Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

Научные достижения

Основные научные достижения

11-09-2017 [ 11:12 ] [ прочитано:135 ]
printerA+ | A-

Nizami adına Ədəbiyyat İnstitutu ölkəmizdə ədəbiyyatşünaslıq elmi sahəsində əsas elmi tədqiqat mərkəzi kimi tanınır. İnsititut yarandığı gündən başlayaraq xalqımızın ədəbi-mədəni tarixinin araşdırılması ilə ardıcıl məşğul olmuş, onun təbliği işində böyük fəaliyyət göstərmişdir.

İnsititut 1932-ci ilin yanvar ayından Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu tərkibində Ədəbiyyat sektoru kimi fəaliyyət göstərmiş, Azərbaycan MİK-in 10 iyul 1933-cü il tarixli qərarı ilə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutundan ayrılaraq Azərbaycan Dil, Ədəbiyyat və Sənət İnsititutu tərkibində 1933-cü il sentyabrın 1-dən fəaliyyətə başlamışdır. Həmin İnsititutun əsas təşkilatçısı və ilk direktoru prof.V.M.Xuluflu (1894-1938) olmuşdur. İnsititutda ədəbiyyat problemləri ilə folklor şöbəsi (müdiri Hənəfi Zeynallı) və yazılı Azərbaycan ədəbiyyatı şöbəsi (müdiri Əli Nazim) məşğul olmuşdur. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası yarandıqda Dil və Ədəbiyyat İnstitutu kimi onun tərkibində olmuş, 1969-cu ildən isə müstəqil Ədəbiyyat İnstitutu olaraq fəaliyyət göstərmişdir. 
Beləliklə, 1932-ci ildə Ədəbiyyat sektoru kimi formalaşan İnsititut ötən 70 ildən artıq müddət ərzində Azərbaycanda filalogiya elminin mərkəzinə çevrilmiş, milli-mənəvi mədəniyyətin, xalqın folklorunun , klassik və müasir ədəbiyyatının öyrənilməsi ilə ardıcıl məşğul olmuş, onun tədqiqi, nəşri və təbliği sahəsində miqyaslı tarixi işlər görmüşdür. İnsititutda elmi və təşkilati işlərin yüksək səviyyədə qurulmasında və onun qarşısına qoyulan vəzifələrin həyata keçirilməsində Böyükağa Talibli, Bəkir Çobanzadə, Əli Nazim, Hənəfi Zeynallı, Salman Mümtaz, Səməd Vurğun, Məmməd Arif, Həmid Araslı, Məmməd Cəfər, Mirzə İbrahimov, Mirzağa Quluzadə, Feyzulla Qasımzadə, Məmmədhüseyn Təhmasib, Əli Sultanlı, Mir Cəlal və başqa görkəmli alimlər yaxından iştirak etmişlər. 
İnstitut öz tarixinin müxtəlif dövrlərində zamanın tələblərinə uyğun yeni problemlərin, aktual məsələlərin tədqiqi ilə də məşğul olmuş və bütün hallarda bu qurumun strukturu həmin problemlərin həllinə imkan verən bir şəkildə müəyyənləşdirilmişdir. 
Əvvələr İnstitutun əsas strukturu Azərbaycan ədəbiyyatının tarixinin, nəzəriyyəsinin, folklorun, ədəbi abidələrin tədqiqinə imkan verən «Ədəbiyyat tarixi», «Ədəbiyyat nəzəriyyəsi», «Folklor» və «Mətinşünaslıq» şöbələrini əhatə edən akademik qurumlardan ibarət olmuşdur. Bununla yanaşı, müxtəlif dövrlərdə zamanın tələbindən doğan şöbələr; məsələn, türk xalqlarının ümumi abidələrini, ədəbi-mədəni məsələlərini tədqiq edən «Ortaq türk ədəbiyyatı» və s. şöbələr fəaliiyyət göstərmişdir.

İNSTİTUTUN SABİQ DİREKTORLARI: 
Vəli Xuluflu, Mirzə İbrahimov, Məmməd Arif, Məmmədağa Şirəliyev, Mirzağa Quluzadə, Məmməd Cəfər Cəfərov, Əziz Mirəhmədov, Yaşar Qarayev, Bəkir Nəbiyev.

 

DİREKTOR MÜAVİNLƏRİ: 
Kamal Talıbzadə, Vilayət Quliyev, Məhərrəm Qasımlı, Teymur Kərimli 

 

ELMİ KATİBLƏR: 
Timurçin Əfəndiyev, İmamverdi Həmidov, Arif Səfiyev, Nikpur Cabbarlı

ŞÖBƏLƏR VƏ ŞÖBƏ MÜDİRLƏRİ: 
Son illərdə Akademiyada keçirilən islahatlarla bağlı olaraq İnstitutun strukturu da təkmilləşdirilmişdir. 

İNSTITUTUN ƏSAS NƏŞRLƏRI: 
İnstitutda nəşr işləri iki istiqamətdə aparılmışdır:
1.Azərbaycan ədəbi abidələrinin və klassiklərin əsərlərinin nəşri;
2.Elmi tədqiqat əsərlərinin nəşri.
Klassik irsin nəşri sahəsində 1920-30-cu illərdə başlayan geniş miqyaslı iş ardıcıl olaraq davam etdirilmişdir. Demək olar ki, Azərbaycan ədəbiyyatının əksər klassiklərinin (Nizami, Xəqani, Fizuli, Zakir, Seyid Əzim, M.F.Axundov, C.Məmmədquluzadə, C.Cabbarlı, S.Vurğun və b.) əsərlərin bircildliyi və çoxcildliyi nəşr olunmuşdur. Həmçinin «Əkinçi» qəzeti, «Molla Nəsrəddin», «Fuyuzat» jurnalı kimi ədəbi-tarixi abidələrin, iyirmi cildlik «Azərbaycan klassik ədəbiyyatı kitabxanası»nın, dördcildlik «Cənubi Azərbaycan antologiyası»nın, F.Köçərlinin «Azərbaycan ədəbiyyatı» ikicildliyinin nəşri də İnstitutun mühüm işlərindəndir.
İnstitut mövcud olduğu müddətdə ədəbiyyatşünaslıq elminin aparıcı problemləri ilə məşğul olmuş və mühüm nailiyyətlər qazanmışdır. Xüsusilə Azərbaycan ədəbiyyatı tarixinin araşdarılması sahəsində ciddi işlər görmüşdür. Bu məsələ iki istiqamətdə keçirilmişdir:
1.Ayrı-ayrı görkəmli klassiklərin həyat və yaradıcılığının, həmçinin ədəbi-bədii problemlərin öyrənilməsi, 
2.Çoxcildli «Azərbaycan ədəbiyyatı tarixi»nin yaradılması.

 

İnstitutun mühüm elmi nəşrlər sahəsində gördüyü işlər sırasında görkəmli ədəbiyyatşünaslarımız Məmməd Arifin, Məmməd Cəfərin, Ə.Mirəhmədovun, M.Quluzadənin, M.Təhmasibin, M.Seyidovun, Y.Qarayevin və başqalarının öz elmi-nəzəri səviyyəsi ilə yalnız ölkəmizdə deyil, xaricdə də həmişə diqqət mərkəzində dayanır. 
Monoqrafik və problematik tədqiqatların əsas məziyyətlərindən biri də ədəbiyyat tarixçiliyinin yaranmasında mühüm əhəmiyyətə malik olmasıdır. Bunun nəticəsidir ki, İnstitutun kollektivi tərəfindən müxtəlif dövrlərdə çoxcildli «Ədəbiyyat tarixi» kitabları yazılmışdır. İkicildlik «Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi» (1943-1944), üçciildlik «Azərbaycan ədəbiyyatı tarixi» (1958-1960), ikicildlik «Azərbaycan sovet ədəbiyyatı tarixi»(1967) kimi fundamental əsərlərin yaradılması bu baxımdan böyük elmi əhəmiyyət kəsb edir. İnstitutun hazırladığı altıcildlik «Azərbaycan ədəbiyyatı tarixi»nin birinci cildi artıq çapdan çıxmış, ikinci və üçüncü cildləri isə nəşr prossesindədir. Xaricdə yaşayan azərbaycanlılar üçün yazılmış «Azərbaycan ədəbiyyatı (Müxtəsər oçerk)» kitabı da işıq üzü görmüşdür.
Fəaliyyət göstərdiyi dövrdə İnstitutda mindən artıq monoqrafiya və kollektiv elmi-tədqiqat işi hazırlamış və nəşr edilmişdir ki, bunların bir çoxu ölkədə, habelə xaricdə elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir.

İNSTITUTUN BEYNƏLXALQ ƏLAQƏLƏRI: 
İnstitut alimlərinin əsərləri tez-tez xarici ölkələrdə (İran, Türkiyə və s.) çap olunur, həmçinin xarici alimlərin əsərləri nəşr üçün İnstituta göndərilir. Eyni zamanda İnstitutun əməkdaşları xaricdə keçirilən beynəlxalq simpoziumların, regional elmi konfransların təşkilində və işində fəal iştirak edirlər. Xarici alimlər də İnstitutda keçirilən elmi simpozium və konfranslarda («Fizuli-500», «Kitabi-Dədə Qorqud-1300», «Azərbaycan mühacirət ədəbiyyatı» və s.) iştirak etmişlər. MDB ölkələri, Polşa, Almaniya, Yuqoslaviya, Bolqarıstan, Fransa, ABŞ, İngiltərə,Türkiyə, İran, İraq alimləri ilə elmi yaradıcılıq əlaqələri indi də müxtəlif istiqamətlərdə davam etdirilir. İnstitut ölkəmizdə ədəbiyyatşünaslıq sahəsində kompleks elmi-tədqiqat problemlərinin əlaqələndirilməsi üzrə də əsas mərkəzdir. Respublikamızın digər elmi-tədqiqat idarələrində və ali təhsil müəssisələrində bu sahədə aparılan tədqiqatların və dissertasiya mövzularının koordinasiyası, müəyyənləşdirilməsi və qeydə alınması İnstitutun nəzdindəki ədəbiyyatşünaslıq üzrə problem şurası tərəfindən həyata keçirilir.
Ümumiyyətlə, İnstitut fəaliyyət göstərdiyi 70 ildən artıq müddətdə ölkəmizdə ədəbiyyatşünaslıq elminin inkişafında, elmi-nəzəri fikrin müasir tələblər səviyyəsinə qaldırılmasında mühüm xidmətlər göstərmişdir. 1982-ci ildə Nizami adına Ədəbiyyat İnstitutu elmin inkişafındakı xidmətlərinə görə 50 illik yubileyi ilə əlaqədar olaraq «Xalqlar Dostluğu ordeni» ilə təltif edilmişdir. İnstitutun əməkdaşlarından 16 nəfəri keçmiş SSRİ-nin və müstəqil respublikamızın orden və medalları ilə təltif edilmiş, 12 nəfər Əməkdar elm xadimi fəxri adı almış, 6 nəfər Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülmüşdür.