Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

The light of the "blue-green book" - Salida Sharifova

27-10-2023 [ 13:25 ] [ read:20 ]
printerA+ | A-
103884

(romanının janr xüsusiyyəti, problematikası, obrazları və bədii dili)

GİRİŞ

Məmməd Əliyevin nəşrini planlaşdırdığı tetralogiyasının üçüncü kitabı olan “Mavi-yaşıl kitab” əsəri “Həsrətin o üzü” və “Karvan köçər, ötər gedər sədası”romanlarında olduğu kimi epoxal roman xüsusiyyətlərinə malikdir.

“Mavi-yaşıl kitab” romanının janrı “Həsrətin o üzü” və “Karvan köçər, ötər gedər sədası” romanların davamı olsa da, burada əsərin sərhədləri genişlənir. “Mavi-yaşıl kitab” romanında faktiki həyat materialları müəllifin iştirak etdiyi, şəxsən şahidi olduğu hadisələr fonunda bədii dillə təqdim edilir. Müəllif həm də fakt və ayrı-ayrı şəxslərin səciyyəvi xüsusiyyətlərini yazılı interpretasiyasından keçirərək əks etdirir.

İdeya cəhətdən bir vəhdət təşkil edən, vahid müəllif qayəsi ilə biri-birinə bağlı olan bu əsərlər eyni şəxs - Murad obrazı ətrafında birləşir. Hər üç əsərdə fakt və ayrı-ayrı şəxslərin səciyyəvi xüsusiyyətləri Muradın dili ilə təqdim edilir. Murad bir bədii obraz kimi müəllifin düşüncələrini, dünyaya baxışını, keçdiyi həyat yolunu əks etdirir.

 

I Romanın janr xüsusiyyəti

Janr qarışıqlığının xüsusiyyətlərindən bəhs edərkən, janr kontaminasiyası adı altında, bir bədii əsərdə iki və ya daha çox janrların elementlərinin birləşməsi başa düşülür. Bu zaman bir janrın əlamətləri dominant xarakter daşıyır. Məmməd Əliyevin “Mavi-yaşıl kitab” romanında da janr qarışıqlığı roman janrını inkişaf etdirmək, janrın məzmununu struktur, baş obrazın tipikləşdirilmiş xarakter səviyyəsində özünü təsdiq və zənginləşdirməsi kimi çıxış edir.

Roman janrında janr “saf”lığının əldə edilməsinin qeyri-mümkün olması baxımından, roman janrı sinkretik xarakter daşıyır. Yazıçının qələmə aldığı “Mavi-yaşıl kitab” romanında problem özəl müəllif təfsiri şəklində qoyulur, qaldırılmış problemin açıqlanması üçün əvvəllər istifadə edilmiş müxtəlif bədii üsullara müraciət edilir. Müəllifin bədii üsul axtarışı janr qarışıqlığına gətirib çıxarmışdır ki, bu da əsərin bədii konstruksiyasında özünü göstərmişdir.

Qeyd edək ki, janr qarışıqlığının üç əsas forması mövcuddur. Birinci halda, romana başqa növlərin elementləri daxil edilir. Bu halda da növlərarası janr qarışıqlığı baş verir. Növlərarası janr qarışıqlığına şərti olaraq romana qeyri-bədii nəsrin elementlərinin daxil edilməsini də aid etmək olar. İkincisi, romana nəsrin digər janrlarının elementləri daxil edilə bilər. Həmin halda növlərdaxili janr qarışıqlığı baş verir. Romanda növlərarası janr qarışıqlığı aşağı və ali janrların qarışıqlığına gətirib çıxardır. Üçüncüsü, janrdaxili qarışıqlıqdır ki, müxtəlif roman növlərinin əlamətlərini əhatə edir.

Müəllifin “Mavi-yaşıl kitab” əsərində müxtəlif janr xüsusiyyətləri özünü büruzə verir. Roman-etirafın janr qarışıqlığı təkcə roman və etiraf janrlarının xüsusiyyətlərinin birləşməsində özünü göstərmir, həm də avtobioqrafik janra xas elementlərin əsərə nüfuz etməsində özünü büruzə verir.

“Mavi-yaşıl kitab” romanında da digər cildlərdə olduğu kimi təsvir edilən avtobioqrafik hadisələri müəyyən etməkdə çətinlik yaranmaqdadır. Bunun da əsas səbəbi, “Həsrətin o üzü” və “Karvan köçər, ötər gedər sədası” əsərlərində olduğu kimi əsərin qəhrəmanının müəllifin öz adı ilə deyil, Murad adı ilə təqdim edilməsidir. Hər üç əsərdə qəhrəmanın müəllifin öz adı ilə deyil, Murad adı ilə adlandırılır. Bu da “Həsrətin o üzü” və “Karvan köçər, ötər gedər sədası” romanlarında olduğu kimi avtobioqrafikliyin özünü büruzə verməsi “Mavi-yaşıl kitab” əsərini roman-etiraf kimi təqdim etməyə əsas verir.

Müəllifin bu romanında sənədli faktı təqdim edərkən təxəyyülə geniş yer ayırır. Müəllif hafizəsində saxladığı fakt və ayrı-ayrı şəxslərin səciyyəvi xüsusiyyətlərini əks etdirərkən sənədliliyə də müraciət etmişdir. Bu sənədlilik müəllifin əsərlərdə təsvir etdiyi hadisələri tarixi baxımdan özünü göstərməsində də əksini tapır.

Romanın qarışıq tipli janrlarla təqdim edilməsi ədəbiyyatşünaslıqda mövcuddur. Bu zaman roman janrı hibrid janr konstruksiyaları yaradır. Sənədli, publisistik və elmi janrlar ilə fəal qarşılıqlı əlaqədə olur ki, nəticədə növlərarası janr qarışıqlığı əsas yer tutmaqla janr konstruksiyaları formalaşır. Sənədli və bədii janrların qarşılıqlı əlaqə formaları müxtəlif olur. İlk növbədə, sənədin (tarixi faktın) bədii mənasının yenidən işlənilməsi, müasir dövrdə “müstəqil estetik məna alması” ilə səciyyələndirilir. Məsələn, 1978-ci ildə SSRİ konstitusiyasına əlavə düzəlişlər edilməsi məhz tarixi sənədlərə müəllifin müraciət etməsinə səbəb olur: “Moskva dönə-dönə rus dilinin işlədilməsinin, əhatə dairəsinin genişləndirilməsi məsələsi üzərində qərarlı idi. Hərçənd 1978-ci ildə SSRİ konstitusiyasına əlavə düzəlişlər edilib SSRİ Ali Sovetində təsdiq ediləndə həmin dövlətin tarixində ilk dəfə olaraq milli dillərin ikinci dövlət dili kimi işlədilməsi bəyənilmiş və qanuniləşmişdisə də, yenə rus dilinin hegemon ünsiyyət vasitəsi kimi üstün mövqedə saxlanılması tələb olunurdu. Belə çıxırdı ki, istəsən də, istəməsən də rus dilində danışmalısan. Doğrudur, 1978-ci ildə qəbul edilmiş Konstitusiya respublikaların təklifləri ilə qəbul edilmişdi. İlk dəfə Gürcüstan respublikasında gürcü dilinin dövlət dili kimi işlədilməsi haqqında Gürcüstan Ali Sovetində qərar qəbul edilmişdi. Azərbaycanda Konstitusiya komissiyasında bu məsələyə baxılarkən onun işində iştirak edib təkliflər hazırlayan akademik, xalq yazıçısı Mirzə İbrahimov, Abdulla İbrahimov (Ali Məhkəmənin sədri) və digərləri milli dilimizə dövlət dili statusu verilməsi təklifi ilə çıxış etdilər. Komissiya həmin təklifi yekdilliklə qəbul etdi. Əslində həmin qərar akademik M.İbahimovun Ali Sovetin sədri işləyərkən ürəyində saxladığı arzusunun həyata keçməsi idi. Dil siyasəti sahəsindəki fəaliyyətinə əlifba islahatı (э, ю, я, й hərflərinin orfoqrafiyadan çıxarılması) ilə başlayan xalq yazıçısı bu səbəblərə görə də vəzifədən uzaqlaşdırılsa da o, geri çəkilməmiş “Azərbaycan dili” monoqrafiyasını nəşr etdirmişdi.”

Romanda esse janrının xüsusiyyətlərinin özünü büruzə verməsi ilə rastlaşırıq. Məsələn, ədəbiyyatda roman-esse məfhunu mövcuddur. Roman-esse müasir romançılıqda xüsusi haldır. Bir sıra tədqiqatçılar roman-esseni bədii-sənədli nəsrə aid edirlər. Əksər tədqiqatçılar isə roman-essedə bədii-publisistik nəsri görməyə meyillidirlər. Essedə publisistik başlanğıc daha əhəmiyyətlidir, nəinki sənədli və ya elmi. Romanın essesizasiyasılaşması özü reflektor müəllif təhkiyəsi ilə bağlıdır. Roman-essedə hadisələr məhz yazıçının şəxsiyyətini, onun daxili dünyasını və əqidəsini açıqlamalıdır. Məmməd Əliyevin bu romanında da esse janrına meyllik özünü göstərməkdədir. Belə ki, romanda təsvir edilən hadisələr müəllifin hadisələri təqdimi zamanı çoxqatlı struktura malik, qədim şüur qatlarında yer tutmuş hadisələrə fəlsəfi yanaşmasını əks etdirir. Məsələn, romanda özünü əks etdirən məqama diqqət yetirək. Romanda dünyada gedən siyasi məsələlər müəllif təxəyyülündən keçirilərək təqdim edilir. Tarixi hadisələrin bədii şəkildə təqdimi heç də hadisələrin üzərinə örtük salmır, əksinə oxucunun yaddaşına həkk olunmasına təkan verir. Məsələn, romanda Əfqanıstan, İran və s. dövlətlərin siyasi durumu ilə səsləndirilən fikirlər tarixilik baxımından əhəmiyyət kəsb edirlər: “Həmin dövrlərdə Əfqanıstanda monarxiya hakimiyyətinə son qoyuldu. Kral hakimiyyəti devrildikdən sonra qərbpərəst Əmin hakimiyyəti bərqərar edilmişdi. Onun hakimiyyətə gətirilməsi SSRİ-yə əl vermirdi.

Sovet dövləti də çevrilişə cavab verdi. Xüsusi hazırlanmış “Alfa” qrupunun əməliyyatı nəticəsində Əmin saraydaca boğulub öldürüldü. Hakimiyyətə Tərakı gətirildi. Lakin onun hakimiyyəti çox çəkmədi, yerinə kommunist təmayüllü Babrək Karməl gəldi. Əfqanların mübarizəsi sayəsində o, hakimiyyətdən getməli oldu, yerinə Nəcibulla gətirildi. Lakin əfqanların kommunizmi, onun liderlərini görməyə gözləri yox idi. Elə buna görə də onun diri-diri əl-qolunu bağlayaraq maşının arxasına bağlayıb küçələrdə sürüyəcəkdilər. Sovet dövləti 1979-cu ildə Əfqanıstana qoşun yeritsə də 10 ilik müharibə nəticəsində istədiyi dövlət qurumunu qurub yaşada bilmədi, on ildən sonra 1989-cu ildən oradan çıxmağa məcbur oldu, əvəzində dövlətin dayaqları, iqtisadi gücü sarsıldı...

Əfqanıstanın arxasında əhalisi iki yüz milyonu keçən, hərbi sənayesinə görə dünyada öncül yerlərdən birini tutan Pakistan dayanırdı... Bu amil nəzərə alınmamışdı...

Uzun müddət Fransada mühacirətdə yaşayan Ayətullah Xomeyninin gözlənilmədən hakimiyyətə gətirilməsi Sovet dövləti üçün gözlənilməz və xoşagəlməz sürpriz oldu. SSRİ-yə qarşı nifrət və qərəzli münasibət, İranın İraqla müharibəyə başlaması Sovet dövləti üçün xeyli problemlər yaratmışdı”.

Romanda müəllifin esseliyə meylliyinə baxmayaraq, bu əsərin janrına təsir edə bilməmişdir.

Məmməd Əliyevin romanında zaman və məkan anlayışı hadisələrin müəyyənləşdirilməsinə zəmin yaradır, əsərin kontinyumu müxtəlif məkanları əhatə edə bilir. Əsərdə zaman və məkan anlayışı məhz müəllifin özünün şahidi və iştirakçısı olduğu hadisələrin zaman və məkanında əksini tapır. Əsərdə zamanın, məkanın dəqiq təsvir edilməsi diqqəti cəlb edir.

Romanının kontinyumunu müxtəlif məkanlar, əsasən, Azərbaycanın Bakı şəhəri, Rusiyanın Moskva şəhəri, Estoniyanın Tallin şəhəri, Özbəkistanın Daşkənd şəhəri, Gürcüstanın Tbilisi şəhəri və digər məkanlar əhatə edir. Təqdim edilən şəhərlər keçmiş və müasirlik prizmasından oxuculara təqdim edilir. Məmməd Əliyevin təqdim etdiyi hadisələr yalnız zaman və məkan çərçivəsinə salınmır, həmçinin baş verən hadisələrə siyasi qiymət verilir.

Romanda məkanın təqdimi əksər hallarda müəllifin yaddaşına əsaslanaraq təqdim edilir. Müəllifin Estoniyada iştirak etdiyi beynəlxalq konfransın konkret olaraq məkan kimi Tallində, tarix baxımından isə mart ayının əvvəllərində baş verməsini göstərir: “Konfrans iki gün çəkdi… Mart ayının 6-da hava günəşsiz olsa da yazın gəlişi hiss olunurdu”.

Müəllif “Mavi-yaşıl kitab” əsərində məkanın təqdim zamanı məkanı incə detallarına qədər təsvir edir. Romanda müəllif Tallin, Daşkənd, Moskva, Tbilisi və s. məkanları bu baxımdan geniş şəkildə təqdim edir. Məsələn, romandaTallin şəhərinin məkan kimi təqdim edilməsi zamanı Tallinin tarixinə də nəzər salınır: “Tallin Avropanın qədim mədəni mərkəzlərindən idi. Cəmisi o vaxtlar 1,4 milyona yaxın əhalisi olan ölkənin özünəməxsus ənənələri vardı. Çox səliqəli şəhər olmaqla park və xiyabanlarında əlvan güllər əkilmiş, əhalisi mədəni həyat tərzi keçirirdi. Şəhərdə hər şey gözəl və sadə idi; “Köhnə Tallin” bizim “İçəri şəhər” kimi “yeni şəhərlər”lə əhatə olunmuşdu. Cəmisi 35-40 dəqiqəyə köhnə şəhəri dövrə vurmaqla gəzmək olurdu. Ötən əsrlərdə tikilmiş iki-üç mərtəbəli binalar şəhərə xüsusi yaraşıq verirdi”.

Müəllif romanda məkanları həm müasir dövr prizmasından, həm də tarixi keçmişinə nəzər salaraq göz önündə canlandırır. Məmməd Əliyevin romanda Daşkəndi bir məkan kimi keçmiş və müasirlik nöqteyi-nəzərindən təqdim edir: “1968-ci il zəlzələsindən sonra Daşkənd yenidən tikilmişdi, köhnə Daşkənddən ancaq kiçik bir məhəlləni qoruyub saxlamışdılar. Həmin məhəllə də köhnə Daşkənd haqqında buraya gələn qonaq və turistlərdə kifayət qədər təsəvvür yarada bilirdi: əyri, dar küçələr, saman və palçıqdan yoğrulub hazırlanmış çiy kərpicdən hasarlar, böyrü üstə əyilmiş şirniyyat mağazaları, kiçik bazar, onun kənarında saxlanan dəvələr, küçələrdə qoyulmuş altına kösöv yığılmış plov qazanları, qızardılmış ət yığılmış mis məcməyilər, başına ağ papaq və ya araqçın qoyub, əlində çömçə tutub müştəri gözləyən aşpazlar və s...” Müəllif hətta Daşkəndi “Təzə Daşkənd müasir şəhərdir, köhnə Daşkənd daha cəlbedicidir” kimi məkanları müqayisəli şəkildə tə təqdim edərək dəyərləndirir.

“Mavi-yaşıl kitab” əsərində personaj və hadisələr zaman və məkan kontekstində təqdim edilir. Əsərdə konkret tarixin, yəni zamanın və məkanın əks etdirilməsinə nəzər salaq. Əsərdəki belə epizodlarıın birində müəllif Leonid İliç Brejnevivin Azərbaycana gəlişini zaman və məkan çərçivəsində (xronotop baxımından) təqdim edir: “Hələ ki, 1978-ci il idi...

Bu il bir də onunla əlamətdar idi ki, bir müddət sonra dünyanı lərzəyə salan Sovet dövlətinin başçısı Leonid İliç Brejnev Bakıya gələcək, burada dövlətin çox məxfi saxladığı hərbi-siyasi planları müzakirə olunacaqdı”.

Romanda zamana dəqiq riayət edilməsi daha çox tarixi faktları əks etdirən epizodlarda əksini tapır. Məsələn, ölkədə gedən siyasi hadisələri zaman və və məkan baxımından açıqlayan müəllif bu zaman tarixi dəqiqliyə riayət edir: “L.İ.Brejnevin ölümündən sonra (10 noyabr 1982) Yuri Vladimiroviç Andropov 12 noyabr 1982-ci ildə Baş katib vəzifəsinə gətirildi. ...1984-cü il fevralın 4-də onun müəmmalı ölüm xəbəri haqqında söz-söhbət yayılsa da, ona heç kim inanmadı, fevralın 9-da rəsmi elan ediləndən sonra vəfat etməsi məlum oldu...

13 fevral 1984-cü ildə ictimai-siyasi fəaliyyəti ilə o qədər də tanınmayan A.Çernenko Baş katib vəzifəsinə gətirilsə də yaşının çoxluğundan o da yadda qalan bir iş görə bilmədi, qocalıq və xəstəlik ona ancaq bir il 25 gün bu vəzifədə oturmağa imkan verdi, 10 mart 1985-ci oldə o dünyasını dəyişdi. Həmin vaxtdan Mixail Sergeyeviç Qorbaçov Mərkəzi Komitənin Baş katibi seçildi. Bununla da SSRİ adlı nəhəng dövlətin dünyanın siyasi xəritəsindən silinməsi prosesi başlandı (Bu vəzifədə o, 25 dekabr 1991-ci ilə qədər qalacaqdı)...

... B.Yeltsinin prezidentlik illəri (10 iyul 1991-31 dekabr 1999) Azərbaycan üçün daha faciəli oldu. Sovet qoşunları Gürcüstandan çıxarılarkən iki diviziyanın (!) silah-sursatı Ermənistana verilərək onu yeni tarixi cinayətlərə yönəltdilər...”

“Mavi-yaşıl kitab” romanında simvolizm xüsusi yer tutur. Müəllif romanda rəngləri simvollaşdırmağa nail olur. Romanda mavi-yaşıl rəngə üstünlük verildiyini tez-tez müşahidə edirik. Simvollaşdırdığı rəngləri ictimaiyyətə təqdim etdyi əsərinin adına da çıxarır.

Mavi-yaşıl rənglər Muradın həm xəyal, həm də real dünyasının bir rəmzinə çevrilir. Yaşıl rəng duyğusal rəng hesab edilir. Yaşıl rəng arzu, murad, istək rəngi hesab edilir. Güvənverici bir rəngdir. O həm də sülhü, sakitliyi, sevgini bildirən bir rəngdir. Məsələn, Çində bu rəng gözəl həyatı və cavanlığı tərənnüm edir. Ümumiyyətlə, yaşıl rəng müdriklik, sədaqət, soyuqluq rəngi kimi də qəbul edilir. Təbiətin rəngi olan yaşıl rəngi sevən insanlar inadkar və başladıqları işi axıra çatdırırlar. Əsərin baş qəhrəmanı Murad da öz inadlkarlığı, başladığı işi sona çatdırması ilə oxucu yaddaşına həkk olunur.

Mavi-yaşıl rəng ən çox müəllifin inandığı, sevdiyi, dəyər verdiyin insanların gözlərinin rəngi kimi təqdim edilir. Mavi-yaşıl rəngin Muradın oğlu Turalın da gözlərinin rəngi, hətta Muradın dünyada ən əziz varlığı olduğu anasının gözlərinə bənzədilməsinin təsviri dünyaya gələn insanların genetik bağlılığına işarə edir: “Nə mənə, nə də anasına! Sənə oxşayıb nəvən! Sarışın, gözləri yaşıla çalan mavi rənglə qarışıq!..”

Romanın da məhz “Mavi-yaşıl kitab” adlandırılması əsərin baş qəhrəmanı Muradın keçmişə və gələcəyə bağlılığını, böyük eşqini əks etdirir. Mavi-yaşıl gözlü Tural məhz Muradın bu günü və gələcəyidir. Muradın dünyada ən çox bağlı olduğu varlığı olan anasının, arzularını və gələcək söykökünü davam etdirən Turalının və ömrünün mənasına çevrilmiş Adrinin gözlərinin rəngini müəllif kitabının adına çıxarır: “Mavi-yaşıl kitab”. Müəllifin bu kitabı onun vurğuladığı kimi laməkanı (zamanın və məkanın işləmədiyi sonsuzluq) bir eşiqin məhsuludur.

 

II Romanın problematikası

“Mavi-yaşıl kitab”ın problematikası müxtəlif mövzuları özündə ehtiva edir. Müəllif yalnız özünün şahidi olduğu hadisələrə deyil, həm də cəmiyyətdə özünü əks etdirən nöqsanları, ailə münasibətilərini, siyasi məsələləri, ana dildə təhsil ala bilməmək problemini və s. kimi aktual mövzuları qələmə alır.

“Mavi-yaşıl kitab” əsərində Muradın doktorluq dissertasiyasının təqdim edilməsi maraqlı məqamlardan biridir. Müəllif həm dissertasiyanın elmi əhəmiyyətini, həm də müdafiə edənə qədər keçdiyi iztirablı yolları aydın şəkildə izah edərək oxucusuna təqdim edir. Müəllif romanında müdafiəsinə hazırlaşdığı doktorluq dissertasiyasının əhəmiyyətini qısa cümlələrlə izah edir: “Türkoloji mövqedən şeirimizin vəzn və evfoniya problemlərinin tarixi-müqayisəli metod əsasında araşdırılması ədəbi-nəzəri fikrimizdə yeni idi” fikrinin səsləndirilməsi müəllifin məhz öz dissertasiyasına püxtələşmiş, sanballı alim kimi yanaşmasıdır. Müəllif filologiya elmləri doktoru dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyada yalnız tədqiqat aparmadığını, bir çox dünya şöhrətli alimlərin fikirləri ilə müqayisələr aparmasını, onların bəzilərinin yanlış mövqelərini göstərir: “Bir sıra tanınmış türkoloq alimlərin nəzəri problemlərinə qarşı çıxmışdı, özünün nəticə və elmi mülahizələrini onlara qarşı qoymaqla işin nə ilə nəticələnəcəyi haqqında düşünməmişdi...” Müəllif qələmə aldığı doktorluq dərəcəsi almaq üçün yazdığı dissertasiyasının elmdə bir ilk, yeni yanaşma əxz etdirdiyini də təvazükarlıq etmədən göstərir: “İlk dəfə olaraq o, şeirin poetik strukturunun riyazi modelini, yazılışını tapmağa cəhd göstərmişdi. Çünki şeir özünün qanunauyğunluqlar sistemi ilə ritm və melodiyaya “sahib olur”, daha doğrusu, onu “qazanır””.

Müəllif doktorluq dissertasiyasının əhəmiyyəti və mahiyyətini geniş şəkildə təqdim edir. Bu həm qəhrəmanın öz dili ilə, həm də epizodik obrazların dili ilə açıqlanır. Əsərdə dissertasiyanın müzakirəsi zamanı akademik Cikiyanın Orxon-Yenisey abidələrindəki kitabələrin ritmik əsasları olması məqamınıa toxunması, Muradın “Onları türk xalqlarının ilk şeir nümunələri kimi qəbul etmək olar” kimi fikirləri bu abidənin türk xalqına aid olmasını təsdiq edir. Dissertasiyaya yüksək dəyər verilməsinə də rast gəlinir. Məsələn, Daşkənddə professor Umrali Normatovun, Tbilisidə akad. E.D.Cavalidzenin fikirlərində həm tədqiqatın əhəmiyyəti vurğulanır, həm də onların ədəbiyyatşünaslığında yaranmamasına təəssüf hissi ifadə olunur. Akad. Elizbar Dimitriyeviç Cavalidzenin vurğuladığı kimi “Çox təəssüf ki, bizim heca vəznli gürcü şeiri haqqında belə sistemli tədqiqat aparılmayıb!...” Bu məqamlar əsərdə maraq doğuran faktlardır.

Romanın süjet xəttində gərginliklə izlənilən problemlərin əks etdirilməsi ailə münasibətlərinin təqdimində də özünü əks etdirir. Əsərdə ailə quran gənc insanların ailə səadətinin uzun çəkməməsinin əsil səbəbləri müəllifin həyat təcrübəsinə əsaslanaraq, çıxartdığı nəticədir. Müəllif yeni qurulmuş ailədəki qüsurları məhz gənc ailənin süquta uğrayacağının labüd və qaçılmaz olduğunu göstərir: “…O, tanımadığı, bilmədiyi ailə ilə qohum olmuşdu, onların davranış və psixologiyasından, ailə qanunlarından xəbərsiz idi. Bilmirdi ki, bu ailədə meşşan psixologiyası ilə nəfəs alan qadın hökm edir, hökmü çatmayan yer yoxdur, qız da ananın hökmü ilə onların ailəsinə gəlin gəlib, onun məsləhəti və göstərişi ilə hərəkət edəcək, nə ərə, nə də qaynanaya məhəl qoyacaq və ... Və özünü bu ev-eşiyə layiq bilməyəcək...” Məmməd Əliyev yeni ailə həyatı qurmuş ailədə ərin bir ailə başçısı kimi sözünün keçməməsini də ailədə özünü göstərən anlaşılmazlıq kimi təqdim edir. Bu anlaşılmazlıq kişinin deyil, gəlinin qüsuru kimi göstərilir. Toydan bir neçə gün keçmiş yeni gəlinin ata evinə getməsinə etiraz edən ərinə cavabı artıq bəyin deyil, gəlinin qüsuru kimi dəyərləndirilməsində müəllif haqlıdır: “…gəlinin yığışdığını görən Murad onun harasa getməyə hazırlaşdığını gördü, “Evimizə gedirəm, darıxmışam evimiz üçün” – dedi. Murad razılaşmadı, “Getməyəcəksən” – dedi. Qız ona yaxınlaşdı, sakit, hədələyici səslə:

Sən kimsən ki, mənim yolumu kəsirsən, çəkil yolumdan!”

Müəllif yeni gəlinin şüurunda əksini tapmış “Sən kimsən ki, mənim yolumu kəsirsən, çəkil yolumdan!” fikri ilə onun üçün heç bir sərhədin, heç bir müqəddəs hissin və s. olmadığını əks etdirir. Bu cür düşünən yeni ailə qurmuş gənclərin “sən kimsən ki” düşüncələri ilə yaşaması onların mənəvi aləmlərini də açıqlayır.

Müəllif bir-birini anlaya bilməyən gənclərin ailələrinin dağılmasını Muradın yuxusunda gördüyü nurani kişinin dedikləri ilə aydınlıq gətirməyə nail olur. Bir müəllif kimi də düşündüklərini oxucusuna çatdırır. Müəllif ağsaqqalın sözləri ilə o məqamı vurğulayır ki, məhz hər hansı bir gəncin öz babını, yəni tayını tapa bilməməsi bu ailənin faciəsini əks etdirir. “Sizi çox axtardım, baba, köməyinə ehtiyacım var idi, gecəli-gündüzlü... Yenə ehtiyacım var sənə...” kimi çağırışına nuranı qocanın cavabında Muradın evləndiyi qızın məhz onun yarısı olmadığı açıqlanır. Nurani qocanın “mən hər şeyi bilirəm, mən ona əmr etdim ki, çıxıb getsin, qansız-qadasız... O, başqasınınkı idi, sən ona tuş gəldin... Sən özünə zor edib onu evinə gətirmişdin!.. …Sənin nəfsin də, əməlin də təmizdir, səbrli ol, istədiyinə çatacaqsan…”

Romanın problematikasında Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsi əks etdirilir. İnsanlarda Azərbaycanın bütövlüyünə inam sovetlər dövründə də özünü göstərməsi müəllif tərəfindən özünəməxsus şəkildə təqdim edilir: “Hökumət evində yerləşdirilmiş ayrı-ayrı nazirliklərin əməkdaşları səhər işə gələrkən binanın dörd bir tərəfinə yapışdırılmış, nəşriyyatda şifrlə yazılmış ŞARCAR=BA yazısını oxuyur, heç nə başa düşmədiklərindən çiyinlərini çəkib uzaqlaşırdılar. Sonra kimsə həmin şifrli yazıların mənasını öyrənib yaymışdı. Sən demə, ŞAR – Şimali Azərbaycan Respublikasının, CAR – Cənubi Azərbaycan Respublikasının (kiminsə təxəyyülündə yaranmış respublikalar olmaqla) ixtisarla yazılmış adları imiş, onların birləşməsindən () Bütöv Azərbaycan dövləti yaranacaqmış...”

Azərbaycan xalqının Şimali Azərbaycanda özünün milli dəyərlərini qoruması və azadlıq uğrunda mübarizəsi romanın problematikasında geniş şəkildə əksini tapır.

Müəllif romanda xalqımıza qarşı aparılmış siyasi oyunları incə məqamları ilə təqdim edir: “…30-cu illərin xofu hələ insanların yaddaşından çıxmayıb. Daşnaklar, bolşeviklər 1918-ci ildə törətdikləri qırğınları 30-cu illərdə “xalq düşmənlərinə qarşı mübarizə” bayrağı altında etmişdilər. 50-ci illərdən sonra onların təhlükəsizlik, daxili işlər orqanlarında işləyən nümayəndələri pərən-pərən salındı, cəza verildi, hətta edam olunanları da oldu”.

Müəllif ermənilərin azərbaycanlılara qarşı apardıqları siyasi oyunlara da münasibət bildirərək, romanın problematikasında aydınlıq gətirmişdir. Müəllif konkret olaraq bu hadisələrin başlanma məqamına da toxunur: “Hər şey Zorik Balayanın “Ocaq” kitabını nəşr etdirməsi ilə başladı. “Ocaq” mənfur erməninin bizə qarşı bəslədiyi qəzəb, kin-küdurətinin başlanğıcının ifadəsi idi. Erməninin bizə qarşı uzun illər boyu içində saxladığı qəzəb və nifrətin, qan tökmək hərisliyinin, terrorçuluq və separatçılıq meyilinin yanğısı, çoxdan ürəyində saxladığı mənfur niyyətlərinin açıq-aşkar ifadəsi idi”.

Müəllif məhz “Ocaq” məfhumunun ermənilər üçün nə ifadə etməsinə də aydınlıq gətirir: “… “Ocaq” erməninin Qərb dövlətlərinin məkrli niyyətləri ilə razılaşdırdığı planının ifadəsi idi. Z.Balayanın humanizmdən, insanlıqdan çox uzaq olan, yazıçılıq “istedadı” yeni insan faciələrinə, qırğınlara yaşıl işıq yandırırdı… “Yazıçı” türk dünyasında, ilk növbədə xalqımıza sonsuz nifrətini açıq-aşkar bildirir, özünün neofaşist xislətini nümayiş etdirirdi. “Türk körpəsini süngüyə keçirib divara yapışdırmaqla” əslində özünün erməni xislətini açıq-aşkar nümayiş etdirirdi…”

Azərbaycan xalqının Şimali Azərbaycanda özünün milli dəyərlərini qoruması və azadlıq uğrunda mübarizəsinə toxunan müəllif Ana dili ilə bağlı məqamların onu düşündürən əsas problemlərdən olmasını önə çəkir. Romanda Azərbaycan dilinin dövlət dili səviyyəsində olması məqamlarına aydınlıq gətirir: “…İlk dəfə Gürcüstan respublikasında gürcü dilinin dövlət dili kimi işlədilməsi haqqında Gürcüstan Ali Sovetində qərar qəbul edilmişdi. Azərbaycanda Konstitusiya komissiyasında bu məsələyə baxılarkən onun işində iştirak edib təkliflər hazırlayan akademik, xalq yazıçısı Mirzə İbrahimov, Abdulla İbrahimov (Ali Məhkəmənin sədri) və digərləri milli dilimizə dövlət dili statusu verilməsi təklifi ilə çıxış etdilər. Komissiya həmin təklifi yekdilliklə qəbul etdi. Əslində həmin qərar akademik M.İbahimovun Ali Sovetin sədri işləyərkən ürəyində saxladığı arzusunun həyata keçməsi idi. Dil siyasəti sahəsindəki fəaliyyətinə əlifba islahatı (э, ю, я, й hərflərinin orfoqrafiyadan çıxarılması) ilə başlayan xalq yazıçısı bu səbəblərə görə də vəzifədən uzaqlaşdırılsa da o, geri çəkilməmiş “Azərbaycan dili” monoqrafiyasını nəşr etdirmişdi”.

Romanın problematikasında xalqın mədəni abidələrinin qorumağa çağırış da yer alır. Müəllif əsərdə Fərman Kərimzadənin “Xudafərin körpüsü” romanını işləyərkən İrəvana gedib arxiv materialları, əlyazmaları ilə tanış olması məqamına aydınlıq gətirir. Bu epizodun təqdim edilməsinə diqqət yetirək: “Yeni romanı – “Xudafərin körpüsü” üzərində işləyir, tez-tez İrəvana gedir, “Matenadaran” əlyazmalar institutunda işləyir, Səfəvilər tarixinə aid qiymətli mənbələr əldə edib bədii əsərlərini yazırdı”. Müəllifin Fərman Kərimzadəylə bağlı bu fikri hər bir oxucuda, hər bir azərbaycanlı ziyalısında belə sual yaradır: “Matenadaran” əlyazmalar institutunda “Səfəvilər tarixinə aid qiymətli mənbələr” və xalqımızın tarixi, ədəbiyyatı, mədəniyyəti, bir sözlə qan yaddaşı ilə bağlı həmin mənbələr dururmu? Məhv edilməsi, bir də həmin mənbələri əldə edilməsinə ümid qalmaması təəssüf doğurur.

Müəllif orada tarixi əhəmiyyət kəsb edən məlumatların olmasına da aydınlıq gətirir. Məsələn, Fərman Kərimzadənin arxivdə işləyən erməni qadınlarına kiçik hədiyyələr bağışlayaraq oradan çıxardığı sənədin qısa məzmunun romanda təqdim edir: “…Fərman maraqlı bir sənədi – I Şah Abbas sərəncamını ona göstərib izah etdi:

Bu sərəncamı Şah özü imza edib, göstəriş verib ki, Qafan və Quşçu qəsəbələri mənfəəti ilə bilrikdə erməni kilsəsinin keşişi Moiseyə verilsin və Qarabağın Şeyxülislamına tapşırır ki, camaata izahat versin, o kişinin (erməninin) mülklərinə toxunmasınlar…

Fərman bir də onu dedi ki, I Şah Abbasın hərəmxanasındakı 49 gənc qadından 29-u erməni gözəli olubmuş. Ermənipərəst və farspərəst siyasət aparmasında erməni gözəlləri az rol oynamayıb. Elə bu “qeyrətinə” görə də paytaxtı İsfahana köçürmüş, Təbriz və Qəzvin əyalət şəhərlərinə çevrilmişdi... Babası Şah İsmayıl Xətainin azərbaycançılıq, dövlətçilik idelallarını bir kənara qoymuşdu...”

Arxiv materiallarının məhv edilməsi yalnız İrəvanda deyil, Bakıda ermənilər tərəfindən həyata keçirildiyi müəllif tərəfindən vurğulanır. Milis işçisi, “...Kommunist Partiyası Tarixi institutunun qapılarını açıq gördü. İnstitutun qabağında dayanmış ağ rəngli “Jiqulini” görəndə ayaq saxladı, nə fikirləşdisə, qayıdıb içəri girdi.

O, institutun əməkdaşlarını tanıyırdı, bir neçə dəfə buradakı postda dayanmışdı. Dəhlizdə qalaq-qalaq qovluqları görəndə onların yanında dayandı. Arxivin qapısı açıq idi. Bu vaxt əlində bir neçə qovluq tutmuş Rançik adlanan işçini gördü. Rançik onu tanıyırdı, bilirdi ki, buradakı Dövlət İdarələrinin xüsusi mühafizə idarəsində işləyir. Yaxınlaşıb salam verdi.

- Ara, bu gün sizin növbənizdir?

Məmmədəli suala sualla cavab verdi:

- Bu gecə vaxtı sən burada neyləyirsən? Bunları hara daşıyırsan? Hanı növbətçi?

Rançik çaşıb qaldı, özündən yalan uydurub danışmağa başladı: “Bizə belə tapşırıq verilib, gündüz işimiz çox olduğundan vaxt tapa bilmədik”.

Milis işçisi gördü ki, o, yalan danışır, odur ki, göstəriş verdi:

- Qovluqları arxivə qaytarın, sabah ayırd edəcəyik!

Bu vaxt daha bir nəfər içəri girdi. O, maşının sürücüsü idi. Rançik ona yaxınlaşmaq istədi, milis işçisi əmr etdi:

- Sənə dedim ki, materialları yerinə qaytar!

O, qulaq asmadı, fikirləşdi ki, yaxasını onun əlindən qurtarmalıdır, yenə ona yaxınlaşmaq istədi, o, sürücüyə işarə elədi... Milis işçisi onların niyyətini başa düşdü, cəld əlini şinelinin altına salıb “makarov” tapançasını çıxarıb sürücüyə tuşladı, əmr etdi:

- Yerində dur, yoxsa atəş açacağam!

Sürücü geri çəkildi. Rançik işin bu vəziyyətə gəlib çatdığını görəndə yalvarmağa başladı:

- Ara, vallah, heç bir günahın sahibi deyilik! Bizə belə tapşırıblar...

Milis ona inanmırdı:

- Qovluqları yerinə qaytarın dedim, yoxsa, sizi səhərə kimi burada saxlayacağam!..

Nədənsə, bu axşam nəzarətçi gözə dəymirdi.

Bütün qovluqlar yerinə qaytarıldı. Milis işçisi onları çölə çıxartdı, giriş qapısının açarını onlardan aldı, özü qapını bağlayıb açarı cibinə qoydu”. Məmməd Əliyev romanda qətiyyətlə ermənilərin Azərbaycandakı arxiv materiallarını məhv edilməsini, oğurlanmasını göstərir: “Arxivlərdəki tarixi sənədlərin ya özü, ya da surətləri oğurlanıb İrəvana daşınırdı...”

Romanda Azərbaycan xalqının yaddaşından Cənub mövzusunun həmişə aktuallıq kəsb etməsi amili qabardılır. Müəllif Cənubi Azərbaycan mövzusunun bu problemin yarandığı ilk gündən insanların şüuruna hakim kəsildiyini göstərir: “Sovet qoşunları bizə qonşu olan cənub bölgəsinə girməli idi. Cənub həsrəti, ürəyimizdəki arzular baş qaldırdı... Lakin qəbul edilən strateji əhəmiyyət kəsb edən qərarlar yerinə yetirilmədi”. Müəllif Cənub mövzusunun istənilən nəticəni verməməsini siyasi olayla əlaqələndirir. Müəllif konkret olaraq, bunu Əfqanıstanda baş verən siyasi olaylarla əlaqəli olmasına toxunur: “Həmin vaxtlarda Amerika dövlətinin dəstəyi ilə Əfqanıstanda hərbi çevriliş baş verdi, qərbpərəst Əmin hakimiyyətə gətirildi. Sovet qoşunları Əfqanıstan uğrunda müharibəyə qoşulmalı oldu”.

Romanın problematikasında müəllif tərəfindən azərbaycanlıların Cənubi Azərbaycanda ana dillərində təhsil ala bilməmələri, yaşadığı ölkədə ana dilinin dövlət dili kimi işlədilməməsi faktına və s. toxunur. Cənubi Azərbaycanda azərbaycanlıların ana dilində təhsil ala bilməmələri əsərdə milli faciə kimi təqdim edilir: “Ölkədə bir sıra demokratik islahatlar elan edilsə də, onlar başa çatdırılmadı. 1979-cu ilin dekabrında qəbul edilmiş qanunun 15-ci maddəsinə əsasən ölkədə yaşayan digər xalqların dil və mədəniyyətinin inkişaf etdirilməsi nəzərdə tutulsa da ana dilində təhsil almağa imkan verilmədi”.

 

III Romanın bədii obrazları

Müəllifin “Mavi-yaşıl kitab”ında təqdim etdiyi obrazlar tarixi şəxsiyyətlər olmaları ilə diqqəti cəlb edirlər. Müəllif obrazlı şəkildə təqdim edə bildiyi hadisələri obrazlar vasitəsilə ilə zənginləşdirir. Məmməd Əliyev ideyalarının, bədii təfəkkürünün təzahür forması kimi obrazları həm məhdud, həm də geniş mənada təqdim edir. Məhdud mənada təqdim edilən obrazlar konkret bir adamı, bir şəxsi, geniş mənada təqdim edilən obrazlar isə insan surətini, mənfi və müsbət surətləri və s. təqdim edir.

Müəllif romanda təqdim etdiyi obrazları müxtəlif dünyagörüşünə, fərqli xüsusiyyətlərə malik olmasını nəzərə alaraq, müsbət və mənfi olmalarına aydınlıq gətirmişdir. Müəllif müsbət surətləri müəllifin mütərəqqi ideyalarının tərəfdarı olmalarını, mənfi surətləri isə şəxsi mənafeyini xalqın mənafeyindən üstün tutmalarını nəzərdə tutaraq təqdim edir.

Əsərdə bədii obrazların təsviri müəllifin həyatı ilə bağlı hadisələrin təqdimatnda özünü göstərir. Romanda müəllim şagird münasibətlərini əks etdirilməsinin təqdimi zamanı müəllifin şəxsi obrazı ilə də yaxından tanış ola bilirik. Bu zaman yalnız müəllim şagird arasındakı münasibəti, gənc nəslin yaşlı nəslə olan rəğbət və hörmətini, gənc nəslin ənənələrinə sadiq qalması deyil, həm də müəlliflə bağlı olan məqamların təsviri əsərin əxlaqi tərbiyəvi dəyərini qaldırır, həm də onun emosional-məna tutumunu yüksəklərə qaldırır. Romanda Zöhrabkənd məktəbində Muradın ilk müəllimi olan Sifadə müəllimin unudulmaması məqamının təsviri zamanı bununla üzləşirik. Müəllimə böyük ehtiram təbliğ edən bu epizod müəllim şagird münasibətlərinin dərinliyini, qarşılıqlı sevgi və ehtiramı əks da etdirir: “Əlindəki ərizəyə baxdı, birdən gözü ünvana sataşdı, Şamaxı rayonu, Çuxuryurd kəndi, Sifadə Cəfərov. Onu tər basdı, başı fırlandı, birtəhər özünü ələ alıb ərizəni oxudu: “Oğlumu bir imtahandan ötrü institutdan xaric etdilər, kömək edin, bir də imtahana buraxılsın...” Bayaqdan bəri onu düşündürən sualın cavabı tapılmışdı. O idi!.. Onun ilk əlifba müəllimi!.. Ona qələm tutmağı, ilk dəfə hərfləri yazmağı öyrədən, Küngüt dağına ekskursiyaya aparan müəllim! Ərizəsində səliqə ilə yazılmış xətti də dəyişməz qalmışdı. O vaxt Sifadə müəllim “Hüsnüxətt” dərsi deyir, şagirdlərə yazı qaydaları, hərflərin qoşa xətt arasında düzgün yazılışını öyrədirdi”.

Müəllimə hörmət, əslində onun ideallaşdırılması Cavid müəllimdən alınan məktubun məzmununda da əksini tapır. Müəllifin üzərinə “Gəncə” yazılmış məktubda müəllim peşəsini sevən insanların, bu peşəni ləyaqətlə yetirən şəxslərin mənəvi dünyası işıqlandırılır: “Zamanın bizi qanadlarına alıb uçduğu bir vaxtda sizdən, oradakı insanlardan ayrılmağıma uzaq keçmiş kimi yox, sanki dünən baş verdiyini qəbul edərək səndən xəbər tutmağı unutduğumu, sözümə xilaf çıxdığımı başa düşürəm... Hər yaşın çəkisi olan illərə görə sənin yaşını hesablayır, hər ildə hansı pillədə olduğunu təsəvvür edirdim. Orta məktəbi bitirməyini, ali məktəbə daxil olma yəqinliyini, təhsil illərini, hansı bir yerdə işləməyini fəhmlə izləmişəm... Zənnim düz çıxıb, şükürlər olsun ki, mən hesabladığımdan da yaxşı...

Sənin uzaq keçmişlərdə iştirakçısı olduğun hadisələri danışanda qeyri-adi yaddaşının şahidi olmuş, səndə insanı ram edə biləcək fəhm qüvvəsini duymuş, bilirdim ki, o qüvvə sənə dayaq olacaq, irəli gedəcək və birincilər sırasında olacaq, məqsədinə çatacaqsan...”

Müəllimləri ilə Murad arasındakı bu münasibətlərin romanda əksini tapması romanda müəllim-şagird münasibətlərində ideal səviyyədə nail olmaq məqamların üzə çıxarılmasına yardım edir: “…Bu, onun xeyirxahı, xatirini əziz tutduğu müəllimi Həyatzadə idi....” Müəlliminin “sənin görüşünə gəldim ki, bir qədər təskinlik tapım, o da mənə qismət oldu, indi daha rahat gedə bilərəm...” fikirlərində müəlliminin öz yetirməsinə olan qayğı və sevgisi, onun həyatı üçün keçirdiyi həyəcanlar əksini tapır...

Məmməd Əliyev müəllim şagird münasibətlərini Sifadə müəllimin, Cavid müəllimin, Həyatzadə və b. arasındakı münasibətlərlə əks etdirməklə, müəllifə xas məqamları açıqlayır.

Romanda tarixi şəxsiyyətlərin təsviri zamanı həmin tarixi ziyalılara, tarixi şəxsiyyətlərə diqqət yetirilməsinə, hörmət qoyulmasına, dəyərləndirilməsinə çağırış edilir. Məsələn, sevimli və istedadlı yazarlarımızdan olan Fərman Kərimzadə ilə bağlı romandakı epizodda bunun şahidinə çevrilirik. 1970-ci illərin sonunda Fərman Kərimzadənin rəssamlıq məktəbində təhsil alan qızının xəstə olduğu üçün imtahanlara gedə bilməməsi, məktəbin direktoru prof. Eyyub Məmmədov tərəfindən xaric edilməsi, direktordan onun bərpa edilməsinə xahişin imtina edilməsini, ancaq nazir müavinin göstərişi ilə qızın məktəbə bərpa edilməsi və s. məqamlar romanda işıqlandırılır. Müəllif bu məqamları işıqlandırmaqla bərabər nazir müavini Ənvər Nəzərlinin rəssamlıq məktəbinin direktoru Eyyub Məmmədova ünvanladığı “bax, Fərmanı yaxşı tanı, gözəl yazıçıdır, ona hörmət qoyun, imkan verin daha yaxşı əsərlər yazsın!” fikirlər yalnız Eyyub Məmmədova deyil, bütün Azərbaycan xalqına ünvanlanır.

Romanda müəllif ziyalılarımızın türkün tarixi keçmişini olduğu kimi təbliğ etmələri məqamlarına romanın problematikasında yer ayırır. Bununla bərabər Əbülfəz Əliyevin obrazını canlandırır. Onun hələ 1970-ci illərdə türkçülük, xalqın bütövlüyü ideyasını təbliğ etməsinə toxunur: “1974-cü ilin sonlarında Əbülfəz Əliyev adlı birisi (o vaxtlar bu ad bizə tanış deyildi) universitetdə mühazirə oxuyarkən birdən-birə mövzunu dəyişmiş, Azərbaycanın Rusiya və İran arasında bölüşdürülməsindən, o taylı-bu taylı Azərbaycanın müstəmləkə vəziyyətində qalmasından, gec-tez xalqın milli azadlıq hərəkatına qalxacağından danışmışdı. Tələbələr üçün onun danışığı yeni idi, onlar heç vaxt belə çıxışları eşitməmişdilər. Türkçülük, turançılıq ideyası daha maraqlı idi. Müəllim türkün keçmiş tarixindən, onun müzəffər yürüşlərindən danışdıqca tələbələr heyrətə düşür, belə bir həqiqəti dərk edib qəbul edirdilər ki, kitablarda yazılan başqa, tarix tamam başqadır...”

“Ə.Əliyevin cəmiyyətimizə yad olan millətçilik düşüncələri müzakirə edilib pislənilsin!” kimi nazirin irəli sürdüyü təklif cəmiyyətimizin manqurtlarla dolu olmasını bir dah təsdiq edir.

Müəllif Əbülfəz Əliyevin, yəni Elçibəyin əsil simasını oxucularına təqdim edir: “O, şüurlarda paslanıb qalmış milli-azadlıq düşüncəsini təzələdi, milli-azadlıq mücadiləsinin ilk mücahidi oldu” və ya “Əbülfəz bəy həssas və kövrək adam idi, belə bir qəbula görə tez-tez kövrəlir, gözləri yaşarırdı... O, çox əzab-əziyyət çəkmişdi, təbiətcə sakit, yumşaq rəftarlı, həlim adam olsa da, əqidəsindən dönən deyildi. Bir qədər keçəndən sonra özü danışmağa başladı... Onun söhbətlərinə qulaq asanda başa düşdüm ki, ölkədə dövlət aparatı ilə xalq arasında dərin uçurumlar var”.

Romanda Sabir Rüstəmxanlının epizodik obrazına rast gəlinir. Belə ki, Xalq şairi Sabir Rüstəmxanlı Muradla “eyni şöbənin aspirantı olmuşdu, sonra dost olmuşdular...” Sabir Rüstəmxanlı hələ o vaxtlardan xalqın bütövlüyünü, tarixi keçmişinə hörmətlə yanaşması və s. bu qısa epizodda əksini tapır: “Murad şkafda saxladığı “Göy göl” konyaklarından birini açdı, qədəhlərə süzüb, onların qabağına qoydu, Murad Daşkənddən gətirdiyi yemiş, qaysı qurusundan stolun üstünə düzdü... Sabir sağlıq dedi, “Sən dəvəni oymaqla sulayırsan? Bir konyak bu boyda nəhəng kişilərə nə edəcək?! Varındırsa yenə çıxar, bu gecə ayrı gecədir!..”

Murad ayağa durdu, yenə şkafı açıb bir “Göy göl”, bir də “Gəncə” konyakı götürüb stolun üstünə qoydu, “Buyurun” – deyib onları açmağa başladı. Sabir ucadan dilləndi:

Heç olmasa “Gəncə” adını konyakların üstündə də olsa saxlamışıq! İnşallah, vaxt olar, “Kirovabad” sözünü o şəhərin üstündən götürüb “Gəncə”ni bərqərar edəcəyik!..”

Müəllif Sabir Rüstəmxanlının “İnşallah, vaxt olar, “Kirovabad” sözünü o şəhərin üstündən götürüb “Gəncə”ni bərqərar edəcəyik!” kimi fikri ilə tutduğu mübarizə yolunun qələbə ilə başa çatacağına ümidi ilə yanaşı əminliyini əks etdirir. Müəllif romanda Xalq şairi Sabir Rüstəmxanlının mübariz, türkçülüyü təbliğ edən şəxs olmasını açıqlamaqla onun obrazını oxucusuna çılpaqlığı ilə təqdim edir: “Sabir millətçilik, türkçülük, azərbaycançılıq ideyalarını qabardan, əsərlərində təbliğ edən ilk ziyalılarımızdan idi. O, heç kimdən, heç nədən qorxub çəkinmirdi. Şeirlərində, romanlarında, poemalarında həmin ideyaları qabarıq verirdi, getdikcə onun adı-sanı, şöhrəti artırdı. O, millətin B.Vahabzadə, Z.Bünyadov, Xəlil Rza Ulutürk, Xudu Məmmədov, Şirməmməd Hüseynov kimi liderlərindən biri kimi tanınmağa başlayırdı”.

Romanda f.e.d., prof. Aida İmanquliyevanın bədii obrazı epizodik şəkildə oxuculara təqdim edilir. Qısa təqdimatda müəllif alim qadının obrazını yaradır: “Aida xanım tanınmış şərqşünas alimdir, yeni dövr ərəb ədəbiyyatı üzrə nəinki ölkəmizdə, onun hüdudlarından kənarda tanınan alimlərimizdəndir, Mixail Naimənin yaradıcılığından doktorluq dissertasiyasını başa çatdırıb, əsərləri ölkəmizdə və xaricdə nəşr olunub, bir sıra beynəlxalq konfranslarda iştirak edib...

Murad onun haqqında çox eşitmişdi. Vasim müəllimlə səmimi münasibətlərinin olmasından xəbərdar idi, Elmlər Akademiyasının Şərqşünaslıq institutunun direktor müavini işləməklə universitetin şərq fakültəsində ərəb ədəbiyyatından xüsusi kurs aparırdı. Yüksək elmi səviyyəli, nəcib və mötəbər ailədən çıxmış xanım hamının hörmətini qazanmışdı...

O, ziyalı Azərbaycan qadınının milli məziyyətlərinin canlı obazı idi...”

Prof. V.Məmmədəliyevin də qısa bir cümlə ilə obrazı müəllifdən tərəfindən oxucuya təqdim edilir: “ Ərəb dili və ədəbiyyatının çox gözəl bilicisi olan Vasim müəllim bütün ölkədə tanınıb qəbul edilən alimlərdən idi...”

Məmməd Əliyev Abbas Zamanovun da bir alim, bir tarixi şəxsiyyət kimi obrazını qısa bir cümlə ilə ifadə edə bilir: “…O, belə hörmətə qat-qat layiq idi, bir el ağsaqqalı, elm fədaisi və ictimai xadim kimi…”

Məmməd Əliyev “Mavi-yaşıl kitab” əsərində Azərbaycan ədəbiyyatşünaslığında xidmətləri olmuş şəxsiyyətləri tez-tez xatırlayır. Bu həm onların xarakterik xüsusiyyətlərini üzə çıxarılmasına, həm də oxuculara onlarla yaxından tanış olmağa şərait yaradır. Məsələn, ədəbiyyatşünaslıq sahəsində xidmətləri olmuş prof. Firidun Hüseynovun, Əlyar Səfərlinin, Bəxtiyar Vahabzadənin, Əzizə Cəfərzadənin, Abbas Zamanovun və digər tarixi şəxslərin təqdimi tarixilik baxımından əhəmiyyət kəsb edir. Müəllif həmin şəxsiyyətlərin ədəbiyyatşünaslığa dərin bələd olmalarını da açıqlaya bilir. Məsələn, akademik Bəxtiyar Vahabzadənin “Çox şükürlər olsun ki, türk dilinin təbiətindən doğan heca vəzninin poetikasından belə bir əsər ortaya qoyulub. Ona kömək lazımdır ki, işi Müdafiə Şurasına təqdim etsin. Bu, türkçülük ruhunda yazılmış bir əsərdir. Həm ədəbiyyatımız, həm də ədəbiyyatşünaslığımız üçün çox gərəklidir. Hecanın tarixi poetikasını belə dərinliklərdən işləyib ortaya çıxarmaq çox çətin bir işdir... Türkün şeir sənətinin incəliklərini araşdırıb əsər yazmaq bizim türk ruhumuzdan qaynaq alır. Onun əsərində cəsarətlə deyilmiş fikirlərə rast gəldim. Bəzi yanlış nəzəri baxışlara qarşı çıxıb. Təqdir edirəm, əsərin müdafiəyə buraxılmasını təklif edirəm!” kimi fikirləri həm Bəxtiyar Vahabzadənin, həm də Muradın ədəbiyyata dərindən bələd olmalarını əks etdirir. Romanda prof.Abbas Zamanovun dissertasiya haqqında söylədikləri fikirlər də onun kamil ədəbiyyatşünas alim olmasını təsdiq edir: “Mövzunun adına nəzər saldım, mövzu aktuallığı ilə seçildiyi kimi istifadə olunan mənbələrin çoxu rus-Avropa mənbələridir. Hecanın tarixi poetikasından bundan artıq mükəmməl əsər yazmaq olmaz. Əsər tam türkoloji səpkidə yazılıb, bunların çoxu bizə məlum deyildi. Ən tanınmış türkoloq alimlərin əsərlərinə istinad edilib, müəllif türk dillərinin qrammatik quruluşuna, onun semantikasına dərindən bələddir, bütün türk xalqlarının poeziyasına, şeir sistemlərinə müraciət olunub”.

Məmməd Əliyev romanda Abbas Zamanovun kamil obrazını epizodik şəkildə olsa da yaradır: “Prof.Abbas Zamanov cəsur alim-vətəndaş idi. O, köksündə millətini sevən, onun torpağının hər qarışını göz bəbəyi kimi qorumağa hazır olan vətəndaş idi, millətçi damğası vurularaq Kommunist partiyası sıralarından çıxarılmışdı. Onu həbs edib sürgün edə bilərdilər, edam edə bilərdilər... O, ölümünü gözə alaraq açıq şəkildə Kommunist Partiyasının qərarlarına qarşı çıxır, zaman-zaman torpaqlarımızın parça-parça kəsilib ermənilərə verilməsinə etirazını bildirirdi! Onu partiyadan xaric etsələr də vətəndaş təəssübkeşliyini əlindən ala bilmədilər. O, əvvəlki cəsarət və hünərlə dünya azərbaycanlılarının elmi, mədəni əlaqələrinin bərpa edilməsi, əsərlərinin Azərbaycana gətirilməsinə, bizdə nəşr olunan əsərlərin onların yaşadıqları ölkələrə, habelə Türkiyəyə, İrana göndərilməsinə kömək edir, vaxtaşırı mətbuatda məqalələr çap etdirirdi”.

Məmməd Əliyevin romanda Fərman Kərimzadənin bir şəxsiyyət kimi mənəvi keyfiyyətlərini açıqlayır. “Fərman mərd oğlan idi. Dostluqda, yoldaşlıqda tayı-bərabəri yox idi”.

Müəllif romanda Fərman Kərimzadənin xeyirxahlığına da işıq salır: “Muradın yadına düşdü ki, iki gün əvvəl məktəb yoldaşı İsmixan kiçik qardaşı Məmmədxanla onlara gəlmişdi. Məmmədxan Dəvəçi rayonunda qoyunçuluq və maldarlıq təsərrüfatlarından birinin rəhbəri idi. Həmin günlərdə rayona birinci katib vəzifəsinə gələn Lətif Mehdiyev gəldiyi gündən ona göz verir, işıq vermirdi, üstəlik iclasda deyir ki, bu günlərdə həmin sovxoza yoxlama komissiyası göndərəcək. Qardaşlar da məsləhət üçün Muradın yanına gəlmişdilər. Həmin gün axşamüstü Fərman da onlarda idi. O, Məmmədxanın söhbətinə qulaq asıb hökmlə dilləndi:

Ondan qorxmayın, mənim bibim oğludur, ora gəlib səni tapşıraram! Sənə qarşı yığdığı materialları da ləğv etdirərəm!”

Təqdim edilən epizodik surətlərin əsas surət, Muradın mənəvi aləminin müəyyənləşməsində lazımi kömək göstərməməsinin da şahidi oluruq. Belə obrazlardan biri də SSRİ EA-nın Şərqşünaslıq İnstitutunun türkologiya şöbəsinin müdir İ.V.Steblevanın epizodik obrazıdır. Biz müəllifin təqdimatında alim türkoloq haqqında məlumat əldə edirik: “Şöbə müdirinin adını eşidəndə Murad duruxdu, fikrə getdi. O heç gözləmirdi ki, dissertasiya işinin giriş hissəsinin bir neçə səhifəsində İ.V.Steblevanın şeirşünaslıq sahəsində apardığı onlarla kitab və çoxsaylı məqalələrində onların xülasəsini vermiş, onun irəli sürdüyü konsepsiyanı tənqid etmiş, hətta nəticələrini zərərli hesab etmişdi.

Nədənsə, qadının kimliyini, hansı vəzifədə işləməsini öyrənməyi lazım bilməmişdi. Həmin xanım onun yolunun üstündə dayanmışdı. Murada indi məlum oldu ki, SSRİ məkanında təşkil olunan türkoloji ekspedisiyalar, nəşr olunan jurnal və məcmuələr bilavasitə onun razılığı ilə həyata keçirilir. O isə ağına-bozuna baxmadan

OTHER NEWS