Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

Postmodern poetics: "Your Highness" text - Elnara Garagozova

15-04-2024 [ 11:26 ] [ read:6 ]
printerA+ | A-

 

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün yeni nəsil ədəbi tənqidi təqdinin növbəsidir, filologiya üzrə fəlsəfə doktoru, 

dosent Elnarə Qaragözovanın “Postmodern poetika: “Əlahəzrət” mətn” məqaləsi təqdim edilir.

 

 

 

 

 

 

 

Müasir dünyanın taleyi kimi təqdim olunan postmodernizm bəşəriyyətin kosmosla yanaşı, mikrodünyaya da nüfuz etməsi ilə öz mövqelərini daha da möhkəmləndirib. İnsan real dünyadan virtual dünyaya keçməklə postmodern mədəni-tarixi epoxaya qədəm qoymuşdur. Modernizm klassik realizmlə, ənənə ilə mübarizə fonunda meydana çıxmışdı. Postmodernizm isə reallığa qarşı informasiya texnologiyalarını, virtual dünyanı qoyur. “Bu, bütövlükdə süni, texnoloji və informasiya cəmiyyətinin – postinsan sivilizasiyasının formalaşmasıdır. Bu sivilizasiya təbii dünyanın, ənənəvi və modernist cəmiyyətin əvəzinə gəlir” (V.Kutırev). Postmodernizmin fəlsəfəsinin əsaslarını işləyən görkəmli alimlər: R. Bart, J. Batay, M. Blanşo, F. Qvattari, J.Delez, J.Derrida, F. Cemisson, S. Jijek, P. Klassovski, Y. Kristev, M. Fuko, Y. Bodriyar, S. Zenkin, İ.İlyin, M. Kolesnikov, V. Kuriçina, V. Kutıreva, M. Mojeyko, V. Podoroq, M. Rıxlin, B. Sokolov, M. Epşteyn olmuşdur. Azərbaycanda  İsa Həbibbəylinin, Qorxmaz Quliyevin, Tehran Əlişanoğlunun, Elnarə Akimovanın, Cavanşir Yusiflinin, Ülvi Babayevin, Nərgiz Cabbarlının, Nərgiz İsmayılovanın, Afaq Əsədovanın, Mahirə Hacıyevanın, Pərvanə İsayevanın  və başqa alimlərin bu cərəyanla bağlı araşdırmaları həm postmodernizmə Azərbaycan ədəbiyatşünaslığı kontekstindən baxışı, həm də Azərbaycan postmodernizminin nəzəri əsaslarının tədqiqini özündə ehtiva edir.

         Mətnin düzgün anlaşılması və şərh olunması tarixin bütün dövrlərində aktual problem olmuşdur. Xələflər sələflərin mətninin kontekstdaxili və kontekstdən kənar anlamlarını şərh etməklə mətnlərarası əlaqənin arasıkəsilməzliyini təmin etmişlər. İlahi mətnlərin, o cümlədən Quranın şərhləri müəyyən çətinliklər və məhdudiyyətlərlə müşayiət olunsa da, bədii mətnlər bu baxımdan daha azad idi və sərbəst şərhə meydan açırdı. Adını qədim yunan allahı Hermesin adından götürənhermenevtika yarandığı dövrlərdə mətnin şərhi problemlərini praktiki baxımdan öyrənən köməkçi elm sahəsi kimi çıxış edirdi. XXI əsrdə hermenevtika aparıcı elm sahələrindən birinə çevrilərək ədəbiyyatşünaslıq üçün xüsusi əhəmiyyət kəsb edir. Tətbiqi hermenevtikanın qrammatik, stilistik, tarixi və psixoloji metodları mətnin fərqli qatlarını analizə cəlb edir. “Ədəbi mətndə əsasən ideyanın sosial-tarixi kontekstini aydınlaşdırmağa kömək edən tarixi interpretasiya metodu istifadə olunur”. (V.Çueşov)

         Postmodern mətnin analizi üçün ilk növbədə onun fəlsəfi əsaslarını bilmək, məhz tarixi-fəlsəfi konteksti aydınlaşdırmaq lazımdır. Postmodern fəlsəfənin bazisini strukturalist fəlsəfə təşkil edir. Fransız ədəbiyyatşünası və semioloqu Rolan Bartın (1915-1984) araşdırmaları ilə strukturalizmin ideyaları birbaşa yazılı nitqə – mətnə tətbiq edilməyə başladı. İnsanın yaratdığı mədəniyyəti bütövlükdə “mətn” kimi təqdim edən R. Bartın əsas ideyasına görə, “aşkara çıxarılan düşüncə strukturları öz məcburilik qüvvəsini itirir və dekonstruksiyaya uğrayır”.Strukturalizmə “epistema” və “diskurs” anlayışlarını gətirən Mişel Fuko (1926-1984) antroposentrizmdən uzaqlaşaraq mədəniyyətin antibəşəriyyət və antitarix aspektlərinə üstünlük verir, “insanın ölümü”nü, insan faktorunun ikinci plana keçməsini müasir mədəniyyətin əsası kimi təqdim edir. Zamanla strukturalizmin məğzindən postmodernizm meydana çıxır: “Bart və Fukonun sonrakı görüşlərini poststrukturalizmə aid etmək olsa da, postmodernizm poststrukturalizmin yeni etapı kimi fransız mütəfəkkirləri Jak Derridanın (1930), Jül Delezin (1926) tədqiqatlarından başlayır. Sərlövhəsində postmodernizm anlayışının mövcud olduğu ilk fəlsəfi əsəri J. F. Liotar qələmə almışdır. Bu kitab “Postmodern situasiya” (1979) adlanırdı. Bu kitabda rasionalizmin, o cümlədən strukturalizmin ideyaları, hermenevtikanın rasionalizmi və Y. Xabermasın tənqid nəzəriyyəsi ilə razılaşmayan Liotar rasional sənaye təkamülünün qanunauyğun bəhərinin totalitarizm, şimal və cənubun qarşıdurması, işsizlik, Auşviçç (Osvensim) olduğunu qeyd edir. Auşviççdən (Osvensimdən) sonra əvvəlki kimi mühakimə yürütmək qeyri-mümkündür”. (V.Çueşov)

         A.Duqin “Postfəlsəfə” əsərində bəşəriyyətin tarixini üç paradiqmanın: premodern-modern-postmodernin növbələşməsi kimi təqdim edir. İnsanın düşünmək və danışmaq mədəniyyətini virtuallaşdırıb yazmaq və göstərmək kimi yenidən quran postmodernizm tarixin, bəşəriyyətin tam fərqli etapıdır. Dünyanın ənənəvi qanun və kriteriyalarını dağıdan postmodernizm postreallıq yaradır. Əvvəlki dünya düzənində anormal hesab olunan məqamlar  postmodern dünyada normanın fərqli bir variantı, güzgünün digər üzü kimi  nəzərdən keçirilir. Məqsədsizlik və məntiqsizlik  üzərində qurulan postmodernizm klassik elmin yerinə oyunabənzər postelm təklif və təqdim edir.

         Postmodernizmin poetikaya gətirdiyi yeni  və yeni anlamda işlənən klassik terminlər – dekonstruksiya, simulyakr, sitat, fraqmentarlıq, eklektika, relyativizm, multimədəniyyət, skeptisizm, ironiya, parodiya, pastiş və s. postmodernizmin özü kimi ambivalent xarakter daşıyır. Əşyanın, obyektin, anlamın ona bənzər alternativ ilə  əvəzlənməsini xarakterizə edən simulyakr fenomeni postmodern poetikanın  əsas anlayışlarındandır. Y. Bodriyar Amerikanı səhra ilə eyniləşdirərək onu postmoderni əks etdirən əsas cəmiyyət kimi təqdim edir. Müasir teleməkandakı realiti – şoular, virtual oyunlar, alkoqolsuz şərab, kofeinsiz kofe, dadlandırıcılar, aromatizatorlar, təbii materialları imitasiya edən plastik məhsullar, insanların marionetka, zombi, robot kimi təqdimi simulyakr fenomeninin təzahürüdür. Postmodernizm simulyakr vasitəsilə insanın surətə, klona çevrilməsini təbliğ edir. Postmodernizmin əsas anlayışlarından biri,  dekonstruksiyanın bir hissəsi olan desentrasiyanın nəticəsi kimi mərkəzi və periferiyaları olmayan labirint meydana çıxır. Labirint həm də klassik məntiqin çöküşüdür. İnternet şəbəkəsi də mərkəzdən məhrum dünyanın simvolu və yaradıcısıdır. Modernistlər ədəbiyyatda təmiz mətn axtarışında idilər. Tarixi, bioqrafik, emosional, fəlsəfi yükdən azad mətn “təmiz mətn” hesab olunurdu.

         Postmodernizm isə mətni, ümumiyyətlə, azad və hüdudsuz, müəllifsiz elan edir. Postmodern mətn hipertekstualdır.  Postmodern estetikada mətn anlamı geniş, sonsuz, müxtəlif çıxıntılarla bir-birinə birləşən, dolaşıq bir labirint kim təqdim olunur. Postmodern poetikada mətnin əsas xüsusiyyətlərindən biri onun dekonstruksiyaya məruz qalmasıdır. V.Çueşov strukturtalizmdəki dekonstruksiya anlayışı  ilə postmodernizmdə irəli sürülən dekonstruksiya anlayışının fərqini bu şəkildə izah edir: “Postmodernizmin dekonstruksiyası bu mətnin eyni zamanlı yazılış-oxunuş prosesidir. Mətn  isə statik işarələr toplusu deyil, prosesidir. Postmodernistlərə görə, mətn artıq ədəbiyyatın deyil, mətnşünaslığın elementidir”.

         Əsasında urbanizmin, texnologizmin, primitivizmin,dehumanizmin dayandığı modernizmin əksi, opponenti kimi meydana gələn postmodernizm kosmizm, ekologizm, posthumanizm prinsiplərini təqdim edir, dünyada baş verən qlobal dəyişikliklərə reaksiya kimi meydana çıxır. “Ədəbi cərəyanların nəzərə alınması eyni zamanda dünyada baş verən obyektiv gerçəkliklərin, elmi-texniki yeniliklərin, qlobal dəyişikliklərin ədəbi prosesə təsirini nəzərə almaq baxımından da vacibdir. XX əsrdə dünya ədəbiyyatı və ictimai fikrində yaranan modemizm və postmodernizm cərəyanları həmin qlobal dəyişikliklərin nəticəsində meydana çıxmışdır”. (İ.Həbibbəyli)

         Narrativ toplusu kimi baxılan mətn anlayışı yeni – postmodern ontologiya anlayışını meydana gətirir. Dekonstruksiyanın, desentrasiyanın, simulyakrların, müəllifin ölümünün reallaşdığı postmodern dünyada ironiya, sarkazm, sitat əsasında yeni mədəniyyət tipi yaranır. “Hər kəsin öz həqiqəti” şüarını təbliğ edən postmodernizm ikili həqiqət prinsipini dünya düzəninə  daxil edir. Postmodern insan ikili həqiqətlərin əhatəsində eynizamanlı  iki fərqli dünyada  – real və irreal dünyada yaşayır. Reallığın itməsini simvollaşdıran postmodernizm yeni ontologiya (varlıq haqqında elm) – postontologiya yaradır. İlkin dövrlərdə insanın ontoloji görüşləri miflə bağlı idi və varlıq ilahların, allahların bir hissəsi hesab edilirdi. Hər varlığın özündə ilahi element, nur daşıdığına inanıldığı etapda dünya da təmiz və sakral bir məkan hesab edilirdi. Təkallahlı dinlərin meydana gəldiyi dövrdən etibarən insanla ilahi varlıq, Allah arasında sədd yarandı. Möcüzə əvvəlki dövrün insanının həyatını bütövlükdə əhatə edirdi. Monoteizmin hökmran olduğu dünyada isə möcüzə ancaq Allahın  izni ilə gerçəkləşə bilər. Modernizmin gəlişi ilə möcüzə tamamilə inkar olunur. Dünya yaradansız qalır və öz-özünə, müstəqil şəkildə mövcud olmağı seçir. Yalnız materiallığı, real olanları varlıq kimi qəbul edən modernizm realizmdən nihilizmə qədər bütöv fəlsəfi realilər toplusunu özündə ehtiva edir. Postmodern modernizmin ontoloji görüşlərini daha da dərinləşdirir, nəinki möcüzə və ilahi varlıqla əlaqə itir, ümumiyyətlə, varlığın özü reallıqdan məhrum olur, virtual dünyanın içərisində əriyir. “İşarələrdən kənarda olan hər hansı reallıq haqqında təsəvvürlər postmodernizm tərəfindən “son illuziya”, metafizikanın qalığı kimi tənqid olunur”. (M.Epşteyn)Postmodernin virtual dünyası modernin real dünyasını darmadağın edir. Kafkanın təmsil etdiyi modernizmdə insan böcəyə çevrilə bilərdi. Modern estetikaya görə, insan böcəyə çevrildikdən sonra nacaq böcək kimi var olmalı idi, metamorfozanın geridönüşü mümkün deyildi. Postmodern poetikada isə bu çevrilmə virtual plastda gerçəkləşir. Postmodern estetikada metamorfoza ilkin obraza çevrilmə, eyni zamanlı mövcud olma kimi effektlər qazanır. Belə ki, postmodern estetikanın obrazı olan hörümçək – adam (Spiderman) həm adi insan, həm də super güclərə malik varlıq kimi eyni zaman çərçivəsində mövcud ola bilir. Yaxud postmodernin digər simulyakrı olan Supermen obrazı öz fövqəlgücünü itirib həyatına adi bir insan kimi davam edə bilər. Beləliklə, nümunələrdən də göründüyü kimi, metamorfozanın geriyə dönüşünün, ləğvinin mümkünlüyü, ikili obrazın eyni zaman kəsimində mövcudluğu postmodern ontologiyanın  əsas, fərqləndirici xüsusiyyətlərindəndir.

         Postmodern əsərlər ilk baxışdan irreal və absurd təsiri bağışlayır. Lakin postmodern mətn bizim öyrəşdiyimiz real dünyanı, maddi aləmi əks etdirmir. Postmodernizmin virtual dünyanın fəlsəfəsi olduğunu və virtual dünyanın realilərini əks etdirdiyini nəzərə aldıqda postmodern ədəbiyyatı anlamaq və təhlil etmək namümkünlükdən və naməlumluqdan xilas olur.

 

 

“Ədəbiyyat və incəsənət”

(27.03.2024)

OTHER NEWS