Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

A writer who sheds light on the human spirit and national history - Manaf Süleymanov - 110 - Dilara Adilgil

10-11-2022 [ 11:48 ] [ read:71 ]
printerA+ | A-
102840

  The unforgettable writer, historian, translator Manaf Faraj oglu Süleymanov, whose 110th birthday was celebrated this year, was born in 1912 in Lahij village of Shamakhi district. Even, if we take it a little wider, Manaf Suleymanov's small homeland - the Russian Empire - was located in the Baku governorate. In 1930, the young applicant, who graduated from secondary school in Baku, studied at the Azerbaijan Petroleum and Chemical Institute and graduated from the Faculty of Geological Exploration with honors and qualified as an explorer-mining engineer. Later, M. Suleymanov, who closed his life path with more literature, does not leave his main art. The candidate of geological and mineralogy sciences defended his thesis and taught at his native institution for more than half a century, while also testing his professional knowledge and experience with his pen in great literature. "All his works, without exception, talk about people working in mining, primarily oil, oil fields"....

   Manaf Süleymanov dedikdə dərhal göz önünə "Eşitdiklərim, oxuduqlarım, gördüklərim" əsəri gəlsə də, onun yaradıcılığı heç də məşhurlaşdığı Bakı mühiti ilə məhdudlaşmır. Yazıçının fəaliyyəti onlarla kitabın səhifələrini aşıb işlədiyi arxiv materialları, bədii tərcümələri ilə genişlənir, tanınır, möhkəmlənir.

   M.Süleymanov ədəbiyyata 1947-ci ildə "Azərbaycan" jurnalında dərc olunan "Yerin sirri" romanı ilə gəlmişdi. "Yerin sirri" 1948-ci ildə kitab şəklində çap olunmuş, zaman-zaman təkrar nəşrləri işıq üzü görmüş, rus, alman, slovak, çex, rumın və digər dillərə tərcümə edilmişdi. Əsərlə tanış olan A.Fadeyev ona yüksək qiymət verərək, "nəhayət, neftçilərin həyatından layiqli bir əsər çıxdı", - demişdi. Fadeyevin bu açıqlamasını yaxın dostu və həmkarı Səməd Vurğun da bölüşür, romandakı şərait amilinin deyil, insan faktorunun qabardılaraq önə çəkilmisini alqışlayırdı. Hətta, yerə-göyə meydan oxuyan Mircəfər Bağırov da "Yerin sirri" haqqında Mehdi Hüseynə, Əli Vəliyevə demişdi: "Gördünüz Manafın əsərini? Əsl əsər belə olar". Neft, Bakı fəhləsinin salnaməsi ədəbiyyatımızda kifayət qədər və layiqincə işıqlandırılıb. Görkəmli yazıçılarımız Məmməd Səid Ordubadi, Mehdi Hüseyn, İmran Qasımov bu mövzuda epopeyalar yaratmış, sözlə Bakı fəhləsinə heykəl ucaltmışlar. Söz sahibləri üçün daim cəzbedici və aktual olan bu mövzu Manaf Süleymanovu da məşğul etmiş, hər iki sahənin professionalı kimi entuziazmla "Yerin sirri"ni öyrənməyə qalxmışdı. Akademik Nizami Cəfərov yazır: "Süjet o qədər də mürəkkəb deyil - hadisələr 30-cu, 40-cı illər üçün xarakterik olan xoşbəxt sonluqla başa çatır, lakin əsərin bədii yükü sületdə deyil, daha çox təfərrüatda cəmləşmişdir". M.Süleymanovun bu mövzuda yazan digər müəlliflərdən fərqi və üstünlüyü o idi ki, "yazıçılığa neftçilikdən" gəlmişdi. Bakının neftli torpağı, neft kəşfiyyatçılarının həyatı, dünyada ilk dəfə dərin qazma üsulunun həyata keçirilməsi romanın süjet xəttini təşkil edir. Gənc geoloq Zəki cəsarətli və məsuliyyətli bir layihə ortaya qoyur. Nəticədə 5 km. dərinliyində qazılan buruq fontan vurub "neft dənizi" əmələ gətirməklə, gurultusu onlarla kilometr uzaqlarda eşidilir. "Sanki kürreyi-ərzin içi qopub havaya atıldı; göy üzünü qara bir pərdə örtdü. Havadan iri damcılarla, şiddətli neft yağışı yağmağa başladı".

   M.Süleymanovun ilk əsərinin, özü də romanın ədəbi ictimaiyyət tərəfindən bəyənilməsi gənc yazıçını daha "sirri" öyrənməklə qane etməmiş, sonralar "Fırtına"da "Dalğalar qoynuna" atılaraq, "Zirvələr"i də fəth etməyə ruhlandırmışdı. Mövzu yazıçının qəlbinə, ruhuna o qədər yaxın idi ki, qəvvas kimi dərinliklərə baş vurur, rahatca "Fırtına"da "Dalğalar..."a doğru üzürdü. Hətta, müəllif ilk əsərinin qəhrəmanı olan Gülşənin adını qızına vermiş, sevə-sevə yaratdığı obrazı övladında yaşatmışdı. "Dalğalar qoynunda" dəniz neftçilərinin məşəqqətli əməyindən, qəhrəmanlığından, fədakarlığından bəhs edən bir istehsalat romanıdır. İstehsalat romanı janr kimi XX əsrin əvvəllərində yaranmağa başlamışdı. Getdikcə sovet ədəbiyyatında təşəkkül taparaq yazıçıların ən çox müraciət etdikləri mövzuya çevrildi. M.Süleymanovun da "qələminə ən çox yatan mövzu qurub-yaradan adamların ömür-günü" idi. Ədibin ilk romanında olduğu kimi "burada da əsərin bədii gücü təfərrüatdadır". Yazıçı heç nəyin üzərindən saymazyana keçmir, göstərmək istədiyini göstərir, çatdırmaq istədiyini çatdırır. "O kağız-kuğuz olmasa da, mən incinar olmasam da, bilirəm ki, bizim dənizdə güclü neft var. Gəmi ilə gedib-qayıdanda hara baxırsan suyun üstü, cəzirələr neftdir, qazdır. Dəniz qırağından yüz, iki yüz mil uzaqda neft üzür, qaz qaynayır". Burada artıq geoloq-mineraloq M.Süleymanov danışır. "Gəmiçilər əvvəllər sahilə yaxınlaşanda Qız qalasını tuş götürürdülər, indi isə Hökumət evinə səmt alırlar" - deyəndə isə yazıçı duyğusallığı üzə çıxır.

   1960-cı ildə ədib "Fırtına" romanını yazır. Qasırğa quruda, fırtına dənizdə olur. Atmosferdə baş verən hər hansı çalxalanma ilə, lap maqnit qasırğası olsun, qarşılaşmaqdan hər kəs qaçsa da, ədəbiyyat və incəsənətdə həqiqətən "Fırtına" qoparan əsərlər kifayət qədərdir. Dahi Şekspirdən başlamış rus ədəbiyyatının qızıl, gümüş dövrünün demək olar bütün nümayəndələri, türk poeziyası daxil dağıdıcı külək yağışla, qarla birləşib sətirlərdə tufan qoparır. Romanda "fırtınalar qoparsa-qopsun" deyib "sürüklənməkdən" qorxmayan, daim ölüm təhlükəsi ilə üzbəüz qalan, Xəzərin ağır "xasiyyəti" qarşısında səbr, səbat göstərib neft çıxaranların hünərvər əməyi təsvir və vəsf edilir. Zaman - müharibəsonrası, məkan - açıq dəniz, dəli dalğaların qoynu. Dünənki cəbhəçilər bu günün əmək qəhrəmanlarıdır. Burada usta, mühəndis, fəhlə ayrı-seçkiliyi yoxdur. Hamının məqsədi - altı "nöyüt, döylət" olan mədənlərdən, neft təbəqələrindən itkisiz neft hasil etmək idi. Roman personajlarla zəngindir. Usta Piri, Qulam İskəndərzadə, Qurban Hacıyev, gənc fəhlələr - Rövşən, Gülər, Firəngiz, Əhməd-Tovuz cütlüyü... Hər bir obraz, xarakter əsərin mükəmməlliyinə, çatışmayan epizodların, nüansların tamamlanmasına xidmət edir. Usta Piri surəti haradasa müəllifin özü ilə uzlaşır. Onun dəniz, neft, qazma barədə bilmədiyi bir şey yoxdur. Təpədən-dırnağa neftçidir. Hətta, yapışqanı axtaranda da, "nə oldu, o zəhrimara qalmış yapışqan? Hazır olmadı? Quyudan-zaddan çıxır?" - deyir. Və bu elmini, təcrübəsini gənc nəslə yadigar qoymaq üçün kitab yazır. Gördüyü çətinliklərdən, ləğv etdiyi avariyalardan, xilas olduğu yanğından, qəzadan "namə" bağlayır. Yazıçı istehsalat mövzusunu Daşkəsən filizçilərinin iş-fəaliyyəti ilə davam etdirir. "Zirvələrdə" belə yaranır.

   "Eşitdiklərim, oxuduqlarım, gördüklərim..." Sovet hökumətinin dirəklərinin laxladığı, süqutuna doğru gedən bir zamanda yazılmışdı. 1984-cü ildə "Azərbaycan" jurnalında çap edilmiş, dərhal da yaxşı mənada böyük ajiotaj yaratmışdı. Digər adı "Günlər keçdi" olan bu bu tarixi oçerk 1987-ci ildə kitab kimi nəşr olundu və əl-əl gəzdi. Hamı bu kitaba "yoluxmuşdu". Əsər inqilab dövründə "neft və milyonlar səltənətində" baş verən hadisələrdən, Bakı neftinin tarixindən, varlanmaq üçün dünyanın bir çox sənət, peşə sahiblərinin buraya axışmasından, mənsəb və dövlət sahib olub "qızıl qırmaq"larından, "təzadlar şəhəri"nin milyonçularından və dilənçilərindən söhbət açır və dövr haqqında geniş təsəvvür yaradır. Kitabda mövzuya, dövrə aid elə bir böyük, ya kiçik məsələ, hadisə, ya nüans yoxdur ki, M.Süleymanov onun üstündən sükutla keçsin, epizodik ya dərindən toxunmasın. Əsər "millətə azacıq da olsa istiqlal dadızdıran" Cümhuriyyətin süqutu və Qızıl Ordunun Bakını işğal etməsi ilə başa çatır. Təbii ki, 1984-cü ildə həm zamandan, bəlkə də əqidəsindən dolayı M.Süleymanov əsərinin sonunu tamam başqa tərəfə - "sabaha açılan pəncərəyə", şərqin işıqlı səhərinə aparır... Əsərdə Şaumyan da öz "qəhrəman statusunda"dır, Bakı qırğınlarında 15 min azərbaycanlını qətl edəndən sonra cəsədlərin üstündə "bir-iki, Bakı oldu bizimki" oxuyan daşnaklarla da əsərdə onun heç bir əlaqəsi yoxdur. Bu yazdıqlarım nə qınaqdır, nə başqa bir şey, sadəcə faktdır. Düşünmürəm ki, M.Süleymanovun bunlardan xəbəri olmamış olsun... Təbii ki, işin içində olan adam kimi bilirdi. Lakin Sovet hökumətinin yaratdığı ermənilərin özləri kimi qondarma Azərbaycan-hayastan dostluğunun fonunda əsl həqiqəti nə qələmə ala, nə də dilə gətirə bilərdi. Baxmayaraq ki, bütövlükdə Azərbaycan əleyhinə yazılmış, xalqımızın hissləri ilə oynayan, sırf təxribat məqsədi daşıyan "Ocaq" artıq kitab şəklində nəşr olunub yayılmışdı. İndiyə qədər canımızdan çıxmayan ağrı-acılarımıza da cəmi 4 il qalırdı. Amma H.Z.Tağıyev daha "Döyüşən şəhər"dəki Hacı deyil. Macəraçı obrazından qurtulmuş nüfuzlu dövlət və iş adamı, xeyriyyəçi, millətini sevən, onun çətinini asan edən, eyni zamanda, şəxsiyyətini qoruyan bir vətənpərvərdir.

   XX əsrin əvvəllərinin Bakısı bir çox əsərlərin, filmlərin süjetində öz əksini tapıb. "Əli və Nino"da, M.S.Ordubadinin "Gizli Bakı", "Döyüşən şəhər", Mehdi Hüseynin "Səhər" romanlarında, "Son iclas" filmində... Lakin M.Süleymanovun bu tarixi oçerkində isə bütün bu əsərlərdə ayrı-ayrılıqda təsvir edilən hadisələr bir yerdə və xronologiya gözlənilməklə əks etdirilmişdir.

  "Şubanı dağındakı Atəşgah məbədi atəşpərəstlərin ən böyük, ən müqəddəs ziyarətgahı hesab edilirmiş. Şubanı Atəşgahını ötən əsrin axırlarında dağıdırlar". Qurd qapısı aşırımından 5-10 km. aralıda qərar tutan Şubanı dağlarının adı Bakının məhrəmi kimi onun tarixinə aid sənədlərdə, təsvir edildiyi bədii əsərlərdə mütləq keçir, boz silueti görünür. Bakı şəhərinin mövqeyinin təsviri sanki görüntülüdür: "Limanın sahili şərqdə Zığ burnundan başlayıb, qərbdə Şıx burnuna qədər uzanır".

   Əsərdə şəhərin bağlarından - "Malağan", Quru bağ (Parapet) və əlbəttə ki, Bakının ən qədim parkı Qubernator bağından danışılır. O Qubernator bağı ki, salınması üçün "Bakı şəhər komendantı Lənkəran və İrandan Bakıya gələn bütün gəmilərin yiyələrini və kapitanları bir neçə çuval qara torpaq gətirməyə vadar edərdi; əmri yerinə yetirməyənlərdən cərimə alınardı". Qurban Səid "Əli və Nino"da Qubernator bağını "üstü böyük səhranın qumu ilə örtülmüş" ərazi adlandıranda məhz həmin qumsallığı nəzərdə tuturdu. Bu bağ belə əziyyətlə salınmışdı. İki qala divarı arasında yerləşən bağ-bağça uzun müddət Bakıda yeganə istirahət parkı olaraq qalırdı. Nino da Əli ilə 1918-ci ildə məhz burada vədələşmiş, "saat beşdə Qubernator bağının gölməçəsi yanında ", - deyə görüş təyin etmişdi. Köhnə bakılıların "Goburnat bağı" adlandırdıqları bugünki Filarmoniyanın bağını mən nə üçünsə İstanbulun Gülhanə parkına bənzədirəm. Dənizə çıxışı olduğundanmı, bədii əsərlərdə göründüyündəmi, ya da hər iki səbəbdən... Elə park kimi xalqa açılması da aşağı-yuxarı Qubernator bağı ilə eyni vaxta düşür.

  "Eşitdiklərim..."ə qədər də tanınmış yazıçı olan M.Süleymanovun bu əsərdən sonra ulduzu daha gur parlayır. O, bütün yaradıcılığı boyu həyatının şah əsərinə doğru gedirdi, işləyirdi, material toplayırdı, arxivlərdə düşüb qalırdı, lakin heç kimə heç nə demirdi. Qorxurdu gözündən salarlar, qorxudarlar, əli soyuyar, ruhdan düşər, 30 illik zəhməti heç olar. Çünki belə bir əsər yazmaq cəsarət istəyir. İlklərin ilki olmaq asan iş deyil. Amma insan, özü də yazıçı, söz demək istəyirsə mütləq deyir. Əsas odur, deməyə sözün olsun.

   Əsər tanışdırıcı fraqmentlərlə başlayır. Hadisələr Bakının köhnə məhəllələrində cərəyan edir, Birinci Dünya Müharibəsini adlayıb 28 aprelə qədər qarma-qarışıq, mürəkkəb yol gedir. "Gündən-günə böyüyən şəhərdə üfunətdən nəfəs almaq olmurdu. Bir yandan havanı korlayır, digər tərəfdən yoluxucu xəstəliklərin yayılmasına səbəb olurdu. Bunları nəzərə alıb 1878-ci ildə ümumu kanalizasiyanı çəkməyə başlayırlar". Getdikcə Bakı şəhər şəkli almağa başlayır. Küçə fənərlərinin sayı artır, "dərə-təpəlikdən ibarət olan şəhər küçələrini tarazlamağa, səki və küçələri düzəltməyə icazə verilir. Məhəllələrdə süpürgəçilər qoyulur". Əsərdə sözügedən dövrün Bakısı hər hansı tərəfdən baxsaq, yaşamaq üçün normal demirəm, heç ortabab da olmayıb. Milyonçular, bir ovuc ziyalı, bir az da əli iş tutan sənətkarları çıxsaq, orta və aşağı təbəqə ağır vəziyyətdə yaşayırdı. Amma bütün bunlara baxmayaraq, həmin illər sonrakı nəsillər üçün həmişə maraqlı olub, ədəbiyyatda, incəsənətdə dönə-dönə qayıdılıb, müraciət olunub. Yəqin ki, tariximizin taleyüklü hadisələri bu dönəmdə baş verdiyindən, müqəddəratımız məhz bu illərdə həll edildiyindəndir.

   Əsərin dili də maraqlıdır və diqqət çəkir. "Hacı Zeynalabdin Tağıyev ortada, qubernator bir tərəfində, şəhər bələdiyyə rəisi digər tərəfində lll Aleksandra yaxınlaşırlar. Hacı xoşamədi deyir". Zamanın özü kimi sadə, bəzək-düzəksiz xalq dili təhkiyəyə uyğun olub, əsərin qiraətini sağlayır.

   Bütün şüurlu ömrünü tədqiqata sərf edən M.Süleymanovu müasirləri canlı tarix də adlandırırdılar, gəzən ensiklopediya da, tozlu arxiv də... Onun "Eşitdiklərim, oxuduqlarım, gördüklərim..." əsəri XlX əsrin sonu, XX əsrin əvvəlinin Bakısını öyrənmək üçün zəngin mənbədir. Əsərdə neft maqnatı Murtuza Muxtarovla usta Pirinin maraqlı dialoqu var. Bu "Fırtına" romanındakı məşhur neftçi Piri Quliyevdir.

   Zaman keçir... M.Süleymanovdan təsirlənənlər, yeni salnaməçilər, Bakışünaslar peyda olur... Əsəri yaradan müəllif olsa da, onun sonrakı taleyi cəmiyyətə nə qədər yararlı olmasından asılıdır. Zamanın keşməkeşindən çıxa biləcəkmi? Düşünürəm ki, bu sualın cavabı müsbətdir və əsərin aqibəti barədə nigarançılığa əsas yoxdur. M.Süleymanov Bakının tarixinə dair elə mükəmməl bir əsər yaratmışdır ki, sonrakı cəhdlər hələ ki, kölgədə qalır, parodiyanın parodiyasına bənzəyir. 2019-cu ildə Bakı Kitab Mərkəzi ən çox satılan kitabların siyahısını təqdim etmişdi. Reytinqə daxil olan Azərbaycan dilindəki 10 kitabdan biri M.Süleymanovun "Eşitdiklərim, oxuduqlarım, gördüklərim..." əsəridir. Böyük ədiblərin əsərlərinin yer aldığı mötəbər onluqda "Eşitdiklərim də..." halal yerini tutub.

   1994-cü ildə M.Süleymanovun "Azərbaycan diyarı Lahıc: etnoqrafik-bədii lövhələr" kitabı işıq üzü görür. Yazıçı bu kitabında doğulub böyüdüyü, Azərbaycanın ən qədim insan məskənlərindən olan Lahıcın bənzərsiz təbiətindən, ağ çay daşları ilə döşənmiş küçələrindən, adət-ənənələrindən, məişət və mədəniyyətindən, sənətkarlığından söz açıb. Bu gün bələdiyyə statusu daşıyan Lahıc böyük bir ustalar qəsəbəsidir. Emalatxanaların taybatay açıq qapılarından görünən xalça toxuyanlar, dəmir döyənlər, dekorativ tətbiqi sənəti inkişaf etdirən və bu təkrarsız peşəni gələcək nəsillərə ötürən misgərlər kitabda sevə-sevə tərənnüm olunub. Qədim zamanlardan öz əlinin zəhməti ilə yaşayan belə sənətkarlar haqqında deyirlər ki, onların həmişə qarnı tox, əyni geyimlidir. Çünki azaddırlar, beynəlxalq vəziyyətdən, qlobal dəyişikliklərdən, heç kimdən, heç nədən asılı deyillər, öz dədə-baba dükanlarını işlətdikləri üçün vergi də ödəmirlər. "Azərbaycan diyarı Lahıc..." M.Süleymanovun Vətən, ocaq məhəbbətinin parlaq təzahürüdür. Lahıc bir çox görkəmli şəxsiyyətlər, tanınmış ziyalılar, alimlər, ictimai xadimlər yetirib və... Şəhidlər verib. 44 günlük şərəf müharibəmizdən sonra bölgələrimizi tanıdan şəxsiyyətlərimizi sadalayarkən verdiyi şəhidlərin də adları çəkilir. Bu onların ruhuna verə biləcəyimiz kiçik bir təşəkkür borcu, igidlərimizin isə halal haqqıdır.

   M.Süleymanovun yaradıcılığının əhəmiyyətli hissəsini onun tərcümələri təşkil edir. Cek Londonu, Uilyam Somerset Moemi, O.Henrini, Con Steynbeki, Piter Abrahamsı və başqa ingilisdilli yazıçıları azərbaycanca "danışdıran" məhz M.Süleymanov olub. "Tərcüməçi prozada qul, poeziyada rəqibdir", - deyirlər. Bu da nəsrdə tərcümənin çətinliyinə işarədir. Yəni, bədii əsərlər sözbəsöz yox, həm də düşüncəbədüşüncə çevrilməli, çatdırılmalıdır. Gürcü rejissoru G.Daneliya Daşkənddə "Baharın on yeddi anı" filminə özbək dilində baxırmış. Fürerin kabinetinə daxil olan Borman fərəqət vəziyyəti alıb deyir: "Salamaleykum, Qitler-aqa! " Tərcümə prosesində ilk assimilyasiyaya uğrayan, itən yumor olsa da, burada əksinə, naşı tərcümənin hesabına ciddi mətn gülüş doğurur ki, bu da əlbəttə, qeyri-professionallıqdan xəbər verir. Ona görə deyirlər ki, bədii əsərlərin tərcüməsi ilə səriştəli yazıçılar məşğul olmalıdır. Mövlud Süleymanov kimi. Onun tərcümələri birbaşa, seçimi zövqlüdür. C.Londonun "Həyat eşqi", E.Heminqueyin "Qoca və dəniz", O.Henrinin "Ən əziz hədiyyə" kimi dünya şöhrətli əsərləri Azərbaycan dilinə tərcümə edərək möhürünü vurub, bu tərcümələr latın qrafikası ilə də dəfələrlə çap olunub.O, ingilis, fars, ərəb dillərini bilməklə yanaşı, rus dilində də yazıb-yaradıb.

   Bu yazı Manaf Süleymanov haqqında olsa da, akademik Nizami Cəfərovun ona həsr etdiyi "Dolan, kəfkirim, dolan..." xatirə kitabını xüsusi qeyd etmək istəyirəm. Əvvəla, onu deyim ki, bağlanan bu "ömür dastanı" sevgidən yoğrulub, yazıçının şəxsiyyətinə hörmətlə süslənib, nəql edilənlər qədirbilənliklə yad edilib. Xüsusilə son cümlə - "Bu kitabda yaxşı nə varsa Sizin adınızadır və Sizə aiddir, uğursuz cəhətləri isə mənə aiddir və onun məsuliyyətini mən təkcə daşıyıram" - Manaf Süleymanova olan ehtiramın göstəricisi olmaqla bərabər, müəllifin də ziyalı təvazökarlığının başucalığıdır.

   M.Süleymanov 90 ilə yaxın uzun bir ömür sürüb. Bir epoxanın yaranmasını da gördü, süqutunu da. M.Bağırovu taxtda görüb, Məhəmməd Əminlə söhbət edib. "Qaraşın, gülümsərsifətli bir adamdı"... Dəyişən formasiyaları da yaşadı, əlifbadan əlifbaya da gözünün qarşısında keçildi. Ömrü çox şeyə çatdı, çox hadisələrə şahidlik elədi. Ən başlıcası ləyaqətli bir həyat yaşadı, özü özünə layiq ola bildi. Hamı dahi ola bilməz, kifayətdir ki, özün olasan. "Sevdiyin hər şey bir gün itəcək, amma sonunda sevgi başqa bir şəkildə geri dönəcək". M.Süleymanova olan oxucu həvəsi, yaradıcılığının bu gün də yaratdığı maraq həmin bu sevginin bariz nümunəsidir.

OTHER NEWS