Professor Bədirxan Əhmədlinin üç cildlik "XX əsr Azərbaycan ədəbiyyatı tarixi" dərslik-monoqrafiyasının II cildi üzərinə
Akademik Nizami Cəfərovun ümumi redaktəsi ilə nəşr edilən "Azərbaycan ədəbiyyatı tarixi. İcmallar, təhlillər, portretlər" dərslik-monoqrafiyanın (redaktorları: akademik Muxtar İmanov, filologiya elmləri doktoru Şahbaz Şamıoğlu, Əli Şamil, rəyçiləri: AMEA-nın müxbir üzvü Tehran Mustafayev, filologiya elmləri doktoru, professorlar - Nazif Qəhrəmanlı, Alxan Məmmədov, Tahirə Məmməd) II cildi siyasi hadisələrin, ideologiyanın və mövcud sistemin ədəbiyyata müdaxilə etdiyi XX əsrin 20-50-ci illərini əhatə edir. Bu dövrün qiymətləndirilməsindəki çətinlik, mürəkkəblik və özünəməxsusluq çoxdur. Bu mərhələdə baş verən ədəbi müzakirələr və "məhkəmələr", ədəbiyyata ideoloji müdaxilələr düzgün oxunmalı və qiymətləndirilməlidir. Müəllif də bu yolla gedir; hər fəslin əvvəlində verilən "İctimai həyat və ədəbi proses" bölümü məhz buna xidmət edir və dövrün ictimai mənzərəsini aydınladır. Çünki bu mərhələdə ədəbiyyat həm də ictimai həyatla sıx münasibətdə olur. Altı bölümdən - hər dövrün ictimai-siyasi və ədəbi proseslərindən bəhs edən geniş həcmli icmallardan ibarət olmaqla, həmin dövrdə yazıb-yaratmış ədəbi şəxsiyyətlərin həyatı, mühiti, yaradıcılığı əhatə olunur. XX əsrin 20-50-ci illərinin mürəkkəb ədəbi proseslərinə böyük diqqət, qayğı və həssaslıqla yanaşan müəllif ziyalı təəssübkeşliyi, sevgisi ilə ədəbiyyatın dərin elmi təhlilini verə bilmişdir. Əvvəlcədən qeyd etməliyik ki, bu kitab da böyük ruh yüksəkliyi və ilhamla yazılmış, müəllif əsərin ədəbi-elmi panoramasını bütün təfərrüatı və təfsilatı ilə yarada bilmişdir. Bu dövrün problemlərindən başlıcası, əsərin ictimai-siyasi durumunun mürəkkəb və ziddiyyətli olmasında, onun ədəbi prosesdə buraxdığı dərin sağalmaz izlər, cığırlar salmasında idi. Bu cəhətdən 20-ci illəri postcümhuriyyət dövrü və ya proletar hegemoniyası mərhələsi adlandırması tamamilə doğrudur. Bu məsələlər vaxtilə ideoloji meyarlarla ədəbiyyat tarixinə daxil edilirdi. Professor Bədirxan Əhmədli isə həmin hadisə və materiallara tamamilə yeni prinsiplərlə yanaşır. Çətinlik də elə buradadır; əvvəlki elmi-metodoloji dəyərləndirmə öz əhəmiyyətini itirmişdir. Müəllif dövrün ədəbi hadisə və şəxsiyyətlərinə yeni elmi metodoloji prinsiplərlə yanaşır və hər hansı bir şəxsin və ya mətnin ədəbiyyat tarixindəki yerini müəyyənləşdirməyə çalışır.
Proletar diktaturasının hərbi-siyasi yolla, hərbi müdaxilə, silah işlətməklə, günahsız qanlar tökməklə bərqərar olunması ədəbiyyata təsir edəcəyi kimi, cəmiyyətdə insani münasibətlərin pozulmasına, dağıdıcı təsir göstərməsində idi. Siniflər və siyasi qruplaşmalar arasında gedən mübarizə xarakterinə görə antoqonist mahiyyət daşıyırdı. Böyük mənəvi üstünlük xalq hakimiyyəti və mütərəqqi dövlət tərəfdarlarında olsa da, getdikcə onların sayı repressiya maşınının işə düşməsi nəticəsində azalırdı. Sözsüz, bu mübarizə dövrün mətbuatında, ədəbi prosesində öz əksini tapırdı. Ədəbi prosesdə milli təmayülçülüyün proletar ədəbiyyatı və beynəlmiləlçilik ideyaları ilə əvəz olunması özünü bariz göstərir, ənənəvi milli ədəbi qüvvələr getdikcə bütün vasitələrlə sıxışdırılırdı… Müxtəlif qütblü ədəbi qüvvələr yaransa da, ilk dövrlər "millətçilər" daha üstün mövqedə idilər. Məhz bu dövrdə onlar "Türk ocağı" və "Yaşıl qələmlər" təşkilatında birləşib real ədəbi platforma yarada bilmişdilər. Bunun müqabilində "Gənc qızıl qələmlər", "Azərbaycan Proletar Yazıçılar Cəmiyyəti" yaradılır… 20-ci illər ədəbi cəmiyyətlərinin formalaşmasında müəllif belə bir doğru qənaətə gəlir: "İstər ədəbi-bədii təşkilatların qurulmasında, istərsə də mübarizə və yaradıcılıq metodlarında Azərbaycan yazıçıları rus sovet ədəbiyyatının təcrübəsindən istifadə edirdilər".
Bu cilddə müxtəlif ədəbi cəmiyyətlərin yaranmasından sonra onların əvvəlcə Azərbaycan Proletar Yazıçıları Cəmiyyəti, daha sonra isə Azərbaycan Yazıçılar İttifaqı adı altında birləşdirilməsi prosesi təhlil olunur. Ə.Cavad, H.Cavid, M.Müşfiq, Y.V.Çəmənzəminli və S.Vurğuna qarşı təzyiqlərin güclənməsindən ətraflı məlumat verir. Ədəbi prosesdəki parçalanma və qütbləşməsinin ideoloji kökləri, milli cəbhədə duran ədəbi qüvvələrə qarşı təzyiq vasitəsinə çevrilməsini real tarixi fakt kimi ortaya qoyur. Elə bu vaxtlar Ə.Cavad və C.Cabbarlıdan ilk dəfə bəhs edilir. H.K.Sanılı, Səməd Mənsur, Almas İldırıma qarşı məhz bu dövrdə təzyiqlər başlayır. Yaranmaqda olan proletar ədəbiyyatının sosrealizm yaradıcılıq metodunun zor gücünə ədəbi düşüncəyə gətirilməsinin maraqlı tarixçəsi olmaqla, onun gələcəyinə nihilist münasibətlər məhz bu dövrdə yaranır.
Professor Bədirxan Əhmədli dövrün ədəbi mübarizəsini bütün təfərrüatları ilə, diqqətlə araşdırmış, onların ideya istiqamətlərini, amallarını, niyyətlərini bütün reallıqları ilə göstərə bilmişdir. Məhz bu dövrün ədəbi xülasəsini verərkən prof. B.Əhmədli yeni ədəbi qüvvələrin ədəbiyyata gəlişini, onların yaradıcılığının aşkar xüsusiyyətlərini göstərərək, bu dövr ədəbiyyatını "sentimental-romantik poeziyadan nikbin sonluğa" qənaəti ilə dəyərləndirir; Ə. Nazim, N.Hikmət, S.Vurğun, M.Müşfiq və başqalarını yaranmaqda olan yeni şeirin nümayəndələri kimi təqdim edir. Müəllif haqlı olaraq yeni şeir axtarışlarını, mövzu, mündəricə və yeni poetik forma mədəniyyəti problemlərini xüsusi vurğulayır. Haqlı olaraq yeni şeirin poetik forma axtarışlarından, sərbəst şeirin poeziyada bərqərar olmasından, Azərbaycan sərbəst şeirinin yaranması və formalaşması ilə bağlı araşdırmaları mövcud tədqiqatlardan fərqlənir və yeni tendensiyanı ortaya qoyur. S.Vurğun və M.Müşfiqin bu sahədəki səmərəli və əvəzsiz poetik formalarından ətraflı danışaraq fikirlərini təsdiqləyə bilir. Kitabı oxuduqca müəllifin sübuta ehtiyacı olmayan nəticələrinin doğruluğuna inanmamaq olmur. Yeni poetik təfəkkürün formalaşmasında "Sənət həyat üçündür", yoxsa, "Sənət sənət üçündür" ədəbi formulunun mübarizəsini dəyərləndirir. Bu dövrün poeziyası Hacı Kərim Sanılının oçerki ilə yekunlaşır. İlk dəfə olaraq H.K.Sanılı ədəbiyyat tarixinə daxil edilir. Yeri gəlmişkən, professor B.Əhmədli şəxsiyyətlərə həsr edilmiş oçerklərdə (kimliyindən asılı olmayaraq!) şəxsiyyəti deyil, bədii mətni təhlil edir, ədəbiyyat tarixindəki yerini və mövqeyini "ədəbiyyata nə vermişdir?" formuluna görə müəyyənləşdirir.
Müəllif bu illərdə ədəbiyyatda müsbət meyillərin yaranmasına da diqqət çəkir, həmin dövrdə gənc qüvvələrin, N.Hikmətin Azərbaycana gəlişi, yeni şeirin yaranmasında ənənə və novatorluq məsələləri önə çəkilir. N.Hikmətin, M.Rəfilinin ilk milli sərbəst şeirin formalaşmasındakı rolu arqumentlərlə əsaslandırılır. Şeirdə satirik ənənələrin davam etməsi və inkişafı yeni yaranmaqda olan ədəbiyyatın əsas müsbət cəhətləri kimi qeyd olunur, M.Ə.Sabir ənənələrinin davamı kimi M.S.Ordubadi, Səməd Mənsurun ("Rəngdir", "Qoca aşıq", "Cavan aşıq", "Bacıoğlunun dayıya ərizəsi", "Dayının bacıoğluya cavabı" və s.), H.K.Sanılı, Ə.Nazim, C.Cabbarlı və başqalarının satira yaradıcılığının geniş ədəbi təhlilini verir.
Bu mərhələdə yaranan nəsr, dramaturgiyanın da inkişafında baş verən proseslər və hadisələr yetərincə araşdırılır. Poeziyada yeni bədii təfəkkür formalaşdığı kimi, nəsr və dramaturgiyada da yeni inkişaf prosesi başlayır. Bədii nəsrdə irihəcmli əsərlərin yaranması səbəbləri, müasir həyat hadisələrini təsviretmə prinsipləri qeyd edilir. Bu dövr ədəbiyyatında nəsrin (xüsusilə, hekayəçiliyin) inkişafında C.Məmmədquluzadə, C.Cabbarlı, Ə.Haqverdıyev, S.S.Axundov, S.Hüseyn, Qantəmir, B.Talıblı, H.Nəzərli, T.Ş.Simurğun yaradıcılığı önə çəkilir. Onların nəsr yaradıcılığını ədəbiyyat tarixçiliyinə gətirib, ədəbi-nəzəri düşüncə müstəvisində təhlili təqdirəlayiqdir.
Dramaturgiya icmalında isə onun səciyyəvi xüsusiyyətləri, mövzu və problematikası önə çəkilir. Tarixi həqiqətlə bədii gerçəkliyin təsviri problemində H.Cavidin "Topal Teymur" və "Peyğəmbər" əsərlərilə yeni mərhələyə daxil olduğunu bildirir. "Dramaturgiya" bölümünün "Cəfər Cabbarlı" oçerki ilə tamamlanması təqdiredicidir. Biz burada tamamilə yeni bir Cəfər Cabbarlı obrazı ilə rastlaşırıq, daha doğrusu, tanıdığımız C.Cabbarlının tanımadığımız xüsusiyyətlərini bizim üçün açır. Qeyd edim ki, bu yanaşmanı oçerki verilən bütün müəlliflərə aid etmək mümkündür. Çünki ədəbiyyat tarixi hər hansı bir araşdırma deyil, bütün ədəbi hadisə və şəxsiyyətlərin yaradıcılığını ali ədəbi prinsiplərlə təqdim etmək və ədəbi fikirdəki yerini təsbit etmək deməkdir. Bu mənada, M.Müşfiq oçerki təqdir olunmalıdır. Oçerkdə M.Müşfiqin yaratdığı yeni mövzu, məzmun və mündəricənin tələblərindən doğan novatorluğu görməmək mümkün deyil. Müəllif nakam şairin poetik yaradıcılığına xüsusi həssaslıqla yanaşır, bunun üçün də hər cür təşəkkürə layiqdir. M.Müşfiqin poetik dühası ilə yaradılan "Oxu tar", "Küləklər", "Teleqraf telləri", "Yenə o bağ olaydı", "Gecə düşüncələri" və s. kimi şeirlər təkrarolunmaz poeziya nümunələri olub, məzmun və forma vəhdətinin parlaq nümunələrini açır. Doğrusu, üç və dörd heca duraqlı (bölgülü) şeir formasına XII əsrin klassik sənətkarı Əhməd Yəsəvinin "Divani-hikmət"indən tutmuş, müasir dövrümüzə qədər heç bir şairin yaradıcılığında rast gəlmədik (Ə.Yəsəvi "Divanı"nı 4 hecalı duraq növündə yazmışdı). Bu vəzn ölçüsü Müşfiqin poetik dühasının yaradıcılığı sayəsində yaranmışdı. Şeir təkrarolunmaz bariz nümunəsi olub dünya poeziya tarixi üçün yeni idi!.. Ona nə antik yunan poeziyasında ("Anakreonun, Homerin poeziyasında"), nə orta əsrlər italyan (Dante), nə Bayronun, nə də rus poeziyasında (Jukovski, Puşkin, Lermontov, Yesenin və b.) rast gəlmək mümkün deyil. M.Müşfiq sərbəst şeirin əsrarəngiz poetik formasını yaratmaqla, söz-ifadə ilə misra anlayışları arasındakı sərhədləri dağıtdı…
Professor Bədirxan Əhmədli 40-50-ci illəri "Sosrealizmin təşəkkülü və yeni meyillərin təzahürü" adlandırır və ədəbi mühitin sosrealizm çərçivəsində inkişafını izləyir. Burada da iyirmi illik bir dövrün ədəbi mənzərəsi yaradılır; müharibə ədəbiyyatının yaranması, S.Vurğun və S.Rəhmana hücumlar, konfliktsizlik nəzəriyyəsi, Axmatovşina və Zoşşenkoçuluğa qarşı mübarizənin zərərləri, "Kitabi-Dədə Qorqud" dastanına Moskvadan hücumlar, ədəbiyyatın, hələ də müəyyən mənada qərar və qətnamələrlə idarə olunması və s. kimi məsələlər üzərində dayanılır. Müəllifin fikrincə, II Dünya müharibəsi bir çox məsələləri üzə çıxardı; sistemin bir çox xalqlara qarşı inamsızlığı, müharibənin gətirdiyi siyasi baxış və s. xalqları öz milli keçmişinə baxmağa vadar etdi. 1948-ci ildə bir qrup gəncin (İ.Rəhimov, G.Hüseynoğlu və b.) Azərbaycanla bağlı təşkilat yaratmaları və rəhbərliyini S.Vurğuna təklif etmələri cəmiyyətdə yeni baxış paradiqmaları yaratdı. Bu proses digər xalqların həyatında da baş verdi.
Professor Bədirxan Əhmədli poeziya, nəsr və dramaturgiyada baş verən prosesləri bütün incəlikləri ilə sistemləşdirir və müəyyən nəticələrə gəlir. Poeziyada S.Vurğun, S.Rüstəm, R.Rza, M.Rahim, O.Sarıvəlli ilə yanaşı, yeni qüvvələr (B.Vahabzadə, H.Hüseynzadə, N.Xəzri, Ə.Kərim, M.Araz, Ə.Kürçaylı və b.) onun məzmununu və üslubunu da dəyişdi, poeziyaya yeni nəfəs və yeni ruh gəldi qənaətini önə çıxarır, Cənub mövzusunun Azərbaycan bədii düşüncəsindəki mövqeyini yeni mərhələ kimi dəyərləndirir. Bu bölümdə S.Vurğun, S.Rüstəm, R.Rza, M.Rahim, O.Sarıvəlli ilə yanaşı, ilk dəfə olaraq Əliağa Vahid oçerkinin də yer alması şairin ədəbiyyat tarixindəki halal haqqıdır.
Professor Bədirxan Əhmədli nəsrin bu mərhələdə Azərbaycan ədəbiyyatında tarixi boyu ilk dəfə olaraq poeziyadan önə keçməsini təsbit edir, bədii nəsrin inkişafını şərtləndirən amilləri araşdırır, sistemdən və ideolojidən gələn ziddiyyətlərin getdikcə aradan qalxdığını yazır. S.Rəhimov, M.Hüseyn, Əbülhəsən, M.İbrahimov, İ.Əfəndiyev, İ.Hüseynov, İ.Şıxlı nəsrinin getdikcə cəmiyyət hadisələrinin təsvirinə daha çox nüfuz etməsi, nəsrdə psixoloji amillərin yer tutması məsələləri təhlil edilir; altımışıncılara gətirən ədəbi fikir həyatının bu illərdə yarandığı və formalaşdığı qənaətinə gəlir. Burada hər bir yazıçının ədəbi fikir tariximizdəki yeri və mövqeyi yaradıcılığına uyğun olaraq verilir. M.İbrahimova həsr etdiyi ədəbi-oçerkdə onu nasir, dramaturq kimi təqdim etməklə, ədibin ictimai-siyasi fəaliyyətini geniş əks etdirir, Ali Sovetin sədri vəzifəsində işləyərkən milli dilimizin saflığı uğrunda mübarizə aparmış və buna nail olmuş ictimai xadim kimi təqdim edir. Ədəbiyyatımıza "Gələcək gün", "Pərvanə", "Böyük dayaq" və s. kimi nəsr əsərləri və dramlar bəxş edən yazıçını biz bu oçerkdə həm də xalqın tarixi, dili və bugünkü statusu uğrunda mücadiləçi ictimai xadim kimi tanıyırıq.
Dərslik-monoqrafiyada ilk dəfə olaraq mühacirət, onun bir şaxəsi olan legion ədəbiyyatı nümayəndələrinin həyat və yaradıcılıqları haqqında portret oçerklərin verilməsi olduqca maraqlıdır və yenidir. Tədqiqatçı mühacirət ədəbiyyatını milli bədii düşüncəni zənginləşdirən faktorlardan biri kimi araşdırmaya cəlb edir. Burada mühacirət ədəbiyyatının mərhələ və problemləri, mühacirət mətbuatı, xüsusən, "Yeni Kafkasya", "Azərbaycanın", "Yurd bilgisi", "Odlu Yurd", "Bildiriş", "Azəri Türk", "Qurtuluş", "Müsavat", "Azərbaycan" (Ankara), "Azərbaycan" (Paris), "İstiqlal", "Türk Yurdu", "Hücum", "Turan", "Prometey" və s. nəşriyyat orqanlarının fəaliyyəti geniş işıqlandırılır.
I dövr. XX əsrin ilk onilliyi (1906-1907-ci illər).
II Dünya müharibəsinə qədərki, dövr.
III dövr. Dünya müharibəsindən 1950-ci illərin ortalarına qədərki zaman, nəhayət, IV dövr. 60-cı illərdən 80-ci illərin sonuna qədər.
Azərbaycan mühacirət poeziyasının tarixini XVI əsrdə axtaran təqiqatçı XIX əsr Azərbaycan şairi Nigarinin yaradıcılığına da mühacirət fonunda ekskurs edir. Mühacirət poeziyasının mövzu və problematikasını araşdıran tədqiqatçının Almas İldırım və Gültəkini oçerk kimi verməsi də tamamilə doğrudur. Çünki bu iki şairin yaradıcılığı mühacirət poeziyasını ən yaxşı şəkildə təmsil edirdi. Əgər A.İldırım yaradıcılığı Azərbaycan ədəbiyyatına yaxşı tanışdırsa, Gültəkin haqqında bunu demək çətindir. Bu şair haqqında "Bir istiqlal yolçusu" (Əmin Abidin həyatı, mühiti və yaradıcılığı) (Bakı, Elm, 2003) monoqrafiyasının müəllifi bu dəfə Gültəkini ayrıca mühacir şair olaraq dərslikdə verir. Bu da tamamilə qanunauyğundur, çünki Ə.Abid rəsmən mühacir olmasa da, "Gültəkin" gizli imzası ilə mühacirət mətbuatında siyasi lirikanın ilk ən yaxşı nümunələrini yaratmış və sovet "buzlu cəhənnəm"inin poetik obrazını yaratmışdır. Gültəkin poeziyası, tədqiqatçının da yazdığı kimi, Azərbaycan siyasi mühacirətini ruhlandırmış, ona yön və istiqamət vermişdir.
Müəllif "Mühacirət ədəbiyyatı" bölümündə daha iki yenilik edir; ilk dəfə olaraq, M.Ə.Rəsulzadə haqqında oçerk verərək onun ədəbi yaradıcılığını və mühacirət hərəkatına, milli ideala, Azərbaycan istiqlalına xidmətlərini pasportlaşdırır. Biz bu oçerkdə böyük ictimai xadim M.Ə.Rəsulzadəni, həm də əsərlərində Azərbaycan istiqlalını son nəfəsinədək yaşadan bir ədəbiyyat və fikir adamı kimi görürük.
Bu bölümdə, ilk dəfə olaraq, legion ədəbiyyatı da ədəbi fikir tarixinə daxil edilir və mühacirət ədəbiyyatının bir qolu kimi təhlilə cəlb edilir. Müəllif II Dünya müharibəsi zamanı Almaniyada toplaşmış ədəbi qüvvələri legion ədəbiyyatı kimi qruplaşdırır. Bunlar əsasən, aşağıdakılardan ibarət idi:
A.Bulaq, Alptəkin, Anar, An-ar, Atilla, Avaylı, Daşqın, Dəniz, Ə. Camal, K.Əhmədov, Ə.Xaspoladov, M.Əliş, Gəncəli, Gültəkin, H. Azəri, H.İşıqlı, Qafarlı, Q, Şirvan, B. Qürbətzadə, Şuşalı, Avaylı, S.Z. Həmidov, Yaşar, Elçin, R.Vulqan, H.B.Hərdən-birdən, Hər-birçi, N.Xaspolad və b. Onlar bədii nəsr əsərləri, felyeton, şeir və məqalələr yazaraq milli istiqlal problemini gündəmdə saxlayırdılar. Bu bölmədə M.Ə.Rəsulzadə, A.İldırım, Qurban Səid (Məhəmməd Əsəd bəy), Gültəkin (Əmin Abid) haqqında ədəbi oçerklərin verilməsi ədəbiyyat tarixçiliyi baxımından əhəmiyyətlidir. Gec də olsa, onlar ədəbiyyat tariximizdəki qanuni yerlərini tutmuşlar.
Professor Bədirxan Əhmədli 3 cildlik ədəbiyyat tarixinin 2010-cu il nəşrində olduğu kimi, indiki nəşrində də Məhəmməd Əsəd bəy haqqında oçerk verməklə yanaşı, onun "Əli və Nino" romanını da təhlilə cəlb edir. Bu, olduqca əhəmiyyətlidir, ona görə ki, dünya ədəbiyyatında bestseller kimi qiymətləndirilən "Əli və Nino" romanının müəllifinə sahib çıxmaq istəyənlər çoxdur. Bu barədə xarici araşdırmalar da vardır; elə isə nədən özünü türk və müsəlman hesab edən bu görkəmli fikir adamının dünyada məşhur olan irsinə sahib çıxmayaq? Buna görə də, müəllifinin və onun ədəbi irsinin Azərbaycan ədəbiyyatına qaytarılmasında, müəllifinin şəxsiyyətinin müəyyənləşdirilib tanınmasında professor Bədirxan Əhmədlinin araşdırmaları xüsusi rol oynamışdır. Bu əsəri və "Qafqazın on iki sirri", "Altunsaç", "Ağ Rusiya", "Dünyaya qarşı qəsd", "On peyğəmbər" və s. romanları ilə dünya ədəbiyyatına səs salan Qurban Səid Azərbaycan ədəbiyyatı tarixində "qanun"i yerini ala bilmişdir.
Əsərin sonuncu bölümü Cənubi Azərbaycan ədəbiyyatına həsr edilmiş, həmin bölüm Məhəmmədhüseyn Şəhriyarın haqqında hazırlanmış ədəbi oçerklə tamamlanmışdır.
Əsərdə Azərbaycan ədəbiyyatı tarixinin indiyədək ideoloji mövqedən təhlil olunmuş hadisə, istiqamət və keyfiyyətləri çağdaş elmi-nəzəri prinsiplərlə təhlil edilir və həqiqi qiyməti verilir. Bu fundamental əsərin bakalavr, magistr, doktorant və tədqiqatçılar üçün son dərəcə gərəkli bir mənbə olacağını qətiyyətlə söyləyə bilərik.