Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Mücahid məfkurəsinə layiq monoqrafiya - Abid Tahirli

31-03-2023 [ 18:54 ] [ oxunub:364 ]
printerA+ | A-
103239

İstedadı və zəhməti sayəsində Azərbaycan ədəbiyyatşünaslığına dair bir sıra sanballı əsərlərə imza atmış AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Şahbaz Şamıoğlu (Musayev) son illər mühacirət irsi ilə bağlı da dəyərli araşdırmalar aparıb, mühacirətşünaslığa öz töfhəsini verib. Bu günlərdə işıq üzü görmüş "Azərbaycan mühacirət irsi: nəsr və ədəbiyyatşünaslıq" monoqrafiyası (Bakı, "Elm və Təhsil", 2023, 332 səh.) alimin son bir neçə ildə apardığı araşdırmaların nəticəsi kimi ərsəyə gəlib. Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının 8 fevral 2023-cü il tarixli 1 saylı iclasının qərarı ( protokol №1) ilə çapa tövsiyə olunmuş monoqrafiya Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə yardımı ilə hazırlanıb. Monoqrafiyanın elmi redaktoru filologiya elmləri doktoru Nikpur Cabbarlı, rəyçiləri filologiya elmləri doktoru Abid Tahirli və filologiya elmləri doktoru Ataəmi Mirzəyevdir.

Bəri başdan tam əminliklə söyləmək olar ki, "Giriş"dən, "Azərbaycan mühacirət nəsri: təşəkkülü, inkişaf istiqamətləri", "Azərbaycan mühacirət ədəbiyyatşünaslığı" adlı 8 paraqrafı birləşdirən 2 fəsildən, "Nəticə" və "Ədəbiyyat"dan ibarət monoqrafiya ədəbi-elmi ictimaiyyət, ali məktəblərin tələbələri və magistrlər, habelə mövzuya maraq göstərən oxucu auditoriyası tərəfindən maraqla qarşılanacaq. Səriştəli tədqiqatçının mühacirət ədəbi irsinə, onun mövzu, ideya, dil, üslub, sənətkarlıq məsələlərinə münasibəti, yanaşması, həm elmi-nəzəri baxımdan, həm də bu xəzinənin aktuallığının dəyərləndirilməsi nöqteyi-nəzərindən təqdirəlayiqdir.

Şahbaz Şamıoğlu mühacirət irsinin ideya, mövzu, mündəricə, dil, üslub, sənətkarlıq nöqteyi-nəzərindən, mücahidlərin çətin, lakin mənalı və şərəfli həyat yolunun, çoxşaxəli və fədakar fəaliyyətinin, eləcə də sovet rejimi və kommunist ideologiyasının xalqımızın taleyində və ölkəmizin tarixində buraxdığı fəlakətli izləri əhatəli öyrənmək və obyektiv dəyərləndirmək baxımından aktual və əhəmiyyətli olduğunu ciddi arqumentlərlə əsaslandırır. O yazır ki, Azərbaycan mühacirət nəsrinin, demək olar ki, bütün nümunələri mövzu və ideya baxımından bir-biri ilə səsləşir. Bu əsərlərin leytmotivini bolşeviklərə qarşı Azərbaycanda milli müqavimət hərəkatının formalaşması, qəsbkarlarla silahlı toqquşmalar, yenilməz oğul və qızlarımızın istiqlal yolunda canlarından keçmələri təşkil edir. Əsərlərdə totalitar sovet rejimi ifşa edilir, onun içüzü, mahiyyəti zəngin bədii lövhələrlə canlandırılır. Oxucu bütün əsərlərdə Azərbaycanın dövlət müstəqilliyinin yenidən bərpasına dərin inam hissinin şahidi olur. Şübhəsiz ki, bədii nəsrin bütün nümunələrində Vətən həsrəti, Vətən nisgili xüsusi xətt kimi keçir və istər-istəməz oxucuda belə təsəvvür formalaşır ki, hər bir konkret əsərdə onun müəllifinə məxsus ştrixləri də vardır. Mühacirət ədəbiyyatı və ədəbiyyatşünaslığının hər bir nümunəsi Azərbaycan ədəbi-bədii, elmi-nəzəri fikrinin ayrılmaz tərkib hissəsi kimi qiymətlidir, tədqiq və təbliği vacibdir, müstəqil Azərbaycan gəncliyinə örnək kimi təqdim olunmağa tamamilə layiqdir.

Monoqrafiyanın birinci fəslində Azərbaycan mühacirət nəsri üç paraqrafda araşdırılıb. Birinci paraqrafda Azərbaycan mühacir yazıçıların hekayə yaradıcılığı tədqiq olunur. Burada M.Ə.Rəsulzadə,   kayələri təhlil edilir, müvafiq elmi-nəzəri nəticələr hasil olunur. İkinci paraqraf Ə.Ağaoğlunun bədii-fəlsəfi əsərlərini əhatə edir. Mühacir yazıçıların memuar yaradıcılığından bəhs edən üçüncü paraqrafda Ə.Ağaoğlu, N.Şeyxzamanlı, M.Altunbay və M.Ə.Rəsulzadənin memuarları təhlil süzgəcindən keçirilir. Təbii ki, mühacir yazıçıların memuarları sadalanan müəlliflərlə məhdudlaşmır. Ş.Musayev kitabın həcmini nəzərə alaraq yalnız göstərilən nümunələr üzərində araşdırmalar aparmışdır. İnamla söyləyə bilərik ki, Ş.Şamıoğlu qarşısına qoyduğu məqsədlərə çatıb, Azərbaycan mühacirət nəsrinin formalaşması, inkişaf istiqamətləri və meyilləri barədə düzgün elmi mülahizələr yürütməyi, təhlillərə cəlb etdiyi nəsr əsərlərini obyektiv qiymətləndirməyi bacarıb. Bir məsələni də qeyd etmək vacibdir. Ş.Şamıoğlu istər mühacirət, istərsə də ölkə ədəbiyyatşünaslığında haqqında bəhs olunan problemlə bağlı mövcud materiallara dərindən və diqqətli nəzər salır, onlara obyektiv münasibət bəsləyir, düzgün qiymətləndirir.

Monoqrafiyanın ikinci fəsli mühacirət ədəbiyyatşünaslığı problemlərinə həsr olunub. Ş.Musayev mühacir tədqiqatçıların İntibah dövrü və orta əsrlər, Erkən yeni dövr, Yeni dövr və XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatına dair araşdırmaları üzərində iş aparıb. Xaqani və Nizamidən Ə.Cavad və H.Cavidə qədər milli ədəbiyyatın nəhəng ədəbi simaları ilə bağlı əksər ədəbiyyatşünaslıq materialları monoqrafiyada ardıcıllıqla beş paraqrafda təhlilə cəlb edilib. Hesab edirik ki, Ş.Şamıoğlu bu fəsildə də problemin elmi həllinə nail olub. Monoqrafiyada maraqlı və diqqətçəkici məqamlardan biri də odur ki, Ş.Şamıoğlu əsərdə mühacirət irsi ilə bağlı qarşıda duran vəzifələri də qeyd edir.

Müasir ədəbiyyatşünaslığın tələbləri səviyyəsində hazırlanmış monoqrafiyanı mühacirətşünaslığa yeni bir töhfə kimi qiymətləndirmək olar.