Azərbaycan ictimai-mədəni, ədəbi-estetik fikrinin inkişafında milli mətbuatımızın danılmaz rolu vardır. Bu mətbuat orqanlarından hər biri milli məfkurə, azərbaycançılıq, dövlətçilik, türkçülük, maarifçilik, milli heysiyyat, milli mədəniyyət və ədəbiyyatın formalaşmasında bacardığı qədər xidmət göstərmiş, düşüncə lokomotivizmin irəliləməsində əhəmiyyətli mövqe qazanmışdır.
Bununla belə, bu gün əsrin dörddə biri qədər yaşı olan, milli təəssübkeşlik hissimizin, dövlətçilik düşüncəmizin, iqtisadi, siyasi, mədəni müstəqilliyimizin nəinki inkişafına, həm də dövlətçilik konsepsiyamıza əməli köməklik göstərən, bu işi böyük şərəf və ləyaqətlə yerinə yetirən, tribun missiyasını öz üzərinə götürən “525-ci qəzet”in fəaliyyəti haqqında danışmamaq, bu fəaliyyətin əsaslı konturlarını görüb, təqdir etməmək insafsızlıq olardı. “525-ci qəzet” öz dəsti-xətti, öz prinsipləri, öz yanaşma meyarları, hadisələri işıqlandırma, faktlara münasibətdə obyektivliyi əks etdirmək baxımından nəşr olunduğu ilk günlərdən bu günə qədər olduqca nəzərə çarpacaq bir əməl sahibi oldu.