Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

OTHER NEWS

Yashar Garayev - the national leader of the period of independence

10-05-2023 [ 14:52 ] [ read:109 ]
printerA+ | A-
103324

Only a reliable and stable state needs art, science, literature, sacred spiritual and moral values. A nation has no higher wealth than a monolithic national state, a national mentality whose eternal purity and halalness are always kept sacred and always intact. With the production of such wealth, art and the state are always engaged together, always side by side, and the boundaries of land and memory do not break apart only where there is such wealth - in a single, indivisible, eternal spiritual space. Without exception, success and victories in all other fields and situations are all possible on the basis of the existence and strength of this foundation - a strong, independent, sovereign state and the consciousness of statehood.
Məhz milli dəyərlər nəticə etibarı ilə milli dövlətin (və dövlətçiliyin!) mənəvi-əxlaqi baxımdan təminatı, ideya qarantı rolunu oynamaq üçün lazım olur. Neçə yüz il, neçə min il tarixi olan ən qədim ölkələrdə sabitliyin əsas səbəbi elə o olub ki, burada milli-mənəvi dəyərlər həmişə dövlətin və dövlət də öz növbəsində milli-mənəvi dəyərlərin keşiyində ayıq-sayıq dayanıb. Mentalitet tərbiyəsinə, milli "mən" yaddaşına və şüuruna biganə qalmamaq cəmiyyətdə əbədi, sabit müstəqilliyin, suverenliyin taleyinə və gələcəyinə də biganə qalmamağın şərti və zəmini olub...
Yeni yüzilin və yeni minilliyin astanasında Azərbaycanda məhz belə miqyasda sabitlik və əmin-amanlıq üçün xalqın müdriklik göstərib vaxtında seçdiyi prezidentin – Heydər Əlirza oğlu Əliyev adlı tarixi şəxsiyyətin müstəsna milli xidmətləri vardır.
Əlbəttə, doxsanıncı illərdən əvvəllər də Heydər Əliyev ozamankı İttifaq miqyasında tanınmış rəhbər-ideoloq və ictimai xadim idi; Sov.İKP MK Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini idi. Azərbaycanın dövlətçilik təcrübəsini bütün sovet məkanında yaymaq üçün Y.V.Andropov şəxsən H.Ə.Əliyevi Moskvaya, Kremlə dəvət etmişdi. Bu akt özü milli mentalitetin (idarəçilikdə türk etnik geninin) beynəlmiləl dövlətçilik və imperiya lideri səviyyəsində etirafı və təsdiqi idi. Lakin həmin möhtəşəm, miqyaslı on ili yox, böhranlı, ağır və çətin, lokal son beş ili bir rəhbər kimi H.Əliyev öz tərcümeyi-halının və öndərlik fəaliyyətinin zirvə məqamı hesab edir. Tbilisidə, öz tərcümeyi-hal dostu və yaxın həmkarı, Gürcüstan Prezidenti E.A.Şevardnadzenin 70 illiyinə həsr olunan təntənəli yığıncaqda yubilyarın şərəfinə söylədiyi təbrik nitqində o, özü bunu açıq-aşkar etiraf edir: "Eduard Şevardnadzenin tərcümeyi-halının ən mühüm hissəsi, mən bunu özümə də aid edirəm, ona görə belə deyirəm, Eduard Şevardnadzenin həyat və fəaliyyətinin ən parlaq hissəsi, ən mühüm hissəsi Gürcüstanın son dərəcə çətin şəraitində öz xalqını bu şəraitdən çıxarmağı öz üzərinə götürdüyü dövrdür".
Öz səmimi və hərarətli nitqində H.Ə.Əliyev nə üçün məhz son illəri E.A.Şevardnadzenin çoxmiqyaslı bir zaman və məkan kəsiyində keçən böyük tərcümeyi-halının zirvə qatı hesab etməsinin səbəbini də açır və bu açımı da bütün pafosu, həm hərfi, həm də mahiyyəti ilə birlikdə H.Əliyevin özünün bioqrafiyasına aid edib, eynilə təkrar etmək olar.
Ümumiyyətlə, Tbilisidə (vaxtilə Mirzə Şəfinin, Mirzə Fətəlinin və Mirzə Cəlilin tale, zaman və xalq haqda düşündüyü bu məhrəm, doğma, sehrli coğrafi məkanda) natiqin Şevardnadzeyə xitabla söylədiyi sözlərdə bu dəfə Heydər Əliyevin də "mən"i barədə öz monoloqunu görməmək, onun öz "daxili nitqi"ni, etiraf səsini, ucadan düşüncələrini eşitməmək qeyri-mümkündür: "Mən hesab edirəm ki, Gürcüstana qayıtdıqdan sonra Eduard Şevardnadzenin etdikləri, Gürcüstanı bu ağır vəziyyətdən çıxarmağı öz üzərinə götürməsi əsl qəhrəmanlıqdır. O, burada hərc-mərclik vəziyyəti və vətəndaş müharibəsi vəziyyəti yaratmış qüvvələrin hamısını zərərsizləşdirmək və Gürcüstanı və gürcü xalqını bu ağır şəraitdən tədricən çıxarmaq üçün öz xalqının milli qəhrəmanı kimi (kursiv bizimdir – Y.Q.) döyüşə girdi, mübarizəyə başladı... Bu tarixi missiyanı öz üzərinə götürmək asan deyildi. Bu missiyanı həyata keçirmək də asan deyildi... Edurad Şevardnadze bu tarixi vəzifənin öhdəsindən çox gözəl gəlmişdir".
Mətndəki "əsl qəhrəmanlıq" və "öz xalqının milli qəhrəmanı" sözləri bu sözlərin müəllifinin özünün son beş ildə Azərbaycanın tarixində və taleyində gördüyü "HEYDƏR ƏLİYEV İŞİ"nin məzmun və mahiyyətini çox dəqiq ifadə edir. Çünki Heydər Əliyev də əlindən nə gəlirsə, onu axıra qədər ona görə icra edib, ona görə həyata keçirdib ki, "xalqlarımız, ölkələrimiz keçmişdə bizim başımıza gələnlərə bir daha məruz qalmasınlar, əldə etdiyimiz müstəqillik əbədi, dönməz olsun" və E.Şevardnadze kimi, o da nə vaxt, nə iş görübsə, "bunlar belə şəraitdə görülə biləcək maksimum işlərdir" (yenə həmin çıxışın mətnindən).
Əslində, son beş il Azərbaycanda Gürcüstanda olduğundan daha mürəkkəb, çətin, taleyüklü illər olmuşdur və həmin illərin çətinliyindən, sınağından vətəni və xalqı çıxarmaq da Gürcüstanda olduğundan daha böyük vətəndaşlıq əzmi, enerji və müdriklik ("milli qəhrəmanlıq işi") tələb etmişdir. Üstəlik, bu beş ildən görünən indiki on ilin və ondan əvvəlki yetmiş ilin də çətin, dramatik, miqyaslı konteksti bu beş ili və həmin beş ilə gətirib çıxaran tarixi qanunauyğunluğu bir bütövdə, vahid tarixi məkanda dərk etməyə kömək göstərir.
Keçid dövrünün "milli lider" problemi həll olunana qədər Azərbaycanda sosial-siyasi xaos davam etdi. Xalq əvvəl öz dövlətçiliyini, yalnız sonra ərazisini itirdi. Qeyri-peşəkar hakimiyyət strukturları, əməldə, işdə təşkilati (inzibati) utopiya və siyasi romantizm, bir-birini əməldə, işdə əvəz edən və ənənədə davam etdirən populist, fərari, marionet öndərlərin əxlaq və strategiyası yalnız üç il davam gətirə bildi. Sona qədər parçalanma perspektivi yalnız prezident Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə aradan qalxdı, milli dövlətçilik xilas edildi və beləliklə, ərazinin də bərpa olunması üçün ilkin şərait, obyektiv-tarixi imkan yarandı və bu istiqamətdə miqyaslı, strateji diplomatiya başladı.
Heydər Əliyev üçün rəyasət heç vaxt fövqəlməqsəd olmayıb; o heç vaxt hakimiyyətə tankda gəlməyib və hakimiyyətdən təyyarədə qaçmayıb, arxaik, populist iqtidar davası və belə davaların çevriliş, qəsd, piket, terror, bazar, küçə, vağzal... kimi üsulları əvvəldən bu bioqrafiyaya yaddır. Müasir demokratik dəyərlər, parlament yolu, siyasi intellekt və unikal iradə, ümumiyyətlə, mübarizədə ibtidai, kustar, primitiv "cəbbəxana"ya ehtiyacı aradan qaldırıb. Elə bütün bu keyfiyyətlərə görə də məhz Heydər Əliyev millətin coşub-daşan enerjisinə dəqiq məcra, uğurlu axar təmin edə bildi. Onun arxasınca getmədi, onu öz arxasınca apardı. Ümummilli öndər, vahid lider statusunun bundan qabarıq dəlilini, əyani atributunu nişan vermək, təsəvvürə gətirmək çətindir.
Taleyin ən çətin anında, tarixi intixab və sınaq məqamında dotələb, cəngavər, müdrik öndəri əməldə, işdə hamı etiraf və təsdiq etdi: opponent də, həmfikir və həmkar da! Təsəvvür edin: indiki müxalifət könüllü şəkildə hakimiyyətdən əl çəkdi, əvvəl spiker kürsüsünü, sonra prezident masasını tərk etdi ki, vakansiyanı yeni lider tutsun. Bu – Heydər Əliyev şəxsiyyətinə və intellektinə inamın, etibar və ehtiramın ifadəsi idi. O nəyə nail olubsa, belə sivil açarda və üslubda nail olub, Orta əsrlər, Asiya və rus yolu, üsulu, piket, çevriliş, qəsd... yalnız ona qarşı müqabil, müxalif tərəfin bioqrafiyasında olub və belə arsenala qarşı da o heç vaxt güzəşt göstərməyib. Ömründə tək bir dəfə diz çöküb: bir prezident kimi əyilib milli bayrağı öpəndə...
Lakin Heydər Əliyevə bir ideoloq və ictimai xadim kimi ömrün, güzəranın həm şirinini, həm də acısını dadmaq nəsib olub, həm xoşbəxt, həm də tragik şəxsiyyətin həyatını və taleyini yaşamaq qismət olub.
Ümumiyyətlə, bu tərcümeyi-hal çox ziqzaqlıdır: o, imperiya lideri də olub, fərdi təqaüdçü də; istiqlal lideri də olub, DTK generalı da. Ən böyük təqdirin də hədəfi olub, ən kəskin tənqidin də; ləyaqətinə şər atmaq üçün də, şəninə mədhiyyə demək üçün də mikrofonda növbəyə düzülənlər həmişə tapılıb. Amma bu dəyişən mərhələlərin də hamısında təkcə bir şey dəyişməyib: eyni bir daxili, fitri ideala xidmət əzmi, milli Azərbaycan ideyası! Ən böyük, əbədi sabitliyi o, məhz milliliyə, müstəqilliyə, suverenliyə sədaqətdə göstərib.
Bunun səbəbi bir də odur ki, həm ən adi, həm də ən ali (müqəddəs!) bir həqiqəti Heydər Əliyev xalq üçün, millət üçün tarixi məsuliyyəti çiyninə aldığı ilk gündən dərk etmiş və istisnasız, həmişə, hər yerdə uca tutmuşdur. Dövlət, cəmiyyət miqyasında sabit, qlobal ictimai əxlaq, təfəkkür və ideologiya yalnız onda sabitləşir və etibarlı olur ki, milli-mənəvi dəyərlərə güvənir. Yerüstü sərvətə (mənəvi dəyərlərə!) güvənməyəndə isə hətta yeraltı sərvətlər də istiqlala yox, istiqlalla da alverə, ehtikarlıq vasitəsinə çevrilir. Bunsuz həm suverenliyin, həm də torpağın ərazisi gec-tez itkiyə məruz qalır, həm coğrafi, həm də milli-mənəvi məkan öz bütövlüyünü (və bütövlüyün sabitliyini!) itirir.
Məhz bu mənada Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində ən böyük öndərlərin vəsiyyət və ənənəsinə sadiq qalır.
Bu bir də ona görə mümkün olur ki, Heydər Əliyevin ifasında və icrasında həmişə siyasət də sənət, siyasətçi də sənətkar səviyyəsinə qalxa bilir. Daha doğrusu, məhz "siyasət əməldə, hərəkətdə fəlsəfəyə çevriləndə" (yalnız bu zaman!) siyasətçi də sənətkara çevrilir, filosof təcəssümü, mütəfəkkir obrazı, alim statusu ala bilir. Bütün bunlar "Heydər Əliyev" fenomenindən həm də bir sənət və sənətkarlıq hadisəsi kimi danışmağa bizə əsas verir. Belə bir söhbətin təkcə siyasi ideya əsası yox, həm də konkret ədəbi predmeti var: son iki ildə Heydər Əliyevin beş fundamental kitabı çapdan çıxıb və elmi ictimaiyyətə çatdırılıb.
Həmin kitabların ən yüksək səviyyədə ixtisaslı, professional auditoriyaya təntənəli təqdimi mərasimindəki çıxışında Azərbaycan Yazarlar Birliyinin Sədri Anar bu qalın cildlərin meydana çıxması faktını həm də "ədəbiyyat, publisistika, nəsr hadisəsi" hesab etdiyini açıqladı. (Heydər Əliyev. Müstəqilliyimiz əbədidir, I-IV kitablar. Bakı, 1997-1998: "Qayıdış". Bakı, 1997). Odur ki, Heydər Əliyevin də son beş ildə Azərbaycanda sənət, ədəbiyyat və mədəniyyət quruculuğu sahəsində fəaliyyətinin şərhinə elə bu kitablardan başlamaq məqsədəuyğun olardı.
Doğrudan da, bu beş kitabın hər səhifəsində elm, sənət və ədəbiyyat siyasətlə, ədəbi üslub və fikir dövlət təfəkkürü ilə həmişə bir yerdə, bir bütövdədir. Müəllif Mustafa bəy Topçubaşovdan danışanda mütəxəssis həkimdən, Yusif Məmmədəliyevdən danışanda peşəkar kimyaçıdan, Hüseyn Caviddən danışanda filoloqdan və sənətşünasdan daha miqyaslı və ixtisaslı qiymətlər verir. Çünki böyük fərdlər, çeşidcə müxtəlif, lakin miqyasca eyni olan, istedadda və intellektdə bir-birinə yaxın fərdlər bərabər səviyyədən bir-birini daha yaxşı (yaxından!) görür və bir-birinə daha dəqiq təhlillər verirlər.
Elitar peşəkarlığın bütün sahələrdə, ən çox isə tibbdə və siyasətdə müstəsna rolu və mənası var: həkimin səhvi fərdin, siyasi rəhbərin, öndərin səhvi vətənin, millətin taleyi (səhhəti və sağlamlığı) bahasına başa gəlir. Kitablardan hər birində bu həqiqətin canlı gerçəkliyini çox aydın şəkildə göstərən nümunələr var; Azərbaycanın taleyinə və torpağına münasibətdə həm Bakıda, həm də Moskvada yol verilən əyintilərə düz üç il Naxçıvanda təshihlər verilib. Bu təshihlər vaxtında nəzərə alınsa idi, faciə və fəlakətlər indikindən nə qədər az ola bilərdi...
Beş fundamental kitabda, hər şeydən əvvəl, məhz elitar peşəkarlığın və qeyri-adi, unikal təhtəlşüurun intuisiyanın stixiyası cismləşir və sənədləşir. Müstəqillikdə dönməzliyin nəzəri təlimi, elmi-strateji əsası, intizam və icra kodeksi və bütün bunların canlı təfərrüatı, həyat təcrübəsi, gündəlik dərsləri verilir. Müstəqillikdən və onun təminatından bu haqda danışmağa mənəvi haqqı və hüququ olan bir adam danışır. Bu haqqın arxasında – Azərbaycanda və keçmiş sovet məkanında yarım əsrə yaxın rəhbərliyin sınaqdan çıxan tarixi təcrübəsi durur. Heydər Əliyev şəxsiyyətinin qlobal miqyası və epoxal vüsəti vəhdətdə ifadə və təsdiq edilir. Hətta o qədər ki, beş kitabda əhatə olunan dörd ildən əvvəlki dörd-beş onilliyin də, ondan sonrakı üç ilin də alt qatı və arxa planı görünür, yaxınlaşan üçüncü eranın astanasında həm ən qədim türk və islam dəyərlərini, həm də Avropa mentalitetinin ən modern siyasi dəyərlərini içinə alan miqyaslı fon, məcra və məkan müəyyənləşir.
Öz şifahi nitq üslubu, improvizasiya təbiiliyi ilə də müəllifin dil-ifadə tərzi ənənəvi rəsmi ədadan (konselyariya və protokopsiya) əsaslı şəkildə fərqlənir, fikrin dinamizmi, sözün enerjisi, kəlmənin bədii zərbə gücü – bunlar hamısı tribunadan gəlir, auditoriya ilə birbaşa ünsiyyətdən gəlir. Uçuşqabağı verilən müsahibələr, səfərbərlik anında xalqa xitablar, əcnəbi opponentlə təkbətək dialoqlar, dünya liderləri ilə müsahibələr məqamında mikrofona deyilmiş improvizasiyalar... Onlarda fitriliyin təbiiliyi, sözdə, tələffüzdə, ahəngdə və ritmdə etnik ilkinliyin, ozan-əcdad stixiyasının duruluğu və diriliyi var.
"Daha susa bilmirəm", "Son damla qanıma qədər xalqımla birəm", "Mən öz taleyimi xalqa tapşırmışam", "Ömrümün bundan sonrakı hissəsini yalnız və yalnız Azərbaycan respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə sərf edəcəyəm" – bu andlar və bəyanatlar romantik-tarixi dramda bədii fəlsəfi monoloqdan fraqmentlərə bənzəyir. Lakin onlardan hər birinin arxasında real, canlı prototip – müasir, bugünkü qəhrəman dayanır!
Heydər Əliyevin milli öndərlik tərcümeyi-halında "müstəqillik mərhələsi" onun Naxçıvana tarixi qayıdışı ilə başlayır. Təsadüfi deyil ki, bu dövrlə bağlı sosioloji və publisist çıxışların toplandığı kitab da "Qayıdış" adlanır.
Adətən, əsaslı intibah həmişə qayıdış aktından sonrakı hadisə kimi baş verir (orta əsrlərdə yenidən tərəqqinin və mədəniyyətin qədim (ellinist) yunan məcrasına və axarına (təməlinə) qayıdan Avropa intibahının modelində olduğu kimi). Naxçıvanda başlayan "qayıdış" Bakıda davam etdi və Azərbaycanda sosial-mədəni tərəqqi tarixində doxsanıncı illər təzədən yetmişinci illərin təbii, məntiqi davamına çevrildi. Ənənədə tarixi estafet, dövlətçilikdə irsilik probleminin həlli aradakı "böhran" və "parçalanma" mərhələsindən çıxa bilməyin yeganə mümkün və məqbul yol kimi özünü doğrultdu. Yetmişinci və doxsanıncı illər bir-birinin davamına, Heydər Əliyev isə hər iki on ilin müştərək, ortaq liderinə çevrildi. Genetik kökə, milli "mən"ə, tarixi yaddaşa, dünya ilə inteqrasiyaya daha miqyaslı şəkildə qayıtdı.
Bütün bunların da məntiqi yekunu və nəticəsi o olacaq ki, Qarabağ Azərbaycana və Şuşa Qarabağa qayıdacaqdır. İnanırıq ki, "Qayıdış" dastanının, "Qayıdış" epopeyasının bu yeni cildlərini ("Qarabağ" və "Şuşa" cildlərini!) də millət və xalq, öz əməli ilə həyatda və öz qələmi ilə kağızda yenə eyni öndər və müəlliflə – Heydər Əliyevlə birlikdə yazacaqdır...
Bir prezident kimi bu cildlər Heydər Əliyevin ilk kitablarıdır. Və bu ilk kitablar dövlətçilik sahəsində bizim minilliyin əvvəlinin (1069) ilk böyük kitabını mənim yadıma salır: "Xoşbəxtlik haqqında elm" kitabını – "Qutadqu bilik"i. Türk dövlətçiliyi haqda informasiya dünyaya ilk dəfə bu kitabdan yayılıb. "Müstəqillik haqqında elm" kitabı! – qarşımızdakı bu beş cildin birlikdə adına da belə bir açıqlama və təfsir vermək olar.
Sonralar türk dövlət ərləri və öndərləri tarixi işlə və əməllə həyatın özündə yazmağa daha çox üstünlük verir, nəinki onu qələmlə kağızda yazmağa. Məhz bu ənənələr də prezident Heydər Əliyevin simasında yenidən birləşib vəhdət təşkil edir: o, tarixi həm əməllə həyatda, həm də... qələmlə kitabda yaradır.
Mən bu sözləri deyirəm və dərhal da onlara təshih vermək istəyirəm: tarixi də, tarix kitabını da yaradarkən filosof, mütəfəkkir və yazıçı Heydər Əliyev qələmə və kağıza ehtiyac hiss eləmir. Unikal hadisədir ki, bu kitablar, əslində, əlyazması olmayan kitablardır.
Bioenerji ürəkdə, beyində cərəyan edir, informasiya sinədən, bədahətən tərəfi-müqabilə ötürülür və bu prosesdə yazı, hərf, əlifba iştirak etmir. Vəhydən yaranan, əlyazması olmayan kitablar əvvəllər də olub. Dörd səma kitabı var, onların heç birinin müəllif əlyazması yoxdur. Əflatundan ta Hegelə qədər böyük fikir ərlərinin də kitabları onların bədahətən auditoriyaya dediyi improvizasiyadan əmələ gəlib. Şərqdə ərənlər, şamanlar, ozanlar... yazmağa yox, söyləməyə üstünlük veriblər.
"Avesta"nın da, "Qorqud"un da avtoqrafları – əlyazmaları yoxdur. Əvəzində "gen yazmaları" var, damarda, qanda yazılan "qan yazmaları" var, hafizədə, huşda, ruhda qorunan "yaddaş yazmaları" var. Və mən burada sehrli və ibrətli bir tipologiya görürəm.
Standartdan fərqlənən və tipologiyaya çağıran növbəti, üçüncü assosiasiyanı da hörmətli oxucularla bölüşmək istəyirəm. Üzərində "sinif", "inqilab", "dövlət", "proletar" yazılmış kitablar var. Siniflə, proletarla, inqilabla birlikdə də ölürlər. Amma üzərində "İntibah", "Ana vətən", "Azadlıq", "Millət", "Xalq" yazılmış kitablar da var. Üstündə "QAYIDIŞ", "MÜSTƏQİLLİK", "ƏBƏDİYYƏT" sözləri yazılmış kitabları da mən onların sırasına daxil etmək istəyirəm. Onlar ötəri tarix, lokal dünyagörüşü yaratmır, şüur və yaddaş yaradır. Yaddaşın milli-etnik kodları, genləri onlarda yaşayır. Vətənçilik, türklük məfkurəsi və onlara sahiblik şüuru belə kitablarla tərbiyə edilir.
Hər kitabda bir baş mübtəda və bir fövqəlideya olur. Bu beş kitabda da, əslində, iki suala cavab verilir: HEYDƏR ƏLİYEV KİMDİR?" və "ƏLİYEVLİK NƏDİR"? Özü də "ƏLİYEV KİMDİR"? – sualına bu kitabda Əliyev özü cavab verir!..
("Əliyevlik nədir" sualına isə onun "Əliyevçilik nədir" redaksiyasında, bir vaxt imperiya mətbuatı cavab vermək istəmişdi. Həmin cavaba tarixi təkzibi zaman özü, haqq özü, ədalət özü verdi).
"Əliyevlik nədir" sualına cavab bu kitabların bütün səhifələrindədir. Bu cavabda iki məqamı da ayrıca vurğulamaq olar: "Əliyevliyin" ən böyük qələbəsi bir onun xalqla, bir də zamanla münasibətlərində oldu. Xalq-fərd-öndər münasibətlərini biz artıq qeyd etdik. Zamanla münasibətə gəldikdə isə, demək lazımdır ki, sintez işini o, burada da gördü. Hasarı, səddi tarixi-milli arxetiplə ən çağdaş dünya, Avropa dövlətçilik mentaliteti arasından götürdü, onları da vahid axara yönəltdi.
Beş kitab Heydər Əliyevin bir prezident kimi ilk böyük kitabıdır. Lakin mən onu həm də bizim yüzilin və bizim minilliyin sonunun son böyük dövlətçilik kitabı hesab edirəm. Bizim milli dövlət təfəkkürü sahəsində minilliyin sonunun son kitabı həmin min ilin əvvəlinin ilk böyük dövlət kitabını mənim yadıma salır...
Nəhayət, Heydər Əliyev – Zaman, Heydər Əliyev – Tarix münasibətlərində bir məqam da diqqəti cəlb edir: Heydər Əliyevin ideya rəqibləri həmişə və hər yerdə olub, amma ən böyük qələbəni o, Zamanla əlbəyaxada qazanıb. 75 il – zamandan fəth olunan – nəhəng zirvə deməkdir. Və bu zirvədə hər şey – birinci növbədə yaddaş toxunulmaz, suveren və bütöv qalıb: bu 75 ildə zaman bu yaddaşdan bir sm. də olsa, ərazi işğal edə bilməyib!..
Heydər Əliyev olmaq, ümumiyyətlə, çətin şeydir. 75 il fasiləsiz, hər ay, hər gün sərasər Heydər Əliyev olub qalmaq isə xüsusilə çətindir. Cildlərdən hər biri bir daha göstərir ki, Heydər Əliyev bu sabitliyə müstəsna ardıcıllıqla nail olur. İndi qırmızı xətlə təqvimə həkk olunan tarixlər – "Milli dirçəliş günü" (17 noyabr, 1988). "Dövlət müstəqilliyi günü" (18 oktyabr, 1991) "Qurtuluş günü" (15 iyun, 1993) hamısı çətin, real gerçəklik kimi, xalqı məhz müstəqilliyə gətirib çıxaran qanunauyğunluq kimi baş verdi. Və bu mərhələlərdən hər birində Heydər Əliyevin milli vətəndaşlıq və sosial ideya mövqeyi eyni cür oldu: "Bu gün mənim xalqımın ağır günüdür. Ağır, çətin günlərdə xalqımla olmalıyam".
Azərbaycanda Mir Cəfər Bağırovdan sonra milli rəhbərin siyasi müstəqilliyi az qala sıfıra bərabər idi (keçid dövründə isə (1988-1993) bu qeyri-müstəqillik həm "yuxarılardan" (Moskva, Kreml), həm də "aşağıdakılardan” ikiqat asılılıq şəklini almışdı). Bu ölçünü sıfırdan sonsuza gətirib çıxaran H.Əliyev oldu. Hətta sovet dövründə də Heydər Əlirza oğlu öz müstəqillik (milli mənafeyə sədaqət) fəaliyyətini dondurmadı. Onun türk ağlı Siyasi Büronun vahid rus-slavyan düşüncəsində aydınca seçildi və o bu ali rəhbər strukturda da türk-islam lideri kimi təkcə sovet məkanında yox, bütöv dünyada türklüyün mənafeyini cəsarətlə müdafiə etdi. Azərbaycanın milli mənafeyi naminə Baş katibin (Y.İ.Brejnevin) özünü düz üç dəfə Bakıya gətirdi...
Adətən, "Əsrin müqaviləsi"ndən dövrün ən böyük hadisəsi kimi danışırlar. Məncə, bu beş kitabdakı "dövlətçilik traktatı" neft müqaviləsindən daha mühüm hadisədir. Neft izdivacları və diplomatik nikahlar, Asiya və Qərb kəmərləri – hamısı milli dövlətçilik konsepsiyasının icrası məqsədinə xidmət edir.
Əvvəlcə milli diplomatik fikrin enerjisi axmasa, neft də borulardan axmaz! Bakının ən böyük sərvəti heç vaxt neft olmayıb, neft intellekti olub. Yeraltı sərvətlər olmayıb, yerüstü sərvətləri olub. Faciə o vaxt olar ki, neft kəməri olsun, amma neft intellekti olmasın. Neft elmi də neftin özü kimi, eyni borularla Xəzərdən Qara dənizə və buradan da Aralıq dənizinə tökülsün. "Neft renessansı" onda olur ki, bütün xətlər və borular – mədəniyyət və elm kəmərləri də – hamısı Bakıdan keçsin.
Qlobal landşaftdan baxanda belə bir qanunauyğunluq dərhal görünür ki, bütün itkilər, torpaq və yaddaş, elm və mədəniyyət, demokratiya və hüquq itkiləri də, hamısı dövlətçilikdə itkilərdən başlayır. Qədim Manna və Atropatena, yaxın Cümhuriyyət və sovet dövrü dövlətləri də əvvəl dövlətçilik, yalnız sonra ərazi itkilərinə məruz qalmışlar. Dövlətsiz xalq – valideynsiz yetim kimi bir şeydir. Min illər boyu ermənilər qürbətdə, qərib kimi yaşamışlar. Müstəqil milli qurum – Ermənistan dövləti yaradıldıqdan sonra isə bütün Qafqaza meydan oxumağa başlamışlar.
Millət üçün dövlətdən və peşəkar dövlət öndərindən qiymətli heç nə yoxdur. Odur ki, məhz dövlətçilik, dövlət dili və mədəniyyəti konsepsiyası Heydər Əliyevin bədii-estetik və humanitar-fəlsəfi görüşlərində aparıcı, prioritet mövqeyi təşkil edir. Dövlətdən, milli dövlət mənafeyindən uca heç nə yoxdur. Odur ki, "kim müxalifətdə durursa-dursun, ancaq vətəninə, xalqına, mənəviyyatına müxalifətdə durmasın".
Yaxud: "XX əsr sona çatır. Bu əsrdə xalqımız bir çox mərhələlərdən, sınaqlardan, imtahanlardan keçib və nəhayət, öz milli azadlığına, dövlət müstəqilliyinə nail olubdur. Bütün bu mərhələlərdə Azərbaycan xalqını yaşadan, irəliyə aparan, xalqımıza güc, ruh verən Azərbaycan xalqının görkəmli şəxsiyyətləri, böyük alimləri və dahi insanları olmuşlar".
Xalqın və millətin əbədiliyini təmin edən, onun dövlət quruculuğunun memarı olan görkəmli şəxsiyyətlər və "dahi insanlar" tərkibinə sənət və dövlət öndərləri həmişə eyni vaxtda, yanaşı daxil olmuşlar.
Belə bir konsepsiya, həqiqətən, tarixi qanunauyğunluğu ifadə edir və Şərqin, Azərbaycanın tarixinin yüz və min illərilə təsdiq və təsbit olunur.
(“Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” kitabında. Bakı, Elm, 1998, səh.125-177)
 

OTHER NEWS