Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Elmi missiyanın layiqli təzahürü, yaxud mənəvi və ədəbi-mədəni əlaqələrin güclənməsinə xidmət

28-02-2023 [ 13:28 ] [ oxunub:893 ]
printerA+ | A-
103132

(Z.İ.Əliyevanın "Türkiyə ədəbi mühiti və xalq yazıçısı Anarın yaradıcılığı" e-kitabı haqqında)

XX əsr Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında müstəsna yeri və rolu olan Anarın çoxyönlü yaradıcılığı daim diqqət mərkəzində olmuş, yazıçılıq fəaliyyəti, dram yara­dıcılığı, publisist əsərləri həssaslıq və qədirşünaslıqla ədəbiy­yatşünasların daim tədqiqat predmetinə çevrilmişdir. Anar imza­sının kifayət qədər hüdudsuz nüfuzu, şöhrət və istedadının yayılma arealı onun yaradıcılığını daha geniş çev­rədə - yalnız Azərbaycanda deyil, bütün türk dünyası ci­varın­da da öyrənməyi zəruri edir. Artıq sədlər aradan götü­rülmüş, kölgələr çəkilib getmiş, milli ziyalılarımızın Türkiyə mühitində hansı çəkidə olması məsələsi ədəbiyyatşünaslığın maraq dairəsinə daxil olmuşdur. Bu yalnız, bir yazıçıya verilən dəyəri üzə çıxarmağa hesablanmış missiya deyil, daha geniş anlamda Azərbaycan ədəbiyyatının Türkiyə ədəbi mühitindən görünən simvolik obrazıdır. Bu baxımdan,

Zakirə İmamverdi qızı Əliyevanın “Türkiyə ədəbi mühiti və xalq yazıçısı Anarın yaradıcılığı” adlanan mövcud əsəri görkəmli yazıçı-dramaturq, rejissor və ssenarist, ədəbiyyatşünas və publisist Anar Rzayevin çoxyönlü fəaliyyətinin əsas hissə­sinin tədqiq edilməsi, araşdırılıb elmi ictimaiyyətə təqdim edilməsi işində gərəkli addımdır.

Anarın yaradıcılığı özündə xalqın keçib gəldiyi yolun bütün istiqamətlərini, milli özünüdərk proseslərini, millət kimi formalaşmasına xidmət göstərən amilləri, cərəyanları, fikir adamlarının talelərini, məfkurə mücadilələrinin kodlarını daşıyan mətnləri ehtiva edir. Bu baxımdan, Zakirə Əliyevanın üzərinə çox böyük missiya düşüb. O, öz kitabında toxunduğu bu kimi fundamental mövzuların işlənmə səviyyəsi ilə həm tədqiqatçı olaraq şəxsi elmi-nəzəri potensialını, həm də üzərinə götürdüyü missiyanı çox yönlərdən təqdim edə bilib.

Kitabın I fəsli “Azərbaycan-Türkiyə ədəbi əlaqələri və Anar” adlanır. Müəllif 1920-ci illərdən başlayaraq Azərbay­canla Türkiyə arasında olan müştərəkliyin çətinliyin­dən bəhs etmiş, hər iki ölkənin aydınlarının canatımlarına rəğmən qarşılıqlı görüşlərin, ünsiyyətin çətinliklər bahasına başa gəlməsini vurğulamışdır. Yalnız milli müstəqilliyi qazandığımız 1991-ci ildə sonra iki ölkə arasında olan bütün divarların aradan qalxdığını yazan təqdiqatçı bu ünsiyyətin və məhrəmliyin zəmini kimi Nazim Hikmət, Bəxtiyar Vahabzadə, Anar kimi ziyalıların münasibətini əsas gətirmişdir. Türk dünyası ara­sında mənəvi körpünün qurulmasında ziyalıların, ədə­biy­yat xadimlərinin birbaşa rolu olduğunu bildirən tədqiqatçı bu sırada haqlı olaraq Anarı yalnız Türkiyə civarında deyil, bütün türk dünyası hüdudunda – Çingiz Aytmatov, Olyas Süleymenov kimi dünya şöhrətli, kökünə, bütövlüyünə bağlı yazarlarla ortaq genetik müstəvidə təhlilə cəlb etmişdir. Anar-Nazim Hikmət münasibəti, yazıçının rəhbərliyi ilə 1969-2004-cü illər arasında çıxan “Qobustan” jurnalındakı türkçü­lüyü təmsil edən fəaliyyəti, habelə türkiyəli müəllif Yusif Gediklinin Anar haqqında ziddiyyətli fikirləri bu fəsildə hər biri yerində, məqamında gələn məsələlərdir ki, müəllif bu məsələləri tədqiqatçı məharəti ilə incələməyə müvəffəq olmuşdur.

“Anar yaradıcılığı Türkiyə ədəbi tənqidində” adlanan II fəsildə artıq Türkiyə ədəbi mətbuatında Anarın mövqeyi, çəkisi, əsərlərinin təhlili məqamları tədqiqat predmetini təşkil edir və bu fəsil alimin həm də özünün obrazının, qələminin gücünün, təhlil səriştəsinin görünməsinə yardımçı olur. Müəllif təhlillərində tədqiqata cəlb etdiyi müəl­liflərlə mübahisəyə girməkdən çəkinmir və bunu milli ədəbiyyatşünaslığımızın, elmi-nəzəri arsenalımızın təcrübə­sinə əsaslanaraq, onlardan bəhrələnərək edir. Bəzən polemika milli ədəbiyyatşünaslığımızın nümayəndələri ilə də aparılır və bu, olduqca təbiidir. Çünki əsas məsələ burada əsərə verilən yozumda obyektiv elmi qanunauyğunluqlardan çıxış etməkdir və bu qanunauyğunluqlar harada pozulursa obyektivin işığı ora tuşlanır. Zakirə Əliyeva türk ədəbiyyatında Anar yaradı­cılığına həsr olunmuş tədqiqatlarda deyilən bir sira fikirlərlə razılaşmır. Fırat Kızıltuğ, Beysel Şahinin öz mətnlərində Anarın əsərlərindəki humanist missiyanın bədii-ictimai dəyərini aça bilməməsinə, Hele Kaplanın Təhminəyə münasibətdə yazdığı “bar qızı” ifadəsinə, Ayşə Atayın “Bayram həsrətində” hekayəsinin təhlili zamanı söylədiyi fikirlərin yanlışlığına etiraz əlaməti olaraq tədqiqatçı öz qənaətlərini ortaya qoyur ki, bununla da  özünün düşünən, iti zəkalı alim mövqeyini sərgiləmiş olur.

Zakirə xanımın kitabı ədəbiyyat tarixçiliyimiz üçün qiymətli mənbələrdən sayıla bilər. Ədəbi irsə, ədəbi dövrə yanaşmağın elmi-metodoloji nümunəsini meydana qoymaq, əsaslı mübahisələrə meydan açmaq, dövrə şəxsiyyətlər, yaxud proseslər, situasiyalar tarixi kimi yanaşmaqda mümkün olan bütün faktları ümumiləşdirmək bacarığı ilə. Alim Anarın əsərlərinin nümunəsində həm də zamanlar arasında vəhdətə nail olmağın, bağı qırılmağa qoymamağın nümunəsini verir. Kitabda Anarın Türkiyə ədəbi mühitində qazandığı müstəsnalıq, estetik çəki, onun bu mühitdə şəxsən tanıdığı, 85 ildən artıq ömür bioqrafiyasında iz qoymuş insanlarla bağlı fikirləri, eləcə də türk ədiblərinin, elmi dairələrinin tanınmış yazıçı haqqında düşüncələri adi məqam olaraq şərhini tapmır, sənətin mahiyyətini dərk etmək, yüksək sənət materiyasının nə olduğunu müəyyənləşdirmək baxımından yaxşı impulslar verir.

  Müəllif kitabda Anar nəsrinin sənətkarlıq xüsusiy­yətləri üzərində də dayanmış, onların forma və məzmun vəhdə­tini, təhkiyə xüsusiyyətlərini elmi-nəzəri aspektdə şərh etmiş­dir. Anarın koloritli, səlis və obrazlı təhkiyə mədəniy­yətinə malik olduğunu yazan müəllif onu lirik-psixoloji üslubun nümayəndəsi kimi səciyyələndir­mişdir.

Kitab faktoloji baxımdan da çox böyük əhəmiyyətə malik­dir. Türkiyə mətbuatında Anarın yaradıcılığı ilə bağlı çox­saylı kitab və məqalələr, mətbu mətnlər silsiləsi nəzərdən ke­çirilmiş, ədəbiyyat siyahısında yer almış, milli ədəbiyyatşünaslığımızın, tənqidi fikrimizin görkəmli ədiblə­rinin Anar xü­su­sunda olan məqalələri ilə müvazi şəkildə dəyər­ləndi­ril­mişdir.

Xalq yazıçısı Anarın bu il 85 yaşı tamam olur. Zakirə Əliyevanın “Türkiyə ədəbi mühiti və xalq yazıçışı Anarın yaradıcılığı”  kitabını bu yubileyə və ümumiyyətlə, çağdaş dövrümüzdə güclənməkdə olan Azərbaycan-Türkiyə ədəbi-mədəni əlaqələri tarixinə və milli ədəbiy­yatşünaslığımıza dəyərli elmi töhfə hesab etmək olar.

         

        Elnarə Akimova

                                                                                 Filologiya elmləri doktoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda şöbə müdiri                                              

SİZƏ MARAQLI OLA BİLƏR