Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

OTHER NEWS

Literary scholar, public figure

16-10-2024 [ 12:45 ] [ read:5 ]
printerA+ | A-
104922

75 yaşın yaradıcılıq şövqü

Akademik İsa Həbibbəyli haqqında danışarkən mən həmişə onun tükənməz enerjisi, qaynar düşüncəsi, dinamikası, proseslərə həssas münasibəti, dəyərləri uca tutması, yüksək insani keyfiyyətləri barədə həvəslə söz açmışam.

Hələ beş il əvvəl akademik İsa Həbibbəylinin yetmiş illik yubileyi haqqında düşüncə və arzularımı bölüşəndə də onun tükənməyən enerjiyə sahib olduğunu xüsusi vurğulamışdım. Üstündən bir neçə il keçməsinə baxmayaraq, İsa müəllim eyni və bəlkə də daha artıq enerji ilə bir çox sahələrdə effektiv fəaliyyətini uğurla davam etdirir. Ötən illər ərzində İsa Həbibbəylinin çoxşaxəli məsuliyyət və fəaliyyət sferasına həm də Azərbaycan Milli Elmlər Akademiyası kimi möhtəşəm elm məbədinə rəhbərlik etmək vəzifəsi də əlavə olunub. Və İsa Həbibbəyli bu vəzifəni böyük məsuliyyətlə və xüsusi həvəs və enerji ilə həyata keçirir.

İsa Həbibbəyli ilə tanışlığımızın və dostluğumuzun tarixi uzun illər əvvələ gedib çıxır. Son illərdə isə İsa müəllimlə ünsiyyətimiz daha da sıxlaşıb, onunla mütəmadi olaraq səfərlərdə, ölkə miqyaslı və beynəlxalq tədbirlərdə iştirak edirik. Artıq məndə belə bir qənaət formalaşıb: akademik İsa Həbibbəyli təbiəti etibarilə təvazökar və böyük ürəyə malik insan, təəssübkeş vətənpərvər, təşəbbüskar rəhbər, novator alim, fəal ictimai xadim, eyni zamanda, qayğıkeş valideyn və mehriban babadır. Uzun illərdən bəri sıx ünsiyyətimiz zamanı sadaladığım bütün bu insani keyfiyyətlərin şəxsən şahidi olmuşam.

Ədəbiyyatşünas alim, ictimai xadim

Akademik İsa Həbibbəyli elmi fəaliyyətə başladığı ilk dövrlərdən müasir ədəbi prosesi diqqətdə saxlayıb və vaxtaşırı bununla bağlı məqalələrlə çıxış edib. Alimin "Romantik lirikanın imkanları", "Cəlil Məmədquluzadə: mühiti və müasirləri" adlı sanballı monoqrafiyaları onun ədəbiyyatşünaslıqda romantizm və tənqidi realizm cərəyanlarını dərindən araşdırması nəticəsində ərsəyə gəlib və ədəbi ictimaiyyətə yaxşı tanışdır. Onun Məhəmmədhüseyn Şəhriyar və Məmməd Araz haqqındakı kitablarını da ictimaiyyət rəğbətlə qarşılayıb.

Son dövrlərdə yazdığı "Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri" kitabı haqqında isə akademik bütün görüşlərimizdə böyük şövqlə, həvəslə söz açır, hər zaman müstəqillik dövründə yeni dövrləşdirmə konsepsiyasının yaradılmasının vacibliyindən, önəmindən bəhs edir. Eyni zamanda, müxtəlif auditoriyalarda, yazıçılarla bir məkanda bu məsələni ortaya atıb polemikalar yaratmaqla həm öz fikirlərini səsləndirmək, həm də onlardan yeni fikirlər almaq, yeni baxışları, münasibəti öyrənmək istəyir. Bir neçə dəfə Xalq yazıçısı Anarla söhbətlərində də hiss etmişəm ki, İsa Həbibbəyli öz ideyalarına, konsepsiya barədə fikirlərinə Anar müəllimin də etibarlı, möhkəm dəstəyini almaq istəyib və onun fikirlərindən də bəhrələnib. O, irəli sürdüyü dövrləşdirmə konsepsiyasının Akademiya ilə yanaşı, Yazıçılar Birliyində də müzakirə edilməsinə nail olub, yazıçıların da fikirlərini öyrənib.

Hələ 2018-ci ildə Kazanda keçirilən Beynəlxalq Ədəbiyyat simpoziumunda da onun dövrləşdirmə konsepsiyası ilə bağlı məruzəsi marağa və geniş şəkildə müzakirəyə səbəb olub. Sən demə, heç Rusiyada da müstəqillik dövründə dövrləşdirmə konsepsiyasına yeni yanaşma olmayıb, bununla bağlı hər hansı kitab rus ədəbiyyatşünaslığında hələ yazılmayıb. Buna görə Rusiya alimləri də bu məruzəyə çox böyük maraq göstəriblər. Deməli, ədəbiyyatın yeni dövrləşdirmə konsepsiyasını bütün MDB məkanında ilk dəfə İsa Həbibbəyli irəli sürüb və müstəqillik illərinin, yeni şəraitin yaratdığı vəziyyətdən çıxış edərək bu möhtəşəm işi həyata keçirib.

Təsadüfi deyil ki, tanınmış alimlər İsa Həbibbəylinin "Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri" monoqrafiyasını Azərbaycan ədəbiyyatşünaslığında həm də təsnifat üçün əsas faktorlardan biri kimi müəyyən edilmiş ədəbi cərəyanlar haqqında yaranmış ilk ümumiləşdirilmiş yeni və əhəmiyyətli elmi-nəzəri əsər kimi qiymətləndirir, onu ciddi bir ədəbi cərəyanşünas alim kimi xarakterizə edirlər.

Yadımdadır, Ədəbiyyat İnstitutunun 85 illik yubileyi keçirilərkən xarici ölkələrdən bir çox qonaq, tanınmış alimlər gəlmişdi. Belarus Ədəbiyyat İnstitutunun direktorunun İsa müəllim haqqında fikirləri mənim ürəyimdən xəbər verdi. O, İsa Həbibbəylinin təkcə Azərbaycanda yox, bütün MDB məkanında ədəbiyyatşünaslıq elmini hərəkətə gətirdiyini deyirdi. Bu səmimi və dəqiq fikirlərdən çox təsirlənmişdim. Çünki artıq neçə illərdir, İsa müəllimin enerjisinin ətrafındakı adamlara da sirayət etdiyinin şahidiyəm. Mən əminəm ki, həmin belaruslu alimin dediyi kimi, necə ki, İsa Həbibbəyli MDB məkanında ədəbiyyatşünaslığı hərəkətə gətirib, eləcə də bu məkanda dövrləşmə konsepsiyası ideyasının da həyata keçirilməsinə vəsilə olacaq, onun ardıcılları qonşu ölkələrdə bu məsələni qabardacaqlar.

İsa Həbibbəyli Ədəbiyyat İnstitutunun direktoru kimi çalışdığı illərdə onun rəhbərliyi ilə institutda qaynar bir mühit formalaşdı. Onun sirayətedici enerjisinin təsiri ilə həqiqətən də əməkdaşlarda bir çalışmaq şövqü, özünəinam, güvən hissi yarandı. Onun direktorluğa başladığı ərəfədə demişdim ki, sanki Ədəbiyyat İnstitutunun əməkdaşları müdafiə mövqeyində, həmçinin, ədəbi gəncliyə, yeni yazarlara qarşı passiv seyrçi vəziyyətindədirlər. İsa müəllim məhz institutun əməkdaşlarını hərəkətə gətirməklə, onları ədəbi mühitin içərisinə çəkinmədən daxil etməklə onlarda özünəinam yaratdı. İndi Ədəbiyyat İnstitutunun, ümumiyyətlə Akademiyanın əməkdaşlarının səsi hər yerdən, dövri mətbuatdan, sosial şəbəkələrdən, radio və televiziyalardan, ədəbi-bədii tədbirlərdən gəlir.

Onun digər mühüm xidmətlərindən biri də XX əsrin 70-80-ci illərində ədəbi proseslə bağlı yaranmış illik dəyərləndirmə ənənəsini yenidən bərpa edərək, bunu, özünün də dediyi kimi, ədəbi proses hərəkatına çevirməsi oldu. Artıq uzun illərdir ki, biz Azərbaycan Yazıçılar Birliyi və digər qurumlarla birlikdə hər il Ədəbiyyat İnstitutu əməkdaşlarının ədəbi proseslə bağlı məruzələrini dinləyirik. Mən bu konfransların, demək olar ki, hamısında iştirak edirəm. Hər il bu məruzələrin sayı artır. Hər dəfə də şahidi oluruq ki, əməkdaşların bu işə və dolayısıyla çağdaş ədəbiyyata marağı artır, ildən-ilə daha sərbəst, daha dolğun məruzələrlə çıxış edirlər. Bu məruzələrdə ümumən hiss olunur ki, ortada çox böyük bir zəhmət və çağdaş ədəbi prosesdə baş verən bütün hadisələrə, yazılan bütün əsərlərə adekvat münasibət var. Aydın məsələdir ki, bunun özü də İsa müəllimin zəhmətinin və yaratdığı mühitin nəticəsidir. Bütün bunlar təkcə Ədəbiyyat İnstitutu ilə məhdudlaşmır. İsa müəllimin söz verdiyi kimi, növbəti illərdə "Ədəbi proses" konfranslarına başqa elm ocaqlarından da məruzəçilər cəlb edilərək çox qısa zamanda bu dairə həqiqətən də genişləndirilib. Şübhəsiz, bütün bunlar yalnız və yalnız ədəbiyyatın təbliğinə, ictimailəşməsinə, oxucular arasında itirilmiş şöhrətinin bərpasına köməkdir.

Prezident İlham Əliyevin Sərəncamı ilə İsa Həbibbəylinin 2022-ci ildə AMEA-nın prezident vəzifəsinə təyin edilməsi bütövlükdə burada da elmi və yaradıcı mühitin daha da canlanmasına rəvac verib. Vaxtaşırı AMEA-da keçirilən və müsbət rezonans doğuran beynəlxalq konfranslar, tədbirlər, görüşlər, müzakirələr də bunu təsdiqləyir. Akademiya bu gün elmin və ədəbi fikrin, ictimai müzakirələrin əsas mərkəzlərindən birinə çevrilib.

Təşəbbüskar, novator, əzmkar təşkilatçı

İsa Həbibbəyli həm də yorulmaz təşkilatçı və novatordur. Hələ Naxçıvan Dövlət Universitetində rektor işlədiyi dövrdə Bakıdan, Türkiyədən tanınmış alimləri, ziyalıları dəvət edir, orada mühazirə oxumalarına, çıxış etmələrinə şərait yaradırdı. Akademik Azad Mirzəcanzadə başda olmaqla, ölkəmizin bir sıra görkəmli alimləri, ziyalıları Naxçıvan Universitetində dərs deyiblər. Müxtəlif elm ocaqları, ayrı-ayrı elmi müəssisələr, tanınmış alimlər arasında hələ o vaxtdan bu cür bağlılıqlar, ünsiyyət körpüləri yaratmaq cəhdləri İsa müəllimin gələcəkdə görəcəyi, yəni hazırda gerçəkləşdirdiyi böyük işlərin müjdəsiydi. İsa müəllimin AMEA-nın əvvəl vitse-prezidenti, sonra prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, eləcə də millət vəkili, komitə sədri kimi çoxşaxəli, effektiv fəaliyyəti daim göz önündə olub və çalışdığı sahələrin hər birində tarixə çevrilən, yaddaqalan işlər qoyub. Milli Məclisin Elm və təhsil komitəsinin sədri olanda "Elm haqqında" Qanunun qəbul edilməsi yaddaqalan hadisə idi.

Görkəmli akademik 2014-2018-ci illərdə keçirilən "Fizika və Lirika" konfransları ilə də elm sahələri arasında əlaqələrin genişlənməsinə səy göstərib. Bu aktual mövzuda böyük konfransların təşkili və beynəlxaq müstəviyə çıxmasında İsa Həbibbəylinin böyük rolu olub. O, bu vasitə ilə tamam başqa sahələrin alimlərinin, dəqiq və təbiət elmləri üzrə tədqiqatçıların humanitar və ictimai elm sahələrini təmsil edən elm adamları ilə əlaqələrinin yaranmasına və möhkəmlənməsinə şərait yaradıb. Görkəmli elm xadimlərindən Yusif Məmmədəliyev, Məmməd Cəfər Cəfərov, Şəfaət Mehdiyev, Teymur Bünyadov və başqa alimlərin həm də bədii yaradıcılıqla məşğul olmaları onların fərqli elm sahələri arasında körpü yaratması kimi mənalandırılıb. Həmin konfransların bir əlamətdar cəhəti odur ki, burada biz dəqiq-texniki fənlərlə, təbiət elmləri ilə ixtisaslaşmış alimlərin ədəbi yaradıcılıqları və dünyagörüşləri ilə də tanış oluruq. Boşuna deyil ki, İsa müəllim həm elmi tədqiqatı, həm də bədii yaradıcılığı qoşa qanada bənzədir.

"Fizika və lirika" konfransının 2018-ci ildə keçirilən görüşləri xatirimdə unudulmaz təəssüratlarla qalıb. Həmin ilin soyuq noyabr günlərində Rusiyanın Dubna şəhərində Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda keçirilən görüşdə şam ağaclarının arasında aldığımız ciyərdolusu təmiz hava, Volqanın insanın içini titrədən sahili, narın qar və akademik İsa Həbibbəylinin şövqlə, gördüyü işdən aldığı zövqlə etdiyi məzmunlu çıxışlarla tədbirlərə ayrı bir hərəkət və emosiya qatması hələ də yaddaşımın ən gözəl yerində öz təravətini qoruyub saxlamaqdadır. Rusiya alimləri, texniki sahənin adamları ilə bizim alimlər, yəni fiziklər və liriklər arasında belə möhkəm körpü yaratması da İsa müəllimin elmin daha geniş auditoriya qazanmasına gətirən böyük xidmətidir. İsa Həbibəyli bir çox sahələrdə mənəvi körpü rolunu oynayan görkəmli şəxsiyyətdir. Həmin səfərdən bir həftə öncə Şamaxıda Pirquluda qırxdan çox qonağın iştirak etdiyi başqa bir konfransda da İsa müəllimin enerjisi, həvəsi, məruzəsi, dialoqu, şövqü, Azərbaycan elmini layiqincə təmsil etməsi qonaqlarda böyük maraq yaradırdı. Hər qonaqla onun özünə uyğun danışması, hər kəsin xarakterinə bələd olması, duzlu və incə yumoru da, heç şübhəsiz, xüsusi məqamlardır.

İsa müəllimin daha bir maraqlı ideya və təşəbbüsü AMEA-nın Rəyasət Heyətinin təşkilatçılığı ilə 2023-cü ildə "Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar" mövzusunda beynəlxalq elmi konfrans idi. Bu konfransın xüsusi entuziazm ilə təşkili, Nobel mükafatına dair dünya təcrübəsini, bu yolun çətinliklərini, uğurlarını, çağırışlarını gənc alimlərə, yeni nəsillərə çatdırmağa çalışması, alimlərimizi, yazıçılarımızı Nobel mükafatına doğru addımlamağa təşviq etməsi çox dəyərli işdir. Onun bu konfransdakı motivasiya ruhlu çıxışını da yaxşı xatırlayıram: "Məqsədimiz bu istiqamətdə mifləri qırmaq, eyforiyanı aradan qaldırmaqdır. Tanzaniya, Vyetnam, Banqladeş kimi ölkələr bu mifləri sındıraraq Nobel mükafatı qazanıblar. Biz də qətiyyətlə Nobelə gedən yolda addımlamalı, iddialı olmalıyıq..."

Bu cür özünəinam formalaşdıran və motivasiya verən çıxışlar insanları uğura proqramlayan, onlara stimul verən amildir. İsa müəllim həmişə bu cür nüanslarda diqqətlidir və fikirlərində ardıcıldır. Akademik İsa Həbibbəyli bu ilin iyun ayında Nobel mükafatçısı, dünya şöhrətli alim, Türk dünyasının fəxri Aziz Sancarı Akademiyaya dəvət edib, onunla görüşlər keçirərkən ölkəmizin digər elm və təhsil ocaqlarının alimlərinin və gənclərin də bu tədbirlərdə iştirakını təmin etməsi bizim gələcək alimlərin sırasından da bir Nobel mükafatçısı görmək arzusunun işartısı idi. Nobel mükafatı laureatı professor Əziz Sancarın Milli Elmlər Akademiyasının fəxri üzvü seçilməsi də elm tariximiz üçün əlamətdar hadisədir.

İsa müəllimin akademiya prezidenti kimi çoxşaxəli fəaliyyəti məni həmişə heyrətləndirib. Bir çox məsələlərlə bağlı, şəxsi minnətdarlıqdan başqa, İsa müəllimə rəsmi təşəkkür də etmişəm. Onun "Ziyayi- Qafqaziyyə" qəzetinə yazdığı ön sözü və transfoneliterasiyasını yüksək qiymətləndirmişəm, Mətbuat Şurasının sədri kimi Akademiyanın prezidentinə rəsmi təşəkkür məktubu yollamışam.

İsa Həbibbəylinin fəaliyyəti birmənalı şəkildə elmlə məhdudlaşmayıb, onun bir çox sahələrdə gördüyü işlər əvəzsizdir. O, hər zaman bir alim, akademik, təcrübəli ədəbiyyatşünas kimi gənclərin yanında olur, onlardan öz tövsiyələrini əsirgəmir. Dəfələrlə şahidi olmuşam ki, onun gənclərə tövsiyələri yalnız öyrətmək deyil, həmçinin onlarda özünəgüvən hissini artırmaqdır.

Dəyərlərə sadiq böyük ürək sahibi      

...2022-ci ildə İsa müəllim Xalq yazıçısı Anarı, Xalq artisti Fərhad Bədəlbəylini, Xalq rəssamı Fərhad Xəlilovu və məni Naxçıvana dəvət etdi. İki gün ərzində Naxçıvanın tarixi yerlərini, gözəl təbiət mənzərələrini seyr elədik, Batabata qalxdıq, Zorbulağın suyundan içdik. Şərur rayonunun Danyeri kəndində akademikin anası Qəndab xanıma baş çəkdik, cansağlığı arzuladıq. Yaşı doxsanı keçən Qəndab xanım aydın düşüncəsi, iti yaddaşı ilə bizi təəccübləndirdi.

İsa müəllimin dədə-baba yurdundakı meyvələrin - növbənöv əriklərin, alçaların, armud və gilənarın dadı damağımızda qaldı. Yaddaşlarda əbədi qalacaq gözəl təəssüratlar yaşadıq. İsa müəllimin doğma ata ocağına, ailəsinə, nəvələrinə münasibəti, nəvələrinin Azərbaycanın vətənpərvər övladları kimi yetişməsində xidmətləri, daim onları mədəni tədbirlərə aparması - bunların hamısı dərin bir ziyalılıq nümunəsidir.

O, mədəniyyətin digər sahələrinə də maraq göstərir və rəhbəri olduğu institutun əməkdaşlarını da cəlb edir. Xüsusən, teatr onun ən çox diqqət ayırdığı sahələrdən biridir. Tez-tez Ədəbiyyat İnstitutunun və Akademiyanın əhatə etdiyi digər institutların kollektivləri ilə birlikdə tamaşalara gedir, özü isə bəzən premyeralarda da iştirak edir.

Ən gözəl məqamlardan biri də budur ki, İsa Həbibbəylinin nəvələri də çox zaman bu cür tədbirlərdə, konfranslarda, tamaşalarda, kitab sərgilərində babalarının yanında olurlar. İsa müəllimin nəvələrini bu cür tədbirlərə cəlb etməsi onlarda dünyagörüşün formalaşması və inkişafına indidən yol açır, vətənpərvərlik hissi yaradır. Biz İsa müəllimin belə tədbirlərdə necə həssas, qayğıkeş baba olmağını müşahidə etməklə yanaşı, nəvələrinin gözündə də elmi, ədəbiyyatı, ziyalılığı uca tutmasının şahidi oluruq.

İsa müəllim 2022-ci ildə Akademiyanın prezidenti olduqdan sonra da səfərlərdə, tədbirlərin müəyyən qismində mən də iştirak eləmişəm, onun hədsiz enerjisinə, dərin məzmunlu elmi çıxışlarına, bir çox sahələrlə bağlı bilgilərinə heyran olmuşam. Xüsusən, İsa Həbibbəylinin heç bir mətndən, konspektdən istifadə etmədən elmi məruzələrlə çıxışlar etməsi, təhlillər və müqayisələr aparması hər adamın bacardığı iş deyil. Ona görə də İsa Həbibbəyli hər hansı mövzuda müxtəlif tədbirlərdə çıxış edərkən istər rəssamlıqla bağlı, istər memarlıq tariximizlə, fəlsəfə ilə əlaqədar müxtəlif mövzulardakı çıxışlarının təəccüblə, heyrətlə qarşılandığını görmüşəm, onun bilgisinə heyran olublar. Böyük filosof Aristotelin, görkəmli yazıçı Çingiz Aytmatovun, rəssamlardan Tahir Salahovun, Fərhad Xəlilovun, heykəltaraş Ömər Eldarovun, məşhur müğənni Müslüm Maqomayevin xidmətləri barədə elə dəqiq detallar eşitmişəm ki, çoxları kimi mən də təəccüblənmişəm. Ümumiyyətlə ən müxtəlif sahələrdə İsa müəllimin fəaliyyəti, bilgisi, həssas münasibəti onun hərtərəfli dünyagörüşə malik şəxsiyyət, böyük ziyalı olduğunun göstəricisidir. Mən bunları həm də ona görə tam əminliklə deyirəm ki, uzun illərdir ki, İsa müəllimin fəaliyyətini yaxından müşahidə edirəm.

İsa Həbibbəylinin inandığı dəyərlərə münasibəti dəyişməzdir. İsa müəllimin ən sevdiyim xüsusiyyətlərindən biri budur ki, o, sevdiyi, inandığı dəyərlərə münasibətini bütün varlığıyla, böyük ürəyi ilə dopdolu çatdırır, baxışlarını qətiyyən gizlətmir. Bir insanı sevindirmək istəyirsə, bunu sonacan edir. Dostluqda da, elmi və ədəbi məsələlərdə də, münasibətlərdə də lüzumsuz sərhədləri, süni çərçivələri təbii şəkildə qıra bilir. Bəzilərinə görə, İsa Həbibbəyli, bir məmur olaraq, çərçivəli həyat yaşayır. Əlbəttə, onun çoxcəhətli fəaliyyətinin sərhədləri vardır. Amma mən dəfələrlə onun varlığındakı bitib-tükənməz enerjisi və sevgisi sayəsində məhdud-mənasız çərçivələri aşa bildiyinin, sağlam və təbii bir ortanı yaratmasının şahidi olmuşam. O, sevgisini, heyranlığını, xoş münasibətini bildirməkdən heç vaxt çəkinmir. Bu da onun işıqlı, möhtəşəm obrazının gözlərimiz qarşısında təkrar-təkrar canlanmasına səbəb olur.

Dəfələrlə şahid olmuşam ki, İsa müəllim fərqli ədəbi baxışa, müxtəlif dünyagörüşə malik insanların əhatəsində olarkən söhbətlərinə diqqətlə qulaq asır, fərqli düşüncələrə, müəyyən mənada emosional ədəbiyyatçıların da fikirlərinə də diqqət yetirir. Bütün hallarda istəyir ki, hər kəs elmə, ədəbiyyata xidmət etsin. Hətta onu tənqid edən insanlara qarşı da təmkinli davranır, onları da elmi mühitin, ədəbi prosesin içərisinə çəkib gətirmək üçün çalışır. Heç bir istedadlı adamın elmi mühitdən, ədəbi proses hərəkatından, ictimai fəaliyyətdən kənarda qalmasını istəmir. Bu da onun böyük ürəyinin, inkişafa xidmətinin göstəricidir. İsa Həbibbəylinin ürəyinin və baxışlarının genişliyi, həmçinin dəyərli insanların, alimlərin, söz adamlarının, yaradıcı şəxslərin yubileylərini, onların həyatındakı əlamətdar hadisələri diqqətdən kənar qoymamağında da özünü göstərir. İşinin çoxluğuna baxmayaraq, Azərbaycan elmində, ədəbiyyatı və incəsənətində yeri olan insanların yubileylərinin, kitablarının təqdimatlarını keçirilməsinə, onlara həssas yanaşılmasına xüsusi diqqət yetirməsinin şahidiyəm. Xalq yazıçısı Elçinin yubiley görüşündə, Qəzənfər Paşayevin, Elmira Axundovanın tədbirlərində onun ürəkdən, dərin, dəqiq və səmimi çıxışları xatirimdədir.

İsa müəllimlə Xalq yazıçısı Anarın münasibətləri çox dərindir və xoşbəxtlikdən, uzun illərdir ki, biz üçümüzün bir yerdə müxtəlif görüşlərimiz, söhbətlərimiz, səfərlərimiz olub. Hamısında da İsa Həbibbəylinin Anar müəllimə yüksək qiymətinin, ədəbiyyat təəssübkeşliyinin, onların ikisinin Azərbaycanın yazılı ədəbiyyat tarixinin Dədə Qorquddan başlaması, müstəqillik dövründə ədəbiyyatımızın yaradıcılıq metodu və sair ilə bağlı qaynar polemikalarının iştirakçısı olmuşam. Anar müəllimin Bakıda və bir çox rayonlarda keçirilən yubiley tədbirlərində İsa Həbibbəyli onun yaradıcılığının ustad bilicisi kimi çıxışlar edib. Bu çıxışların arxasında dərin təhlil və bilgi dayanıb.

İsa müəllimin mərhum dostumuz, Avrasiya Yazarlar Birliyinin sədri mərhum Yaqub Öməroğluya xüsusi münasibəti, "Qardaş qələmlər" dərgisinin ədəbiyyatımıza xidməti müqabilində onun Ədəbiyyat İnstitutunun "Fəxri dostu" seçməsi məni çox təsirləndirmişdi. Təəssüf ki, amansız xəstəlik Yaqub Öməroğlunun aramızdan vaxtsız ayrılmasına səbəb oldu. İsa müəllimin Türkiyədə və Türk dünyasındakı dostları, dünyanın müxtəlif ölkələrindəki yaxın münasibət saxladığı tanınmış yaradıcı insanlar son nəticədə Azərbaycanın dostlarına çevrilirlər. Xarici ölkələrdə tədbirlərdə iştirak edərkən İsa müəllimin sözünə və özünə nə qədər hörmətlə yanaşdığını görmək də mənim üçün daxili bir qürura səbəb olub.

İsa Həbibbəylinin "525-ci qəzet"ə münasibəti xüsusidir və onu mətbuatda Məktəb və Azərbaycan cəmiyyətinin qəzeti adlandırır. Qəzetin 25 və 30 illik yubileyləri AMEA-da təntənəli şəkildə qeyd olunub. İsa Həbibbəyli "525-ci qəzet"in ardıcıl, davamlı müəlliflərindən biridir.

İsa Həbibbəyli ilə dostluq münasibətlərimiz səmimiyyətlə davam edir. Bu gün də biz, onunla, Anar müəllimlə birgə, müəyyən fasilələrlə olsa da, görüşüb söhbətləşəndə Azərbaycan ədəbiyyatının tarixi, ədəbiyyatımızın, elmimizin, ictimai fikrimizin bu günü və gələcəyi ilə bağlı İsa müəllimin dəyərli, nikbin fikirlərindən sabahlara baxıram.

75 yaş kiməsə çox görünə bilər. Amma İsa Həbibbəyli kimi yaratmaq şövqü tükənməyən, enerjisini daim yaradıcılıq işinə və ictimai fəaliyyətə sərf edən bir insan üçün bu yubiley yaşı da müdriklik çağının parlaq ifadəsidir. İsa müəllimə bundan sonra da bol enerjili qalmasını, tədbirlərdə, məclislərdə ürəkdən gələn, hərarətli çıxışlar etməsini arzulayıram. İnanıram ki, akademik İsa Həbibbəylinin ustad yolgöstərənliyi və bitməz-tükənməz enerjisi ilə hələ qarşıda nə qədər görülməli işlər, oxunmalı və yazılmalı əsərlər, stimullarla sevindiriləsi yazıçılar, yol göstərilib yetişdiriləsi alimlər var. Elə bilirəm ki, bizim hələ Bakıda, Naxçıvanda, Şuşada və başqa yerlərdə birgə görüşlərimiz çox olacaq, İsa müəllim Azərbaycanın ədəbiyyatının və elminin inkişafındakı xidmətlərini uzun müddət davam etdirəcək.

Bundan sonra da könlünüzcə ömür arzulayıram, şövqünüz daimi olsun, əziz İsa müəllim!

Rəşad MƏCİD, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini

"525-ci qəzet"

OTHER NEWS