Əziz xanımlar!
Sizi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, cansağlığı, ailə səadəti, xoşbəxtlik arzulayıram.
Azərbaycan qadını daim öz parlaq zəkası, geniş dünyagörüşü, intellekti, müdrikliyi ilə seçilmiş, bütün dövrlərdə cəmiyyətimizin aparıcı qüvvəsi olmuşdur. Məhz bu yüksək ali keyfiyyətlərlə yanaşı, mərdliyi, cəsarəti, sədaqəti özündə birləşdirən Azərbaycan qadını döyüş meydanlarında da sərkərdəlik məharəti göstərmiş, bir diplomat kimi ictimai işlərdə yaxından iştirak etmiş, öz zəngin erudisiyasını ortaya qoymuşdur.
Heç təsadüfi deyildir ki, çoxəsrlik dövlətçilik tariximizdə qadınlara yüksək ehtiram bəslənilməsi ənənəsi Azərbaycan Xalq Cümhuriyyəti dövründə də davam etdirilmiş, məhz bu dövrdə müsəlman Şərqində ilk dəfə ölkəmizdə qadınlara seçib-seçilmək hüququ verilmişdir.
Ulu Öndər Heydər Əliyev də özünün zəngin siyasi həyatı boyunca qadınların cəmiyyətin aparıcı qüvvəsi olmasına və onların hüquqlarının qorunmasına xüsusi diqqət yetirmişdir. Bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun olaraq uğurla inkişaf etdirilmişdir.
Bu gün bütün dünya Birinci vitse-prezident Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadınının yüksək idarəetmə təcrübəsinin, geniş dünyagörüşünün, diplomatik bacarığının, mətanətinin, sədaqətinin şahidi olur.
Azərbaycan qadını bütün dövrlərdə elmdə də öz sözünü demişdir. Akademik Zərifə Əliyeva, professor Aida İmanquliyeva, akademik İzzət Orucova, akademik Ədilə Namazova və bir çox nüfuzlu qadın alimlər öz tədqiqatları ilə elmimizin inkişafına mühüm töhfələr vermişlər. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının 7 həqiqi və 9 müxbir üzvü qadındır.
Əziz xanımlar!
Sizi ürəkdən təbrik edir, şəxsi həyatınızda xoşbəxtlik və firavanlıq, elmi fəaliyyətinizdə uğurlar arzulayıram!
İsa HƏBİBBƏYLİ
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik