Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

OTHER NEWS

The power of Heydar Aliyev - with a love for Javidan - Elnara Akimova

10-05-2023 [ 14:59 ] [ read:210 ]
printerA+ | A-
103343

In 1982, the spirit of ideology and service to Turkish morality of Heydar Aliyev's policy reached an infinite scale in 1982 with another terrible event. Heydar Aliyev ordered the repatriation of the poem of the great Azerbaijani poet Huseyn Javid from the Siberian steppes. This is how the period of movement towards Javid ideas of Azerbaijan began.

Həsrət, səni mərd yıxdı ki, sən insafa gəldin,

Qırx ildi gəlirdin, gəl a Cavid, səfa gəldin.

 

Fikrət Qoca bu misraları həmin dönəmdə və həmin mötəbər hadisə münasibətilə qələmə almışdır. Bu şeirdə Heydər Əliyevin obrazı "mərd"lik rəmzi kimi xarakterizə olunur. "Həsrət, səni mərd yıxdı ki, sən insafa gəldin"... Amma nəyin həsrəti? Axı söhbət 1937-ci ilin repressiya dalğasının güdaza verdiyi faciə qəhrəmanından gedir. Dövrün tədqiqatçıları bu məqamı dönə-dönə vurğulayırlar: "İstər klassik, istəsə də müasir Azərbaycan yazıçıların bir çoxunun yenidən böyük ədəbiyyata qaytarılması məhz Heydər Əliyevin iradəsi, qətiyyəti və nüfuzu sayəsində mümkün olmuşdur. 1937-ci il yazıçılarının böyük bir qismi 1956-cı ildə formal surətdə bəraət alsa da, onların ədəbiyyata dönüşü, ədəbiyyatda öz layiqli yerlərini tutması məhz Heydər Əliyevin sayəsində mümkün olmuşdur" (Vilayət Quliyev).

Haqlı fikirdir, 1956-cı ildə bəraətlər verilmişdi. Amma bu bəraətlərdən sonra belə repressiya olunmuş yazıçılarımızın irsinə münasibətdə durulma tam şəkildə bərqərar olmamışdır. Onların yaradıcılığının təhlil və təqdimində 1937-ci ilin xofu hələ də qorunurdu. Məsələn, 1958-ci ildə Əhməd Cavadın kitabına ön söz yazan Məmməd Rahim şairi hələ də zəhmətkeş adamlardan, onların həyatından yazmadığına, daha çox pessimist əhvalın üstün olmasına görə qınayırdı. Yaxud Əhməd Cavadın həyat və yaradıcılığını tədqiq etmiş filologiya elmləri doktoru Əli Saləddin şairin 1992-ci ildə "Seçilmiş əsərləri"nin ikicildlik nəşrini hazırlayanda oxucuya təqdim edilən stenoqramları özünəməxsus şəkildə ixtisar etmişdir. Əziz Mirəhmədovun, Kamal Talıbzadənin və b-nın da tədqiqatlarındakı mübahisəli baxışları bura əlavə etsək, bəraətin yalnız kağız üzərində qaldığı təsəvvürü yaranırdı. Rəsmi sənədlər üzərində bəraətlər verilib, amma düşüncədə hələ də repressiya havası, qorxusu, ürpərtisi, həyəcanı davam edirdi.

1982-ci il, sovet dövrü hələ bitməmişdi, heç buna işarələr belə yox idi. Dildə repressiyaya məruz qalanlar haqda gerçəklər tuğyan edirdi, amma kağız üzərində yanlış elmi-ədəbi yalanlar meydan sulayırdı. Çünki xof hələ çəkilməmişdi, ideoloji yanlışlığa uğrama qorxusu gerçəklərdən hələ daha öndə idi. Heydər Əliyev bu addımı ilə gerçəyi qorxulardan önə çıxartdı, Cavidin nəşini vətənə qaytarmaqla elə ilk növbədə, qorxunun üzərindəki örtüyü götürüb atmağa müvəffəq oldu. "Cavidə qayıdış" məqaləsində Azər Turan yazır: "Biz 37-ci ili xatırlamırıq. Biz onu xatırlaya bilsəydik Azadlıq barədə bir belə nikbin danışa bilməzdik. Biz 37-ci ildən sonra doğulmuşuq. Amma hamımız, şair demişkən, 37-də tutulmuşuq. Xatirələrimizin və genetik yaddaşımızın qolundakı qandalı isə 1982-ci ilin 26 oktyabrında açdılar. Biz 1982-ci ilin 26 oktyabrında azadlığa buraxıldıq".

"Ədəbiyyat qəzeti"nin "Repressiya dalğası: gerçək və gizlinləri ilə" adlı "müzakirə saatı"nda tədqiqatçı Cəlal Qasımovun bu fikirləri ilə razılaşmamaq olmur. "Bəraət dövründə - 56-cı ildən sonra udanlar və uduzanlar oldu. Fikrimcə, Cavid uduzanlar siyahısındadı, R.Axundov, V.Xuluflu isə udanlar. Əvvala, sual edirəm ki, Cavid 37-də güclü idi, yoxsa 56-da? 37-də Cavid türkçü kimi, turançı kimi böyük idi. 56-da isə ona bir sovet mundiri geyindirib kiçiltdilər. "Cavid və oktyabr inqilabı" adlı yazılar yazıldı. Əlbəttə, o dövrdə Cavid bəraət almasaydı 4 cildliyi çıxmayacaqdı, haqqında danışılmayacaqdı, dərsliklərə düşməyəcəkdi, haqqında monoqrafiyalar yazılmayacaqdı. Lakin bütün bu proses onun dilinə, üslubuna toxunulmaqla həyata keçdi. Məncə, bu reabilitasiya Cavidin sovet hökümətindən intiqamı deyildi. Sistemin özünün özündən intiqamı idi. Məncə, Cavidin bəraəti onun Sibirdən dönüşü ilə başladı. Cavidin dönüşü əslində Cavidə dönüşün başlanğıcı oldu. Nə idi Cavidə dönüş? Cavidə dönüş türkçülüyə dönüş, turan əxlaqına dönüş, Cavidə dönüş sufi təfəkkürünə dönüş, mili-mənəvi əxlaqi dəyərlərə dönüş idi".

1982-ci ildə Cavidin qayıdışı ilə milli mədəniyyətin yeni epoxası başladı. Bu həm də Heydər Əliyev siyasətinin 1969-cu ildən bəri xalqın mənəvi dirçəlişinə, ictimai özünüdərk və milli təfəkkür oyanışına doğru addım-addım gəldiyi yolun qanunauyğun sonucu kimi meydana çıxır. Heydər Əliyevin meydana qoyduğu bu miqyassız iş poeziyada izini qoymadan ötmür. Bəxtiyar Vahabzadə nəfəsinin poetik qatında özünə yer alır:

 

Yanar sinəsiylə buz qıranların,

Haqq səsi, dağ səsi tutub dünyanı.

Səni torpağına qaytaranların

Ömrü uzun olsun, torpağın sanı.

 

Mirvarid Dilbazinin odlu misraları mənzərəni duyub tanımağa imkan verir:

 

Sağ ol xalqımızın igidi, mərdi!

Bu bir şücaətdi, bu bir hünərdi.

Getdi sinəmizdən Cavidin dərdi,

Unutmaz bu haqqı millətin sənin.

 

Əhsən, kamalına, əqlinə əhsən!

Bir xalqın oğlusan, demirəm təksən.

Sən, xalqa endikcə yüksələcəksən,

Adi xidmət deyil xidmətin sənin.

 

Cavidin nəşinin niyə məhz Naxçıvanda basdırılması da ayrı özəlliyi ilə diqqət çəkir. Nəriman Həsənzadənin xatirələrində buna əmin oluruq: "Bir də Təbriz nisgili var idi Heydər Əliyevin. Hüseyn Cavidin nəşini uzaq Sibirdən vətənə gətirmişdi. Cavidi niyə Naxçıvanda basdırmaq istədi, burda yox? Söhbət gedirdi bu barədə həmin ərəfələr. Mən yanında durmuşdum, kimlərləsə söhbət edəndə dedi elə Naxçıvan yaxşıdı ki, Təbrizdən gələndə onu ziyarət eləyib gələcəklər. Bura qədər dərin düşünürdü Heydər Əliyev".

Cavidlə bağlı missiya bununla yekinlaşmır. Həmin vaxt Heydər Əliyevin göstərişi ilə Naxçıvanda Hüseyn Cavidə məqbərə tikilməsi qərara alınır. Lakin 1982-ci ildə respublikadan gedəndən sonra bu yöndə heç bir iş görülmür. Liderin 1993-cü ildə ölkəyə rəhbər kimi qayıdışından sonra işlərə yenidən təkan verilir. Naxçıvanda Hüseyn Cavidin əzəmətli məqbərəsi hazırlanır. Məqbərədə Cavidlər ailəsi - Cavidin, Müşgünaz və Ərtoğrolun məzarları yan-yana uyuyur.

Açılış 1996-cı ildə, oktyabrın 29-da baş tutur. Bütün ölkə elitasının, ədəbi ictimaiyyətin diqqəti bu hadisəyə köklənir. Açılışdan az sonra Xalq şairi Məmməd Araz prezidentə həyəcan və ehtiramla dolu məktub ünvanlayır: "Sizi təbrik edirəm, möhtərəm prezident Heydər Əliyev, siz, dahi Cavidin cənazəsini, obrazlı desək, dünyanın axırından çiyninizdə Bakıya gətirməklə kifayətlənmədiniz; onu yenidən çiyninizə götürüb doğulduğu yurda gətirdiniz. Onu Müşgünaz xanımla və Ərtoğrolla birlikdə bir nur odasına tapşırdınız. Siz bu əməlinizdən nə qədər məmnunsunuz. Naxçıvanda keçən təntənəli günlərdə buna şahid olduq. Siz bu yüksək əməllərin - birinci müəllifisiniz!"

Xəlil Rza Ulutürk "Gündəliy"ində Heydər Əliyevin bu addımını qəhrəmanlıq kimi səciyyələndirir: "Mən dahi Hüseyn Cavidimizin cənazə qalıqlarının ən uzaq məsafədən, Sibir qəbiristanından qatarla və təyyarə ilə Bakıya gətirlməsini, respublika ictimaiyyətinin diqqətində dayanmasını və təntənəli biçimdə şairin öz vətənində, Naxçıvanda torpağa tapşırılmasını, Molla Pənah Vaqifin məqbərəsi və heykəlinin Şuşada, ən yırtıcı düşmənin dar gözləri qarşısında ucaldılmasını və bu mərasimin böyük milli bayram kimi qeyd olunmasını, əzəmətli Respublika sarayının yaradılmasını, bu cür yüzlərcə təşəbbüs və tədbirləri də Heydər qəhrəmanlığı anlayışına daxil edirəm".

Zəlimxan Yaqub məqbərənin təntənəli açılış mərasimində "bu türbən mübarək olsun, bu qeyrətə eşq olsun", - deyə Heydər Əliyevin Cavidlə bağlı gördüyü işləri poeziyanın dili ilə əbədiləşdirdi:

 

Ulu qüdrət olan yerdə yeri yoxdur dərd-azarın,

İşığına yığışmışıq bir türbədə üç məzarın.

Sən Allahın dostusanmış,

            son səfərin, son güzarın,

Vətən adlı Məkkə oldu, hac oldu, Cavid əfəndi.

Ləyaqətin bu millətə tac oldu, Cavid əfəndi.

Bu şeir nümunələri və fikirlər əlbəttə ki, görülən işin heyranlığı qarşısında dillənən poetik rübabın səsi idi. Amma bir də Turan Cavid vardı. Cavidlər ailəsinin son yadigarı... Turan xanımın xatirəsində Heydər Əliyevin obrazı - Cavid sevgisi, sevinci, heyranlığı, qədirbilənliyi və ən əsası, Cavid duyumu ilə daha işıqlı, daha gerçək mahiyyəti ilə sərgilənir. Həmin sevgini görmək üçün Azər Turanın "Cavidnamə" kitabında yer alan, müəllifin Turan Cavidlə olan söhbətinə istinad etməyin məqamıdır: "Açılışda xüsusi təyyarə ilə getdik. Təyyarədə hamıyla görüşdü, öz kabinəsinə getdi və məni dəvət etdi. Şəkil çəkdirdik. Cavidin əsərlərinin sayı ilə maraqlandı. Cavid haqqında çox maraqlı fikirlər söylədi. O, Cavidi bilirdi. 1983-cü, 1984-cü illərdə də mən bunun şahidi olmuşdum. 1983-cü ildə Moskvadan yayda istirahət üçün Bakıya gəlmişdi. 1983-ün 24 sentyabrında Azdramada "İblis"ə baxmağa gəldi. O gün aktyorlar da çox gözəl oynayırdılar. Tamaşadan sonra müzakirədə əsəri elə dəqiq təhlil elədi ki... Zarafatından da qalmadı. Dedi ki, indi məndən soruşsalar ki, İblisi görmüsən, cavab verərdim ki, bəli, - Hamleti göstərib - İblis belə olar, - dedi. İkinci dəfə 1984-cü ildə sentyabrın 15-də Rus Dram Teatrında "Şeyx Sənan"a baxdı, rəhmətlik Zərifə xanımla birgə. I hissədən sonra məni qonaq otağına çağırdı və içəri girən kimi, "tamaşada bir neçə obrazı ixtisar ediblər", - söylədi. Düz deyirdi. Sonra isə musiqidən danışdı. Fikrətin musiqisini çox təriflədi və kor ərəbin mahnısını ifa elədi, sözləri və melodiyanı dəqiq ifa edirdi. Təəccüb ediləcək bir hal idi. Dramaturgiyanı yaxşı bilirdi, duyurdu. O, Cavidi Şekspirlə deyil, Höte ilə müqayisə etməyin tərəfdarıydı. "Faust"la "İblis"i müqayisə edirdi.

Əliyev, ümumiyyətlə, Cavidə qarşı çox həssasdı. Hətta 1997-ci ildə məqbərəni oktyabrın 14-də - Ərtoğrolun rəhmətə getdiyi gündə ziyarət etmişdi.

- Bu bir təsadüf deyildi?

- İnanmıram ki, təsadüf olsun.

- Qayıdaq məqbərəyə...

- Məqbərənin lentini kəsdi, gələn qonaqlar, vəzifə sahibləri ətrafımızdaydı, pillələri qalxanda Heydər Əliyevə: "İkimizdən başqa heç kəs içəri girməsin. Bu, ikimizin haqqıdı", - dedim. Hamı ayaq saxladı və biz içəri girdik.

Məqbərənin açılışından sonra ziyafət verdi. Ziyafətdə Şahmar Əkbərzadə "Yas içində toy" şeirini oxudu. "Kəcavən mübarək, toyun mübarək, məzardan məzara gəlin köçürsən" misraları Əliyevə çox təsir etdi. Yanaşı oturmuşduq. Bir daha ona təşəkkür edəndə: - "Başqa cür ola da bilməzdi", - dedi.

Muzeyin açılışında da belə oldu. Bura yalnız onu dəvət etdim. Yeganə muzeydi ki, açılışına Heydər Əliyev tək gəlmişdi. Cavidin ad günündə, 120 illiyinin tamam olduğu gün. Bu çox səmimi bir görüş oldu... Yəqin ki, hər bir kəsi Allah yer üzünə bir işdən ötrü gətirir. Görünür, Cavidin məzarını Vətənə köçürmək üçün bu adam I katib olmalıydı. Məqbərənin də, muzeyin də açılmasına o uşaq kimi sevinirdi, fərəhlənirdi".

Belə... May ayı yalnız Ulu Öndər Heydər Əliyevin doğum tarixi ilə bağlı deyil, həm də onunla eyni bütövlükdə assosiasiya verən Cavidin vətənə dönüşünün, onun bu böyük şairə Cavidanə bir eşq ilə ehtiramının yad olunduğu zaman vahididir. Türk ruhunu, turan sevdasını uca tutub ən kəskin zaman aşamalarından zədəsiz çıxaran bu iki dahi şəxsiyyətin ömür bioqrafiyası milli varlığımızın idrak məqamıdır.

"Ulduz" jurnalının Xüsusi buraxılışı

OTHER NEWS