Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

OTHER NEWS

The reality of Isa Habibbeyli... - Anniversary greeting from Shamil Sadiq

16-10-2024 [ 15:22 ] [ read:20 ]
printerA+ | A-
104933

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akademik İsa Həbibbəylinin yetmiş beş illik yubileyidir. İstəyirəm, İsa müəllimlə bağlı xatirələrimdən bir neçəsini sizinlə bölüşüm...

Realizmin qələbəsi...

Bakı Pedaqoji Kadrların Təkmilləşdirmə İnstitutunda işləyirdim. İnstitutumuzun rektoru, professor Asəf Zamanovdan xahiş etdim ki, İsa müəllimlə münasibətiniz yaxşıdır, qəbuluna getmək istəyirəm, bizi tanış edin. Layihəm vardı – teatrımızın, kinomuzun inkişafına dəstək məqsədilə pyes müsabiqəsi keçirmək arzusunda idim. Elə o dəqiqə zəng edib: “Sabah müəllim səni gözləyəcək”, – dedi. Həm özümün, həm də nəşriyyatımızın çap etdiyi kitablardan bir xeyli götürüb getdim İsa müəllimin yanına. İlk şəxsi tanışlığımız belə oldu. Layihə haqqında danışıb Ədəbiyyat İnstitutunun da təşkilatçı kimi dəstək verməyini xahiş etdim. Layihəmin adını “Cavid əfəndi” pyes müsabiqəsi qoymuşdum. Çünki Cavidşünasam, bunu, bir növ, mənəvi borcum hesab edirdim. İsa müəllim çox bəyəndi, amma dedi: “Adı ağırdır. Cavid adına görülən iş gərək çox böyük olsun. Birbaşa onun adına qoyulması layihənin məsuliyyətini artırır”. Etiraz etməyə çalışsam da, İsa müəllim ustalıqla: “Yaxşı, bir az düşünək, gələn həftə görüşərik”, – dedi.

“Anamın kitabı”...

İkinci dəfə görüşəndə artıq ad hazır idi. Mən heç təklif verməmiş Ustad dedi: “Gəl “Anamın kitabı” pyes müsabiqəsi edək. Bu ad bizə imkan verir ki, sətiraltı müsabiqənin mövzusunu da çatdıraq; azərbaycançılıq, millilik ifadəsi...” Açığı, ad mənim də xoşuma gəldi, amma sanki “Cavid əfəndi”yə xəyanət edirdim. Bu həm də mənə görə realizmin romantika üzərində qələbəsi idi. Amma bu qələbə elə qazanılmışdı ki, romantikanın ruhu da inciməmişdi. İsa müəllimin Cəlil Məmmədquluzadə və yaradıcılığına münasibətini yaxşı bilirdim. Onun da Cəlil sevdası vardı. Ümumi məqsəd ədəbiyyatımıza xidmət etdiyi üçün “Adın nə fərqi var ki?” deyib yola çıxdıq və üç il dalbadal həmin müsabiqəni keçirdik. Qalib əsərlər səhnələşdirildi, premyerasına yığışdıq...

İsa müəllimlə yaxından tanış olduqca bir daha dərk etdim ki, reallıq həmişə qalib gəlir! Təki romantik duyğularını reallığa çevirə biləsən. İsa müəllim əsl reallıq dəryasıdır...

Elə bu adqoyma mərasimində İsa müəllimin təklifi ilə doktorluq mövzusu götürdüm, elmi rəhbərim özü oldu. Mövzumun adı da “Müstəqillik dövrü Azərbaycan romanı-tarixilik və müasirlik”...

Qərarlılıq...

Üçüncü, ya da dördüncü görüşümüzdə İsa müəllim köməkçisinə zəng edib: “Elmi Şuranın iclası burada olacaq, gəlsinlər”, – tapşırdı. Mən getmək üçün icazə istəyəndə: “Sən də otur”, – dedi. Nə baş verdiyini anlamadan oturmağa məcbur oldum. İçəri gələn akademik, professor heyətini gördükcə salamlaşır, nə baş verdiyini dərk edə bilmirdim.

İclas başladı. İsa müəllim əsas çıxışından sonra elan etdi ki, “Akademiyada yeni dəyişikliklər baş verib, bu bizim instituta da təsir edir. Akademik Teymur Kərimli institutdakı vəzifəsindən azad edilib, Əlyazmalar İnstitutuna direktor təyin edilib, əvvəlki postu – elmi işlər üzrə direktor müavini vəzifəsinə isə məhz bu institutun aspirantı olmuş Şəmil Sadıqovu təyin edirəm. Onun işləri ilə tanış olmuşam, çox bacarıqlı və istedadlı gəncdir”. Mənim üçün böyük sürpriz oldu. Bu böyük etimadın qarşısında deməyə söz tapmırdım. Heç düşünməyə vaxtım da olmadı və necə danışdığımı bilmədən sadəcə təşəkkür edə bildim. Beləcə, Ədəbiyyat İnstitutunda yeni istiqamət üzrə fəaliyyətim başladı və bir ilə yaxın İsa Həbibbəyli məktəbi keçdim.

“Naxçıvan duzudur...”

İsa müəlliminin bu qərarı, açığı, məni xeyli təəccübləndirmişdi. Necə ola bilər, bir-iki dəfə görüşdüyün adamı ən önəmli vəzifələrdən birinə təyin edəsən?! Heç bir müsabiqə elan etmədən, şərtləri danışmadan, araşdırmadan... Dostlaşandan sonra öyrəndim ki, İsa müəllim məni yaxşıca araşdırıb, tanıyıb, sonra seçib. Böyük adamlar haqqında bəzən o qədər kiçik düşünürük ki, reallıqdan uzaqlaşırıq.

Təyinatdan sonrakı ilk görüşümüzdə dolabından bir qutu Naxçıvan duzu çıxarıb verdi mənə. Heç nə demədən, heç nə izah etmədən, heç nə vurğulamadan... Sadəcə dedi ki, apar qoy dolabına, Naxçıvan duzudur... Bu sözü o qədər mənalı ifadə etmişdi ki, sanki bütün Naxçıvanımızın məsuliyyətini çiynimə qoymuş və: “Büdrəmə, büdrəsən, elin büdrəyər, oban büdrəyər”, – demişdi... Sanki “Səni görüm duz dağına dönəsən” alqışını eləmişdi... Ustad vəsiyyəti, ata nəsihəti idi sanki... Bir qutu duz mənə nələr deməmişdi, nələr pıçıldamamışdı ki... Hər o duza baxanda “Naxçıvan duzudur” ifadəsi səslənirdi beynimdə. O gündən mən də ən sadiqlərimə, dəyər verdiklərimə duz hədiyyə edirəm. O ənənəni yaşatmağa çalışıram. Dəyərlər elə belə yaranır. Dünəndən bu günə, bu gündən sabaha...

Ayaqlaşmaq mümkün deyildi...

... Bir gün zəng etdi ki: “Şəmil, bütün şöbələrə xəbər ver, sabah saat 14:00-da yoxlamaya gələcəyəm”. Dedim: “İsa müəllim, bəlkə, elan etməyək, qəfil gələsiniz, belə yaxşı olmaz? Güldü. Dedi: “Yox, mən kiməsə cəza vermək üçün yoxlama aparmıram, camaatın işə gəlməsi, işdə olmasına çalışıram. Sən dediyimi elə”.

İsa müəllimlə ayaqlaşmaq mümkün deyildi... Hər gün ən azı dörd-beş tədbirdə olur, onlarla adamı qəbul edir, axşam da qonaqlarla şam yeməyinə gedir, amma hər səhər işə gələn kimi çağırırdı ki: “Şəmil, gəl bunları ver Töhfəyə, kompüterdə yığsınlar”. “Bunlar” dedikləri isə ən azı on beş-iyirmi səhifəlik əlyazma idi. Üstəlik, gecə oxuduğu qəzet-jurnalları verirdi. Tapşırırdı ki, bu qəzeti ver filankəsə, onun mövzusu haqqında maraqlı yazı var, bunu ver filankəsə, onun da mövzusu filan şeydir. Dəhşətli idi. Gün ərzində dayanmadan işləyir, gecələr isə yazır, mütaliə edir, oxuduqca əməkdaşların elmi işlərini xatırlayıb qeydlər aparırdı. Səhər də unutmadan bölüşdürürdü.

İmzaya hörmət...

Bir gün harasa sənədlər təqdim etməli idik. İsa müəllimin adından ərizə yazılmalı idi. Mən ərizəni yazdım, çap etdim, apardım İsa müəllimə ki, imzalasın. “Bu nədir?” – soruşdu. Dedim: “Ərizə”. “Mən yazmışam?” “Sizin adınızdan yazdıq ki, yorulmayasınız, elə imzalasanız, bəs edər”. Birinci dəfə onda mənə əsəbiləşmişdi ki, mənim əlim yoxdur bəyəm, adımdan ərizə yazasan? Kağızı kənara qoydu, qələmi götürüb ərizəni yazdı. “Mənə belə yaxşılıqlar eləmə heç vaxt! Mənim adımdan kimsə bir nöqtə də qoya bilməz!” – dedi. Birgə çalışdığımız müddətdə bunu həmişə sübut edirdi... Rəy, elmi redaktorluq üçün çoxlu kitablar gəlirdi. Bir dəfə görmədim ki, hansısa kitabı, məqaləni oxumadan imzalasın. Çatdırmasa da, deyirdi: “Axşam oxuyum, sabah gətirərəm”. Hökmən oxuyub, qeydlərini aparıb sonra imzalayırdı...

Onunla çalışdığım müddət mənim üçün ciddi həyat məktəbinə çevrildi; dövlət ərkanını, insanları incitmədən necə idarə etməyi, “yoruldum” demədən çalışmağı, unutmamağı, nizam-intizamı öyrəndim...

Bəlkə də, “Cavid əfəndi” məni qəsdən yönləndirmişdi onun yanına... Onu tanıyım, öyrənim deyə. İsa müəllim haqqında düşüncələrimi ilk dəfə altmış beş illik yubileyində yazmışdım, artıq şəxsi tanışlığımızdan on il keçir və mən onun böyüklüyünü dağdan uzaqlaşan adamın dağın böyüklüyünü gördüyü kimi görürəm.

OTHER NEWS