Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

Новые публикации

Жизнь и деятельность Хагани Ширвани

24-11-2020 [ 10:44 ] [ прочитано:81 ]
printerA+ | A-
100349

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu “Xaqani Şirvani həyatı və yaradıcılığı” kitabını çap etdirib. Kitab İnstitutun Elmi Şurasının 3 iyul 2020-ci il 3 saylı qərarı ilə yayımlanıb. Kollektiv əməyin nəticəsi olan kitab “Sənətkarın elmi pasportu” seriyasından işıq üzü görən doqquzuncu nəşrdir. Monoqrafiya AMEA-nın birinci vitse-prezidenti, müəssisənin direktoru, akademik İsa Həbibbəylinin "Ön söz"ü ilə çap olunub.

Kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor İmamverdi Həmidov, rəyçisi AMEA-nın müxbir üzvü Nüşabə Araslı, məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlıdır.

Bu kitab institutda “Yazıçıların həyatı və yaradıcılığının tədqiqinə yenidən qayıdış” layihəsi əsasında yazılmış monoqrafiyadır. Ortaq başlanğıc və İntibah dövrü Azərbaycan ədəbiyyatı şöbəsində hazırlanmış monoqrafiyada Əfzələddin İbrahim Əli oğlu Xaqani Şirvaninin həyatı, yaradıcılığı, sənətkarlığı və irsinin öyrənilməsi elmi cəhətdən dəyərləndirilir. Kitabda şairin həyatı və ədəbi irsi tam tədqiq edilməklə poeziyasının qaynaqları, ənənəsi və təsiri, sənətkarlıq xüsusiyyətləri kimi problemlər araşdırılır, irihəcmli əsərləri geniş təhlil edilir.

396 səhifəlik kitab “Elm və təhsil” nəşriyyatında çap olunub. Kollektiv monoqrafiyada İmamverdi Həmidov, Lalə Əlizadə, Nüşabə Araslı, Könül Hacıyeva, Elnarə Zeynalova, Məhəmmədhəsən Qəmbərli, Baloğlan Şəfizadə, Xanəli Babayev, Nailə Tağıyeva, Leyli Əliyeva kimi alimlərin tədqiqatları yer alıb. Kitabın xülasəsi Azərbaycan, ingilis, rus və fars dillərində, ədəbiyyat siyahısı isə Azərbaycan, türk, rus, avropa, ərəb, fars dillərindədir. Kitabda Xaqani Şirvaninin əlyazmaları, müxtəlif dillərdə nəşr olunmuş əsərlərinin və haqqında yazılmış kitablarən siyahısı da əlavə edilmişdir.