Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

The secret of being a critic - theses of Vagif Yusifli - Tehran Alishanoglu

25-04-2023 [ 12:19 ] [ read:129 ]
printerA+ | A-
103294

75 years of Vagif Yusifli; When you remember his half-century of immense creativity, countless literary process writings, books, monographs, articles, and his constant writing on the path of contemporary literature, you are ecstatic, and you have to admit in his own words: without alternative, this is Vagif Yusifli! The owner of this 75-year meaningful life has his own name, a prestigious name in our literature: Critic, Literary critic. The last Mohican of classical Azerbaijani criticism.

1. Azərbaycan ədəbiyyatında Tənqid fənni yaranan gündən bu işin çətinliyi altına çiyinlərini verən, onu durmadan irəli aparmağa sevdalı mogikanlar olmuş; fənni bizə gətirən, milli ədəbiyyatın inkişaf məntiqi, mexanizminə çevirən Mirzə Fətəlidən beləsinə. Firidun bəy Köçərlisi, Əli Nazimi, Mehdi Hüseyni, Məmməd Arifi... - hər dövrün fənnə sahib və sadiq Vaqif Yusiflisi bir ola, ya iki.

2. Canı ədəbiyyatda, cismi-mövcudluğu "şünaslıq"da olan Tənqidi bu sırada qəsdən qabardıram. Belədir ki, klassik ədəbiyyatşünaslığın üçlü düsturunda, obrazlı desək: Ədəbiyyat üzərinə "şahlıq" məqamına həmişə Nəzəriyyə iddia edir, Ədəbiyyat nəzəriyyəsi (1); Ədəbiyyat tarixi-tarixçiliyinin payına sıranı, nizamı, "ordu"nu düzənləmək, əhatə və ehtiva eləmək tələbi-missiyası düşür (2); Tənqidə, ədəbi tənqidə isə bir növ hər ikisinin cari yükünü çəkmək, nəhəng Ədəbiyyat sırasını, "ordu"sunu, mexanizmini hərəkətə gətirməklikdə daimi alət, "təkərcik-vintcik" sahəsi-sayəsi-funksiyası (3) qalır. Böyük Belinski tənqidə "hərəki estetika" deyirdi, Rafiq Tağı daha qaba - "ilham atlarının mehtəri". Təvafüt eləməz, Tənqid - bütün çoxəsrlik təcrübəsi ilə həmişə ağır iş olubdur. Bəlkə buna görə, Zamanında ədəbi tənqidə gələnlər, gəlib də sonradan Nəzəriyyəyə, tarixə, ya kimsə də harasa gedənlər çox olur; Tənqidçi missiyasına yiyə duranlar, axıracan Peqasa, Ədəbiyyat ləşkərinin ilham atına qatlaşanlar - çox az. Ya bir ola, ya iki. Vaqif Yusifli təki.

3. Vaqif Yusiflinin müqəddəs Ədəbiyyat kəbəsinə qədəm qoyduğu ötən əsrin 70-ci illəri ədəbiyyatımızın ən gur, ədəbi tənqidimizin ən saz, hətta dəbdə olan çağlarıydı. Xatırlatmaq əbəs olmaz. Neçə tənqidçilər nəslinin (1930-1940; 1950-cilər; 1960-cılar; 1970-cilərin) nəinki iş təcrübəsi, habelə ayaqda, iş başında olması; üstəlik bir sıra dilçilər, filosof tənqidçilər, publisistlər və daha kimlərin öz sahə baqajlarını da götürüb ədəbiyyat-sənət, "dil bazarçası"na müdaxiləsi ədəbi tənqidi xeyli cəlbedici etmişdi. Bugünə qədər də bizdə ədəbi-tənqidi prosesin klassikasına yozulan həmin dövrün məlum hadisələri, faktları, tənqidçi imzaları (...) barəsində tarixi-nadir açmaq fikrim yox; əvəzində dönüb bu dəfə əsrin sonu, 1990-cı illərə baxır, bayaqdan bəri dil-dil ötən Tənqid meydanını boş, kimsəsiz, çarəsiz görürəm. Bir-bircəcik, çarəsaz Vaqif Yusiflidən özgə. T.Mustafayi yazırdı: "- 80-ci illərin sonlarında ədəbi tənqid məkanı büsbütün boşalmağa başlayır: - kimi siyasətə, kimi cəm-iyyətə, və hətta iqtisadiyyata üz alır. Əl-əlbət, "kim haradan gəlmişdisə, oraya da getdi" (N.Cəfərov, "Ədəbiyyat və incəsənət", 19 fevral 1988). Və hətta tənqidin özü ədəbi jurnal və kürsülərdə quruca karkas qoyub, bir zaman sərgərdan düşdüyü yollardan içə - ədəbiyyatın qoynuna qayıdır. ...bir Vaqif Yusiflidən özgə (...). O, ədəbi mühitdə "son mogikan" adını almışdır. Zira mogikanın qayıtması olmur..." ("press-Fakt" qəzeti, 3-9 noyabr 1995)

4. Vaqif Yusiflinin böyük Tənqidçilik missiyası və bioqrafiyasının kökündə, zəminində nə durur; onu ədəbi tənqidə gətirən, Ədəbiyyata, cari ədəbi prosesə bağlayan və necə deyərlər, uzun illər prosesdə şəriksiz "ağayana ağalığ"ını təmin edən hansı amillərdir.

Birisi, şəksiz ki, Ədəbiyyat sevgisi, ədəbiyyat-sənət istedadı, hələ orta məktəbdən şeirə-sənətə-şöhrətə marağı, həttta aşırı marağıdır. İşimiz yox; qoy ki, bu barədə bioqrafları danışsın.

Digər birisi - ani xatırlatdığımız "belinskiçilik" məqamı-iddiası-iştiyaqıdır; çox zaman bizdə Vaqif Yusiflinin kolossal Tənqid zəhmətlərini Vissarion Qriqoryeviç Belinskiyə nisbət verməyi sevirlər. Olsun; Belinskiçilik böyük məktəbdir, bu barədə az sonra.

Amma mənimcə, ədəbiyyatımızda Vaqif Yusiflini yetirən, boya-başa, ərsəyə gətirən, başlıcası bu Ədəbiyyatın (1960-1980-ci illər ədəbiyyatının) özüdür; məxsusən də 1960-1980-ci illər Azərbaycan yeni nəsri. Tənqidçi Vaqif Yusifli - filolojidə namizədliyi (1979) və əsasında ilk kitabı "Nəsr: konfliktlər, xarakterlər" monoqrafiyasından (1986) başlayır. Elçin yazırdı: "Vaqif Yusiflinin monoqrafiyası bügünkü ədəbi prosesdə bəlkə də aparıcı rol oynayan nəsrimiz və nəsrimizin müasir inkişafı müqabilində nisbətən zəif irəliləyən tənqidimiz üçün əhəmiyyəti ola biləcək bir tədqiqatdır..." Vaqif Yusiflinin Tənqidçi mövqeyi və imici monoqrafiyada və bu məqamın onu gətirib çıxardığı ədəbi-tənqidi praktikada ("Azərbaycan" jurnalı, 1979-cu ildən), ədəbi mübarizə və polemikalarda, estetik və ideoloji mücadilələrdə, hər dəfə sağdan və ya soldan aldığı zərbələrdə(n) formalaşdı, yetişdi, bərkidi; getdikcə o, ayağını Ədəbiyyat torpağına daha da möhkəm basdı... Bu, məsələnin prozaik tərəfi.

Poetik ilham tərəfi də var. Deyərdim, Vaqif Yusiflini Vaqif Yusifli edən daha bir amil onun böyük poeziya sevgisi, Məhəmməd Füzuli məcnunluğudur. Yalnız son kitablarından birisi "Azərbaycan qəzəli"nin (2018) ədəbiyyatımızda qəzəlin yeri, təşəkkülü, dünəni, bugünü və əbədiyyəti barəsində populyar tədqiqatını anıb bunu demirəm. İş belə gətirmiş ki, elə ki bizdə ədəbi tənqid məsələsi gündəmə gəlir (Mirzə Fətəlidən beləsinə) nədənsə dönüb ədəbiyyatımız bir daha Füzuli məqamına qayıdır. Yaxından tanıyanlar V.Yusiflinin Füzuli qəzəllərini necə əzbərdən deklamasiya etdiyinə, M.Füzuliyə nə qədər aşina olduğuna canlı şahiddirlər. Və təkcə "Azərbaycan qəzəli" əsərində yox ki; ümumən Vaqif Yusiflinin şeir-sənət zövqü, şeir təsəvvürləri "M.Füzuli qazanı"nda bişib də müasir şeirin xidmətinə yönəlmişdir desəm, mənimcə yanılmaram. Nə olsun ki, biz tənqidçinin şeirdə  modern və postmodern dalğalar önünə ədalar göstərib çağdaş hökmlər verdiyinə hər dəm qailik; bu konuda ayrıca tədqiqatı var ("Modernizm və postmodernizm"). Vaqif Yusifli öndə Rəsul Rza olmaqla Azərbaycan novator şeirinin XX yüzil boyu daima gəlişməsinin baş tədqiqatçılarındandır. Doktorluq işi və əsasında olduqca sanballı "Poeziyamızın yolları və illəri - 1960-2000-ci illər" (2009) monoqrafiyasında Vaqif Yusifli XX yüzil Azərbaycan şeir xəritəsində, demək olar ki, baş çəkmədiyi ünvan, döymədiyi qapı, yormadığı yollar qoymayıbdır. Vaqif Yusifli həm də bu şeirin neçə çağdaş klassikinə (Rəsul Rza, Fikrət Qoca, Məmməd Araz, Musa Yaqub, Nəriman Həsənzadə) ayrıca kitab bağlayıbdır. Bütün bu modern şeir çabalarından sonra da iqrar etməkdə israrlıyam. Tənqidçinin poeziyaya yanaşma meyarı, şeir ölçüsü hər yerdə M.Füzuli ülgüsü olaraq qalır. Mirzə Cəlilin "Molla Nəsrəddin"in birinci sayından sonuncu sayına M.Füzuli barəsində söylədiyi fikri anıb, təkrarlamaq da olar: yaradıcılığının ilk təməlindən son yazılarınacan M.Füzuli həmişə Vaqif Yusiflinin yanında olubdur.

5. Vaqif Yusifli tənqidinin xarakteri.

1960-1980-ci illər Azərbaycan ədəbi tənqidinə dair tədqiqatımda (1990) dövrün tənqidçi üslubları, təmayülləri sırasında Vaqif Yusifli tənqidini böyük ustadımız Yaşar Qarayevin flaqman olduğu estetik-nəzəri tənqidə aid edirəm. Və digər estetik-sosioloji və estet-dilçi təsniflərdən onunla fərqləndirirəm ki: bu tənqid predmetlə işlərkən, başlıca olaraq sosioloji mündəricəsində, yaxud Dil-ifadə-kod mahiyyətində deyil, Ədəbiyyatı öz (iç) kateqoriyalarında (ideya, mövzu, qəhrəman, xarakter, bədii konflikt, janr, üslub, bədii ifadə, "izm" təzahürləri və s.) axtarır. Tənqidçi sosiolojini axtaranda cəmiyyət mənzərələrinə, Dil-ifadə-kod tərkibinə aludə olanda hər hansı digər kontekstlərə (kodlara) çıxırsa, estetik-nəzəri kateqoriyalar ədəbiyyatın öz Tekst həqiqətinə aparır. Kontekstlər dəyişir, Ədəbiyyata qalan yenə Tekst olur. Odur ki, bu tənqidin zəmin tapdığı ədəbiyyat (1960-1980-ci illər ədəbiyyatı) bugün artıq yoxsa da, Vaqif Yusiflinin simasında modeli yenə də qalır. Sonuncu mogikan kimi.

6. Belinskiçilik.

Azərbaycan ədəbi tənqidinin əsr yarımlıq gəlişməsi boyu, diqqət eləsək, hər bir tənqidçinin işində, fəaliyyətində belinskiçilik həvəsi, duzu, iştahı həmişə olmuşdur. Amma axıracan belinskisayaq tənqidçi uzunömürlüyü də hər kəsə nəsib olmur. Vaqif Yusifli Ədəbiyyatda belinskiçiliyin başlıca sirrini doğru duymuş, fəhm etmişdir; daima ədəbiyyatda olmaq, cari ədəbi prosesdə və proseslə yaşamaq! Düz yarım əsrdir ki, bu formul Vaqif Yusiflinin ədəbiyyatda olmaq-yaşamaq tərzi, əzmidir. Ədəbi proses faktları, hadisələr, tendensiyalar, saysız sayda imzalar, əsərlər, kitablar, nəşrlər, ədəbiyyat və ədəbiyyat-ətrafı, ədəbi münaqişələr, polemikalar, ədəbi mübarizələr... Tənqidçiyə yaxşı bəllidir, faktolojini cızmadan çağdaş ədəbiyyatda (ədəbi prosesdə) və Ədəbiyyatda (sənətdə) nələr baş verdiyini biləməzsən. Kimlər gəlir, kimlər gedir bu dünyaya, bu dünyadan hali olamazsan. Ötəsini, gələsini, qalasını duya, dəyərləndirəməzsən... Bununçün daim ayaqda, postunda, işgüzar olmalısan; zatən əlinə qələm alalı, Vaqif Yusiflinin işgüzar olmamağa şansı, fürsəti, heç haqqı da olmamışdır. Zəhmətkeş olmalısan; "ilham atları"nın nazına, tozuna, bəzən hətta təpkisinə də dözməlisən. Bununçün gərəkdir Ədəbiyyat-sənət ölçülərində dürüst, tələbkar, güzəştsiz ola, subyektiv məqamlarda da obyektiv olmağı bacarmalısan; ədəbi mühitə, ədəbi cameəyə, ədəbi dairələrə, kimə-kimsənəyə deyil, yalnız və yalnız Ədəbiyyata hesabatını verməlisən. Asan deyil; otuz il, əlli il ərzində heç asan deyil. Vaqif Yusifli olmaq da asan deyil. Bu ki, Vaqif Yusiflinin tənqid yazılarının iziylə gedib son yarım əsr Azərbaycan ədəbiyyatının canlı praktikasının stenoqramını çıxarmaq olar.

7. Böyük tənqid irsi.

Vaqif Yusiflinin çağdaş ədəbiyyatımıza xidmətləri böyükdür. Xatırlatdığım kimi: Azərbaycan yeni nəsrinin təzəliyindən söz açan tədqiqatı (namizədlik işi), ayrıca monoqrafiyası ("Nəsr: konfliktlər, xarakterlər", 1986). Çağdaş Azərbaycan poeziyasının formalaşması, səciyyəsi, poetikası, tendensiyalarından bəhs edən tədqiqatı (doktorluq işi), ayrıca monoqrafiyası ("Poeziyanın yolları və illəri - 1960-2000-ci illər", 2009). Ünlü Azərbaycan şairlərinin yaradıcılığını araşdırıb tanıdan monoqrafik tədqiqatları ("Məmməd Araz dünyası", 1994; "Ürəyimi sərdim günəşə (Fikrət Qocanın yaradıcılığı)", 1997; "Fikrət Qoca-70 il", 2005; "Yaxşı ki sən varsan (Musa Yaqubun yaradıcılığı)", 2007; "Rəsul Rza və müasir Azərbaycan poeziyası", 2010; "Şeirimizin Nərimanı (Nəriman Həsənzadənin yaradıcılığı), 2011). Elçin yaradıcılığını vərəq-vərəq səhifələyən (Cavanşir Yusifli ilə birgə) orijinal əsəri - "Bu nə sehirdir belə (Elçin haqqında əlli altı söz)", 1999. XX əsr klassiklərindən, çağdaş şeirin, müasir nəsrin korifeylərindən danışan onlarla portret oçerkləri, aktual problemlərini qabardan icmal və problem-məqalələri.... Azərbaycan romanının təşəkkülü, inkişaf yolu, bugünündən söz açan roman tədqiqatı ("Böyük kitab" // "Azərbaycan" jurnalı, 2014, № 9, 10, 11). Bütün bu zəngin yaradıcılıq arsenalı ilə yanaşı, Vaqif Yusiflinin Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslığına ən ümdə töhfəsi bilavasitə ədəbi proses yazılarıdır. Vaqif Yusiflinin Azərbaycan nəsrinin, poeziyasının, dramaturgiyasının, ədəbi tənqidinin problemlərinə dair irili-xırdalı yazılarının sayını Vikipediya hələ tamamlanmamış siyahılara görə 3000 göstərir. Neyləməli ki, çox zaman cari tənqid zəhmətlərinin bəhrəsini birbaşa hesablamaq olmur; mətbu yazılardan çox bu işin səmərəsi çağdaş ədəbiyyatın enerjisinə xərclənir. Hələ nə yaxşı ki, tənqidçi cari proses yazılarının bir coxunu kitablarına yığıb ("Tənqid yarpaqları", 1998; "Karvanbaşı, yolun hayanadır, 1998; "Yollar hayana aparır", 1999; "Tənqid və bədii söz", 2002; "Tənqid də yaradıcılıqdır", 2003; "Yolayrıcı", 2004; "Sındır qəfəsi...", 2008; "Poeziya və zaman", 2012...), kitablaşdıra bilibdir. Müstəqillik dövrünün otuz ili ərzində Vaqif Yusifli böyük bir tənqid irsi yaradıbdır.

8. Əlli yaşında cavan.

1997-ci il 30 oktyabr Azərbaycan Yazıçılarının X qurultayı ərəfəsində ədəbi gəncliyin Ulu Öndər Heydər Əliyevlə görüşündə yaradıcı gənclik haqqında məruzəni Vaqif Yusifli etdi. Bu zaman onun 50 yaşı olsa da, bu mühüm platforma tam haqqı idi. 1990-cı illərdə ədəbi prosesin çaşqın, dağınıq, durğun, az qala pat vəziyyətində olduğu çağlarda, yeni gəncliyin nəfəsini duyub, səsinə səs verən bircə Vaqif Yusifli olmuş, yeni imzaları ədəbiyyata təqdim edən silsilə yazılar ("Karvanbaşı, yolun hayanadır", "Bu sənət yolunda bir son döyüş var", "Yollar hayana aparır", "Yeddi duyğu"...) yazmışdı. Bir qədər cavan biz tənqidçilər bu postu hardasa ona qısqansaq da, illər bizi aldadırdı. Sonralar da Vaqif Yusiflini ədəbi prosesdə həmişəcavan, bir baş bizdən yuxarı gördük. Ulu Öndərin önündə olduğu kimi, hər dəfə, otuz il ərzində, lap bugünəcən ədəbiyyata təzəcə qədəm qoyan gəncliyi təqdim etmək, tanıtmaq haqqını, səlahiyyətini özündə saxlamaqla ("Gənc şairlər, sözüm sizədir", "Səkkiz kitab, yeddi söz", "Ədəbi məktublar", "Yetkinlik və yetkinliyə doğru", "Söhbət ədəbi gənclikdən gedir", "Sındır qəfəsi, tazə Gülüstan tələb eylə"...) ədəbi tənqiddə "karvanbaşı" missiyasına sədaqətini sübuta yetirdi. Vaqif Yusiflinin ədəbiyyatımıza ən böyük xidməti bəlkə də elə hər zaman yerində, tənqidçi postunda olmasıdır. Bu yerdə "Belə" sisiləsindən bir postum yerinə düşür: "Belə. Tənqiddə hər aşiqin öz dövranı. Son sovet, milli varlığın restavrasiyası dövrü- n.cəfərov; müstəqilliyə keçid dövrü - t.mustafayi; əsrin əvvəlləri qarışıqlıq dövrü - ə.cahangir; sonrakı diletantizm dövrü - c.yusifli... Bütün dövrlər - v.yusifli..."" (Tənqid.net jurnalı, № 12, 2016/2017, s. 500)

9. Tənqiddə qocalmağın üstünlükləri.

Vaqif Yusiflinin Tənqidçi bioqrafiyası əvvəldən axıra, institusional olaraq ölkədə Ədəbiyyatla məşğul olan iki qurumla - Azərbaycan Yazıçılar Birliyi və AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə bağlıdır. "Azərbaycan" jurnalında Tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri (1979-dan), daha sonra baş redaktor müavini kimi (1997-dən) çalışmış, hazırda (2013-dən) Ədəbiyyat İnstitutunda Ədəbi tənqid şöbəsinə rəhbərlik edir. 1976-1984-cü illərdə Ədəbiyyat İnstitutunda unudulmaz Yaşar Qarayevin başlatdığı möhtəşəm "Ədəbi proses" layihəsinin iştirakçısı, illik tənqid icmallarının daimi müəlliflərindən olmuş, 2013-cü ildə akademik İsa Həbibbəylinin yenidən dirçəltdiyi həmin layihənin, illlik çap olunan "Ədəbi proses" məcmuələrinin (2013-2021) məsul redaktorudur. Bu ki, Ədəbi tənqid yalnız həyat kredosu olmayıb, həm faktik və praktik olaraq da Vaqif Yusiflinin iş sahəsidir. Fənnin uğurları, real mənzərəsi, bugün durumuna yaxşı bələd olduğu kimi, boş yerləri, gərəklərini də bir pay artıq bilir.

Bu sarıdan Vaqif Yusifli son illərdə daha üç vacib proyekt başlatmış, necə deyərlər, "üç dəniz arxasına səyahəti"nə start vermişdir. Birisi - Tənqid klassikasına ekskursdur; "Köhnə kişilər" silsiləsindən qələmə aldığı yazılarda memuar notları qatmaqla, ədəbiyyatda səssiz-səmirsiz böyük izlər qoymuş "ədəbi kişilər"in portretini cızır, bir yazıda vurğuladığım təki: "Vaqif Yusifli tənqidçi ömrünün müdrik çağlarını yaşayır və o işləri görür, o yazıları yazır ki, ədəbiyyatımızda ondan özgəsi, istəsə də indən belə o əlçatmaz yerlərə gedib çatammayasıdır..." (T.Əlişanoğlu, Müxbir üzvün qeydləri. Bakı, "Elm və təhsil", 2022, s. 387) Silsilə mətbuatda dərc olunsa da, hələ kitablaşmamışdır. İkinci birisi, "Bölgələrdə ədəbi həyat" (Bakı, "Elm və təhsil", 2017) layihəsidir; bundan başqa həmin sıradan daha iki kitab işıq üzü görmüşdür: "Şabranda ədəbi həyat" (Bakı, "Elm və təhsil", 2019), "Sumqayıtda ədəbi həyat" (Bakı, 2019). Niyyət - "Ədəbiyyatın əyaləti olmur" həqiqətini bir daha təsbit etməkdən, bu ki, paytaxtdan kənara çıxıb, çağdaş Azərbaycan ədəbiyyatının heç kəsin bələd olmadığı qədər, getdikcə genişlənən coğrafiyasını mətbu tanıtmaqdan ibarətdir. Üçüncü birisi - yenə də ədəbi gənclik haqqında silsilə yazılar ("Qanadlandıq uçmağa", "Doxsanıncılar",  "Sonuncular - İkiminincilər"...), yeni-yeni imzaların kəşfi, ədəbi prosesə təqdim olunmasıdır; zira Vaqif Yusifli tənqidçi ömrünün sınırları uzunu tamamən əmin olmuşdur ki, "kəşflər"i, yeni imzaları, təzə-təzə fəthləri olmadan bir ədəbiyyatın sabahı da olamaz.

Vaqif Yusiflinin 75 yaşı tamam olur. Filoloji doktoru, dosent, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda şöbə müdiri, Azərbaycan Yazıçılar Birliyi Rəyasət heyətinin üzvü, Azərbaycanın əməkdar jurnalisti, Əməkdar mədəniyyət işçisi (2003), Tərəqqi medalı (2018), Beynəlxalq Rəsul Rza mükafatı və Məmməd Araz ədəbi mükafatı laureatı, Vaqif Yusifli cəmiyyətdə tanınan insandır. Mötəbər məclislərdə, teleekranlardan çıxışları, ədəbi aləmdə nüfuzu, geniş oxucu auditoriyalarında populyarlığı, məxsusən ədəbi gəncliyin sevgi və sayğısı... Yaşı əbədiyyətlə ölçülən Ədəbiyyat üçün 75 yaş nədir ki?! Vaqif Yusifliyə alternativsiz Tənqidini verdiyi uzun-uzun Ədəbiyyat ömrü diləyirəm.

OTHER NEWS