Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

Love for Anar - Tehran Alishanoglu

17-03-2025 [ 12:34 ] [ read:12 ]
printerA+ | A-

Eyniadlı kitaba Önsöz əvəzi

87 yaşı ərəfəsində milyonların sevimlisi Anar haqqında yazdıqlarımı cəmləyib kitab bağlamaq istədim. Az deyildi, bir kitablıq vardı. "Anara oda", "Anar tezisləri", "Anarı anlamaq zamanı", "Yazıçı Anarın hünəri", "Anarın Söz dünyası", "Çağdaş Ədəbiyyat dastanı"... - Anar haqqında çox yazmışam, az qala ismin bütün hallarında. Bunu illər deyir.

Anar sevgim mənim həmişə Ədəbiyyat istəyi-təşnəliyi olub; bu barədə xatirələrim danışır ("Anarı anlamaq zamanı"). İlk gəncliyimdə dərnək müəllimim, yazıçı Tofiq Qəhrəmanov bu sevgini mənə aşılayandan, çox-çox uzaq sovet əyyamlarında, daim Anar fanatı, Anar pərəstişkarı olmuşam. Elə sonralar da, Ədəbiyyatda Anar davasından heç zaman əl götürməmiş, çəkinməmişəm; bunu da 1983-dən 2025-ci iləcən altında tarixin dürüst rəqəmləri yazılarım xəbər verir. Həm də tək fanat-çağlarımda yox, Anardan kəskin küsüb AYB-dən gedəndə də ("AYB-dən YeniSiyə getdi"), məlum olanda ki, heç yana getməmişəm (Anar müəllim ərzimə-ərizəmə sadəcə imza atmayıb), gedəmməmişəm - onda da...

Ədəbiyyatdan həmişə Anar sevgisi ummuşam. Bir mən yox ki; təkcə elə Anarın son illərdə işıq üzü görmüş fundamental "Söz dünyası"nın IV kitabını vərəqləsək, Sözardı qismində nə qədər də Ədəbiyyat yolçularının bu xüsusda etiraflarını görə bilərik (ərinməyib mən 40-dan çoxunu saydım). 70-cilər, 80-cilər, 90-cılar; Anarı istəyənlər də, istəməyənlər də, elə gah istəyib-gah istəməyənlər də yenə, yenə Anardan danışır. Bu bir epoxadır, artıq bitmiş, dünəndə qalmış zamanlardır; Söz dünyasının özü də təsdiq edir, özəllikləri, gözəllikləri olan bizim zamanımızdır - hazırda xatirələr zamanı... (bax: Anar, Söz dünyası, III cild. Bakı, "Şərq-Qərb", 2022, 728 səh.; IV cild. Bakı, "Şərq-Qərb", 2022, 624 səh.)

Dövrün başlanğıcında, 1960-cı illərdə(n) Ədəbiyyatda Anar bizimçün müasirlik ölçüsü-etalonu, böyük Müasirlik hərəkatının generatoru, lokomotivi olubdur... ("Anar tezisləri") Sonra  Müstəqillik illəri, hərəkatın davamı, "Gecə düşüncələri" gəldi; epoxanın Ədəbiyyatda flaqmanı, emblematik adı, simvolikası bildik Anarı ("Simvol adlar"). Üstəgəl həm də "Qarabağ dastanı. Otuz ilin həsrəti - 44 günün zəfəri", var-oluşumuzun başqa bir halı... ("Çağdaş Ədəbiyyat dastanı") İndilər, Anardan sonra isə - post, post, post... post-, meta-, meqa-, maqa-... - yerinə nə gəlibdisə də gəlibdir... ("Yazıçı Anarın kədərli ironiyası")

Modern epoxa, müasirlik çabalarımız, darlıqdan çıxıb Dünyaya yazılmaq ehtirasları... - həmin o uzun, up-uzun Sevda yolunda, heç fərqinə varmadan, bir də ayılıb görmüşük ki, can atdığımız, uzaqda bildiyimiz Anarla həmyaşıdıq, əsrdaş, həmməslək, əqidə yoldaşıyıq. Uzun məsafələr qət etmiş, ömür xərcləmiş, böyük mətləblər yormuşuq. Az olmayıb ki, çox umub da küsmüşük də Anardan... 

Hələ gənclik çağlarımda(n), 1970-cilərdə Şəxsiyyət azadlığı istəmişik, Sənət azadlığı ummuşuq Anardan, "ekzistensiya" sorağına çıxmışıq... ("Ağ liman" povestində forma və məzmun vəhdəti", "Əlaqə sorağında") İstəmişik, sorğulamışıq, almışıq da: "Ağ liman"da, "Molla Nəsrəddin-66"-da, "Yağış kəsdi"də, "Mən, sən, o və telefon"da, "Gürcü familiyası"nda, "Dantenin yubileyi"ndə...

Biz bu təmənnada ("ekzistensiya" axtarışlarında) ikən, qayıdıb Anarın epos yazması, kino-dastan bağlaması ("Dədə Qorqud"), yaxud Klassika sorağında universal gəzişmələri ("Dədə Qorqud dünyası", "Şairin hünəri", "Şairin kədəri", "Şairin zəfəri", "Anlamaq dərdi"...), durmadan geniş Maarifçilik işi ("Qobustan" jurnalı,"Sizi deyib gəlmişəm", "Nigarançılıq", "Qəm pəncərəsi", "Üzeyir ömrü", "Cavid  ömrü", "Sübhün səfiri"; "Min beş yüz ilin oğuz şeiri"...) xeyli heyrətləndirib, şaşırdıb, çaşdırıbdı da... Vaxt olub "əyri güzgülər"də, kosmopolitizmdə suçlamışıqsa Anarı, sonra qayıdıb millətçilikdə, millət davasında damğalamışıq da ("Anar nəsrində forma və məzmun vəhdəti"). İrəli qaçıb Sartr ola bilmədi, Kamü ola bilmədi dediyimiz də olub, dərindən-dərin, millilik adına uzun-uzadı düşünməyimiz də ("XX əsr Azərbaycan nəsrinin poetikası"). Həmişə də sonda Anar haqlı çıxıbdır... 

Yazıçı fəhminə nə söz?! Görmüşük ki, mücərrəd ekzistensializm olmur, təqlidlə Ədəbiyyat heç olmur ("Azərbaycan "yeni nəsri")... Anlamışıq; bəlkə də bizə öncə milli eposun bərpası lazımdır. Milyonların qəlbinə girən, ruhunu çalan kino-dastan lazımdır: "...O torpağı ki, qoruya bilmədin, onu əkib-becərməyə dəyməz. O torpağı ki, əkib-becərmədin, onu qorumağa dəyməz...". Fərqinə varmışıq, - "Axı biz elə deyildik, ay əmi... Yaxşı, bəs indi bizə nə olub, ay əmi..." - fərdin azadlığına varmazdan əzəl bəlkə sosial ekzistensializmə baş vurmağımız gərəkir ("Macal", "Şəhərin yay günləri"...).  

"Beşmərtəbəli evin altıncı mərtəbəsi"nə qalxanda çox-çoxlarımız Anarı qınamış,  daha bir mərtəbə endi deyib, qəhrəmanlarını meşşanlıqda suçlamışıq da ("Anar nəsrində forma və məzmun vəhdəti"). Gəl ki, hər dəfə çarpışa-vuruşa, nəsildən-nəsilə Təhminə teması ("Ağ liman", "Beşmərtəbəli evin altıncı mərtəbəsi", "Təhminə və Zaur", "Təhminə", "Təhminənin son sirri") daha da geniş oxucu-tamaşaçı məhəbbəti qazananda, baho, Anar ki milli varlığımızın melo-dramatik kodunu-damarını daha yey bilirmiş deyib qail olmuşuq ("Təhminənin son sirri" hekayəsi haqqında)...

Vaxtilə "Evləri köndələn yar" tele-tamaşası Eldar Ryazanovun "Həmişə təmizlikdə"sini Yeni il axşamlarından vurub-çıxaranda nəsə bir az da peşman olur, "şap-şup"u hardasa ucuz zarafata yozurduq. Demə, Anar bizi zərif yumoru ilə hələ nə qədər də (bugünün) kütləvi şou-şitlikləri, şitənmələrindən qoruyur, saxlayırmış...

Milli varlığın ekzistensial halını çözməklik, zaman-zaman millətin ekzistensiyasını yazmaqlıq daha necə olur ki?! 

1960-1980-ci illərin sonu, yeni eranın başlanğıcı yazıçı bir dəfə özündən baş götürüb getmiş millətin ekzistensial halını "Otel odası"na gömdü, "basdırdı"... ("Otel otağı"nda bir ömür) Qane olmadıq, Anar, Anar! - dedik. 

Bu dəfə Anar dizini qatlayıb, millətin qorxusunu, xofunu, qara yuxularını - "Ağ qoç qara qoç"u ərz elədi, bir az da utopiyasını-xəyalatını böyrünə qatdı ki, çox da qorxmayaq, sərvaxt olaq... ("Proza önə çıxdı") Anar, Anar! - deməkdən yenə usanmadıq... 

İndi Anar bizi irreal, irrasional dünyalara aparıb, astral yer-göy, mental xeyir-şər səltənətlərində azdırdı, fərz qılaq ki, qeybə, qeyblər aləminə yönəltdi... ("Göz muncuğu") O yanda amma rasional dünyamızdan da qoparmadı: "Ötən günə gün çatmaz, calasan günü-günə..." - "Söz dünyası"nı yazdı. Hətta vəsiyyətini də etdi, "Sizsiz", "Mübarizə bugün də var", "Həyatım ağrıyır", "Kərəm kimi", lap bugünlərdə isə "2=34, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi" əsərlərinin ardınca "Yaşamaq haqqı"nı qələmə aldı: "Bu kitab xalqıma vəsiyyətimdir..." - dedi. Anar! - çağırdıq yenə: - Anar!, Anar!..  

Gördü olmur, köhnə qəhrəmanlarını köçürdü təzə dünyamıza, dekonstruksiyasını etdi, baxaq görək nə deyəcəksiz... ("Yazıçı Anarın kədərli ironiyası") Və son, qəhrəmanını günə qənşər sırf biznesmen eləyib dəfn elədi qərib bir diyarda... ("Qatardan qalan adam") 

Nə deyəyim, bundan da artıq Ədəbiyyatda(n) Anar sevgisi (ummaq) olurmu?! Anar, bizim Anar...

Bir-iki kəlmə də Ədəbiyyat - Dövlət - Cəmiyyət münasibətləri barəsində ("Yazıçı Anarın hünəri"). Anar hələ 1971-ci ildə Azərbaycan KP MK-nın diqqətinə gəlmiş yazıçıdır: "Respublika partiya təşkilatının rəhbəri kimi ən yüksək instansiyalardan gələn siqnallara reaksiya verməli olduğu üçün "Qobustan"ı yüngülvari tənqid etdi, amma Azərbaycan vətənpərvəri kimi toplunu dağılmağa qoymadı..." ("Unudulmaz görüşlər"); "Yaxşı padşahın nağılı"na (1970) cürət etmiş, ondan sonra da həmişə Anar olmağa cəsarəti çatmış yazıçıdır... 

Anar Müstəqillik illərində Ulu Öndərə Dədə Qorqud bayramı təklifini vermiş, Heydər Əliyev Fondu ideyasını irəli sürmüş ("Unudulmaz görüşlərin izi ilə"), Azərbaycan Prezidenti İlham Əliyevə təklifini verərək, Heydərabad yaratmağın təməlini qoymuş yazıçıdır ("Yazıçı Anarın hünəri"). Çün Anarın həmişə Xalq, Cəmiyyət, Dövlət qarşısında real, aydın, dürüst Ədəbiyyat platforması, Ədəbiyyat hesabatı olubdur. Bir yazımda da dolayısı yazmışam. Həndəvərində olanların heç birisinin belə bir platforması yoxdur. Anarınsa vardı...  

Kitabda mən ömrün müxtəlif çağlarında, müxtəlif nöqtələrdən, müxtəlif ruh halında yazılmış, eyni bir Anar sevgisini ifadə edən yazıları topladım. O sevgi ki, adına Ədəbiyyat sevgisi deyirik...