Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

ПОИСКИ. ИССЛЕДОВАНИЯ

Асиф Рустамлы-приверженец науки, нашедший путь к сердцам - Солмаз Хаятова

19-02-2024 [ 12:04 ] [ прочитано:147 ]
printerA+ | A-

Xalqın həyatında və ədəbiyyatşünaslığın inkişafında rol oynamış şəxsiyyətlərə həmişə hörmət və ehtiram vardır. Belə şəxsiyyətlərdən söhbət açmaq, onların keçdiyi ömür yoluna nəzər salmaq çox əhəmiyyətlidir. Belə ziyalılar enişli-yoxuşlu, ağır, keşməkeşli yollardan keçərək ucalıblar. Onlar hər cür çətinliklərə sinə gərərək haqqı nahaqdan seçmişlər, ömürlərini elmə, yazıb-yaratmağa həsr etmişlər. Belə sevilib-seçilən alimlərimizdən, tədqiqatçılarımızdan biri də Asif Rüstəmlidir.

İnsan mərhəmət hissi ilə ucalır. Yerlərdə mərhəmət edənlərə göylərdən mükafat gəlir, ilahinin sevimli bəndələrinə çevrilirlər. Onlardan biri də Asif Rüstəmli haqqında nə qədər söz deyilsə, azdır. Bu böyük insan, şəxsiyyət, alim-tədqiqatçı təkcə Azərbaycanda deyil, vətənimizin sərhədlərindən kənarda da böyük şöhrətə malikdir.

Asif müəllim bütün şüurlu həyatı və səmərəli yaradıcılığı boyu ədəbiyyatın, mədəniyyətin həqiqətlərini, dəyərlərini üzə çıxaran çox sanballı ziyalılarımızdandır.

Asif müəllim professor, filologiya üzrə elmlər doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının üzvü, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, Bakı Dövlət Universiteti nəzdində Dissertasiya Şurasının üzvü, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya komissiyasının humanitar şöbəsinin müdiri vəzifəsində çalışmışdır. O, həm də nəşriyyat direktoru olmuşdur.

Asif müəllim ilk gündən elmdə yüngül yol seçmədi. Öhdəsindən asanlıqla gəlinən mövzular ardınca qaçmadı. Əksinə, daim yenilik axtarışında oldu. Ən başlıcası isə, ədəbiyyatşünaslıq elminə gəldiyi gündən etibarən ədəbi hadisələrə, yaradıcı şəxsiyyətlərə münasibətdə qədirşünaslıq qayəsi ilə yaşadı. Məlum olanların fərqli təsvirinə və təqdiminə deyil, gizli olanların, yaddaşlardan silinənlərin aşkara çıxarılmasına üstünlük verirdi. Bütün bunların çətin olduğunu, böyük zəhmət tələb etdiyini bilsə də, tərəddüd edib geri çəkilmədi.

XX əsr Azərbaycan  ədəbiyyatı ilə bağlı çoxsaylı kitab və məqalələrin müəllifi olsa da, professor Asif Rüstəmli filoloji fikirdə daha çox cabbarlışünas kimi tanınır.

Bəzər elə təəssürat yaranırdı ki, milli ədəbiyyatşünaslıq və ədəbi tənqidimizin korifeylərindən sayılan Məmməd Arif Dadaşzadədən sonra C.Cabbarlı haqqında nəsə demək, yazmaq çətin və bəlkə də mümkünsüzdür. Cəfər Cabbarlı haqqında ilk məqaləsini 1985-ci ildə çap etdirən Asif Rustəmli böyük müasirin avtoriteti qarşısında qorxmadan bu mövzuya dərindən maraq göstərdi. Hətta eyni mövzuda doktorluq dissertasiyası yazmaq cəsarətini də göstərdi.

Asif Rüstəmli respublikamızda Cabbarlışünas tədqiqatçı-alim kimi yaxşı tanınır. O, Cəfər Cabbarlının kitablarına salınmamış 6 pyes, 4 hekayə, 30-a yaxın satirik şeir, 60 ədəbi-tənqidi məqalə ilk dəfə transfoneliterasiya etmiş, Ön söz, qeydlər və şərhlər yazmış, "Ədirnə fəthi" adı ilə çap etdirmişdir. O C.Cabbarlı yaradıcılığına vurğunluğunu ifadə edərək cabbarlışünaslığın üfüqlərini daima  genişləndirmişdir.

Asif müəllimin "Çırpınırdı Qara dəniz" (1992), "Tufanlardan keçən ömür" (1995), "Susmaz duyğuların səltənətində" (2002), "Ədəbi istiqlalımız" (2004), "Cəfər Cabbarlı: "Həyatı və mühiti" (2009), "Mütərcim Cəfər Cabbarlı", "Cəfər Cabbarlı (Həyatı, sənəti və mücadiləsi)" Türkiyə Elazığ, "Manas" yaradıcılığı (2011), "Bayraməli Abbaszadə: həyatı və  mücadiləsi (2014), "Səttar xanın silahdaşı", İran. Qum "Nəvidi-hikmət" (2018), Zirədən başlanan yol: Mirzə Bala Məhəmmədzadənin həyatı, yaradıcılığı və mühiti (2018), "Cəfər Cabbarlı və milli istiqlal hərəkatı" (2018), Ədəbiyyatşünaslıq elminin məbədi" (Akademik İsa Həbibbəyli ilə müştərək) (2018) Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq "Heydər Əliyevin məruzələri, çıxışları" (tərtibçi Asif Rüstəmli) (2003),  "Müdriklik mücəssəməsi (məqalələr toplusu - 2014), 200-dən artıq elmi, publisistik məqalələrin müəllifi, 15 kitabın tərtibçisi, 2 əsərin tərcüməçisi, çoxsaylı kitabların redaktoru və rəyçisi olmuş, onlara Ön söz yazmışdır. Elmi məqalələri xarici ölkələrdə türk, fars, rus, polyak və macar dillərində çap olunmuşdur. Bütün bunlar, təkcə Asif Rüstəmli yaradıcılığının yox, ədəbiyyatşünaslığımızın möhtəşəm dəyərləridir. Asif Rüstəmlinin ssenariləri əsasında "Günəş Şərqdən doğur" (Az.TV, 2004, 6 fevral). "Nurlu gələcək naminə (Space, 2005, 15 sentyabr) sənədli filmləri çəkilib nümayiş etdirilib. Moskvanın "Kinoprodukt studiyasının çəkdiyi "Əfsanənin əks üzü seriyasından (26 Bakı komissarı) (Zvezda Tv, 2008) sənədli filminin elmi məsləhətçisi olub və filmdə çıxış edib. Asif Rüstəmli mədəniyyətimizi, ədəbiyyatımızı televiziya kanalları vasitəsilə layiqincə təmsil və təbliğ edir. O, 1991-1995-ci illərdə Azərbaycan televiziyası ilə gedən "Yaddaş", "Tarix bizə nə deyir?" verilişlərinin ssenari müəllifi və aparıcısı olub.

Asif Rüstəmli "Cəfər Cabbarlı və ədəbi-mədəni mühit" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (2011). Bir sıra beynəlxalq və elmi konfransların iştirakçısı olub. Ankarada, Bağdadda, Tehranda, Təbrizdə, Urmiyada, Varşavada, Budapeştdə, Diyarbəkirdə keçirilən beynəlxalq elmi konfranslarda ədəbiyyat məsələləri ilə bağlı məruzələri ilə diqqəti cəlb etmişdir.

Asif Rüstəmlinin tədqiqatları Azərbaycan ədəbiyyatşünaslığının XX əsrin bütün siyasi ziddiyyətlərinə baxmayaraq, sözün və sənətin dəyərləndirmə məqamlarına işıq tutmaq baxımından çox əhəmiyyətlidir.

Professor Asif Rüstəmli 17-dən artıq kitabın müəllifi, 400-ə yaxın elmi, publisistik məqalənin və elmi məruzənin müəllifi, iki  kitabın tərcüməçisi, çoxsaylı kitabların redaktoru və rəyçisi olmuş, onlara Ön söz yazmışdır. 

Onun geniş, sanballı çıxışlarının necə maraqla qarşılandığının, dünya alimlərinin heyrət və rəğbətinin şahidiyik. Biz bu gün fərəhlənməli və qürur hissi keçirməliyik ki, vətənimizin bu möhtəşəm alimi bu gün də öz vətəninə ləyaqətlə xidmət edir.

Asif müəllim, həqiqətən də, Azərbaycan elminin və adını ucadan-ucaya qaldıran möhtəşəm elm ocağının adı böyük hərflərlə yazılmağa layiq olan nümayəndəsidir. Onun fitrəti çox böyük insani keyfiyyətlər və mədəniyyəti vətənpərvərlik hissləri ilə yoğrulub. Doğma torpağa, milli soy-kökə, əsrlərdən keçib gələn tarixi yaddaşa bağlılıq onun özəl cəhətlərindəndir. Asif müəllimi xarakterizə edən ən mütərəqqi cəhət mənəvi intibah uğrunda mübarizliyidir.

Asif müəllimin bir cəhətini də qeyd etmək lazımdır. O, həm öz sahəsinin, həm də universal biliklərin toplusunu özündə birləşdirməyi bacaran alimlərimizdəndir. Ümumiyyətlə, bir elmi dərindən, mənbəyindən öyrənmək, daim öz üzərində çalışmaq, öyrəndiklərini hər zaman təkmilləşdirmək və dinləyicisi qarşısında çox mükəmməl savad nümayiş etdirmək Asif müəllimin məxsusi özəl keyfiyyətlərindəndir.

Asif müəllimin 70 illik mənalı ömrü gənc alimlərə örnəkdir desək, yanılmarıq. O, tükənməz enerjisi, yorulmaq bilmədən çalışması, möhkəm xarakteri, xüsusi istedadı və qabiliyyəti ilə sayılıb-seçilən alimlərimizdəndir. Asif müəllim hamıya kömək etməyə çalışan, nizam-intizamı və səliqə-sahmanı sevən, həmişə düzgünlüyün tərəfdarı olan, qayğıkeş insanlardandır.

Asif müəllim ədəbiyyatı, poeziyanı, musiqini, incəsənəti də sevir. Belə eşq, belə həvəs ona Qarabağ torpağının yetirməsi olduğu üçün ilahi tərəfindən verilib. Onun qəlbində olan nisgilə isə son qoyuldu. Vətənin torpaqları işğaldan azad edildi. Qarabağ köçkünlərinə köməklik göstərməsi, onların yerləşdirilməsində göstərdiyi səylər bu gün də gözümüzün önündədir.

 

Gözdən yaş çıxarmı, ürək yanmasa,

Özgənin dərdinə alovlanmasa?!

Çalışma, varlıya əl uzadasan,

Çalış, kasıblara kömək olasan.

Əlidən qalıbdır bizə bu miras:

Yıxılanı tutub qaldırmaq gərək.

Bu gün gəncliyimizə auditoriyalarda ədəbiyyatşünaslıq elminin incəliklərinə dair  söylədiyi dərin məzmunlu mühazirələrdən bəlli olur ki, görkəmli alim bu gün gəncliyimizin keşiyində qartal kimi dayanır. Asif müəllim öz zarafatı ilə seçilən ciddi adamdır. Daha doğrusu, xoşsima, qılıqlı bir adamdır. Onda böyükdən-kiçiyə, hamıya bir ölçü ilə yanaşma və sevgi vardır.

Asif müəllim çox zəngin və kamil bir insandır. Onun xəzinəsi isə qiymətli kitablardır. Bu zənginliyi o damla-damla, zərrə-zərrə əldə edib. İnsanın zənginliyi onun kamilliyi qədərdir. Asif müəllim mənən zəngin və kamil bir insandır.

Bütün bu deyilənlərdən sonra inamla belə qənaətə gəlmək olar ki, hamımızın sevimlisi, hörmət və ehtiram bəslədiyi Asif müəllimin həyat və yaradıcılığı,? ictimai fəaliyyəti bir həyat məktəbidir.

Azərbaycan ədəbiyyatının və ədəbiyyatşünaslığının tələbləri səviyyəsində müfəssəl ədəbi yaradıcılığın, klassiklərimizin həyatı və ədəbi irsinin, ədəbiyyatımızın sənətkarlıq məsələlərinin öyrənildiyinə baxmayaraq, müasir Azərbaycan ədəbiyyatşünaslığı qarşısında klassik irsin tədqiqi həmişə aktual bir problem olaraq qalır. Dövrün mühüm cari məsələlərinin, milli gerçəkliyin, müasir həyat tərzinin ayrı-ayrı təzahürləri, yeni nəsli düşündürən ictimai və etik problemlər Asif Rüstəmlinin yaradıcılığının əsas mövzusunu təşkil edir. Bu keyfiyyətləri ilə onun əsərləri XXI əsr Azərbaycan ədəbiyyatında əhəmiyyətli yer tutur. Həyatının çox məhsuldar bir çağını yaşayan müəllif ömrünün mənasını  yazıb-yaratmaqda görür. Bu baxımdan, onun yaradıcılığı həmişə diqqət çəkmiş, haqqında dövri mətbuatda müsbət fikirlər söylənilmişdir. 

Hörmətli alim ömrünün çox gözəl çağını yaşayır. O, bütün vücudu, nurlu çöhrəsi ilə insanları bu maddi dünyaya bağlayan həzz və iztirablardan ucadan-uca  dayanır. Dilinə, dininə daim sadiq olan Asif müəllim, hər zaman paklığını, saflığını qoruyub və bu saflıq, bu müqəddəslik onun bütün vücuduna hakim kəsilib.

Atalar yaxşı deyib: "Alim olmaq asandır, insan olmaq çətin". İnsanlığı ilə alimliyi bütövləşərək böyük bir şəxsiyyətə çevrilən Asif müəllim kimi insanlar çox azdır. Onun çox etibarlı, səmimi bir ailəsi vardır. Etibarlı ailənin çırağı isə gur yanar, ətrafa şölə saçar və onun nurundan bir çoxlarının da ocağına pay düşər. Bu nurun işığında ucadan-uca görünən Asif müəllim ona görə də Tanrının həmişə mərhəmətini qazanıbdır.

Hörmətli Asif müəllim! Sizi 70 illik mənalı bir həyat keçirdiyinizə, insanlıq titulunu hər şeydən uca tutduğunuza görə səmimi qəlbdən təbrik edirik. Sizə uzun ömür, cansağlığı və elmin üfüqlərində daima uca zirvələr arzulayırıq.