Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Repressiya qurbanları: Dostundan hədiyyə alan Salman bəy - Qurban Bayramov

28-03-2023 [ 12:02 ] [ oxunub:56 ]
printerA+ | A-
103203

Bayramov Salman bəy Məşədi Qurban oğlu (1873-1938)

1938-ci il mart ayının 6-da Bakı şəhərində yerləşən Bayıl türməsində repressiya qurbanı olan babam Bayramov Salman bəy Məşədi Qurban oğlunun anım günüdür…

Bayramov Salman bəy Məşədi Qurban oğlu öz dövrünün seminariya təhsili görmüş, ərəb, fars, rus, Osmanlı türkcəsini və erməni dillərini mükəmməl bilmiş, Müsavat Partiyasının Qarabağ mahalı üzrə idarə heyətinin üzvü kimi nüfuzlu bir şəxsiyyət olmuş, Tərtərbasar adlanan bölgədə, (Çəpərxana adlanan yerdə yuxarısı Kəlbəcər, aşağısı Bərdə) Qəza İcraiyyə Komitəsinin sədri (el arasında “Dağbəyi” adlanan) vəzifəsində çalışmış, Salman bəy olaraq tanınmış, ağsaqqallıq missiyasına görə el arasında uzun illər unudulmayan hörmət-izzət sahibi olmuşdur…

Kolanı ellərinin ağsaqqalı olan Salman bəy Sovet hakimiyyətinin ilk on illiyində də məsul vəzifələr icra etsə də, repressiyadan yaxa qurtara bilməmiş, qonşu erməni bəylərinin qarayaxma böhtanları ilə iki dəfə həbs edilib Şuşa qalası və Bakıdakı Bayıl türmələrində yatsa da, azad edilmiş, üçüncü dəfə 1938-ci ildə həbs edilərək, əvvəl Şuşa qala türməsində, sonra Bakıdakı Bayıl türməsinə yatab edilmiş, 1938-ci il, mart ayının 06-da Bayıl türməsində, ya da Nargin adasında vəhşicəsinə güllələnmişdir...

Adı tədqiqtçı-alim Ədalət Tahirzadənin tərtib etdiyi “Azərbaycan 1937-38-də güllələnən (həbs olunan) şəxslər” kitabında 144-cü sırada qeyd edilmişdir…

Haşiyə: O dövrdən sağ qalan, hadisənin iştirakçısı olan qocalar (Qaçaq Gəncim baba, Bezavatlı oymağından olan Qələndər oğlu Behbud baba, Salman babamın milis-yavəri işləmiş Bəşirov Qulu baba... Allah hamısına rəhmət eləsin!!) danışırdılar ki, Salman bəyi M.C.Bağırov yaxşı tanıyırdı, hətta Ağdama, Kolanı ellərinə ayağı düşəndə Salman bəyin ağ daşdan tikilmiş, ikimərtəbəli 16 ağban otaqlı, geniş eyvanlı evinin əziz qonağı olardı...

Qocalar söylərdilər ki, bir dəfə Mir Cəfər Bağırov Salman bəyin qonağıymış, səhər-səhər geniş eyvanda əyləşib çay içə-içə söhbət edirmişlər, özü də rusca danışırmışlar.. Bu məqamda evin üst tərəfindən keçən el yolundan Salman bəyin sırf Qarabağ cinsindən olan ilxısı gəlib keçir... Mir Cəfər Bağırov hədsiz dərəcədə at həvəskarı imiş... İlxını görən kimi ayağa qalxır, eynəyinin altından parlayan gözlərinə daha da parlaqlıq gəlir, həvəslə ilxını seyr edir, təriflər yağdırır, ilxının içində oynağa qalxan köhlənə xüsusi diqqət yetirir, maşallah deyir... Salman bəy, təşəkkürünü bildirir, üzə vurmadan, kasıbın olanından deyərək gülümsəyir...

Yenidən süfrə arxasında əyləşib söhbətlərini davam etdirirlər. Hər ikisi popiros çəkərmişlər. Stolun üstündə portsiqarlar yanaşı qoyulubmuş. Bağırovun gümüş portsiqarı xüsusi olaraq hazırlanıbmış. Salman bəy hərdən bu gümüş portsiqara nəzər yetirir, alıb əlində fırladır, baxandan sonra qaytarıb yerinə qoyarmış...
   
O vaxtlar Hüsü Hacıyev Ağdam rayonunda NKVD nəçənniki (naçalnik) işləyirmiş. Mir Cəfər Bağırov başının dəstəsiylə Ağdama qayıdır... Elə kənddən bir az aralaşandan sonra, Salman bəy geriyə qayıdır, buyruqçularına deyir ki, ilxıdakı bu nəmdə, bu nişanda olan köhləni kəməndləyib boğsunlar, sakitləşdirsinlər, ingilis yəhəri-yüyəni ilə bir yerdə Ağdama aparıb Hüsü Hacıyevə versinlər ki, bu atı Salman bəy Mir Cəfərə pay göndəribdir. Belə də edirlər... Mir Cəfər bu hadisədən olduqca təsirlənir, Salman bəyin diqqətçilliyindən, mərdliyindən, qonaqpərvərliyindən xoşhal olur və yadına düşür ki, Salman bəy də söhbət boyu onun gümüş portsiqarına nəzər yetirib... Hüsü Hacıyevi çağırır, gümüş portsiqarı ona verərək tapşırır ki, “Mir Cəfər Bağırovdan Salman bəy Bayramova hədiyyə!” sözlərini portsiqarın iç qapağına yazdırıb, xüsusi bir ehtiramla, özü də içi popirosla (əlbəttə, Mir Cəfərin çəkdiyi) dolu Salman bəyə göndərsin! Belə ki, onların bu dərəcədə münasibətləri varımış...

Salman bəyin başının dəstəsi ilə əvvəlki həbsdən buraxılmasını da, xüsusi şövqlə danışıardılar...

Danışardılar ki, Salman bəyi 1936-cı ildə, Orucluq (Ramazan) ayında 25-nəfər qohum-qardaşı ilə birgə həbs edib, Bakıdakı Bayıl türməsinə yatab etmişdilər. Mir Cəfər bundan xəbər tutur, Bayıl türməsindəki kabinetində xüsusi süfrə hazırladır.

Qələndər oğlu Behbud baba danışardı ki, “mən cavan oğlan idim... Hamımız yerdən döşənmiş süfrə arxasında bardaşqurma əyləşmişdik, Salman bəylə Mir Cəfər stolda... Süfrədə şirin şeylər, qalet peçeynələr, xurma, halva, müxtəlif yeməklər var idi... İftar vaxtı deyildi. Türmədə yatan adam, süfrədəki nemətləri heç yuxuda da görməmişdik, amma əlimizi uzatmırdıq... Çay gətirib payladılar, yenə də qımıldanan olmadı... Hamımız oruclu idik... Birdən Mir Cəfər gülümsəyərək dedi:
- Hə, ay kolanılar, yadıma düşdü, axı siz orucsunuz. Amma qaydanı bilmirsiniz. Siz dustaqsınız, evlərinizdən uzaqsınız, səfərdə hesab olunursunuz. Ona görə də, sizə bu müddətdə oruc saxlamaq düşmür, günaha batmayın. Çayınızı için, çörəyinizi yeyin.. Mən seyidəm, günahdırsa, qoy babalı mənim boynuma olsun...

Bu sözdən sonra hamı “Bismillah!” – deyib, əlini süfrəyə uzatdı... Və bizi elə buradanca buraxdılar, yatab maşınlarına mindirib Biləcəridən qatarla Yevlağa yola saldılar...”.

Mir Cəfər belə Mir Cəfər idi... Hətta, Salman bəyə bir dost kimi söyləmişdi ki, “Kolanıdan çıx, gəl Bakıya, get Gəncəyə, Tiflisə... Sənə şərait yaradaram işlərsən... Təki, Kolanıdan çıx, bir tərəfdən səni gözü götürməyən paxılların, bir yandan da ermənilər səndən hey danos yazırlar... İki dəfə siyahıda gördüm, üstünə düşdüm... Birdən elə olar ki, heç görmərəm, qolluyaram, bədfənaya gedərsən... Harayına çatan olmaz...”.
 
Deyir, “Qəza bəd gətirəndə, quymaq diş çıxardar!”. Elə də, olur və Salman babam güdaza gedir, ailəsi, uşaqları 1956-cı ilə qədər xalq düşməninin uşaqları təhnizi altında qıvrıla-qıvrıla yaşayır, appelasiyadan sonra qırışıqları açılır...

Haşiyə: Salman babam Çəpərxanada rəis vəzifəsində işləyərkən onun şəxsi yavər-milisi olmuş eloğlusu  Qulu baba (Kolanının Bəşirli tirəsindən olan, say-seçmə ağsaqqal Quliyev Qulu – Allah rəhmət eləsin) şəxsən mənə bir əhvalat da söyləmişdi… Köhnə kişilərin mərdliyinə nümunə olduğundan xatırladıram…

Qulu baba danışırdı ki, “bir gün Salman bəyi Ağdama – NKVD-yə çağırdılar, Hüsü Hacıyevin qəbuluna… Atlanıb kəsə, Xaçındörbənd – Çullu aşırımından adlayıb Xıdırlıdan, Seyidlidən, Çuxurməhlədən keçib Ağdama yollandıq… Qəbul xeyli çəkdi… Sonra geri qayıtdıq… Qəbuldan çıxanda Salman bəy özündə deyildi, rəngi-rufu dəyişmiş, əhvalı gərginləşmişdi… O qabaqda, mən də, çiynimdə beşatılan onu arxasınca atlarımıza süvar olmuşduq… Salman bəy atı sürmürdü, at özbaçına addımlayır, bəy də üstündə fikirə qərq olmuşdu… Çullu aşrımında atıma tərk vurub kişiyə yaxınlaşdım. Salman bəy bu aşrımdan appaydın, ovuc içində görünən, Xaçınçayı boyu dağlara doğru xeyli baxdı, Kolanı ellərini seyr elədi, dərin bir ah keçirdi və sorğuma cavabla dedi:
- Hüsü məndən Qaçaq Arazı zərərsizləçdirib təhvil verməyi tələb etdi… Mən də dedim ki, Qaçaq Araz mənim elimin-yurdumun  pələngidir… Ona toxunsam, elim-camaatım mənə nə deyər?! Yaxşısı budur ərizəmi yazıb, vəzifədən gedim… Və ərizəmi yazıb ona verdim… Heç nə demədən, ərizəmi seyfinə qoyub  mənimlə digər məsələlərdən danışıb xudafisləşdi…
Bax, oğul, Qurban müəllim, belə mərd, yenilməz kişilər vardı, baban Salman bəy də belə kişilərdən idi…”.

Haşiyə: Salman bəy Bayramovun beş oğul, bir qız övladı olub. Fərman, Bayram, Kamran, Soltan, Əkbər Bayramovlar, bacıları İsmət xanım xalq düşməninin övladları kimi uzun illər (1956-cı ilə qədər) basqı altında yaşasalar da, xalqa, millətə xidmətdə olmuş, Qarabağın Kolanı əşirətinin ağsaqqallarından olan babaları Məşədi Qurbanın, ataları Salman bəy Bayramovun ailə ənənlərini qorumuş, ləyaqətlə yaşamışlar... Onu da, qeyd edim ki, Salman bəyin ulu babaları Əlimədəd və Bayram kişilər (neçənçi Əlimədəd, neçənci Bayram – bilinmir) Qərbi Azərbaycanın Vedibasar kolanılarındandır. Abbasqulu bəy Şadlinskinin qohumlarındandırlar...

Onlar Vedibasara Şahbuzun Kolanı kəndindən gəlibmişlər... Ümumiyyətlə, qədimlərdə Kolanı elatı (digər türk elatları kimi) irəli-geri, eldən-elə, yurddan-yurda köçmələr etmişlər... Əkbər əmimin anası, ata-baba Xaçın Kolanısından, Dirivəllər tirəsində olan Qaragöz qöjam da xeyli müddət Vedi Kolanısında yaşamışdı... Salman babam xanım-xatın qojamızı oradan gətirdib evlənmişdi... Bu fakt da göstərir ki, əlaqələr üzülməyibmiş, gediş-gəliş həmişə olubdur...

Yadımdadır, böyük yazıçımız  rəhmətlik Fərman Kərimzadənin besteller olan “Qarlı aşırım” (“Axırıncı aşırım”) romanından parçalar dərc edilirdi. Hamımız onun fanatına çevrilmişdik. Yazı-pozuma görə xətrimi çox istərdi.. Müəyyən müsamirələrdə onunla görüşəndə mənə “əmiöğlu” – deyə, müraciət edərdi. Mən də, o vədələr gənc idim, çox mətləblərdən xəbərsizidim... İki-üç dəfədən sonra dedim ki, “Ay qağa” – biz hardan əmioğlu olduq? Sən Vedidən, mən də Qarabağdan, Ağdamdan! Gülə-gülə dedi: “Get ağsaqqallardan (Bayram əmimi, Əkbər əmimi nəzərdə tuturdu) soruş, sənə deyərlər”. Soruşdum və tor gözümə aydınlıq gəldi...

Şıxavənd kəndinin adı “Şıx” adına görə dəyişdiriləndə kəndin adı Əlimədədli – bizim ulu babamızın adı ilə rəsmiləşdirildi və indi də yeddi Kolanı kəndlərini birləşdirən Əlimədədli sovetliyinin (indi Əlimədədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik) adı Salman bəyin babasının – sülaləsinin adını daşıyır...

Yeri gəlmişkən, bir haşiyə də çıxım:  Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda qiyabi aspiranturada oxuyur, həmin İnstitutda da işləyirdim... Keçən əsrin 70-ci illərin ortaları idi... İlk dəfə Naxçıvan Muxtar Respublikasına ezamiyyətə getdim... Qrupun rəhbəri, rəhmətlik, çox qüdrətli şair İslam Səfərli idi... Ürəklə, xüsusi qonaqpərvərliklə bizi gəzdirirdi... Batabatın füsunkar gözəlliyi indi də gözlərim önündə cilvələnir... Ordubadı, Şahbuzu kəzdik... Orda arzumu bildirdim ki, mümkünsə Kolanı kəndinə gedək... O dövrün partiya funksionerləri yazıçıya, şairə, alimə xüsusi hörmətlə yanaşardılar, özləri qarşılayar, özləri də yola salardılar... Nə isə, mənim arzumla Kolanı kəndinə getdik, orada İslam Səfərlinin sinədolusu, xüsusi ovqatla şeir-poeziya müsamirəsi oldu... İslam Səfərli məni Kolanı camaatına böyük həvəslə, bir az da təmtəraqla – Kolanı yazıçı Bayram Bayramovun, görkəmli psixoloq-alim Əkbər Bayramovun nəslinin davamçısı kimi təqdim etdi, dedi ki, “Sizə Qarabağın Ağdam rayonunda yaşayan kolanıların gənc, istedadlı bir nümayəndəsini qonaq gətirmişəm..”.
Bu Kolanı kəndində də, Əkbər əmimin tələbəsi olmuş müəllimlərlə rastlaşdım... Əkbər müəllimin Kolanı olmasından qürurlanırdılar... Mən orada neçə-neçə Əlimədədlə, Bayramla, Qurbanla qarşılaşdım... Nəsil səcərəsi addan-ada, tarixdən-tarixə ötürülərək yaşayırmış... Bir-neçə saatlığa getmişdik, Kolanı camaatı bizi zor-güc iki gün qonaq saxladılar, ayrılanda da kolanısayağı barımız-barxanamız ayrıca tutulmuşdu...

Haşiyə: Salman bəyin böyük oğlanları Fərman və Bayram Ağdam Pedaqoji Texnikumunu qurtarıb müəllim işləmiş, Böyük Vətən müharibəsində Fərman, Bayram və Kamran qardaşları iştirak etmiş, Kamran Mozdok döyüşlərində itgin düşmüşdü... Müharibədən sonra Fərman Bayramov ali təhsil alaraq Əlimədədli kənd orta məktəbində ömrünün sonuna qədər müəllim, tədris hissə müdiri, orta məktəb direktoru kimi fəaliyyət göstərmiş, sayılıb-secilən maarif işçisi olmuş, kəndin ağsaqqalı kimi böyük nüfuz qazanmışdı.

Digər övladı Bayram Bayramov respublikada və o dövrdəki İttifaq miqyasında tanınmış yazıçı səviyyəsinə yüksəlmiş, Azərbaycan Respublikasının Xalq yazıçısı, Dövlət Mükafatı laureatı, Ali Sovetin deputatı, ağır illərdə isə Qarabağa Xalq Yardımı Komitəsinin sədri olmuşdur.

Soltan Bayramov orta təhsilini gümüş medalla başa vuraraq Azərbaycan Tibb İnstitutunu bitirmiş, Ağdam rayonu Səhiyyə şöbəsinin müdiri vəzifəsinə qədər yüksəlmiş, təkcə Ağdamda deyil, ətraf rayonlarda da bacarıqlı səhiyyə işçisi, loğman-həkim kimi tanınmışdır...

Psixologiya elmlər doktoru, Əməkdar elm xadimi, 91-lərdən olaraq dövlətçiliyimizə xidmət etmiş, prezident təqaüdçüsü Əkbər Bayramov da, digər ailə üzvləri kimi ləyaqətli bir nəslin övladı kimi yaşamış, ömrünün sonuna qədər ləyaqətli ömür sürmüş, fenomen alim nüfuzu sahibi olmuşdur...

Gənc yaşlarından atadan-anadan yetim qalan, malları-mülkləri əllərindən alınan, daşdan tikilən ikimərtəbəli 16 otaqlı, dəmir çardaqlı evləri, damları, ambarları, tövlələri, ilxıları, naxırları, qoyun sürüləri yağmalanan Salman uşağının öz əl damlarında (yerdən qazma) qalmalarına belə icazə verilmir. Beş qardaş, bir bacı, ana, gəlinlər qonum-qonşunun, qohum-qardaşın, yadların torpaqdan qazma damlarında qalmağa məcbur olurlar. Bir-iki ilin içində xanım-xatın anaları Qaragöz nənəni də itirirlər... Qardaş-bacılar bir-birinə sığınıb məhrumiyyət içində yaşayırlar, gecə-gündüz kolxoz işində tər tökürlər...

Yeddillik məktəbdə əla qiymətlərlə oxuyan cılız bədənli şagird Əkbər əmim müxtəlif kolxoz işlərində, hətta el malının naxırçısının köməkçisi də işləyir, başqa sözlə naxırçı da olur ki, evə bir parça ruzi gətirsin, ailəyə pasiban olsun...

Müharibənin ilk illərində və sonra bu böyük ailə Tərtər rayonunun Xoruzlu, Hüsənli, Yevlax rayonunun Malbinəsi, Qoyunbinəsi kəndlərindəki məktəblərdə müəllimlik edən Fərman və Bayram qardaşları ilə birgə, dolanışıq xatirinə kənddən-kəndə, eldən-elə düşmüşlər...
Lakin bu cür çətinliklər, mərhumiyyətlər onların qollarını bağlaya, arzularından döndərə bilməmişdir... Respublikamızın, xalqımızın, millətimizin dəyərli şəxsiyyətləri olmuşlar…

Salman bəyin respublikamızda xalqa-millətə müxtəlif peşələrdə, cəbhədə xidmət edən, tanınan, sayılan-seçilən  xeli nəvə-nəticələri vardır ki, onlardan biri də mənəm. Mən isə tənqidçi-ədəbiyyatşünas Qurban Bayramov Salman bəyin böyük oğlunun ilk övladıyam, səkkiz uşağın böyük qardaşıyam...

Allah bütün repressiya qurbanlarına rəhmət eləsin…Nəslimizin-nəcabətimizin, səcərəmizin dəyərlərini unutmayaq, bütün əzmimizlə bu ənənələrin davamçıları olaq…