Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

Literary environment in South Azerbaijan - Parvana Mammadli

19-07-2024 [ 13:59 ] [ read:245 ]
printerA+ | A-

Hər bir xalqın bütün çətinlikləri və istəkləri ədəbiyyata yüklənir, yazılan əsərlərdə iz qoyur. Onsuz da uzun illər ədəbi-mədəni həyatın inkişaf mərhələlərini normal şəkildə keçməyən və öz təbii hüququndan məhrum olan güneyli yazarlar bütün çətinliklərə rəğmən zamanla ayaqlaşır. Bu məkanın şairi və alimi çaba göstərib öz mənəvi həyatının davamına çalışır.

Güney Azərbaycanda illərlə qapalı və dar şovinist çərçivədə qalan ədəbiyyat söz azadlığını əldə etməyə çalışır və ədəbiyyata olan sevgi bütün məhdudiyyətlərə baxmayaraq sərhədləri aşmaq gücündədir. Bu durumda yazar çətinliklə də olsa, ədəbi təcrübələri mənimsəyir, dünya ədəbiyyatında gedən ədəbi proseslərlə tanış olur, bədii təsvir və təzə fikirlər meydana gətirir.

Güneydə vətənə, xalqa bağlılıq çox güclüdür. Vətənpərvərliyin mahiyyəti vətənə məhəbbətə əsaslanan emosional bağlılıqdır və çox zaman "millət" anlayışı ilə eyniləşdirilir. Bu bağlılıq həm də özünün mənsub olduğu millətin etnik, mədəni, siyasi və tarixi xüsusiyyətlərinə arxalanan milli hissiyyat və ya milli qürur kimi də hallanır. Vətənpərvərlik milli və milli-azadlıq hərəkatlarının yaranması zamanı və müharibələr ərəfəsində daha da güclü olur. Azərbaycanda tarix boyu vətənpərvərlik mühüm rol oynamışdır. Vətənimizin Güneyində bu hiss çağdaş dövrümüzdə daha aktualdır, özünü bütün emosiya çalarları ilə ədəbiyyatda göstərir.

Güneyli yazar real həyatını, problemlərini özündə əks etdirməyə çalışır. Şeirdə sərbəst biçim, modern üslub və təsvir vasitələrindən yararlanır. Lakin forma, qəlib və və s. onlar arxa plana keçir. Elə bu səbəbdən İranda Azərbaycan ədəbiyyatı janrlara və qəliblərə hesablanmadan, daha çox məzmuna söykənən ədəbiyyatdır.

2023-cü ildə, eləcə də ötən illərdə nəşr olunmuş məlum səbəblərdən məhdud sayda olan, əlimizə çətinliklə çatan kitabları təqdim etmək istərdik. Bunlar İsmayıl Lütfinin "Sən bir pionistsən, şairim", Nasir Davəranın "Gözüm yoldadır", Nadir İlahinin "Ölür adam", Abduləli Ayrumlunun "Yar küçəsi", İsmayıl Cəmilinin "Təbrizin sevgi payı", Vüqar Nemətin "Dirənən çiçəklərin mahnısı" adlı şeir topluları, Hüseyn Vahidin "Bizim hekayələr " nəsr antologiyası, Abdulla Yalçının "Olmasa, olmaz", Əli Səmədinin (Elyar Səmədli) "Bir göyərçin bir uçuş", Leyli Kəramətinin "Bağlı cəftə", "Yanaqdan öpmək zamanı sovuşdu", Rəhim Xyavınin "Qara kölgələr", Hulya Bəşirzadənin, "Heç üz yoxdu", Saleh Ətayınin "Kəlmələrin ardınca" adlı nəsr əsərləridir.

Tanınmış şair M.E.Yurdaqulun məşhur bir kəlamı var: "Unutma ki, şairləri qışqırmayan bir millət, sevənləri torpaq olmuş yetim uşaq kimidir".

Şair İsmayıl Cəmili də məhz mənsub olduğu xalqının haqqını, hüququnu dilə gətirən, taleyüklü həssas məsələləri şeirlərinə yansıdan milli şairlərdəndir. Onun şeirlərində vətənsevərlik, pafos hissləri çox güclüdür. Və bunu da deyə bilərik ki, bu şairin poeziyası xalqının qan yaddaşının poetik daşıyıcısıdır. Onun "Təbrizin sevgi payı" adlı şeirlər toplusu ötən il İsveçdə nəşr olunmuşdur.

İsmayıl Cəmili elə ilk şeirlərindən özünü azadlıq şairi, mücadilə şairi kimi göstərib. Azadlıq bir millətin canlı bayrağıdır, şair də bu bayrağı hər zaman yüksəklərə qaldırmaq istəyir: və şair üçün ən acınacaqlısı da yan-yana düzülən azadlıq bayraqlarının içində vətəni Güney Azərbaycanın bayrağının olmamasıdır:

 

Burası vətən,

...Burası Muğan, ceyranı yaralı,

Sürgün maralı.

Burası Quzey, Qarabağı şikəstə,

Burası Güney Segahı yetim, Nigarı bəstə.

...Burası son səngər Əmirə qız,

Burası Şərqin incisi Təbriz,

Burası Xiyabani güllələnən

Azadistan.

Burası şəhid Səttarxan,

Burası elinə dilinə zindan,

Burası 21 Azər, dillərə dastan

Burası vətən, Azərbaycan.

 

Heca vəznində gözəl nümunələr yaradan və əsərlərində, milli koloritini əks etdirən ədəbi nəslin nümayəndələrindən biri də Nadir İlahidir.

Nadir İlahinin şeirləri klassik şeir üslubuna yaxındır. Rübai və qəzəllərlə yanaşı, sərbəst şeirlər də yazır. Bu zaman misraları başdan-başa rəngarəng xəyallara güzgü tutsa da, əsas poetik predmeti gizlətməsi onu divan şeiri estetikasına yaxınlaşdırır. Bununla bərabər şeirlərində Qərb imajist şairlərinin də təsiri duyulur:

 

Saçlarının həsrətindən,

Dedim, darağa dönəcək.

Ay gülüm! Nə biləydim mən

Əlim orağa dönəcək?!

Ay bu qaranlığa qadam,

Qoymadı bir ulduz dadam

Vallah, bu asılan adam.

 

Şeir, hər şeydən öncə, dilin musiqisidir, - deyirlər. Onu yansıdan vəzn və dil ancaq və ancaq bir vasitədir. Şairin başqa bir poetik parçasında bunu görmək çətin deyil:

 

Buludam... amma ağlağan deyiləm,

Ürəyim dolmasa, yağan deyiləm.

 

Artıq xeyli müddətdir ki, "Ədəbiyyat və incəsənət" portalının sevilən "Güneydən gələn səslər" rubrikasında Güney Azərbaycan təmsilçiləri Əli Çağla və Vida Heşməti oxucuları güneyli yazarlarla vaxtaşırı tanış edirlər.

Əli Nurvəş (Çağla) yazıçıdır, tərcüməçilik və naşirlik fəaliyyəti ilə də məşğuldur. "Dəlilərin sevgisi" və "Niyar karvanı" romanlarının müəllifidir. Baba Vəziroğlu, Qənirə Paşayeva, İntiqam Yaşar, Əjdər Ol, Musa Yaqub kimi qələm adamlarının kitablarının Güney Azərbaycanda çapını və yayılmasını gerçəkləşdirib.

Əli Çağlanın yaradıcılığı haqda Cəlil Cavanşirin yazdığı xoş sözlərə qoşuluruq: "Onun çox sadə cümlələrlə böyük mətləbləri ifadə etməyə çalışması, ənənəvi üslublu şeirlərindəki müasirlik çalarları onun parlaq gələcəyinin müjdəçisidir". "Vətənin oyunu" şeiri onun özünün və həmyaşıdlarının bir kiçik kədərli həyat tarixçəsidir. Əli dərin düşüncəli, güclü duyğulu və yenilik sevən gənc şairdir. "Savadlı, oyaq kiçik uşaqları dustaq edib incitdilər, çoxunu sütül boyunlarından asdılar, bir çoxu da oyundan qaçıb özün asdı" deyir Əli Çağla "Vətən oyunu" şeirində:

 

Oyunumuzun adın,

Səsləyərdilər "Vətən".

Bu oyunda çoxları

Oldu uduzan, itən...

 

Vətən, vətən, ay vətən,

Səndən acığım gəlir!

Sənin bu oyununda

Bütün dostlarım ölür...

 

Dedik, bəs oyun idi,

Bizi dustaq etdilər.

Sənin öz qucağında

Bizi hey incitdilər...

Vətən, vətən, ay vətən...

 

Heydər Bayatın yaşadığı ölkə haqqında poetik düşüncələri 80-90-cı illər Cənub şeirindəki poetik üslubdan tamam fərqlidir. Onun şeirlərindəki ənənəvi sarsıntı, məyusluq və iztirab ovqatının alt qatında kin, nifrət və ironiya var. "Dar ağacı" şeirində "Boynumu qucaqlamağa, bilirəm, boyun çatmaz - bu ölkənin dar ağacları ucadır" söyləyən şair "Yalançı şeiri" şeirində cəmiyyətin ruhi xəstəliyinə çevrilən yalançılığı tənqid edir:

 

Uşaqlıqda, Ay əllərimi aldatdı, gölməcədə,

Cavanlıqda, sən ürəyimi aldatdın, həyətdə,

İndi baxıram, yol ayaqlarımı aldadır, küçədə.

 

Şeir hansı janrda olursa-olsun, əsas əsərin mövzusunun xalqın həyatı, el və onun insani istəkləri ilə yanaşması və bütün bunları ədəbi mətndə adekvat şəkildə əks etdirməsidir.

İsmayıl Lütfi "Sən bir pionistsən, şairim" kitabındakı şeirlərdə təsvir etdiyi mənzərələri kiçik detallara qədər araşdırır, onlara yeni ruh verir. Bu şeirlər lirik və fəlsəfi məzmun daşıyır:

Yasa var gözlərində,

Son bir duraq, son bir trendir.

"Savaş və barış" kitabını oxudunmu heç?

Sən bir acı Tolstoysan, sevgilim.

Saçların tanrı kimi sevgi yaradıb

Əllərimdəki boğulmuş barmaqlarda.

 

İyirminci yüzilliyin 40-cı illərində, İranda - Güney Azərbaycanda baş verən milli-azadlıq hərəkatında bir çox şair, yazıçı və ziyalılar da ön sıralarda yer almış, süngü və qələmi ilə vuruşmuşdu. 1946-cı ildə milli hərəkatın qan içində boğulması həmin yazarların çox hissəsini Sovet Azərbaycanına mühacirətə vadar etdi. Onlar ömürləri boyu şahidi və iştirakçısı olduğu hadisələri ürəklərində və əsərlərində yaşatdılar. Həmin şairlərdən biri də Əli Tudə idi. Son 10 ildə şairin yaradıcılığının 20 cildliyi və 2023-cü ildə "Əli Tudə - 100" kitabı işıq üzü gördü.

Quzeydə mühacirət həyatı yaşayan yazarların əsərlərində Cənub həsrəti, bölünmüş millət dərdi motivləri üstünlük təşkil etsə də, onların əsərlərində daha çox Güney Azərbaycanda demokratik hərəkatın yenidən qələbə çalacağına ümid və inam duyğusu ifadə edilirdi. Əli Tudə də həmin nəslin nümayəndəsi və mühacirət ədəbiyyatının yaradıcılarından idi.

İnqilab şairin yaradıcılığının çiçəklənməsinə imkan yaratmışdı. Mübarizlik, cəsarət, mərdlik, azadlıq ruhu Əli Tudə şeirinin əsas motivinə çevrildi. Gənc, döyüşkən şair inqilabı vəsf edən şeirlər yazırdı.

Əli Tudənin milli hökumət dövründə yazdığı ilk şeirlərində meydan, süngər od, alov, yanğı sonralar, zaman keçdikcə fikir və məntiq ilə əvəz olunacaqdı, öz yerini obrazlı ifadələrə verəcəkdi...

2004-cü ildən başlayaraq şairin oğlu Natiq Cavadzadə onun 20 cildlik "Əsərləri"ni peşəkarlıqla nəşrə hazırlayaraq, nəfis şəkildə nəşr etdirib.

Azərbaycanın ikiyə bölünməsi faciəsini bir daha həyatında yaşayan şairin əsərlərində bu ağrılı mövzu qırmızı xətt kimi keçib.

Əli Tudə ömrü uzunu nə Ərdəbili, nə də Təbrizi unuda bildi:

 

Gül bitər qayada da,

Dürr parlar dəryada da,

Yatanda röyada da

Təbriz yadıma düşdü.

 

Yazıçı və şair Əli Səmədi (Elyar Səmədli)nin "Bir göyərçin bir uçuş" adlı hekayələr toplusu Urmiyanın "Yaz" nəşriyyatı tərəfindən yayınlanmışdır və müəllifin doqquzuncu kitabıdır. İyirmi beş kiçik hekayəni birləşdirən bu kitaba yazıçının bir çox xatirələri və şəxsi həyat yaşantılarından alınmış əsərlər daxıldır. Bu nəsr parçalarının bir çoxunda yazıçının dəyişən əhval-ovqatını və yumor çalarlarını görmək mümkündür.

Tanınmış tənqidçi və yazar Hümmət Şahbazi Leyli Kəramətinin "Bağlı cəftə", "Yanaqdan öpmək zamanı sovuşdu" adlı hekayələr toplusunu araşdıraraq, onun qadınları "boz dünya"dan işıqlı həyata çıxarmaq üçün cəhd etdiyini göstərib yazır: "Onun hekayələrində diqqətçəkən məsələ, qadınlara aid olan davranış, danışıq və ifadələrin gerçəklikdən doğan təbiilikləridir. Bu iki kitabda (bir hekayəni istisna etməklə) demək olar kı, hekayələrin motivlərini qadın və qadın naturası təşkil edir. Bu hekayələrdə qadın dünyasında yaradılan üzdəniraq "boz dünya" ilə tanış oluruq".

2023-ci ildə Güney Azərbaycanla bağlı Avropa və Türkiyədə iki elmi kitab nəşr olunub. "Güney Azərbaycan mətbuatı tarixi" (The PRESS HISTORY OF SOUTH (İRANİAN) AZERBAIJAN) monoqrafiyası İsveçdə (Stokholm, 2023) "Diktonius Text" nəşriyyatında ingilis dilində çapdan çıxıb. Kitabda XIX əsrin birinci yarısından müasir dövrümüzədək İranda və ondan kənarda yaşayan azərbaycanlı ziyalıların ədəbi-ictimai fəaliyyətindən, onların nəşr etdikləri çeşidli mətbu orqanlarından sistemli məlumat bazası əsasında geniş bəhs olunur.

Digər kitab, Türkiyədə Ötüken nəşriyyatı tərəfindən türkcə çap olunan "XX yüzil Güney Azərbaycan ədəbiyyatının öncülləri" ("XX. Yüzil Güney Azerbaycan Edebiyatının Öncüleri" monoqrafiyasıdır. Güney Azərbaycanda öndə gedən və ədəbi proseslərə böyük təsir göstərən yazarların həyat və yaradıcılıqları təhlilə cəlb olunub. Hər iki kitabın müəllifi elmlər doktoru Pərvanə Məmmədlidir.

Apardığımız araşdırma və müşahidələrdən belə qənaətə gəlmək olar ki, Güney Azərbaycan çağdaş ədəbiyyatda mövzu, eləcə də üslub və janr əlvanlığı geniş və çeşidlidir. Bu ədəbiyyatın təmsilçiləri dil və təbliğat imkanlarının məhdudluğuna baxmayaraq, öz milli kimliyini, öz ədəbiyyatını tanıtdırmağa çalışırlar. Burada ənənəvi şeir və müasir şeir formaları bütün növləri ilə paralel şəkildə istifadə edilir. Bu inkişaf daimi və keyfiyyətli olaraq yüksələn xətlə irəliləyir.