Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

Dissent discussion - Asif Rustamli

11-07-2024 [ 12:20 ] [ read:88 ]
printerA+ | A-

Xalq yazıçısı Elmira Axundovanın "Sizin aranızda ən böyük dissident mən idim" iki cildlik və "Ədəbi gəzişmələr: zaman.., süjetlər.., düşüncələr..." kitabları üzərində gəzişmələr

Xalq yazıçısı, "Şöhrət ordenli" Elmira Axundova siyasətə, ədəbiyyata, publisistikaya elmdən, tədqiqatdan, analitik-nəzəri düşüncədən gəlmişdir. O, 1984-cü ildə "Cəlil Məmmədquluzadə realizmi və XIX-XX əsrin əvvəlləri rus ədəbiyyatı ənənələri" mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almış, yaxın, oxşar mövzularda araşdırmalar aparmış Şıxəli Qurbanov, Məmməd Arif, Mirzə İbrahimov, Məmməd Cəfər, Mir Cəlal, Əziz Mirəhmədov, Arif Hacıyev və digər tədqiqatçı-alimlərin toxunduğu xüsusilə "realizm", "kiçik janr" məsələlərinə sistemli baxış nümayiş etdirmişdir.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 1988-1991-ci illərdə baş elmi işçi vəzifəsində çalışan Elmira xanım "Ədəbiyyatşünaslıq məbədi" adlandırılan bu elmi-tədqiqat müəssisəsində ədəbiyyatımızın böyük şəxsiyyətləri ilə eyni sırada ədəbi-mənəvi dəyərlərimizin təəssübünü çəkmişdir.

Çəkinmədən demək olar ki, Elmira Axundovanın çoxşaxəli və sanballı yaradıcılıq fəaliyyətində, formalaşmasında və yüksəlişində Ədəbiyyat İnstitutu "start meydançası" rolunu məharətlə ifa etmişdir. Sağlam ədəbi-mənəvi mühitdə Azərbaycan ədəbiyyatşünaslığının görkəmli simalarından akademik Mirzə İbrahimov, Məmməd Cəfər, Mir Cəlal, Əziz Mirəhmədov, Yaşar Qarayev, Xalid Əlimirzəyev, Firudin Hüseynov, İslam Ağayev və digər görkəmli "mollanəsrəddinşünaslar" ilə elmi təmaslarda bulunması, tövsiyələrindən barınması, əsərlərindən bəhrələnməsi gənc tədqiqatçıya müsbət təkan vermiş, əhəmiyyətli yaradıcılıq uğurları qazandırmışdır. Onun bədii, publisistik janrlarda yazdığı əsərlərində də elmi üslubun polifonik çalarlarına, yanaşma tərzinə, dəyərləndirmə mexanizminə sıx-sıx təsadüf edilir.

Düşünürəm ki, Elmira Axundovanın şah əsəri 2007-2013-cü illərdə nəşr etdirdiyi, Dövlət mükafatına layiq görülmüş, altı cildlik "Heydər Əliyev: Şəxsiyyət və zaman" epopeyasıdır. Müəllif Ümummilli liderin siyasi bioqrafiyasından bəhs edən çoxcildli əsərini roman adlandırsa da, məxfi arxivlərdən əldə olunmuş unikal sənədlər, qiymətli materiallar, ilk dəfə elmi dövriyyəyə daxil edilmiş faktlar, dərin təhlillər və şərhlər kitabın bədii məziyyətləri ilə yanaşı, elmi siqlətini də artırmışdır. E.H.Axundovanın "Heydər Əliyev: Şəxsiyyət və zaman" əsərini Azərbaycan ədəbiyyatında sənədli roman janrının ən irihəcmli və parlaq nümunəsi adlandırmaq olar.

Yazıçı-alimin (Yazıçı-alim tipi Mirzə İbrahimov, Mir Cəlal, Elçin və digərlərinin nümunəsində daha aydın göyünür) "Heydər Əliyev: Şəxsiyyət və zaman" adlı fundamental əsərinin zəminində, təməlində, hazırlıq mərhələsində "Naşirin qətli" (İsa Nəcəfov ilə müştərək. 2001), "Həqiqət anları" (2003), "Şüşə saray" (2007) kimi irihəcmli, ədəbi hadisəyə çevrilmiş, siyasi dedektiv janrında yazılmış romanlarının adını çəkməmək mümkünsüzdür. Bu kitablarda Azərbaycanda hakimiyyətsizliyin, özbaşınalığın, xaosun meydan suladığı dövrdən - tanınmış ziyalı, "Azərnəşr"in direktoru Əjdər Xanbabayevin 1990-cı ilin may ayında vəhşicəsinə güllələnməsi, Ulu öndərin hakimiyyətə qayıdışından, ona qarşı sui-qəsd cəhdlərindən, siyasi strategiyasından, 1993-cü ilin yanvarında Banditizmə, Terrorizmə Qarşı mübarizə idarəsinin rəis müavini Ələkbər Ələsgərovun, həmin ilin aprelində Hərbi dənizçilik məktəbinin rəisi, kontr-admiral Eduard Hüseynovun sifarişli qətllərindən bəhs edilir. Elmira xanım bu oxunaqlı əsərləri ilə 1990-1993-cü illərdə baş verən hadisələrin siyasi mənzərəsini yaratmaqla, real mahiyyətini təqdim etməklə Heydər Əliyevin xalqın israrlı tələbi ilə yenidən hakimiyyətə qayıdışının zəruriliyini və əhəmiyyətini isbatlamışdır. Müəllifin Ulu öndərlə şəxsi tanışlığı, mehriban dostluq əlaqələri on ilə yaxın üzərində işlədiyi "Heydər Əliyev: Şəxsiyyət və zaman" çoxcildliyinin mükəmməlliyində, bitkinliyində, sənəd və faktoloji materialların yeniliyində, səmimi, emosional lövhələrin zənginliyində öz əksini tapmışdır.

Xalq yazıçısı, Dövlət mükafatı laureatı Elmira Axundovanın "Sizin aranızda ən böyük dissident mən idim" iki cildlik və "Ədəbi gəzişmələr: Zaman.., süjetlər.., düşüncələr..." adlı kitabları Ümummilli liderə həsr etdiyi çoxcildliyin mənəvi davamıdır.

Oxuculara təqdim olunan Elmira xanımın "Sizin aranızda ən böyük dissident mən idim" ikicildliyi demək olar ki, müəllifin altıcildliyinin bətnindən dünyaya gəlmiş, fakt və hadisələrin sıxlığına geniş nəfəs verilmiş, ən xırda detallar qabardılaraq təfərrüatı və cazibədarlığı ilə təqdim olunmuşdur.

Kitabın birinci cildində "Heydər Əliyevin gənclik həvəsi", "DTK sədri və yaradıcı ziyalılar", "Heydər Əliyev və Naxçıvanın yaradıcı ziyalıları", "Heydər Əliyev və müstəqillik dövrü mədəniyyəti" və b. mövzular yüksək peşəkarlıqla qələmə alınmış, unikal arxiv sənədləri, az məlum olan fakt, arqument və foto-şəkillərlə zəngindir.

Birinci cilddə Ümummilli lider Heydər Əliyevin ədəbiyyata, xüsusilə Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Səməd Vurğun və digərlərinin yaradıcılığına böyük həvəsindən, sevgisindən bəhs edilir, onun şəxsiyyət kimi formalaşmasında və mənəvi tərbiyəsində ədəbiyyatın rolu vurğulanır.

Müəllif sənədlərdən yerli-yerində istifadə etməklə yanaşı, müsahiblərin, şahidlərin fikir və düşüncələrindən, rəylərindən faydalanmışdır. Bu kitabda Cəfər Cabbarlının qızı Gülara xanım Cabbarlının da xatirəsi yer almışdır. Bu sətirlərin müəllifinin yadımdadır ki, 1991-ci il martın 22-də Azərbaycan Dövlət Opera və Balet Teatrında Cəfər Cabbarlının 90 illik yubileyi keçirilirdi. Cabbarlı ailəsi Heydər Əliyevin Bakıda olduğunu bildiyi üçün onu yubiley tədbirinə dəvət etmişdilər. O tədbirə gəldi və foyedə Gülara xanımla səmimi söhbət etdilər. Sonda muzeyin fotoqrafı kollektiv şəkil çəkdi. 1994-cü il dekabrın 28-də Cəlil Məmmədquluzadənin ev-muzeyinin açılışında Gülara xanım həmin şəkili dövlət başçısı Heydər Əliyevə təqdim etdi. Prezident şəkilə baxdı və o ağır günləri yada salaraq Gülara xanıma dedi: "O vaxt sizin vəziyyətiniz mənimkindən yaxşı idi".

"Sizin aranızda ən böyük dissident mən idim" kitabını vərəqlədikcə belə bir təsəvvür yaranır ki, Elmira xanım Heydər Əliyevlə bağlı heç bir əziz xatirəni, xüsusi əhəmiyyət kəsb edən vacib detalı unutmayıb, onun siyasi obrazını rövnəqləndirən bütün ən incə cizgilərdən səxavətlə bəhrələnmişdir.

"Sizin aranızda ən böyük dissident mən idim" kitabının ikinci cildinin də əsas, aparıcı mövzusu Ümummilli lider Heydər Əliyev haqqında Azərbaycanın görkəmli elm, ədəbiyyat, mədəniyyət, incəsənət xadimlərindən alınmış müsahibələrdir.

Akademik İsa Həbibbəyli Elmira xanıma verdiyi müsahibəsində Heydər Əliyevin 1990-1993-cü illərdə, Naxçıvanın ağır ictimai-siyasi və hərbi durumda gördüyü dövlər quruculuğu işlərindən, ordu və sərhəd məsələlərindən, sonrakı illərdə Hüseyn Cavidin 110, NDU-nun 25 illik yubiley tədbirlərinin keçirilməsindən söz açılmışdır.

Akademik Kamal Abdulla 1993-cü ildə Heydər Əliyevlə şəxsi tanışlığından, sonrakı illərdə həyatında bu "böyük miqyaslı lider"in mühüm rol oynamasından, Heydər Əliyev və V.Putinin onun rektor olduğu Bakı Slavyan Universitetinə gəlməsindən və xüsusilə təhsil haqqında fikir mübadiləsindən bəhs etmişdir.

Dövlət mükafatı laureatı Vilayət Quliyev müsahibədə Heydər Əliyevi ilk dəfə 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyində gördüyünü, 1992-ci ilin sentyabr ayında isə Naxçıvanda, İsa Həbibbəyli ilə birlikdə onunla görüşərək tövsiyələrini dinlədiyini bildirmişdir. 1999-cu ildən Heydər Əliyevin rəhbərliyi altında çalışdığını, beynəlxalq tədbirlərdə onun yanında olub tapşırıqlarını böyük həvəslə yerinə yetirdiyini bildirmişdi.

Xalq yazıçısı Anarla müsahibə "Heydər Əliyev ürəyində həmişə Azərbaycan milliyyətçisi olub" adlanır. Müsahibənin ən maraqlı məqamlarından biri odur ki, Heydər Əliyevin birinci hakimiyyət illərində dissidentlikdən diskussiya açılmış, dissident yazıçılar və əsərlər haqqında cəlbedici məlumatlar verilmişdir. Biz Ümummilli liderin Azərbaycan yazıçılarının 1997-ci il 30 oktyabr tarixində keçirilən X qurultayındakı məşhur nitqində dissidentlik haqqında sərgilədiyi düşüncələri unutmamışıq. Heydər Əliyev demişdir: "Mən bu gün deməliyəm ki, Azərbaycanda dissident olmayıbdır. Amma sizin çoxlarınız dissident olmusunuz. Sizin dissident olmağınızı müsbət mənada deyirəm. Yaxşı ki dissident olmusunuz. Əgər dissident olmasaydınız, Azərbaycan xalqında bu milli ruhu, əhval-ruhiyyəni qaldıra bilməzdiniz. Əgər Bəxtiyar Vahabzadə dissident olmasaydı, Azərbaycan xalqının, gənclərin şüuruna təsir edə bilməzdi. Əgər Xəlil Rza dissident olmasaydı, onun əsərlərinin təsir gücü olmazdı. Bu gün bunları müsbət qiymətləndiririk. Əgər o vaxtlar onlar təqib olunmayıbsa, başqa yerlərdə olduğu kimi, onları dissident adlandırmayıblarsa, onları nədənsə məhrum etməyiblərsə, demək, bu da bizim nailiyyətimizdir, bu da bizim o vaxtlar, çətin dövrdə apardığımız düzgün siyasətin nəticəsidir.

"Anar:

- Heydər müəllim, bağışlayın, sözünüzü kəsirəm. Bir dəfə Siz özünüz dediniz ki, o vaxt elə ən böyük dissident mən özüm olmuşam.

Heydər Əliyev:

- O da doğrudur".

Çətinliklərə baxmayaraq, Elmira xanım fədakarlıq nümayiş etdirərək Ulu öndər haqqında elm, ədəbiyyat, mədəniyyət və incəsənət xadimlərindən Xalq yazıçısı Anar, Xalq yazıçısı Elçin, Müslim Maqomayev, Oljas Süleymenov, Polad Bülbüloğlu, Fərhad Bədəlbəyli, Rasim Balayev,  Maqsud İbrahimbəyov, Fidan və Xuraman Qasımovalar, Tahir Salahov, Şəfiqə Məmmədova, Ömər Eldarov, Azad Şərifov və digərlərindən müsahibələr alaraq qəhrəmanının canlı, sevimli, əzəmətli, möhtəşəm portretini yaratmağa nail olmuşdur. Müsahibə üçün böyük sənətkarların uyğun vaxtını "kəşf etmək", onların yaxşı mənada "nazı ilə oynamaq", yaddaşlarının ovxarlanmasına köklənmək, közərən xatirələri yaddaşlardan qoparmaq bacarığı və digər əlahiddə jurnalist səriştəsinə, peşəkarlığına aid ali keyfiyyətlər yalnız - cəsarəti, səmimiyyəti, mədəniyyəti, mərdanəliyi ilə xalqımızın sevimlisinə çevrilmiş Elmira Axundovaya məxsusdur.

Ulu öndərə həsr etdiyi onun növbəti kitabı "Ədəbi gəzişmələr: Zaman.., süjetlər.., düşüncələr..." (CBS, 2023, 608 s.) adlanır. Kitab Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Vətənə xidmət missiyası" adlı müsahibəsi ilə başlayır. Hər zaman müsahibə alan Elmira xanım bu dəfə "Kaspi" qəzetinin əməkdaşı Marina Mürsəlovaya müsahibə vermiş, uzun illər tədqiqat apardığı Ümummilli liderin siyasi fəaliyyətindən, ədəbiyyata və mədəniyyətə bağlılığından bəhs etmişdir. Bu müsahibə əslində kitaba ön söz əvəzi verilmişdir. Müəllifin Heydər Əliyevin 98-ci ildönümünə həsr etdiyi və 2021-ci ildə "Kiyev Diplomatic" dərgisində nəşr olunmuş "Prezidentin işi" adlı məqaləsi Ulu öndərin keçdiyi mənalı həyat yoluna, gərgin ictimai-siyasi fəaliyyətinə, "Qarabağ düyünü"nə işıq salır. Kitabın "Ədəbi portretlər" bölməsi mündəricə etibarilə rəngarəng və zəngindir. Burada cənab Prezident İlham Əliyevin siyasi portret cizgiləri yüksək zəka və zövqlə təqdim olunmaqla yanaşı, onun hakimiyyət illərinin "Zəfər yolu"ndan "Qarabağ - Azərbaycandır" şüarından reallığına qədərki müzəffər yürüşündən söz açılır.

Müəllifin akademik İsa Həbibbəyli, nazir Polad Bülbüloğlu, prof. Arif Hacıyev, prof. Həsən Quliyev, Yusif Səmədoğlu, Oljas Süleymenov, Xalq artisti İlhamə Quliyeva, diplomat Vəhdət Sultanzadə, yazıçı Vidadi Babanlı, Xalq yazıçısı Elçin, şairə Nurəngiz Gün, tarixçi alim Rudolf İvanov, Xalq yazıçısı İsmayıl Şıxlı və b. haqqında yazdığı portret oçerklər bənzərsizliyi, orijinallığı, dil-üslub rəvanlığı, cazibədarlığı ilə seçilən əsərlərdir.

Kitabın "Ədəbi resenziyalar" və "Polemik təhlil essesi" bölmələrində də maraqlı, oxunaqlı, bir-birindən fərqli ədəbi düşüncə materialları yer almışdır.

Xalq yazıçısı, Dövlət mükafatı laureatı, "Şöhrət" ordenli, filologiya üzrə fəlsəfə doktoru, dosent Elmira Axundovanın "Sizin aranızda ən böyük dissident mən idim" iki cildlik və "Ədəbi gəzişmələr: Zaman.., süjetlər.., düşüncələr..." adlı kitabları bütövlükdə Heydər Əliyev epoxasına həsr edilmiş, milli şüurun tərəqqisinə təkan verən, faktoloji zənginliyi və yeniliyi ilə ədəbi hadisəyə çevrilmiş əsərlərdir. Elmira Axundovanın böyük sevgi və uzunmüddətli zəhmət hesabına araya-ərsəyə gətirdiyi bu kitabları Əliyevşünaslıq elminə dəyərli və mötəbər töhfədir.

525-ci qəzet, 2024, 09 iyul

OTHER NEWS