Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

NEWS FEED

Famous investigator-scientist, Teymur Ahmadov has been awarded to gold medal of "European Publishing House"

14-03-2017 [ 14:37 ] [ read:188 ]
printerA+ | A-
fancybox

Tanınmış tədqiqatçı-alim Teymur Əhmədov “Avropa Nəşr Mətbuat Evi”nin qızıl medalına layiq görülüb

İndiyədək 40-a qədər monoqrafiya və müxtəlif səpkili kitabların, yüzlərlə elmi-kütləvi, publisistik yazıların, otuz adda elmi-ədəbi, ictimai-siyasi nəşrlərin müəllifi olan tanınmış tədqiqatçı-alim, publisist Teymur Əhmədov daha bir nüfuzlu mükafata layiq görülüb.

AZƏRTAC xəbər verir ki, “Respublika” qəzetinin baş redaktoru, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Teymur Əhmədov “Avropa Nəşr Mətbuat Evi”nin mükafat komissiyasının qərarı ilə “Ən yaxşı vətənpərvər tədqiqatçı-alim” qızıl medalı ilə təltif olunub.

Bu nüfuzlu mükafat zəhmətkeş alimə milli-mənəvi dəyərlərimizin qorunmasında, istedadlı gənc alimlərin hazırlanmasında səmərəli fəaliyyətinə, cəmiyyətdəki fəal ziyalı mövqeyinə, Azərbaycan ədəbiyyatının təbliğinə, dünya ədəbiyyatının inkişaf qanunauyğunluqlarının öyrənilməsi sahəsində apardığı uğurlu elmi tədqiqatlara, ölkəmizin mətbuat tarixinin tədqiqində xidmətlərinə görə verilib.

Qeyd edək ki, Teymur Əhmədov milli oyanış dövründə yaratdığı və redaktoru olduğu mətbu nəşrlərlə demokratik mətbuatın təşəkkülü və inkişafına öz töhfəsini verib. O, eyni zamanda, milli mətbuatımızda tarixi ənənələrin yaşadılmasında əvəzsiz xidmətlər göstərib. XX əsrin əvvəllərində ictimai-siyasi, ideoloji, ədəbi estetik fikir tariximizdə bütöv bir mərhələ təşkil edən “Füyuzat” jurnalının 100 illik fasilədən sonra məhz Teymur Əhmədovun redaktorluğu ilə yenidən nəşrə başlaması da tarixi hadisə kimi dəyərləndirilir.

AZƏRTAC-ın kollektivi adını mətbuat və elm tarixinə həkk etmiş simalardan biri olan Teymur Əhmədovu layiq görüldüyü yüksək mükafat münasibətilə təbrik edir, ona yeni-yeni uğurlar arzulayır.