Toplumun ruhunu, kimliyini əks etdirən millilik mədəni müxtəlifliyin qorunub saxlanması, mədəni irsin qlobal mühitdə translyasiyası üçün çox mühüm əhəmiyyətə malikdir. Azərbaycan ədəbiyyatının polifonikliyi ilə seçilən dövrü kimi səciyyələnən müstəqillik dövrü ədəbiyyatının da əsas fərqləndirici xüsusiyyəti tarixi köklərə qayıdış, türkçülük, azərbaycançılıq ideologiyası ilə bağlı mövzuların bədii mətnlərdə qabardılması üçün geniş imkanların yaranmasıdır. Müstəqillik dövrü Azərbaycanın ədəbiyyatı bu gün həm dünya arenasında olan ədəbi tendensiyaları izləyir, həm də milli kökə qayıdışa, milli yaddaşa hesablanmış mətnlər yaradır. Ədəbiyyatda milli kök və milli yaddaşla bağlı məqamların əksi problemi tarixi həqiqətin bədii boyalarla təqdimi kimi müstəsna keyfiyyəti sayəsində tarixi roman janrında daha uğurlu həll imkanlarına malikdir.
Milli xüsusiyyətlər, mentalitet, milli irs tarixi roman janrının əsas məramının reallaşdırılmasında - keçmişin oxucuya yönələn özünəməxsus və yaddaqalan bədii təsvirinin yaradılmasında mühüm rol oynayır. Bu baxımdan, tarixi romanlarında həm tarixi həqiqəti qorumaq, həm də bu həqiqəti unikal bədii qiyafədə təqdim etmək kimi dillemanı uğurla həll edən Yunus Oğuzun yaradıcılığı müstəqillik dövrü Azərbaycan ədəbiyyatında müstəsna mövqeyə malikdir.
Yaradıcılığa poetik mətnlərlə başlayan Yunus Oğuzun şeirlərində izlənən milli kökə bağlılıq, vətənpərvərlik, türkçülük sonralar onun nəsrində və dramaturgiyasında daha vüsətli şəkildə təzahür etdi. O, çağdaş Azərbaycan ədəbiyyatının yazarları pleyadasında "Qadın ulduzu" (1996) povestinin, "Nadir şah" (2008),"Təhmasib şah" (2009), "Əmir Teymur - zirvəyə doğru" (2011), "Əmir Teymur-dünyanın hakimi" (2012), "Şah arvadı və cadugər" (2013), "Sultan Alp Arslan" (2015), "Atabəy Eldəniz" (2017), "Ovçu" (2018), "Səfəvi Şeyxi" (2019), "Çingiz xan" (2020), "Uçurum" (2021), "Cığır" (2022) romanlarının, "Attila" (2007), "Nadir şah", "Altun dəftər" pyeslərinin müəllifi kimi özünəməxsus yerə malikdir.
Yunus Oğuzun ilk romanı olan "Nadir şah" Azərbaycan tarixinin təlatümlü və həlledici bir dövrünü işıqlandırmaqla yanaşı, Turan ideyasının təməl daşlarına toxunur. Yunus Oğuz tarixdə, eləcə də ədəbiyyatda təzadlı fikirlərin və münasibətin obyekti olan Nadir şahı tam yeni rakursdan təqdim edir, onun böyük Turan ideyasını gerçəkləşdirmək üçün "seçilmiş" olmasını, apardığı mübarizəni, insan kimi daxilində yaşadığı ağrıları böyük ustalıqla bədii mətnə çevirir. Yunus Oğuzun tarixi romanlarının səciyyəvi cəhəti - tarixi həqiqətə sadiqlik bu romanda da özünü göstərir. Diplomat kimi də öz fəhmi və uzaqgörənliyi ilə seçilən Nadir şahın xarici elçilər və nümayəndələrlə dialoqları onun obrazının ştrixlərini tamamlayır. Ziddiyyətli tarixi şəxsiyyət olan Nadir Şahın oğlu Rzaqulu xanla münasibətləri fonunda bir atanın və bir hökmdarın faciəsinin böyüklüyünü göstərən Yunus Oğuz bu epizodla əsərin kulminasiya nöqtəsini tamamlayır.
Yunus Oğuzun romanlarında ideologiyanın milliliyin qorunmasındakı roluna xüsusi önəm verilir. Tarixi romanlar ustası Səfəvilər dövlətinin tarixinə həsr etdiyi "Səfəvi Şeyxi", "Təhmasib şah" və "Şah arvadı və cadugər" romanlarında ardıcıl olaraq tariximizdə mühüm yeri olan bu dövlətin əsasını təşkil edən səfəvilər ideologiyasının yaranmasından, bu ideologiyanın dövlətin tutduğu siyasi xətdə, idarəetmə meyarlarında rolundan bəhs edir, sonuncu əsərdə isə ideologiyanın təhrifi səbəbindən Səfəvilər sülaləsinin türk başlanğıcından ayrılaraq farslaşmağa doğru inkişafını və zəifləyərək süquta uğramasını əks etdirir. Yunus Oğuzun bu romanlarında Səfəviyyə təriqəti dərin dövlət funksiyasını yerinə yetirir, səfəvi şeyxləri daim dövləti qoruyur və onun missiyasının yerinə yetirilməsində mühüm rol oynayırlar.
Yazıçının "Sultan Alp Arslan" romanında Sultan Alp Arslanın türk hökmdarı və sərkərdəsi kimi Böyük Turan yolunda atdığı addımlar işıqlandırılır və Yunus Oğuz əsərdə Sultan Alp Arslanı Azərbaycana, Bakıya gətirərək Böyük Turanın konturlarını bir daha dəqiqləşdirir. Səlcuqlardan Böyük Turan ideyasını miras alaraq tarixin növbəti etapına daşıyan Atabəylər dövlətinin yaranmasından bəhs edən "Atabəy Eldəniz" romanında isə Yunus Oğuz "seçilmiş" funksiyasını Atabəy Eldəniz və Mömünə xatuna verir.
Tarixi romanlar ustasının şah əsəri olan "Əmir Teymur" romanı "Böyük Turan"ın ən böyük ideoloquna ucaldılmış möhtəşəm ədəbi abidə kimi yalnız Azərbaycanda deyil, ümumtürk arealında müəllifinə böyük şöhrət və sayğı qazandırmışdır. "Çingiz xan" romanında isə Yunus Oğuz "Yeni düzən"in başlanğıcını qoyan hökmdar-sərkərdənin keçdiyi yolu, onun türk tarixində yerini bədii mətn vasitəsilə mükəmməl şəkildə göstərməyə nail olmuşdur. Yunus Oğuzun ümumtürk milli mədəniyyət tarixinə bələdliyi onun romanlarında personajların yaradılması xüsusiyyətlərinə və süjetin inkişafının spesifikliyinə əhəmiyyətli təsir göstərir. Onun yaratdığı qəhrəmanların milli xarakterinin dialoqlarda, hərəkətlərdə, düşüncələrdə ekspressiv əks olunması əsəri hədəf oxucu kütləsi üçün inandırıcı və canlı edir.
Yunus Oğuz yalnız tarixi keçmişə deyil, müasir tarixə də həssas ziyalı mövqeyi sərgiləyən yazıçıdır. Onun "Ovçu" romanı müasir Azərbaycan tarixinin dönüm nöqtəsi olan 2016-cı ilin aprel döyüşlərini, xalqın öz dövlətinə və ordusuna sevgisini, inamını, Qarabağı azad etmək qüdrətini, əzmini parlaq şəkildə əks etdirir. Yazıçının 2022-ci ildə qələmə aldığı "Cığır" romanı isə 44 günlük Vətən müharibəsinin mükəmməl bədii salnaməsidir. Bu əsərlərdə də rast gəldiyimiz Murad obrazı yazıçının müxtəlif tarixi dövrlərə həsr edilmiş əsərlərində "seçilmiş" missiyasını uğurla icra edərək xalqın, millətin, dövlətin, türklüyün nicatı üçün müstəsna xidmətlər göstərir. Yunus Oğuzun yaratdığı Murad obrazı azərbaycanlı igidlərin, vətənpərvər arxetipinin bədii obraza proyeksiyasıdır.
Tarixi roman sıradan bir ədəbi əsər deyil, mədəni irsin, milli kimliyin əksidir. Yunus Oğuzun tarixi romanları da əks etdirdiyi dövrün ab-havasını mükəmməl şəkildə əks etdirir, onun əsərlərindəki millilik tarixi mövzuya bədii dərinlik qazandırır və tarixi keçmişin daha yaxşı anlaşılmasına, yadda saxlanılmasına vəsilə olur.