Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Yunus Oğuzun yaradıcılığında qadın obrazlarının dialektikası - Elnarə Qaragözova

18-04-2023 [ 11:20 ] [ oxunub:228 ]
printerA+ | A-
103283

Yunus Oğuzun obrazlar qalereyasında tarixdə mühüm rol oynamış kişi - qəhrəman, hökmdar obrazları mərkəzi mövqedə dayanır. Bu məqam yazıçının yaradıcılıq missiyası, tarixi romanlarla türk tarixini yaşatmaq və təbliğ etmək niyyəti ilə bağlıdır. Lakin yazıçının yaradıcılığında bəşəriyyətin zərif yarısını təmsil edən qadın surətləri də özünəməxsus yer tutur. Fikrimizcə, yazıçının yaratdığı ilk qadın obrazı olan Ulduzə ("Qadın ulduzu" povesti) onun sonralar yaratdığı qadın obrazlarının ilkin variantı, prototipidir. Bu obraz ikili xarakterə malikdir, həm saf, həm də zamanın çirkabına batmış bir qəhrəmandır. Müəllif saf, təmiz Ulduzəni çirkab bir mühitin içinə salmaqla, sanki onun mənəvi dözümünü, qadın ləyaqətinin gücünü sınayır və onu qadın kimi seçim qarşısında qoyur.

"Qadın ulduzu" əsərinin qəhrəmanı Ulduzə Bəybala ilə tanışlıqdan sonra ilk zamanlar həyatın əsl məğzini, reallığı, həqiqəti dərk etdiyini düşünür. O da artıq hamı kimidir, o da yaşamağın yolunu tapıb, artıq ehtiyacın nə olduğunu bilmədən xoşbəxt yaşayır. Lakin zamanla Ulduzə daxilində aşınmanın, mənəvi eroziyanın başladığını hiss edir. Bəybalanın onu gətirdiyi "Ali Məclisin" qanunları Ulduzəni dəhşətə gətirir. Azadlıq və sərbəstlik pərdəsi altında təqdim olunan bu eybəcər qanunlar cəmiyyətin deqradasiyasının son həddidir. Bu qanunları pozmağın cəzası isə ölümdür. Süniliyin hökmran olduğu bu dünyanın əsl məğzi ehtiras və puldur. Bu məclis Ulduzə kimi qəlbində saf hisslər mövcud olan insanlar üçün deyil. Ulduzə bu məclisə düşdüyü anda çıxdığı yolun puçluğunu anlayır, üsyan edir, düşdüyü çevrənin bir halqası olmadığını və heç bir zaman ola bilməyəcəyini dərk edir.

Lakin Ulduzənin yaşayacaqları bununla yekunlaşmır. Bu məclisdən daha dəhşətlisi isə illər sonra açılan sirdir - məşuqəsi olduğu Bəybala əslində onun atasıdır. Bütün bu hadisələr fonunda Ulduzə "Ali Məclisin" də, Bəybala kimilərin də əsl mahiyyətini dərk edir. Bu məclis və onun Bəybala kimi qulları azadlıq uğrunda mübarizəni boğmağa, söndürməyə çalışır. Ulduzə həyatı bahasına Nərimanı və dolayısıyla azadlıq uğrunda mübarizəni xilas etmək üçün çırpınır. Lakin öz sevgisini ləkələyən Ulduzə intihar etmək niyyətilə Xəzərə doğru addımlayarkən qəfil təxribat gülləsi onunla Nərimanın ömrünə son qoyur.

Povestin sonunda müəllif əsərin realist məğzi ilə yanaşı, adındakı simvolik məqamlara da işarə edərək yazır: "...Meydan guruldayırdı. Qadınlar isə elə bil əppək olub göyə çəkilmişdilər. Ulduza dönmüşdü qadınlar, meydanda isə namus qalmışdı, ana-bacı qalmışdı. Ulduzlar qeybə çəkilmişdilər. Meydan guruldayırdı. Deməli, özünüdərketmə başlayırdı. Heç kim bilmirdi sabah nə olacaq. Meydan guruldayırdı. Qabaqda isə hələ sabah var idi..."

Qeyd etdiyimiz kimi, Ulduzə Yunus Oğuzun yaratdığı binar mahiyyətə malik yeganə qadın obrazıdır. Bu obrazı nə mütləq mənfi, nə də mütləq müsbət obraz kimi qəbul etmək mümkün deyil. Fikrimizcə, bu obraz Yunus Oğuzun sonrakı yaradıcılığında rast gəldiyimiz qadın obrazlarının formalaşmasında bazis rolunu oynamışdır. Ulduzənin öz ölümü ilə qurtardığı təmizliyi, ləyaqəti daha sonralar müəllifin yaratdığı müsbət qadın surətlərində öz əksini tapmışdır. "Atabəy Eldəniz" romanındakı Əfrasiyab nəslindən olan, Atabəy Eldənizin fikir silahdaşı Mömünə xatun, "Çingiz xan" romanında Çingiz xanın xanımı Borte, Sultan Məhəmməd Ələddin Xarəzmşahın anası Türkan xatun, Xocənd şəhərinin hakimi Timur Məlikin xanımı Südabə xatun və digər qadın obrazları müəllifin yaratdığı kişi hökmdar obrazları kimi öz mükəmməlliyi və ehtişamı ilə seçilir.

Lakin Ulduzənin "yolunu azdığı", çirkaba bulandığı məqamlar da daha sonralar obraz şəklində tarix romanlar müəllifinin yaradıcılığında zühur edir. Bu müxtəlif müzakirələrə, mübahisələrə səbəb olan "Şah arvadı və Cadugər" romanıdır. Yunus Oğuzun Təhmasib şahın vəfatından sonrakı ziddiyyətli tarixi dövrü işıqlandıran "Şah arvadı və Cadugər" romanında əsas diqqətçəkilən məqam hakimiyyət uğrunda qruplaşmalararası mübarizə və bunun dövlət üçün acı nəticələridir. Heydər Mirzə və İsmayıl Mirzənin tərəfdarları arasında gedən bu amansız mübarizə saray intriqaları ilə müşayiət olunur. Əsərdə əsas diqqət çəkən mübarizə xətti Pərixan və Xeyrənisə arasında olan xətdir. Təhmasib şahın sevimli qızı Pərixan obrazı öz ağlı, düşüncə genişliyi, mənəvi gücü və əxlaqı ilə oxucuda rəğbət oyadır. Lakin hakimiyyət ehtirası onu şəxsi həyatından, gəncliyindən və gözəlliyindən həzz alaraq yaşamaq şansından məhrum edir. Xeyrənisə isə Səfəvi türk xanədanının düşmənidir. Gəncliyindən yeganə niyyəti bu türk səltənətini farsların tapdağına çevirmək niyyəti ilə yola çıxan Xeyrənisə anasının nəsihətini heç zaman unutmur: "Sus, qızım, sus! Amanın günüdür. Belə şeyləri danışıb evimizi yıxma. Bilirsən ki, atan türk şahının qulluğundadır. Yerin də, ağacın da, daşın da qulağı var. Dediklərin şahın qulağına çatsa bütün nəslimizi qırar. Tayfamızın başıpapaqlı kişilərinin kəlləsindən minarə qurdurar. Nəslimizin qırılmasınımı istəyirsən? Sən türkləri maymaqmı hesab edirsən?! Onların ölüsü də qüdrətlidir. Onlara qarşı açıq müharibə aparmaq olmaz, onlara açıq rəğbət də bildirməyə dəyməz. Gərək türklə hiylənin, işvənin, ağlın dili ilə rəftar edəsən. Bunu bacarsan, dünyanın ən xoşbəxt qadını sənsən. İstəmirsən dünya sənin ayaqların altında olsun? Onda türk ərinə qalib gəl, bu günə görə ondan intiqamını al!"

Romandakı cadugər obrazı yazıçının tapıntısıdır. Əsərdə mübarizə xətti yalnız Heydər Mirzə və İsmayıl Mirzənin tərəfdarları, Pərixan və Xeyrənisə arasında deyil, həm də cadugər və Xeyrənisə arasında mövcuddur. Cadugərlə Xeyrənisə bir medalın iki üzüdürlər. Yazıçı bu iki mənfur insanı qarşılaşdırmaqla oxucu üçün maraqlı, intriqalı süjet yaradır. Hər ikisi şeytani ehtirasların, arzuların əsiridirlər. Cadugərin şeytani əməlləri ikrah və nifrət doğursa da, onun Xeyrənisəyə aşiq olması, Xeyrənisənin onu istifadə edib atması oxucuda ona müəyyən qədər tolerant hisslər yaradır. Xeyrənisə isə bu dünyaya ancaq hökm etmək, nə olur-olsun ixtiyar sahibi olmaq üçün gəlib. İqtidar ehtirası bu qadının bütün mahiyyətinə hopub və o bu yolda hər şeyə hazırdır:

"...Cadugərin doğru dediyinə tam əmin idi. Ölüm qorxusu və şahlıq iddiası üz-üzə dayanmışdı. Hər ikisi qollarını açıb onu özünə tərəf çağırır, gəl-gəl deyirdi... Birində böyüklük, ucalıq, hamıdan üstünlük, özünün təsdiqi, həzz, ehtiras, digərində isə bütün bunlardan imtina vardı. İllərlə bunun uğrunda mübarizə aparmış, ən yaxın adamlarını bu yolda qurban vermiş, səbr etmiş, dözmüşdü. Gecə-gündüz qarşısına qoyduğu bu məqsədə doğru addım-addım irəliləmişdi. İndi hər şeydən imtina etmək!

İsmayıl şah onun oğlu Həsən Mirzəni Tehranda qətlə yetirəndə sinəsinə çəkilən dağı hamıdan gizlətmişdi, intiqam alacağına and içmişdi. Bəs Həsənin intiqamı?! İndi geriyəmi çəkilsin? Bu olası iş deyildi. Bəlkə də cadugər yanılırdı. Onun da səhv etmək haqqı vardı. Bəlkə də qəsdən belə deyir. Qəzvində bir yatağa girə bilməyəcəklərini zənn edirdi. Böyük sarayın güdükçüləri, söz-söhbəti, dedi-qoduları da çox olur. Özünün ifşa olunacağı, məhz özünün öldürülə biləcəyi qorxusu da ola bilərdi. İnsanlara etibar yox idi, bəlkə də Pərixan onu satın almışdı... Amma yox, bu sarsaq dəlicəsinə vurulmuş bir aşiqdir, onu kimsə döndərə bilməz. Olsa-olsa, özündən və ayrılacaqlarından qorxmasıdır. Əvvəl-axır bu olmalı idi.

Ölənəcən bir cadugərin yatağına girə bilməzdi ki! Bundan sonra onun yatağı hakimiyyətin güclənməsi naminə ən qüdrətli əmirlərə ortaq ola bilərdi".

Xeyrənisə obrazı Yunus Oğuzun mənfi kontekstdə işlədiyi yeganə aparıcı qadın obrazıdır. Yalnız bu əsərində yazıçı Şərin bir qadın timsalında təcəllisi fonunda vətənin və dövlətin mövcudluğu üçün təhdid olan hakimiyyət uğrunda mübarizənin fəsadlarını işıqlandırır, daha sonrakı yaradıcılığında yenə də "ana, dost, vətən" məqamında olan türk qadınlarının tarixdəki möhtəşəm obrazını bədii mətnə nəqş etməyə davam edir.

SİZƏ MARAQLI OLA BİLƏR