Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

January 20 cry of South Azerbaijani poets - Latifa Mirzayeva

25-01-2023 [ 12:57 ] [ read:31 ]
printerA+ | A-
103040

 

İyirminci əsrin doxsan ilində,

İyirmi yanvarda, şənbə günündə.

Gözəl Bakımızda, Azər elində,

Güllə yağışına tutdular sizi,

Yasa batırdılar millətimizi.

               Mirzə İbrahimov  "Vətən şəhidlərinə"

 

1990-cı ilin yanvar ayında Bakıda törədilən qanlı hadisələr - günahsız insanların qanına qəltan edilməsi, şəhərin başdan-başa viran qoyulması cənublu  soydaşlarımızın dərdlərinin üstünə  yeni bir dərd gətirmişdir. Qələm sahibləri bu müdhiş hadisələrə öz münasibətlərini bildirir və bu haqsızlığı qələmlərinin gücü ilə bütün dünyaya bəyan etməyə çalışırdılar.

Həsən Məcidzadə Savalan "Əzizlər, yandı ciyərim..." şeirində:

 

Allah, Allah, bu necə zülm idi, yandı ciyərim,

İstərəm öylə yanam, qalmasın əsla əsərim.

Az sevindim ki, gedir ayrılıq, həsrət qurtara,

Elə bir zülmü görüb min dəfə artdı kədərim!

 

- deyə fəryad qoparırdı.

Rövşən isə bu ağrı-acıya ürəyin dözə bilməyib gözlərdən acı yaşın sel kimi axdığını bildiyi üçün "Ellər ağlasın" şeirində deyirdi:

 

Ox dəyibdi dağda gəzən marala,

Düzdə bulaq, üzdə gözlər ağlasın.

Bülbülün qanadı qana boyanıb,

Bağçada nisgilli güllər ağlasın.

Rövşənin gözləri qalıb o tayda,

Muğanda çiçəklər, güllər ağlasın.

 

İsmayıl Məhəmməd Sani Heriz "20 Yanvar" şeirində Azərbaycanın tarixini səhifələyərək bu qanlı hadisələrin kökünün çox dərinlərdə olduğunu vurğulayır:

 

Uzun illər ana yurdum

            acı-acı söyüşlərlə söyülmüşdü,

Cəlladların əllərilə döyülmüşdü.

Nəsimitək dabanından soyulmuşdu.

Anaların ürəyinə bala dağı qoyulmuşdu.

20 Yanvar - imperiyanın hiylələri

            üzə çıxıb duyulmuşdu.

Şəhidlərin gül bədəni al qan ilə yuyulmuşdu. 

 

1946-cı ildə şah qoşunlarının Təbrizə hücum edib gənc Azərbaycan Milli Hökumətini darmadağın etməsini, Cənubi Azərbaycanın bütün şəhər, qəsəbə və kəndlərini viran qoymasını, insanların öz evinə getməsinin buraxılış vəsiqəsi olmadan mümkün olmamasını o zamankı gənc, üstündən 44 il keçməsinə baxmayaraq hələ də unutmayan Əli Tudə "İstiqlal şəhidləri" şeirində tarixin təkrarlandığını yada salır və yalnız şəhərin Təbriz deyil, Bakı, qoşunların isə şah qoşunları  əvəzinə  Sovet qoşunları olduğunu vurğulayır:

 

Min doqquz yüz doxsandı.

Hələ iyirmi yanvar

Yazılmamış dastandı.

Birdən güllə oduyla

Alışıb qızardı dan.

Yanvarda qar yağmadı,

Qan yağdı Bakıya, qan...

O ulduzsuz gecədə

Ulduzlaşdı gecələr,

Yox! Ulaya-ulaya

Quduzlaşdı güllələr.

 

Qoca-cavan, qadın-uşaq, xəstə-sağlam bilmədən əhali güllələnir, tanklar meyitlərin üstündən keçərək irəliləyir, şəhərin hər yerinə odlu silahlardan atəşlər yağdırılaraq darmadağın edilir, şəhər viranəyə çevrilirdi:

 

Qatillərin ayağı

Altından qaçdı torpaq.

Qış günü qara xallı

Lalələr açdı torpaq.

Şəhidlər lənətləyib

Dəhşətli bir ordunu,

Son dəfə qucaqladı

Qana batmış yurdunu.

 

Çıraqları sönmüş evlərin eyvanından asılan qara bayraqlar buz kimi havada yarpaq kimi çırpınırdı. Bakı şəhidlərin dəfni günü daha da məğrurlaşmış, qanı yerdə gölməçə yaratmış şəhidlərə baxdıqca cəsurlaşmışdı.

Kərim Məşrutəçi Sönməz 20 Yanvar hadisələrinə münasibətini bildirmək üçün şimallı həmkarı, Xalq şairi Nəbi Xəzrinin "Həyəcanlı yuxu" şeirindən ustalıqla istifadə edir. Həmin əsərdə yuxudan hövlnak oyanan şair bu həyəcanın səbəbini soruşan həyat yoldaşına belə deyir:

 

- Bir ceyran görürdüm...

Alagöz ceyran...

- Bilirsən -

Tətiyi çəkmişdi insan...

Görəsən,

O güllə açılmadı ki...

 

K.M.Sönməz N.Xəzrinin bu sualına "O güllə açıldı" şeiri ilə cavab verir:

 

Yuxuda gördüyün o qəfil güllə,

Aşkarda açıldı, yaman açıldı.

Alagöz ovlağa, şən ceyranlara

Bircə an vermədi, yaman açıldı.

 

Bir xalq ki, hətta yuxusunda belə bir ceyrana güllə açılmasına dözə bilmir, ürəyi ağrıyır, onun qəsdinə necə durdular? Günahsız xalqa nə üçün silah qaldırıldığına Azərbaycanın nə şimalında, nə də cənubunda cavab tapmayan şair özünü böyük qardaş hesab edən Rusiyanın buna haqqı varmı - deyə sual edir:

 

Sanki bir sualmış xalqın günahı,

Sən söylə o başdan, mən də bu başdan.

Hansı ailədə böyük qardaşın,

Haqqı artıq olar kiçik qardaşdan?

 

Azər Mazandərani "Bakı şəhidləri" şeirində K.M.Sönməzin səsinə səs verərək yazır:

 

Bakı düzlərində zalım ovçular,

Onları ovlayıb etdilər, nələr.

Boyandı al qana çaylarda sular,

Şəhidlər qanından bitdi lalələr.

Hələ sönməmişdi ayrılıq dağı,

Şəhidlər dağı da yeni dağ oldu.

 

Bu dözülməz dağa sızlayan, ağı deyən, göz yaşlarını ürəyinin qanı ilə birləşdirib bunları qələmə aldığı kağızı al qana boyayan şair günahsız insanların qanını tökən zalım ovçuya ar olsun! - deyir:

 

Ar olsun! Qan tökən zalım ovçuya,

Onları ovlayıb qana bələdi.

Cəllad qan içmədən olmadı doya,

Bala çabalarkən ana mələdi.

 

Şair yüzlərlə şəhid vermiş, darmadağın edilmiş Bakıya arxasız olmadığı, ondan cismən uzaqda olsa da, mənən onun yanında olması ilə təskinlik verir:

 

Demə arxasızdır ellərim mənim,

Qardaşa dayağam, ayrılsam da mən.

Təbriztək Bakıdır ana Vətənim,

Şərəfim, varlığım, Vətəndir, Vətən.

 

Bakıda nahaq qan axıdanlara Azərbaycanın şanlı tarixinə nəzər salmağı, Babəki, Tomrisi, Səttarxanı unutmamağı məsləhət görən şair şəhid analarını başlarından qara örpəyi açıb Həcərlər kimi zülmə qarşı döyüşməyə çağırır:

 

Sizə başsağlığı verməyə bir gün,

Uzaq yollar aşıb gələcəyik biz.

Azərin bu sözü düzgündür, düzgün.

Arxadır Bakıya dar gündə Təbriz.

 

Bir Vətəni iki yerə parçalayıb övladlarını bir-birindən ayrı salanlara nifrətini göstərmək üçün hamını Bakıya getməyə çağıran Əli Xosrov Korabbası isə "Gedəyin Bakıya..." şeirində deyir:

 

Gedəyin Bakıya, şəhidlər üçün

Bir dəstə gül alıb qoyaq qəbrinə.

Torpağı iyləyək, öpək, ağlayaq,

Deyək: ay qocaman əhsən səbrinə.

 

M.İbrahimov "Vətən şəhidlərinə" şeirində isə öz səsini qəfil gülləyə tuş gəlib ömrünü vaxtsız sona çatdıran günahsız insanların ağrı-acılı səslərinə qoşur:

 

Ey Vətən yolunda şəhid olanlar,

Ey səmum yeliylə qəfil solanlar,

Ey ətirli gülü susuz qalanlar,

Sizinlə döyünür ürəklərimiz,

Axı, nə gördünüz bu dünyada siz?!

 

Qanlı Yanvar hadisələri Cənub folklorunda da öz əksini tapmışdı:

 

Şimaldan bir yel əsdi,

Səbri-qərarımı kəsdi.

Sağ gözüm sənə qurban

Sol gözüm mənə bəsdi.

 

Bütün bunlar göstərir ki, 1990-cı ilin 20 Yanvarında Bakıda törədilən faciənin bədii inikasında Cənubi Azərbaycan ədəbiyyatı Şimalda yaranan ədəbiyyatdan heç də geri qalmamış və bu müdhiş hadisələri otaylı-butaylı Azərbaycanın milli fəlakəti, dərdi, kədəri kimi qəbul etmişdir. Qələm sahibləri qanlı 20 Yanvar hadisələri ilə əlaqədar Cənub ellərində hakim olan rəyi, əhval-ruhiyyəni dəqiq dərk etmiş və çox böyük ustalıqla qələmə ala bilmişlər. Cənubi Azərbaycanın şair və yazıçılarının bu mövzularda qələmə aldıqları əsərlər "Qanlı 20 Yanvar" mövzulu Azərbaycan ədəbiyyatını daha da zənginləşdirmiş, ona yeni çalarlar gətirmişdir.

"Ədəbiyyat qəzeti", 2023, 20 yanvar