(Literary portrait)
"Great literature figuratively reflects the tasks performed by real science in the truest sense of the word. The task of literature is to guide readers in thinking about modern times and finding ways out by artistically reflecting the processes taking place in the world, society and the spiritual world of man. Literature is a mirror of life, writers are guides of time. (Academician Habibbayli Isa. Harmony of double wings. "525th newspaper", 14.07. 2018.)
A poet, critic, literary critic, translator, a member of the Azerbaijan Writers' Union (Note: Now it is called the "Azerbaijan Writers' Union"), a member of the Azerbaijan SSR State prize laureate (1984), doctor of philological sciences (1985), professor Gasim Khansuvar oghlu Gasimzadeh.
Gasim Gasimzadeh, one of the most famous intellectuals of the last century, is a poet who has made his mark in Azerbaijani poetry and has always been distinguished by his originality, faithful to tradition. There is such a concept in painting - "symphony of colors..." If I may say so, I would say that G. Gasimzade's poetry is a symphony of noble feelings, emotions, sufferings and joys, thoughts and thinking, and the conductor is the poet himself.
The literary activity of the outstanding Azerbaijani poet G. Gasimzade covers the years 1943-1993, a period of 50 years. He is one of our prominent artists who played an important role in the development of Azerbaijani public opinion and literary thinking.
Poetry has a special position in the creativity of the poet who skillfully reflects the desires and aspirations, emotions and thoughts of not only his homeland and people, but also the whole of humanity in his works, and for this reason is known and loved not only in his native Azerbaijan, but in the entire Turkic world, as well as in different countries of the world...
Onun poeziyası çoxsaylı oxucusunun daim diqqət mərkəzində olmuşdur. Xalqının tarixinə, ədəbiyyatına, ümumiyyətlə, milli-mənəvi dəyərlərinə sevgidən qaynaqlanan əsərləri həmişə maraqla qarşılanmış, sevilə-sevilə oxunmuş, dillər əzbəri olmuş, lirizminin ahənginə, məzmununun realizmi və həyatiliyinə görə “sözləri dür, cəvahir” (oxucu fikridir – Q.B.) olan mahnı mətnlərinə çevrilmiş, xalq mahnıları səviyəsinə yükəlmişdir... Sözlərinə yazılmış “Olmaz, olmaz” (musiqisi Zöhrab Abdullayevindir), “Eşqimin növrağı” (musiqisi Hacıbaba Hüseynovun olan bu mahnı “Ögey ana” filmində Əbülfət Əliyevin ifasından sonra şöhrət qazanmışdır), “Məhəbbətin alovu” (musiqisi Xəyyam Mirzəzadənindir), “Qonşu olmaq istəmirəm” (Qeyd: Şairin oğlu Nəriman Qasımoğlunun təqdimatına görə, bu şeirin ilk variantı “Qonşu qız” adıyla fərqli mətnlə 31 iyul, 1950-ci ildə Şuşada qələmə alınmışdır. Şair bu sözlərin üzərində sonradan işləmiş, şerin süjet xəttinə əlavələrdə qonşu qızın xitablarını da əlavə etmişdir: “QONŞU QIZ”- Qonşu kimi biz hər axşam, hər səhər,/ Gəzdik Şuşa dağlarında bərabər./ Indi sənə bir sözüm var, a dilbər,/ Soruşmadan səbəbini gəl dinlə: /Qonşu olmaq istəmirəm səninlə./ * Nə zaman ki, baxışımız öpüşür, /Bu atəşdən varlığıma od düşür. /Ah, bu yerdə günlər nə tez ötüşür... /Bir arzum var, coşub gəlir o dilə: /Qonşu olmaq istəmirəm səninlə. /* Sənsiz heçdir bu yerlərin səfası,/ “Daşaltı”nın, “Şuşakənd”in havası, /Müxtəsəri budur, sözüm qısası: /Köç büzə gəl, quraq təzə ailə, /Qonşu olmaq istəmirəm səninlə.), (musiqisi Telman Hacıyevindir) mahnıları toylarda, bayramlarda, ziyafətlərdə, efirlərdə ifa edilir, könül xoşluğu ilə dinlənilir. Bitgin bir eşq hekayətini andıran “Eşqimin növrağı” şeir-mahnısı belə səslənir:
Könlüm düşdü diyar-diyar
Bir kəkliyin sorağına,
Ha yalvardım, o qonmadı
Məhəbbətin budağına.
Meyl etmədim bir gözələ,
Sədaqətim düşdü dilə.
Mən and içdim ildən-ilə
İlk eşqimin növrağına.
...Sanma könül sınasıdır,
Kərəm olub yanasıdır.
O, körpəmin anasıdır,
Vurulmuşam bu çağına.
Qasım müəllim ilk gənclik illərindən şeirlər yazsa da, birinci mətbu şeiri 1944-cü ildə "Kommunist" qəzetində çap etdirdiyi "Vəfasız olmaz" adlı poetik nümunədir. Şairin arxivindən tapılmış və sağlığında çap edilməmiş “Sular pərisi” (1945), "İstiqbala səyahət", yaxud "Yerin övladı" (1946) başlıqlı əsərləri də, onun çap olunmayan ilk poemalarıdır. (Qeyd: Şairin arxivini tədqiq edən N.Qasımoğlu yazır: “Qasım Qasımzadə universitet təhsilinin ilk illərində Şərqşünaslıq fakultəsinin türk bölməsinin tələbəsi olmuşdur. O illərdən qalma səliqəli dəftərləri var. Türkiyə yazıçılarının əsərlərindən, qəzetlərdən parçaları bu dəftərlərə köçürürmüş. Türkiyənin “Qaragöz” qəzetində dərc edilmiş bir xəbər diqqətimi çəkdi. 2-ci dünya müharibəsi zamanında Qara dənizdə batmış bir alman yük gəmisi haqqındadır. ...Müharibə zamanı yazdığı dəftərdəki bu qəzet xəbəri diqqətimi niyə çəkdi? Məlum etdim ki, həmin məlumat gənc Qasımın ilk poemasının yazılmasına təkan veribmiş. Poema “Sular pərisi” adlanır. Yazısını 1945-ci ildə martın 3-də bitiribmiş. İndiyədək çap olunmamış əsərdir. ...Müharibə dövrünə aid lirik sətirlərdə ifadə olunan süjet bundan ibarətdir ki, dənizdə fəlakətə uğramış bir gəminin yaşlı matrosu onu xilas etmiş düşmənlərinin gəmisindədir. ...Göydə üç təyyarə ilə bir təyyarənin döyüşünü təsvir edir. O tək təyyarənin üzərində ulduz nişanı var. Məhz burada bilinir ki, bu, sovetlərə məxsus təyyarədir. Qəhrəmancasına döyüşdə iki təəyyarəni pulemyot atəşi ilə sıradan çıxaran pilotun ulduz nişanlı təyyarəsi də zədələnir. Ona görə təyyarəsini salamat qalan düşmən təyyarəsinə çırpır, katapult edərkən isə həlak olaraq sulara gömülür: “Saçı dağıldı küləkdə,/ Ah, o ki, dilbər mələkmiş, /Inandırram gözəllikdə,/ Cəsurluqda o qız təkmiş.” Katapult edən qəhrəman qızın qara saçlı təsviri ilə, şübhə etmirəm, müəllif onun Azərbaycanlı kimliyinə işarə edir. Yaşlı əsir matros gördüklərini danışandan sonra onu xilas etmişlər içində bir gəncin hönkürdüyünü görür. Gənc cibindən çıxardığı şəkli ovcunda tutur, şəklə baxaraq ağlayır. Demə, həlak olan pilot qız onun sevgilisi imiş. Əsir matros onu ovundurmağa çalışır: qədim Misirdə məhsul bol olsun deyə ən gözəl qızları Nil çayına atırmışlar; “odlar ölkəsi”ndə isə Əhrimənin qəzəbindən təbii fəlakətlər baş verərkən xalq nicat tapsın deyə yurdun ən gözəl qızı ilahi qüdsiyyətin gücünə sığınaraq özünü pərvanə tək oda atırmış. Poema bu misralarla bitir: “...Deyirlər ki, o bakir qız zülmət bağrı söküləndə, /Tutqun dəniz səmasına qızıl şəfəq töküləndə, /Su içindən pəri kimi asimana qanad açır, /Sonsuz göylər aləminə cəmalından şölə saçır. /Deyirlər ki, o güldükcə nur tökülür yanağından, /Pərvaz edir qumru kimi qəhqəhələr dodağından. /Fəzalarda büsat qurur bir ruhani xülya kimi,/ Yenə cumur dalğalara gözdən itən röya kimi.” P.S. Vaxtım olanda Q.Qasımzadənin çap olunmamış “Sular pərisi” haqqında daha ətraflı bir yazı ilə mətbuatda çıxış edərəm. 9 Mart 2021.)
Q.Qasımzadənin ilk kitabı 56 səhifədən ibarət “Bizim kənd” (1951) adlanır. Kitaba “Müqəddimə” yazan tanınmış tənqidçi Məsud Əlioğlu onun ilk poeziya nümunələrini və istedadını belə səciyyələndirirdi: “Gənclik illərindən başlayaraq Qasım Qasımzadənin şeirlərində əsasən sovet adamlarının rəşadət və qəhrəmanlığı göstərilir, onlardakı vətənpərvərlik, qorxmazlıq, düşmənə qarşı amansızlıq və yenilik hissləri tərənnüm edilir. “Hünərli dost”, “Arzu”, “Hücumdan əvvəl”, “Vəfasız olmaz” şeirləri bu cəhətdən səciyyəvidir. ...Dinc quruculuq dövründə yeni sovet kəndində yaranan maddi və mənəvi dəyişikliklər, sovet adamlarının gündən-günə artan ideya-siyasi səviyyəsi, zövqü və işi gənc şairin “Kimdir o gənc”, “Mənim hədiyyəm”, “Bağban və mən” şeirlərində ifadə edilmişdir”. (Bax: Məsud Əlioğlu. Müqəddəmə. Bax; Qasımzadə Qasım. “Bizim kənd” (şeirlər) kitabı, Bakı: Uşaqgəncnəşr, 1951, s. 3.)
Həmin vaxtdan dövri mətbuatda şeirləri, ədəbi-tənqidi və publisist məqalələri ilə ardıcıl çıxış etmiş və yazıları, qaldırdığı problemlərlər həmişə diqqətdə olmuş, maraqla qarşılanmışdır. Onun indiyədək 26 poetik, ədəbi, elmi əsəri, 4 tərcümə kitabı çap edilmişdir.
Q.Qasımzadənin yaradıcılıq həyatının ən fəal və məhsuldar dövrü AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda işlədiyi (1954-1959 və 1963-1973- cü illərdə baş elmi işçi, 1973-1993-cü illərdə sovet ədəbiyyatı şöbəsinin müdiri və 30 il İnstitutun ilk partiya təşkilatı katibi) illərə düşür.
Q.Qasımzadə öz ədəbi nəsli, gündaşları arasında fərqlənməyi bacarmış, özünə layiq mövqe və məqamda qərarlaşmışdı. Bu, heç də asan məsələ deyildi. Mənsub olduğu ədəbi nəslə Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Qabil, Adil Babayev, İslam Səfərli, Hüseyn Arif, Nəriman Həsənzadə, Məmməd Araz, Əliağa Kürçaylı, Xəlil Rza, Cabir Novruz, Balaş Azəroğlu, Əli Tudə, Söhrab Tahir kimi sənətkarlar daxil idi və bunların hər biri Azərbaycan poeziya kəhkəşanında məqamlanmışdılar. Bu kəhkaşanda Qasım Qasımzadə yaradıcılıq ulduzu da öz parlaqlığı ilə görsənirdi və onun özünəməxsus orbiti var idi...
Şairin nəhayətsiz insansevərliyi, dosta sədaqəti, etibarlılığı, əqidəli xarakteri, gənc istedadlara qayğıkeşliyi sayəsində hamı ona “Qasım müəllim” deyə müraciət edirdi və o, üzərinə düşən müəllimlik missiyasını şərəflə yerinə yetirənlərdən idi.
Bu məqamda o dövrdə istedadlı gənclərdən biri olan, sonralar şair kimi xeyli populyarlıq qazanmış Nüsrət Kəsəmənlinin “Yol” qəzetində Qasım müəllimin hələ sağlığında dərc etdirdiyi xatirəsindən bir parçanı qeyd etmək yerinə düşər: “...Mənim üçün birinci amil yaxşını görüb etiraf etməkdir, qolundan tutub ayağa qaldırmaqdır. ...Bu mənada şəxsiyyətinə ən çox hörmət etdiyim Qasım Qasımzadənin adını çəkmək istəyirəm. Bu şairin şəxsiyyəti ilə yazıları arasında “ciddilik” deyilən bir oxşarlıq var. Buraya qətilik və sözübütövlüyü də əlavə etsək, şəxsiyyət tamamlanar. ...Qasım Qasımzadə sözün böyük mənasında şəxsiyyətdir. Ramiz Rövşəni, Seyran Səxavəti, məni (bura Zülfüqar Şahsevənlini, Elnarə Buzovnalını da əlavə edərdim – Q.B.) heç kimin tanımadığı, redaksiyalardan kor-peşman qayıtdığımız bir vaxtda Qasım müəllim “Uğur olsun” yazdı, bizi geniş oxucu kütləsinə tanıtdı. Və nə yaxşı ki, sonralar himayədarlıq etmədi. Elə indinin özündə “mənim yetirmələrimdir” deyib öyünmür. Hərçənd Qasım müəllimin buna haqqı var...” ( Bax: Nəriman Qasımoğlu. Qasım Qasımzadə ilə bağlı xatirələr. “Ədəbiyyat qəzeti”, 20.10.2017.). Baxın, himayədarlıq, kişilik, mərdlik, qədrkeşlik budur... Nüsrət Kəsəmənlinin və bu qəbildən qeyrilərinin Q.Qasımzadə haqqında bu qədər ürəkdən, sevgi ilə, minnətdarlıq və xoş duyğularla danışması artıq Qasım müəllimin cövhərində olan diqqətcilliyi, tələbkarlığı, qayğıkeşliyi, insanlığı, mənəviyyatı və bir sənətkar kimi böyüklüyü barədə hər şeyi deyir, məncə.
Q.Qasımzadə 1923-cü il iyunun 23-də Qubadlı rayonunun Xocamusaxlı kəndində anadan olmuşdur. Onun nəsil səcərəsi Qarabağın acılı-şirinli hekayətləri ilə səsləşir.
Babası Şahsuvar bəy Kələntərov (Hüseynbəyov) çar dövründə pristav, Cümhuriyyət dövründə Zəngəzur qəza rəisinin birinci müavini işləmişdir. Erməni daşnakları ilə mübarizədə ad qazanmış Şahsuvar bəy, kürəkəni Xansuvar bəy həmişə əqidələri, mərdanəlikləri ilə Zəngəzur - Qubadlı camaatının rəğbətini qazanmışdılar. (Qeyd: Xansuvar bəyin hətta sovet dönəmində mərdliyi, bəy xarakteri, kişiliyi barədə ilk təsəvvürüm Xalq Yazıçısı Bayram Bayramovun “Üzlü-astarlı günlər” memuar romanından olub.) Qasım müəllim belə bir səcərənin övladı olmuş və əcdadlarının mübarək ruhu onun xarakterinə, yaradıcılığına, məsləkinə yansımışdır:
Məsləkim yolunda gəlsəm üz-üzə,
Məndən əfv ummasın doğma qardaşım.
Hər yerdə, həmişə haqq gəzə-gəzə
Ağ gün yollarında ağardı başım.
Q.Qasımzadə məktəb təhsilindən sonra Şəki Pedaqoji Texnikumunu bitirmiş, Kəlbəcərdə orta məktəb müəllimi, Yevlax Rayon Xalq Maarifi şöbəsində metodist işləmişdir.
Əslən Zəngəzurlu olsa da, “Burdadır” avtobioqrafik məzmunlu şeirində özünün dediyi kimi, ömrünün, ilk məhəbbətinin şirin çağları, ilk məktəb illəri, atası Xansuvar kişinin qəbir yeri, elə bu bölgədə ellər anası olan Arəstə xanım (Qeyd: Qasım müəllimin anası bəy qızı, bəy xanımı olan Arəstə xanm şəxsi bacarığı ilə Kövərlərdə (Yevlaxda, Malbinəsi kəndində, “Kommunizm” kolxozunda) müxtəlif illərdə ferma müdiri, kolxoz sədri, partiya komitəsinin katibi kimi vəzifələrdə çalışmış, 1941-1945-ci illər müharibəsi vaxtı cer-cehizini satıb pula çevirərək bir tankın qiymətini ödəmiş, buna görə şəxsən İ.V.Stalindən təşəkkür məktubu almış, M.C.Bağırovun hakimiyyəti dövründə Azərbaycan KP MK-nın üzvü seçilmiş (Bağırov onun kimin qızi olduğu barədə məlumatlandığı üçün MK-nın sonradan keçirilən plenumunlarında onun iştirakına qadağa qoymuşdu), 70-ci illərdə Yevlax rayon PK-nin plenum üzvü, büro üzvü olmuş, Qarabağ bölgəsində onun ictimai xadim səviyyəsinə yüksəlmiş, xeyirxahlığına görə “ellər anası” adını qazanmışdı, Bax: Nəriman Qasımoğlu. Bu, Arəstə xanım Şahsuvarqızıdır, rəhmətlik nənəm, “Ədəbiyyat qəzeti”.- 2017.- 9 sentyabr.- s.22-23.)
Qarabağla, Qarabağın Yevlax bölgəsinin Malbinəsi kəndinin Kövər adlanan oymağına bağlıdır:
Qarabağ! Durnalı – ceyranlı çöllər,
Qarabağ! Bülbüllü – Qumrulu dillər,
Qarabağ! Gözütox – sərvətli ellər,
Gücüm-arxam mənim, kürəyim mənim.
Ehtiyac bilmirəm əslimi danam –
Məni özgə kənddə doğubdur anam.
Uzaq bir mahaldan, Zəngəzurdanam,
Lakin burda gülüb taleyim mənim.
Qasım müəllim həm də olduqca nümunəvi ailə başçısı, ər oğlu ər, qayğıkeş ata idi. Onun ömür-gün yoldaşı, həkim Tamara xanım xanımlar xanımıydı, övladları Fəxrəddin (gənc ata olduğu çağda faciəvi şəkildə yaşadığı binanın lift qəzasında həlak oldu... Şair atanın bu ağır dərdə həsr etdiyi "Fəxrəddinli ucalığım" elegiyası poeziyada oğul itkisinə həsr olunmuş bəlkə də ən təsirli poetik mətndir), Nəriman, Xansuvar hərəsi şərqşünaslıq sahəsində sayılan, seçilən şəxslər olmuşlar.
Q.Qasımzadə gəncliyindən öz cəsarətli, obyektiv mövqeyi, vətəndaş fəallığı, milli qeyrəti, mübarizliyi ilə fərqlənirdi. İstedadı, şəxsiyyəti 40-50-ci illər ədəbiyyat korifeylərimizin diqqətini elə o zamandan cəlb etmişdi. Təsadüfi deyildi ki, onun toy məclisi yazıçı Əli Vəliyevin evində keçirilmiş, məclisə masabəyliyi Səməd Vurğun etmişdi. S.Vurğunun da ilk sözü bu olmuşdu ki, Qasım yaşından çox irəli gedən cavanlarımızdandır. (Bax: Hacı Nərimanoğlu. "Qubadlısız 16 il" kitabı, "Elm və Təhsil", 2019, səh.56-60.).
Q.Qasımzadə ali təhsilini Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində almışdır (1945–1950). Ədəbi cameədə məhsuldar şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi kimi tanınan Qasımzadə eyni zamanda «Azərbaycan gəncləri» qəzeti redaksiyasında ədəbiyyat və incəsənət şöbəsinin müdiri (1947-1949), «Ədəbiyyat və İncəsənət» qəzeti redaksiyasında tənqid şöbəsinin müdiri, Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun aspirantı (1950-1953), baş elmi işçi əvəzi (1953-1954), baş elmi işçi (1954-1959), «Ədəbiyyat və incəsənət» qəzetinin baş redaktoru (1957-1963) vəzifələrində uğurla çalışmışdır.
Onun «Ədəbiyyat və incəsənət» qəzetində baş redaktorluğu həmin dövr Azərbaycan ədəbi qəzetçilik işində tamamilə yeni bir səhifə, yeni bir təfəkkür tərzi yaratmışdı. Qəzet redaktorluğu üçün verdiyi nümunələr də önəmli idi. Məsələn, rəhbərlik etdiyi ədəbi orqanda gedən şeirlər onun təşəbbüsü ilə belə dərc edilirmiş: qəzetə daxil olan şeirlər redaksiyanın yığıncağında müəllifləri elan edilmədən oxunur və anonim qaydada keçən bu şeir oxusunda bəyənilən ən yaxşı nümunələr müəlliflərinin kimliyi nəzərə alınmadan qəzetdə dərc edilirmiş. Təsəvvür edin, məşhur xalq şairləri şeirlərinin dərcini gözləyir, tanınmayan birilərinin orijinal şeirləri növbəsiz çapa gedirmiş. Bundan əlavə, sovet imperiyası illərində Q.Qasımzadə bəlkə də yeganə baş redaktor imiş ki, qəzetdə tabe olduğu orqanın rəhbərliyini, eləcə də xalq yazıçılarını tənqid edən yazıların getməsinə şərait yaradırmış. Bu, ümumən sovet, eləcə də bizim mətbuat tariximizdə unikal hadisələrdən sayıla bilər. Onun baş redaktorluğu dövründə qəzet səhifələrindəki maraqlı ədəbi müzakirələrə, mübahisələrə görə “Ədəbiyyat qəzeti” Azərbaycanda ən çox oxunan mətbuat orqanı sayılırmış. Bunu da xatırladım ki, ”Ədəbiyyat və incəsənət” qəzetinin redaktoru olduğu vaxtlarda sətiraltı mənalar ifadə edən, xalqın, bütöv Azərbaycanın taleyini bu və ya digər şəkildə özündə əks etdirən yazıları çap etməkdən qətiyyən çəkinməyən Q.Qasımzadə ideoloji təqiblərə də məruz qalırdı. Xəlil Rzanın məşhur ”Azadlığı istəmirəm zərrə-zərə, qram-qram, istəyirəm qolumdakı zəncirləri gərək, qıram, qıram” misraları olan məşhur, üsyankar şeirini (senzuradan adlatmaq üçün ”Afrikanın səsi” adı altında), Rəsul Rzanın zərərdidə Müşfiqə həsr etdiyi ”Qızıl gül olmayaydı” poemasını müəllifin nüfuzuna baxmayaraq heç bir jurnal-qəzet yaxına buraxmayanda qəzetdə dərc etməsi hakim partiya nomenklaturası qarşısında tutduğu vəzifəsi üçün, əlbəttə, risqli idi. O dövrün acılı-şirinli olaylarını Qasım müəllim bir müsahibəsində belə xatırladır: “…Mən də əlimə qələm götürən məqamda gözümün qarşısında həmişə Qlavlitin, DTK-nın məşum fiquru boyaboy dayanıb. Ürəyimdə tutduqlarımı sətiraltı, rəmzi obrazlarda, ifadələrdə çatdırmağa çalışmışam. O zamanlar cürətli sayıla biləcək cüzi addımıma görə isə Azərbaycan KP MK-nın töhmətindən başlamış işdən götürülməyə qədər cəza payına layiq görülmüşəm. ”Ədəbiyyat qəzeti”ndə baş redaktor işləyəndə “Novruz bayramı” sərlövhəsinə görə, Dərbənddə açılmasına icazə verilən Azərbaycan dilində teatra kömək məqsədilə material dərc etdiyimizə görə Mərkəzi Komitədə bizə vurulan “dini, milli həddini aşmaq” damğası, Xəlil Rzanın bir qədər üsyankar şeirləri üstündə töhmət aldığım, nəhayət, vəzifədən xaric edildiyim ədəbi ictimaiyyətin müəyyən qisminə məlumdur. Onda da, indinin özündə də bu cəzaları mükafat kimi qarşılamışam... İndiki günləri görəndə Allaha min dəfə şükr edirəm ki, ölmədim, imperiyanın süquta getdiyinin şahidi oldum. Bu mənada biz nəslin məncə, qazancı itkilərindən daha böyükdür, əvəzsizdir.” (Bax: Qasımzadə Q. ”Hamı öz mövqeyini açıq bildirməlidir” (müsahibə), ”Ədəbiyyat qəzeti”, 4 oktyabr 1991-ci il.).
Q.Qasımzadənin ədəbi və elmi yaradıcılığı bu bədii, elmi, tənqidi, publisist kitablarında əksini tapır: “Bizim kənd” (şeirlər), 1951; “Bizim şəhər”(şeirlər),1953; “Bizim dağlar” (şeirlər),1955; ( Qeyd: Sovet dövrünün 1950-ci illərində bu başlıqlardakı “bizim” kəlməsinin işlədilməsi sətraltı çox mətləblərdən xəbər verir.); “Nikolay Ostrovski” (monoqrafik tədqiqat), 1955; “Azərbaycan ədəbiyyatında xalqlar dostluğu” (monoqrafiya),1956; “Ürək döyüntüləri» (şeirlər),1959; “Son görüş» (şeirlər), 1960; “Süleyman Rəhimov” (monoqrafiya),1960; “Balaca dayə» (şeirlər), 1962. (Qeyd: Bu kitabın adı biblioqrafik məlumatda səhvən “Kiçik dayə” getmişdir. Q.Qasımzadənin 1962-ci ildə çapdan çıxan “Balaca dayə” poeması Əlcəzairdə fransız zülmünün yerli ərəblərə gətirdiyi faciələrin qısa, epizodik mənzum hekayəsidir. Fransanın hazırda Ermənistanın cinayətlərinə haqq qazandıran hoqqaları fonunda aktuallığını itirməyən poemadır. Təkrar çapına ehtiyac var...) ; “Nəğməli ürəklər” (şeirlər),1963; “Bənövşə yarpağı” (şeirlər və poemalar),1964; “İsmət” (şeirlər, poema),1966; “Утешение” (стихи),1968; «Aşıq gördüyünü çağırаr” (məqalələr), 1969; “Лес дышал» (Стихи и поэма), / Перевод с азерб. Н. Коржавина. — Москва : Сов. писатель, 1970; “Getdim, gördüm, düşündüm”,1971; “İnsan min il yaşardı” (şeirlər),1973; “Keçmə namərd körpüsündən” (şeirlər),1975; “Dağlar buraxmır məni” (şeirlər),1978; “Daşdan keçən söz” (şeirlər- poema),1981; “Ədəbiyyatda millilik və beynəlmiləllik” (monoqrafiya),1982; “Səndən ayrılalı» (şeirlər),1985; “Şəfa çantası (şeirlər)”,1986; “Seçilmiş əsərləri» (şeirlər), 1988; “Ədəbiyyatımız, mənəviyyatımız», (məqalələr),1988; “Seçilmiş əsərləri”, 2005. (Qeyd: Burada Qasım müəllimin yaradıcılığını və portretini yığcam şeir formatında təqdim edən mühüm bir faktı da xatırlatmaq istərdim. 1983-cü ildə Bakıda Aktyor Evində keçirilmiş 60 illik yubileyinə təbriklərlə gələnlərdən biri EA Şərqşünaslıq institutunun direktoru görkəmli alim, şərqşünas, akademik, şirin şeirlər və şairlərə məzmunlu, ironiyalı parodiyalar yazan Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadov idi. Həmin təbriknaməni latın şriftilə ilk dəfə N.Qasımzadə sosial mediada təqdim etmiş, mətn mətbuatda çap edilməmişdir. Mətndə dırnaqlara alınan ifadələrin bəzisi Q.Qasımzadənin kitablarının adları, bəzisi də şeirlərinin başlıqlarıdır: “Görkəmli alim, istedadlı şair Qasım Qasımzadənin 60 illiyinə. Altmış yaşlı cavan Qasım müəllim, /Həm gözəl şairsən, həm gözəl alim! /Şerində baharın təravəti var, /Insanın torpağa məhəbbəti var. /Sən ki “El yolu”ndan sənətə gəldin, /Şöhrətə gəlmədin, qeyrətə gəldin, /Sənə qələm verdi əzəl “Bizim kənd”, /Gördü öz hüsnünü şerində bənd-bənd. /“Bizim şəhər”i də sözə gətirdin, /Hər nə gətirdinsə, təzə gətirdin. /Nə vaxt yolun düşsə “Bizim dağlar”a, /“Son görüş” yerində çəkildin dara. /Aşdın gədiklərin dəvə boynundan, /“Dağlar buraxmadı səni” qoynundan. /“Namərd körpüsü”nə ayaq basmadın, /Naxələf sözünə qulaq asmadın. /Vəsf etdin “Bənövşə yarpağı”nı sən, /Bənövşə ətrinə büründü Vətən. /Şerində çiçəklər, güllər açıldı, /Lalə yanaqlardan “İsmət” saçıldı. /“Daşdan keçən söz”ün ürəkdə yaşar, /Əməldə, arzuda, diləkdə yaşar. /“Aşıq gördüyünü çağırsın” gərək, /Sən belə söylədin vəcdə gələrək. /Gecəli-gündüzlü yazdın, yaratdın, /Qəlbinin odunu sözünə qatdın. /Min il əfsanədir, sən yüz il yaşa, /Adın vətəninlə çəkilsin qoşa! /Ərəbin, əcəmin, türkün və kürdün /Gəzdin ellərini, dərdini gördün. /Təbrikə gəlmişik Şərqin adından /Şərqin dərdinə də məşəl kimi yan! İmza: partkom, mestkom və direksiya, Alim, şair dostun Bünyadov Ziya.”)
Bu sonuncu kitabda “Olmaz, olmaz!” deyirsən”, “Şuşa Qarabağın zümrüd tacıdır”, “Təbiətin qız vaxtıdır”, “Onlar yaranışdan təzimdədirlər”, “Bosfor sahilinə düşdü güzarım”, “Fərəhli, ayazlı dünyam”, “Mənim gözüm ulduzlara, günə, aya zaman-zaman baxacaqdır” başlıqlı bölmələr var ki, bunların məna və mahiyyəti, estetik çalarları Qasımzadə poetik yaradıcılığını dürüstlüklə səciyyələndirir. Kitabın məzmun və mahiyyəti onun poeziyasının zəngin, rəngarəng mövzu, məzmun, forma palitrasından xəbər verir, taleyin güclü və amansız sarsıntılarına dözüm gətirərək xalq taleyi ilə şair taleyinin qovuşuğunu nümayiş etdirir. Toplunu şairin oğlu, tanınmış şərqşünas Nəriman Qasımoğlu şairin 1988-ci ildə cap olunmuş “Seçilmiş əsərləri” əsasında tərtib etmişdir. “Ön söz”ün müəllifi tənqidçi-filosof Yaşar Qarayev, nəşrə məsul tanınmış nəşriyyatçı Ümid Rəhimoğludur.
Onun zövq oxşayan şeirlərinin başlıca xüsusiyyəti mövzularının orijinallığına və əhəmiyyətinə görə kəsb etdiyi təbiilik və xəlqilikdir. Bu nümunələrdə lirik “mən” lirik xarakterə, lirik xarakter isə lirik qəhrəmana çevrilir. Lirik qəhrəmanı hər cür biganəlikdən uzaqdır, türk ruhu daşıyan azərbaycanlıdır...
“...Uzun zaman ideoloji yasaq və qadağalara, kommunist diktatorluğuna qarşı bəzən birbaşa, bəzən də dolayısı ilə mücadilə edən Sovet dövrü Azərbaycan şair və yazarlarının Türkiyə ilə ilgili xatirələri, səfər və görüşləri haqqındakı qeydləri bu gün üçün qiymətli sənədlərdir. Bu əsərlərdə olan məlumatlar bizə o dövrdə Türkiyə Cümhuriyyətinin ictimai-siyasi və sosial-mədəni durumu haqqında məlumatlar verir, həmçinin zorla sərhədlərə ayrılan Türkiyə və Azərbaycanın bir-birinə olan mənəvi bağlılığını, sevgisini özündə əks etdirir.” (Bax: Aygün Bağırlı. “Sovet dövrü ədiblərimizin Türkiyə qeydləri”, “525-ci qəzet”, 21.12.2021.).
Qasım müəllim – azərbaycanlı türkü İstanbulda digər bir nəhəng türkün – Tofik Fikrətin Aşiyan məskənini ziyarəti zamanı onun pəncərəsindən Bosforu seyr edərkən keçirdiyi hisslərini məhrəmliklə belə ifadə edirdi: “Dünyanın ən gözəl pəncərəsi!.. Bosfor. Uzaqdan görünən silsilə dağlar, yaşıllığa gömülmüş imarətlər, çəmənlik-çiçəklik, qədim qala divarları. Pəncərənin çərçivəsi həcmində Bosforun misilsiz, seçilib bir yerə cəm olmuş mənzərəsi, elə bil ki, gözümüz önündə dayanan canlı təbiətin bir guşəsi deyil, mahir rəssam əli ilə çəkilən əsrarəngiz bir lövhə üfüqdən asılmışdır. Həmin lövhə indi də gözümün önündədir...” (Bax: Qasımzadə Q. Aşiyan qeydləri. Türkiyəli araşdırmaçı Məsud Kaplanın təqdimatında. “Ədəbiyyat qəzeti”, 11. 07. 2020, s.6; “Ədəbiyyat qəzeti”nin saytı: 17.07.2020.)
Tofiq Fikrətə (Qeyd: Tofiq Fikrət (1867 – 1915) – Osmanlı dövründə yaşamış büyük türk şairi, pedaqoqu və jurnalisti, türk ədəbiyyatında "Sərvəti-fünun" və ya "Ədəbiyyati-cədidə" adlanan cərəyanın banisidir. İnqilabi və idealist fikirləri ilə Mustafa Kamal başda olmaqla dövrünün ziyalılarına təsir göstərmişdir. Türk ədəbiyyatının qərbləşməsində əsas rol oynamış müəlliflərdən biri kimi də məşhurluq qazanmışdır. Azərbaycan şairlərindən M. Hadi, H. Cavid, A. Səhhət, Səməd Vurğun və b.-nın yaradıcılığına da təsitr göstərmişdir.) həsr etdiyi “Ən gözək pəncərə” şeiri bu misralarla başlayır:
...Bosfor sahilinə düşdü güzarım,
Nağılmı, röyamı bilə bilmədim.
Çoxaldı sevincim, artdı məlalım,
Ağlaya bilmədim, gülə bilmədim
Son iki sətirdə şairin əhvalını ifadə edən sözlər Q.Qasımzadənin Türkiyə sevdasını necə də məhrəmliklə bildirir. 1968-ci ildə qələmə aldığı “Türkiyə silsiləsi”ndən “Türk gözəli” şeiri eləcə türk gözəli kimi əlahiddə gözəlliyyə malikdir və şeiri yarımçıq şəkildə təqdim etməyi özümə də, oxuculara da rəva bilmirəm:
Mərmərəni seyr elədik ada-ada,
Gözəllikdən gözəlliyə çata-çata.
Ada demə, altı bacı – su pərisi,
Gülab səpdi arxamızca hər birisi.
Böyük ada, Yaşıl ada güldü gözə.
Heyran qaldıq uçrumlara, şamlıqlara,
Heyran qaldıq: dəniz hara, bulaq hara?
Xınalıda bir qız çıxdı gəmimizə.
Elə bil ki, süzülmüşdü o mahnıdan:
“Aman allah, gözlərə bax, gözlərə bax…”
Pəri idi, kim deyərdi bəni-insan.
Üzüb gəlmiş mavilikdən ayrılaraq.
Yox, tanışdı, doğma idi, qəşəng idi,
Salam verib yanımızda yer istədi.
Geyinmişdi yeni dəblə – donu dizdən.
Çantasyıla gizlətsə də bunu bizdən.
Danışdıqca incə-incə, şirin-şirin,
Hiss elədik qəlbi safmış, fikri dərin.
Gətirmişdi saçında çöl çiçəyini,
Baxışında dərələrin yuxusunu,
Yanağında zanbaqların ləçəyini,
Üst-başında zeytun, ardıc qoxusunu.
Gözlərində ləpələrin mor rəngini,
Gülüşündə Sakaryanın ahəngini.
Təbiətdən yoğrulmuşdu təbiəti.
Tapındığı – öz torpağı, öz milləti.
Mərd davransan niyyətini o, bilərək
Hörmət qoyar, yüz kişidən seçər səni.
Maral gözü şir gözünə çevrilərək
Baxışının qılıncıyla bicər səni
Tamah salıb sərxoş-sərxoş baxsan ona.
Qəzəbindən dönər çılğın bir aslana,
Atılar da üzərinə dəli-dəli
O mehriban, o füsunkar türk gözəli.
(Bax: Qasımzadə Q., Türkiyə silsiləsindən, 1968. “Seşilmiş əsərləri, B., 2005, səh.173.)
Bu, şeir deyil, mini-poemadır, sözlə çəkilmiş portretdir, türk qövmünə, Türkiyəyə məhəbbətdir, iki yurdun tək gözəlinə sədaqətdir, ülfətdir, türk gözəlinin namus, qeyrət, əxlaq mücəssiməsinin poetik bəyanıdır ki, şairin öz təbiətini də nişan verir. Xalq şairi, akademik Bəxtiyar Vahabzadə həmkarı və dostu haqqında bir yazısında onun özünün də belə bir əxlaq daşıcısı olduğunu qeyd edirdi: “Namus və əxlaq mücəssəməsi Qasımla uzun illər tələbə yoldaşı, dost olmuş, dərd və sevincimizi birgə bölüşmüşük...
...Oğlu Fəxrəddinin vaxtsız itkisindən sonra Şuşa, Laçın, Kəlbəcərin işğalı şairin qəlbinə çalın-çarpaz dağ çəkmişdi. Şeirlərində “Belə qalsa, belə dursa, məzarım od tutub yanar” deyən şair ömrünün son çağlarında yazırdı: “Vallahi, billahi, ən səmimi ürək sözümdür ki, bu halımda mənə silah versinlər, ən şiddətli döyüş xəttinə gedim, qanım torpağıma qarışsın. Bilmirəm bu təmənnamı necə çatdırım ki, məni qınamasınlar… Gərək də qınamazlar. Çünki ömrüm boyu milli mənafedə başqa mənafeyim olmayıb....” (Bax: Hacı Nərimanoğlu. "Qubadlısız 16 il" kitabı, "Elm və Təhsil", 2019, səh.56-60.)
Q.Qasımzadə poeziyasını yaşadan başlıca xüsusiyyətlərdən biri də cürətdir, vətəndaş cürəti, sənətkar cürəti. Bunu şairin ötkəm fikirlərində də, əsərlərinin şəkli xüsusiyyətlərində də görürük.
Q.Qasımzadə süjetli lirikanın ustasıdır. “Bu gün səni gördüm”, “İnsan-alov”, “Gəlmişəm”, “Anamgildədir”, “Pənah gətirmişəm”, “Təbiətin qız vaxtıdır”, “Dağlar buraxmır məni”, “Şuşa Qarabağın zümrüd tacıdır” (“Zümrüd tac”), “Qartal gözü” və s. bu qəbildən onlarla şeiri çox hallarda daxili, gərgin monoloq, səmimi təhkiyyə, hissi-psixoloji xüsusiyyətləri, lirizm ilə epizmin (lirik təhkiyyənin) qovuşuğunda vətandaş, sənətkar cürəti ilə yazılmış mini-poemaları xatırladır.
Q.Qasımzadə torpağa, vətənə könüldən bağlı sənətkar idi. O, Azərbaycanı qarış-qarış gəzib, təbiətini, gözəlliklərini könlünə köçürüb, sevərək vəsf etmişdir. "Azərbaycan", "Sehrli torpaq", "Vətən" yazdım", "Diyarım", "Qapını bağlayan fələk", "Sinəsi dağlı dağ", "Laçın qayası", "Gəncənin yanında", "Göygöl mənzərələri" – bu qəbildən şeirlərinin bir qismidir. Vətən sevgisi hər kəsin doğulduğu, yaşadığı kənd, şəhər, yer-yurddan başlanır; Qasım Qasımzadə üçünsə Vətən onun zümrüd tacıdır:
Qarabağ…
Nə zaman çəkilsə bu ad
Gözümün önündə bir qız dayanır:
Hörüyünün kökü buz tutub qat-qat,
Atlaz paltarının
Ətəyi yanır…
...Mərdlik zirehiylə
Döşü sipərli,
Nüşabə idraklı,
Həcər təpərli.
Əli buludlarda,
Ayağı Kürdə,
Açıq süfrəsinin qonağı saysız…
Kim əsir istəyib
Onu bu yerdə
Boynunu qılıncdan keçirib o qız!
Ətraflı
Bədxahı boğmaqçın qəsdinə duran
Xaçın, Qarqar onun qoşa saçıdır.
Başının üstündə yanıb bərq vuran
Şuşa Qarabağın zümrüd tacıdır!
Dramatik narahatlıq duyğusu ilə səciyyələnən şeirlərindəki əsrarəngiz təbiət detalları, çox sayda xarakter və obrazlar milli mənəvi-estetik məzmun daşıyır, yaddaşda cilalanan ümid və inam ifadə edən rəmzi çalar kəsb edir... Onun “Azərbaycan”, “Sehirli torpaq”, “Vətən”yazdım”, “Dəniz xislətli torpaq”, “Bənövşə yarpağı” qəbildəndir. “Qartal gözü” şeirindəki Azərbaycan xəritəsini ucan qartala, paytaxt Bakımızı bu qartalın gözünə bənzətməsi poeziyamızda tamamilə orjinal bir obraz idi:
…Kim deyər ki, var onun
Özgə quşa bənzəri?
Dimdiyində aparır
Elə bil ki, Xəzəri.
Bakı! Sən bu qartalın
Yanar, parlaq gözüsən.
Bədnəzərin gözünə
Batan oxun özüsən!
“Azərbaycan” onun poeziyasının baş mövzusu idi. “Azərbaycan”a həsr etdiyi şeirlər məzmun və mənaca Əhməd Cavadın, Almaz İldırımın, Səməd Vurğunun bu mövzuda yaratdıqları ölməz şeir silsiləsində öz ləyiqli yerini tutur. Şair bu şeirlərində vətənə sevgini insana – vətəndaş insana sevgilə birləşdirir və üzvi vəhdət halında təqdim edir:
Babalardan qalma sözdür,- əziz mehriban
Ana deyə çağırırıq Azərbaycanı.
Vətən quru dağ-daş deyil...
Onu hər zaman
Seyr etdikcə biz görürük
Canlı insanı.
Və yaxud:
...Bir həyanım vardır, yol yoldaşıtək
Həmişə yanımca o, addımladı.
Onsuz qürbət eldə donardı ürək,
O əziz sirdaşın... vətəndir adı.
Şair “Azərbaycan” şeirində “vətən-insan”ı belə təqdim edir: “Şirvan yolu alnındakı qırışlarıdır”, “Nifrətidir, qəzəbidir Bakı küləyi”, “Abşeronum – onun isti, odlu ürəyi”, “Sazlı-tarlı, xoş avazlı Qazax, Qarabağ”, “Bol nemətli süfrəsidir – Ağdam, Lənkəran”, “Düşməninə yumruğudur Laçın, Qubadlı”, “Sol döşündə orden kimi yanır Naxçıvan”. (Bax: Qasımzadə Q. Bənövşə yarpağı. Bakı, 1964, s. 32.) Burada həm təbiət, həm mədəniyyət, həm də bunların hər ikisinə aid xarakterik xüsusiyyət Vətən obrazının poetik təqdimatı üçün istifadə olunmuşdur.
Filologiya elmlər doktoru, şair-alim Rafiq Yusifoğlu Qasım müəllimin yaradıcılığını belə dəyərləndirir: “XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Qasım Qasımzadə Azərbaycan təbiətini vurğunluqla tərənnüm edən şairlərimizdən biridir. Bu da təsadüfi deyil. Çünki Qasım Qasımzadə Azərbaycanın dilbər guşələrindən birində - Qubadlı rayonunun Xocamsaxlı kəndində dünyaya göz açmışdı. Hər daşının altından bir çeşmə paqqıldayan Xocamsaxlı kəndinin axarlı-baxarlı mənzərələri, şiş qayaları onu məftun etmiş, Ağa çayının laylası onun ürəyini şeirə, poeziyaya məhəbbət ruhunda kökləmişdi. Bol sulu Bərgüşad, Həkəri çayları, Çayzəmi, Əyin, Başarat meşələri, göylərə baş çəkən Kəpəz, Səngər dağları, Ballıqaya, Salvartı yaylaqları onun poeziyasının beşiyi olmuşdu... Onun poeziyasında vətənin başı qarlı uca dağları, diş göynədən bulaqları, zümrüd donlu meşələri, səfalı yaylaqları, göz işlədikcə uzanan bərəkətli çölləri vurğunluqla tərənnüm edilir.” (Bax: Rafiq Yusifoğlu. Vətən təbiətinin yorulmaz tərənnümçüsü. “525-ci qəzet”, 12.06.23.)
Şairin poeziyasında gözəlliyə səyahət və gözəlliyi dərk ruhu vardır. Onun poetik nümunələri əsasında oxucular tarixlə, müasirliklə, gələcəklə, təbiətlə, ictimai həyatla ünsiyyətdə olur, şair milli yaddaşla vətəndaş arasında təmasın mənalı, ibrətli məqamlarını yaradır. “Günəş”, “Neyin əfsanəsi”, “Çərkəz oğlu” şeirlərində folklorizmdən qaynaqlanan “Danko ürəyi” simvolikasında, sətraltı ifadələrlə milli azadlıq, suverenlik, müstəqillik ideyalarını tərənnüm ediri.
Yazılarında ədəbi fakta, mətnə həmişə orjinal yanaşma və təhlil üsulu ilə fərqlənən ədəbiyyatşünas-tənqidçi, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu Q.Qasımzadənin 70 illik yubileyi münasibətilə qələmə aldığı məqaləsində yazırdı: “Azərbaycanda milli gəlişmə demokratiya uğrunda mübarizə şəklində bəlirli bir ölçü və hüdudlar kəsb etdikcə ədəbi ictimaiyyətin də bir çox nümayəndələrini ictimai-siyasi savaşın ön sıralarında gördük. Qasım Qasımzadənin 70 illik ömür yolunda, 50 illik yaradıcılıq taleyində bu mərhələnin xüsusi yeri var. Q.Qasımzadə hər şeydən öncə usanmadan zamanın ideyalarını təbliğ edən, demokratiya, azadlıq və milli müstəqillik yolunda atılan hər bir addımı qələmi ilə müdafiəyə qalxışan və qələbələrimizi böyük bir sevgi və qısqanclıqla tərənnüm edən alovlu publisist kimi çıxış edir... Q. Qasımzadə və mənsub olduğu ictimai-ədəbi nəsil zamanla daim bilavasitə müxalifətdə olmuşlar. Şairin yaradıcılığının hərfini deyil, ruhuna bələd olmaq istəyənlər (istər o zaman, istərsə də bu gün) onun ”Seçilmiş əsərləri”ndə yalnız bir mövzu, bir predmet, bir ünvan tapır: seviləsi Vətən, sevgisində yaşayan millət, iftixara layiq Azərbaycan. Onun rəngarəng yaşantı və duyumlardan ibarət şeirləri bir məqam üzərində qərar tutur: milli özümlük, milli fəxarət... O da qeyd olunmalıdır ki, bu, nəinki Q.Qasımzadə poeziyasının, onun bütövlükdə həyat və fəaliyyətinin də məğzini, mayasını, poetikasını təşkil edən başlanğıcdır.” (Bax:Tehran Əlişanoğlu. Çağdaş Müsavatın işıqlı simalarından şair Qasım Qasımzadə. “Yeni Müsavat” qəzeti, 8 iyul 1993-cü il; Tehran Əlişanoğlu. Çağdaş türkçülüyün göyü və yeri/T.Mustafayev //Yeni Turan. – 1993. – 24 mart.)
Müsavat Məclisinin fəal və müqtədir üzvü olmuş Qasım Qasımzadənin hürriyyət sevinci və qürurunu əks etdirən fikrini təqdim etmək də yerinə düşər: “...Ölmədim, xain imperiya qüvvələri tərəfindən endirilmiş üç rəngli bayrağımızın "kişi kimi yaşayan" millətin cəsur oğullarının əlləri ilə Azadlıq meydanında bir daha ucaldığını gördüm. 1988-ci ildə kükrəyən meydan mitinqlərinin birində üç rəngin məna vəhdətindən yaranmış bu bayraqla ilk dəfə üz-üzə gəldiyim məqam ömrümün ən həyəcanlı, ən bəxtəvər anı idi. Baxışında övlad doğmalığı tapdığım gənci bağrıma basdım. Əlində tutduğu, nənəsinin ipəkdən tikdiyi bayrağı öpüb riqqətli göz yaşlarımla islatdım. Bu, əslində milli ideala qovuşma mərasimi idi. Milyonların əsrlərcə həsrətini çəkdiyi gündü ki, biz nəsil də kamsız qalmadıq... ” (Bax: Qasımzadə Q.“Ölmədim, üç rəngli bayrağımızın Azadlıq meydanında ucaldığını gördüm”, “Ədəbiyyat” qəzeti, 5 iyun 1992-ci il.).
Q.Qasımzadənin şeirləri kitabdan, ədəbiyyatdan yox, taleyindən, çəkdiyi acılardan, sevgisindən və ayrılıqlarından, sevinc və iztirablarından, milli-mənəvi qürur və öygülərindən gəlirdi.
Ədiblik – şairlik Q.Qasımzadənin stixiyasıdır... Bəzən iç dünyasını və yaşadıqlarını çılpaqlıqlarına qədər göstərməkdən çəkinməyən, cəsarətli, mərd və səmimi, bəzən də heç bir haqsızlığa dözməyən, üsyankar və barışmazdı Qasım müəllim...
Onun poetik ruhu lirikanın təbiətindən doğur. Professor, AMEA-nın müxbir üzvü Təhsin Mütəllibov lirikanın təbiətini, təsir gücünü doğru olaraq belə müəyyənləşdirir: “Lirikanın emosional gücü və mərhəmətliyi ilk növbədə ondadır ki, o, hardasa oxucunun şəxsi "dərdlərini" təzələyir, nisgil və həsrətini yenidən yaşadır, kövrəldir, duyğulandırır. Xatirələr yada düşür, kövrəldir və bir növ fərdi dərdlərin də bədii tərcümanına çevrilmiş olur... Lirikanın əsl estetik cazibəsi məhz bu nisgil, həsrət müştərəkliyindədir!..” ( Bax:Mütəllimov T. Ədəbi müşahidələr., “Ədəbiyyat qəzeti”, 23.06.2023-cü il.).
Q.Qasımzadənin lirikası bütün səmimiyyət çalarları ilə eynən belədir. Onun lirikası çoxçeşidli tale şeirlərindən, etnik-kulturoloji əsasdan süzülərək natural emosiyalarla müasirliyə, çağdaşlığa xidmət edən xarakterdən ibarətdir, tale lirikasıdır. Bunlar bədii sözün nüfuzunu artıran, milli ruh yeniliyi, poetik düşüncəsinin orjinal rəngarəngliyi ilə fərqlənən yanğılı, təsirli poeziya nümunələridir, həyatımızın cövhərini üzə çıxaran lirikamızın ən gözəl örnəkləri sırasındadır.
Görkəmli ədəbiyyatşünas-tənqidçi, filologiya elmləri doktoru, professor Əkbər Ağayev şairin yaradıcılıq məziyyətlərini qiymətləndirərək yazırdı: “Qasım Qasımzadənin poeziyasında ardıcıl, fəal həyat mövqeyi və təbiilik aydın seçilir. Şair qətiyyən özünü müasir həyat hadisələrindən kənar hiss etmir, heç nəyə laqeyd baxmır, onun lirik qəhrəmanı həssasdır, görüş dairəsi genişdir, elə buna görə də, bu lirik qəhrəmanın qəlbindən keçib poetik incilərə çevrilən mövzular, həyat materialı zəngin və çoxşaxəlidir: səhrada dağ kölgəsi, əbədiyyət, haçaqaya, nəbzin vurması, qış, bahar, güllər, çiçəklər, ballı qayalar, zəriflik, mətanət, həsrət, məhəbbət, qanlı-qadalı illər, uzaq ellərin dərdi – bütün bunlar şairin poetik sözündə canlanır, mənalanır, bu anlayışların hər birində yeni çalarlar parlayır, fikirlərin əlvan poetik qövsi-qüzehi yaranır. Lakin bu zəngin poetik fikir silsiləsində Qasım Qasımzadənin diqqətindən heç bir zaman yayınmayan poetik ahəngin bütün məqamlarında öz yerini tapan bir mövzusu var: Azərbaycan!” (Bax: Əkbər Ağayev. "Azərbaycan Sovet poeziyası (1920-1970). İnkişafın əsas meylləri" (jurnal variantı), “Azərbaycan” jurnalı, 1974, № 7, s.77., № 1-10.; Əkbər Ağayev. Azərbaycan sovet poeziyası (1920-1970): inkişafın əsas meyilləri və sənətkarlıq, ənənə və novatorluq məsələsi, doktorluq dissertasiyası, Bakı, 1972. BDU-nun elmi kitabxanası, şifrə 2357, s.377.).
“Qasım Qasımzadənin şeirlərində ictimai-siyasi motivlər incə, lirik hisslərin ifadəsi ilə gözəl birləşir.” (Bax: Əkbər Ağayev. “Əsrin tərənnümü” (məqalələr), Bakı, “Yazıçı”, 1980, s..122-123. – 231 səh.).
Q.Qasımzadənin yaradıcılıq leytmotivi elmi-nəzəri tədqiqatlar siferasında da bir orbitdə, bir mahiyyətdə mənalandırılır: “Qasım Qasımzadənin poetik sözü sadə əmək adamlarının həyatını, fəaliyyətini və könül dünyasını ifadə edir, oxucusunun ən çətin anlarında həmişə ürək sirdaşı, yardımçısı, məsləhətçisi olmağı bacarır. Çünki bu poeziya xalqını, vətənini canından çox sevən vətən oğlunun, xalq şairinin qələminə məxsusdur. Onun mayası müdrik bir çeşmədən, xalq ədəbiyyatından, folklordan qaynaqlanır. Doğma xalqının, vətəninin dərdlərindən söz açarkən, şairin publisistik dili sanki bayatı çağırır, ağı söyləyir. “Qəzəbli dağlar” əsərində şairin səsini, harayını duymamaq mümkünsüzdür. Burada xalqın azadlıq ideyası özünün nikbin bədii ifadəsini tapır, vətən sevgisini estetik və emosional bir şəkildə təbliğ edir. Bu isə böyük ustalıq və sənətkarlıqdan xəbər verdiyi kimi, eyni zamanda, böyük ürəkdən, sənət yanğısından, vətənpərvərlik duyğularından “danışır”, şairin şəxsiyyəti, mənəvi ucalığı barədə oxucusunu agah edir, onları – müəllif və oxucunu – doğmalaşdırır.” (Bax: Cavadova Rəna. “Müasir Azərbaycan poeziyasında vətənpərvərlik problemlərinin bədii inikası ( Qasım Qasımzadənin poeziyası əsasında)”, Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın “Avtoreferat”ı, Bakı – 2017, s.4. – 27 səh.).
Q.Qasımzadə yaradıcılığının mühüm bir qolu da tərcüməçilik fəaliyyəti ilə bağlıdır. Ədibin tərcümə fəaliyyəti M.Tursunzadənin “Hindistan balladası” (1950), M.Mirşəkərin “Qızılqış