşı, gənc nəslin nümayəndələri (Samirə Əliyeva, Lalə Paşayeva, Məsumə Rzayeva) Nizamişünaslar nəsli yetişməkdədir.

"Nizami Gəncəvi ili"ndə yazılmış çox əhəmiyyətli işlərdən biri akademik İsa Həbibbəylinin 10 dildə - Azərbaycan, türk, ingilis, rus, alman, Çin, polyak, gürcü, Ukrayna və bolqar dillərində nəşr olunan "Böyük Azərbaycan şairi Nizami Gəncəvi" adlı monoqrafiyasıdır. Əsər müasir Nizamişünaslığın bir çox aktual problemlərinin dünya miqyasında əsaslı və dürüst həllinə yönəldilmişdir. Müəllifin məqsədi dünya mədəniyyətinə yüksək humanist ideyalar, parlaq və çoxcəhətli obrazlar gətirən, xalqların qardaşlıq və birliyini tərənnüm edən dahi Azərbaycan şairi və filosofu Nizami Gəncəvinin həyatı və yaradıcılığı haqqında Qərb və Şərq oxucusuna faktlar əsasında yeni və daha dəqiq məlumatlar vermək və dünya ictimaiyyətinin diqqətini Nizamişünaslığın aktual elmi-nəzəri problemləri və onların həlli istiqamətlərinə yönəltməkdən ibarətdir ki, bu da əsərin mühüm əhəmiyyətini göstərir.

"Nizami Gəncəvi ili"nin uğurlu işlərindən biri də AMEA-nın müxbir üzvü Nüşabə Araslının rus dilində yenicə nəşrdən çıxan "Nizami Gəncəvi və türk ədəbiyyatı" adlı monoqrafiyasıdır.

Məlumdur ki, uzun illərdən bəri Nizami "Xəmsə"sinin türkdilli məsnəvi janrı və orta əsrlər tərcümə ədəbiyyatının inkişafında rolunun araşdırılması öz əksini Nüşabə xanım Araslının tədqiqlərində tapır. Onun yeni nəşr olunan monoqrafiyası türk epik şeirinin yaranması və inkişafında böyük rol oynamış Nizami Gəncəvi sənətinin Türk ədəbiyyatına təsiri, tərcümə və tədqiqi kimi aktual ədəbi əlaqə problemlərini araşdıran geniş tədqiqat işidir.

Araşdırmada, həmçinin Nizaminin "Xəmsə"sinə ana dilində nəzirə yazmış türk sənətkarlarının əsərləri və Nizami mövzularında yaranan türk poemalarından bəhs edilir. Müəllif H.Həmdi, T.Yəhya, Feyzi, S.Feyzullah, Behişti, Çakəri, Əhmədi, Rizvan, N.Ətayi və başqa şairlərin əsərlərinin elmi təhlilindən çıxış edərək türk ədəbiyyatının öz inkişaf mərhələsində qarşılaşdığı ədəbi zərurət və bu zərurətin törətdiyi qlobal inkişafı göstərir. O, həmçinin türk sənətkarlarının Nizami mövzularına müraciətinin dövrün ədəbi estetik tələbatı ilə bağlılığını göstərərək Nizami təsirinin türk epik şeirinin inkişafında oynadığı əvəzsiz rolu qiymətləndirir.

AMEA-nın müxbir üzvü Azadə xanım Rüstəmova və filologiya elmləri doktoru Fəridə Əzizovanın nəfis şəkildə rus dilində Türkiyədə "Teas Press" nəşriyyatı tərəfindən çap olunan "V orbite slova Nizami Qəndjevi" ("Nizami Gəncəvi sözünün orbitində") kitabı da müasir Nizamişünaslığın töhfələrindən biridir.

Azadə Rüstəmovanın klassik Azərbaycan poeziyasının, eləcə də Nizamişünaslığın zəngin problemlərinin, onun çoxşaxəli istiqamətlərinin öyrənilməsində müstəsna rolu olmuşdur. Azadə xanımın yaradıcılığının çiçəkləndiyi dövr Azərbaycan Nizamişünaslığının XX əsrin 60-cı illərindən sonrakı mərhələsinə təsadüf edir. Məlumdur ki, o vaxta qədərki dövr, yəni XX əsrin 40-cı illəri Azərbaycan Nizamişünaslığının tarixinə qızıl dövr kimi daxil olmuş və görkəmli şərqşünas Y.E.Bertelsin (1938-1948) Nizamişünaslığın fəaliyyətini yekunlaşdırarkən qeyd etdiyi kimi, Nizaminin öyrənilməsi sahəsində gələcək işlərin davam etdirilməsi üçün əsas baza yaradılmışdı. Azadə xanım Y.E.Bertelsin tələbəsi olmuşdu, təbii olaraq, bu görkəmli şərqşünasın məktəbini keçmişdi. Məlumdur ki, Bertels özünün tədqiqatlarında dəqiq nəticəyə gəlmişdir ki, epik janrda Şərq poeziyasının sonrakı taleyini Nizami Gəncəvi həll etmişdir, yəni Şərqin epik janrı XII əsrdən sonra Nizami Gəncəvi yaradıcılığına bağlıdır. Bu məsələlərin ədəbi-nəzəri aspektdən araşdırılmasında Azadə xanımın rolu böyükdür. Epik janrın inkişaf yollarını müəyyənləşdirən belə bir fundamental əsər Azadə xanıma qədər yazılmamışdı. Bu baxımdan, "Nizami Gəncəvi sözünün orbitində" kitabında Nizamişünaslığın bir sıra aktual problemlərinin yenidən tədqiqata cəlb olunması əhəmiyyətlidir. 

Son dövrlərdə Nizami Gəncəvinin "Sirlər xəzinəsi" və "Yeddi gözəl" əsərinə monumental çoxcildlik şərhlər kitabını yazmaqla, çətin və məsuliyyətli bir işi öz üzərinə götürən tədqiqatçı-alim Siracəddin Hacının xidmətlərini də qeyd etmək lazımdır. İctimaiyyətə təqdim etdiyi şərh kitablarında Siracəddin Hacının əsas məqsədi islam dininin fundamental görüşləri, şəriətin əsaslarının təsdiqi və təbliği sahəsində Nizami Gəncəvi əsərinin rolunun və həmçinin şairin müsəlman ideologiyasının filosof-sənətkarı olaraq böyüklüyünün, bənzərsizliyinin öyrənilməsidir.

Другие новости