Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

Nabi Khazri - Drops flowing from the mother tongue - Javanshir Yusifli

17-12-2024 [ 14:40 ] [ read:17 ]
printerA+ | A-

Ədəbiyyat tarixi üçün gərəkli məqamlardan biri şair, yazıçı və ümumən yazar dünyadan köçdükdən illər sonra onu ədəbiyyat tarixi düşüncəsi ilə anmaq (araşdırmaq - !), əsərlərini və obrazını (özünü tanıtmaq və yada salmaq üçün qoyduğu izi) təhlil etmək, daha doğrusu, bu yaradıcılığın qurub-yaratdığı şair obrazını "bərpa" etməkdir. Bədii mətn yaradan şairi tarix səhifəsində elə bu mətnlərdən "yığılan" əsərləri son dəfə və son nəfəs kimi yaradır. Bu mənada və kontekstdə uzun ömür yaşayan şairlərin ədəbiyyata gəldiyi ilk şeirlərini və dünyayla vidalaşdıqları zaman tarix etibarı ilə son sayılacaq mətnlərini oxumaq, təhlil edib araşdırmaq maraqlı olardı. İlk mətndən tarix etibarı ilə son sayılacaq şeirə qədər keçilən yol sevgi, gözəl duyğular, dərd, kədər, məşəqqət yoludur, o yolu təxminən də olsa, izləyə bilsək (virtual şəkildə ən azından), bu mətnlərin bir-birini necə tamamladığının, hecadan-hecaya, sətirdən-sətrə keçib necə özünə, ümumən dünyaya qarşı dayandığının da şahidi olarıq.  O mətnləri müəyyən mənada, şairin ruhu yaratsa da, adına dünya deyilən işığın cazibəsindən heç zaman xilas olmur, ona doğru gedir, ondan asılı vəziyyətdə, məhkumçuluq içində nəfəs alaraq bəzən itib-batmasına, bəzən üzə çıxıb ən gərgin anlarda pıçıltı şəklində olsa da, sözünü deməsinə gətirib çıxarır. Oxucuların, insanların yaddaşında Nəbi Xəzrinin daha çox o işıqla dolu, çəməndə çiçəklərin üstündəki şehlərin parıltısını xatırladan şeirləri qalır. Bu görüntü onun poeziyasının, yazdığı, yaratdığı hər bir mətnin heca-heca, söz-söz yaratdığı yolun, belə deyək, bircə "fraqmentidir".  Bu tip şairlərin "son şeiri" olmur, ən qəmli duyğuların da önünü həmin o işıqdan törəyən duyğuların seli kəsir. Başqa tip, fərqli kateqoriyaya aid şairlər də var. Son şeirini yolun, bəlkə də başlanğıcında yazan şairlər. Məsələn, Cabir Novruzun "Səni unutmaqdan ötrü" şeiri. Ən dözülməz ağrılara, acılara tab edirəm//Şeytandan ümid umuram, şeytana xitab edirəm//Ürəyimin al qanını döndərib şərab edirəm//Başıma çəkib içirəm, səni unutmaqdan ötrü...  

Şeir mətnlərində belə bir cəhət var, bu keyfiyyət yazıldığı anda yox, daha sonralar meydana çıxır: bədii mətn şairin ədəbiyyat haqqında düşüncəsini qənirsiz şəkildə çatdırır, bu düçüncənin sınırları, parametr və özəllikləri həmin yığcam "xülasə" ilə ifadə olunur. Musa Yaqubun hələ gənclik illərində yazdığı, həmişə diqqətimizdə olan bir şeiri var: "Və başqaları..." Bu nida, bu ad, başlıq təkcə ümumi ədəbi proses hadisələrinə qiymət vermək məqsədini güdmür. Eyni zamanda insanın özü ilə çək-çevirinin, özü ilə mükamilənin nəticəsi olaraq meydana çıxır. Yəni, belə demək olarsa, mükəmməl mətn özü də düşünür, bütün enerjisi, daşıdığı bədii-estetik informasiya çalarları ilə şairin yaratdığı sipər və sədləri aşıb onun düşüncə sehrini oxuculara çatdırmağa cəhd edir.  Üzvi/orqanik poetika terminləri və anlayışı ilə düşünməli olsaq, bu hadisə təbiidir, şair təkcə hiss və duyğularını ifadə etmir, həm də "dəryazla" onları doğrayıb biçir. Nəbi Xəzri poeziyasında bu narahatlıq damarı əsas məsələdir. Onun mətni nə qədər axıcıdırsa, içindəki yük-narahatlıq enerjisi o qədər böyükdür. Baxın:

 

Şairlər şerinə bəzək vurur ki,

Mərd olsun ellərin imtahanında.

Elə şerlərdə adım durur ki,

Baxıb qızarıram dostlar yanında.

Onlarla çoxunun könlünə dəydim,

Çoxunun qanatdım yarasını mən.

İmzamı onlardan silə bilsəydim,

Verərdim ömrümün yarısını mən.

 

Bu düşüncə illər ötdükcə şairin bütün yazdıqlarını saf-çürük edir, uzun illər boyunca rəsmi (akademik) ədəbiyyat tarixlərində onun haqqında nə yazılır-yazılsın, ən gözəl parçalar heç zaman bu çərçivədə təhlilə gəlmir, şeir haqqında bütün yazılanlardan (A-dan Z-yə) məqsəd onun ifadə və işarə etdiyi mənalara çatmaqdır. Bu, hardasa absurd və non-sens olsa da, kimsə buna məhəl qoymur, bəzən bir mətn yüz kərə təhlil olunur, fərqli yönlərdən eyni yollar "tapdanır". Füzuli qəzəllərinə ötən əsrlərdən bu günə qədər nə qədər şərhlər yazılıb, yaxud Xaqani, Həsənoğlu, Saib Təbrizi və digər böyük şairlərin mətnlərinə, bu şərhlərin hər birində və ümumən bütün şərhlərdə konkret qəzəlin ifadə və işarə etdiyi mənaları açmaq mümkün olmayıb.  Klassik dövr şairinin bilərəkdən və bilməyərəkdən (şüuraltı cizgilərlə - !) yaratdığı mənaların əlçatmazlığı yox, tükənməzliyi və zənginliyi təbiət kimidir, bu mətnlərdə də gecə-gündüz əvəzlənməsi, fəsillər, onların özünəməxsus rayihəsi insanı ilk növbədə, "aldadır", ən dibdəki, ürəyin səs çatmayan, işıq düşməyən guşəsindəki mənalara çatmaq sadəcə, illüziyadır. Klassik şairin missiyası məhz budur, sənə elə şeylər, elə ipucları verir ki, dünya sənin olur, o nəsnələrdən böyük bir dünya düzəldir, təbiətdəki istənilən əlaməti ustacasına yerinə qoyursan, amma dəruni "fraqmentlər" gözündən qaçdığı üçün, belə deyək, "ruhun da incimir".

Bizə belə gəlir ki, bu dünyada ilk sevgi şeirinin içinə, çəmbərinə aldığı "sadəlövh" mənalar hər bir şairdə gördüyümüz dünyanı gözümüz önündə bir az da böyüdür. O zamandan bu günlərə qədər bu "kaleydaskop" oyunu davam edir, bitmir ki bitmir... Nəbi Xəzri poeziyasında incə çalarlarla, çox zərif naxışlarla son dərəcə sərt keçidlərin əvəzlənməsini ilk baxışdan tutmaq çətindir. Onun ədəbi nəslinə mənsub şairlərdə bir özəllik də var və bu, bəlkə də aşıq şeirindən, ya da el şairlərinin poetikasından gəlir: duyğuların ifadəsinin ən incə nöqtəsində adını çəkmək,  şairin adı çəkilən kimi hecada yazılan bütün klassik şeir inciləri yada düşür, yaddaşımızda iz salmış bütün gözəl nəğmələr çalınır. Xəstə Qasım Tikmədaş yada düşür: Ay ariflər, bir tərlanım uçubdu//Sağ əlimdən sol əlimə alınca//

Onu tutan xeyrü-bəhrin görməsin//Mən yazığın naləsi var dalınca...

Qayıdaq duyğu əvəzlənməsi məsələsinə. Nəbi Xəzrinin yaradıcılığını bir bütöv mətn kimi təsəvvür etsək, aşağıdakı şeirlə "Təbriz bayatıları" arasındakı keçidi duymaq olar:

 

Vələslər titrədi çən ötüşəndə,

Ürəyim torpağın qəlbini duydu.

Sandım ki, üstümə yarpaq düşəndə

Təbiət əlini çiynimə qoydu.

Ay bulud, düzlərə çox tələsmə gəl,

Onsuz da gur axır dəli Kür orda.

Ay külək, dərədən iti əsmə gəl,

Axı, tənha qovaq üşüyür orda.

 

Bu da Təbriz bayıtısı:

 

Qar yağıbdır dizəcən,

Bu düzdən o düzəcən,

Qəlblərdə körpü olum

Uzanım Təbrizəcən.

 

2

 

Zaman uzaqlaşdılqca şeirin doğulduğu ən sıxıntılı, ən çətin və gərgin məqamlarda sən ana dilində özün kimi danışmağı öyrənirsən. Öyrəndikcə məmləkətinə, milli mədəniyyətə qatqıda bulunur, o etnik-mədəni sistemin içində nələrinsə aydınlaşmasına, nələrinsə bu mətnlərlə ünsiyyətdə yox olmasına yardımçı olur. Nəbi Xəzrinin şeirləri də estetik aurası ilə fərqlənən mətnlərdəndir. Nəbi Xəzri heç zaman "ənənəvi qəliz mövzularda" (dünyada baş verən ictimai-siyasi və digər hadisələrə yönəlik...) şeir yazmayıb, belə deyək, Nəbi Xəzri poeziya üçün mövzu yarada bilən şairlərdən olub. Ona kimsə "nəğməkar şair" deməyib, ona kimsə "filosof şair", "şair-mütəfəkkir" deməyib, heç buna ehtiyac da olmayıb. Bəzən havada elə olaylar şəfəqlənib ki, əksər şair, yaradıcı adam bu işarələri "ötürüb", onlara baş qoşmayıb, unudulub ki, poeziyada millilik dildən və mövzuların, mətləbin estetik baxımdan işlənməsi ilə ölçülə bilər. Nəbi Xəzri şeirinin estetik aurası, təravəti bu mənada seçkindir, yuxarıda qeyd etdiyimiz havanın içində göy qurşağının rənglərini görə bilmək onun əksər mətnlərinə xas olan özəllikdir. Onun ən yaxşı parçalarında (bədii mətnlərdə) elə ilk misralardan yuxarıda andığımız təbiətin üzünə bir qapı açılır. Misra bir az sonra açılacaq pərdənin ilk xışıltısıdır.

 

Sən gəldin,

Zülmətdən gün çıxdı birdən,   

Nə qədər ecazkar göründü cahan,

Səni gözləmişəm

Ömrüm boyu mən,

Söylə, bəs hardaydın

Sən bu vaxtacan?! 

Keçib göy dərəni,

Yaşıl çəməni,

Elə yaxın gəldin,

Elə uzaqdan,

Bəlkə min il əvvəl

Görmüşəm səni,

Sərin su içirdin

Bir buz bulaqdan...

 

Hər bir şeirlə yaranan mənzərə hafizələrə həkk olunur, yaşanır və unudulmur.

Bu şeirlər ana dilindən süzülən qətrələrdir...

Göründüyü kimi, şeir təbiətə dönüşdür və bu da hamısı deyil,  təbiət - göy çəmən, yaşıl dərələr, şehli çiçəklər... bunların hamısı səhifə-səhifə açıldıqca bir ecazkar mənzərə yaranır. Nəbi Xəzri şeirinin estetikasında əsas məsələ bədii mətləbi təbiətin qoynuna səfərlə açmaq, ifadə etməkdir.  Bu mətnlərdəki (bütün şeirləri baş-başa gəlib birləşmişkən) axıcılıq dayanmır, bunun üçün son dayanacaq yoxdur, Nəbi bu mənada da ənənəvi ədəbiyyatşünaslıqdakı bir yarğıdan usta şəkildə aralanır: Nəbi Xəzri o mənada təbiət şairi deyil, təbiətin içindəki şeiri "köçürməyə" cəhd edən bir hadisədir.

 

Elə bil üzləşdim ilahi sirlə,

Bu nə möcüzədi,

Bu nə heyrətdi,

Məhəbbət ölçülmür

İlnən, əsrnən,

Məhəbbət ölçüsü əbədiyyətdir...

Zöhrə ulduzutək yanıb o başdan

Üfüqlər aşırdın xəyallarımda

Sən hələ dünyaya

Göz açmamışdan

Küsüb barışırdın xəyallarımda...

 

Bu xüsusiyyət, yəni təbii (təbiət - !) stixiya onun mətnində misraların bölünməsini, onbirlikdə yazdığı şeirin misralarının parçalanmasını şərtləndirir.

Nəbi Xəzri həm də digər şairlərdən özü ilə həsb-hal etmək tərzi ilə seçilir. Onun üçün xüsusi olaraq "Etiraf" şeiri yazmaq ehtiyacı yoxdur, özü ilə dilləşmək, yazdığı mətnləri ana dilindən "öz dilinə" çevirmək eşqi ona daimi narahatlıq aşılayıb. Belə olduqda, ana dilinin bətnindəki ecaz şeirin bütün intonasiyasını idarə edir.

OTHER NEWS