Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Bəyaz dünyadan görünənlər - Dilarə Adilgil

14-02-2023 [ 12:33 ] [ oxunub:233 ]
printerA+ | A-
103097

Azərbaycanın Xalq rəssamı, professor Arif Əzizin 80 illik yubileyi münasibətilə "Bəyaz" adlanan fərdi sərgisinin Müasir İncəsənət Muzeyində nümayişi yanvarın 24-də başa çatdı. Bir ay uğurla davam edən sərgiyə onun bağlanışı günü, "pərdələr enəndə" yetişə bildim. Bu muzeydə 10 il qabaq olmuşdum. 10 il də kiçik müddət deyil. Fikirləşdim ki, Arif müəllimin sərgisini seyr etdikdən sonra, bütövlükdə muzeyi gəzib yenilənmiş ekspoziya ilə də tanış olaram. Necə deyərlər, ikiqat ziyarət. Təsviri incəsənətlə həmişə maraqlanmışam. Heç nə çəkməsəm də. Baxmaq, zövq almaq, düşünmək - hobbi səviyyəsində. Kütləvi peşə seçimlərindən fərqli olaraq, rəssamlıq sənətin elit sahəsi hesab olunur. Bir məşhur rəssamdan soruşurlar: - Müvəffəqiyyətinizin sirri nədədir? Təvazökarlıqla: "Ah, bu rənglər..." - deyə cavab verir. Rəng rəng yerində, istedad mütləqdir. Təəssüf ki, yalnız gözlə çəkmək mümkün deyil... Sosial şəbəkədə də həmişə rəsm əsərləri paylaşıram. Hətta bir dəfə mənə yazmışdılar ki, ay Dilarə xanım, siz nə əcəb rəssam olmadız, gedib İsmayıla ögey analıq elədiz? Təbii ki, zarafatla...

Ətraflı
Ads by 
0
Reklamınızı SmartBee ilə effektiv edin.

Amma... Muzeyə daxil olub birbaşa sərgiyə yollandım. Və... 3 (!) saatdan sonra da sərgi zalından düz çıxışa! Dərin təəssüratla, xoş duyğularla, parlaq emosiyalarla dolu, problemlərdən uzaqlaşmış, gözü-könlü zənginləşmiş halda! Sərgi demə, art-terapiya de! Çərçivələrin altında yazılmış adlar bir tərəfə, rəsmlərin içində görünməyən müəllif imzasına qədər tapıb oxudum. Bu sərgidə diqqət çəkməyən heç nə yox idi: nə çıxarılası, nə əlavə ediləsi. Hər şey yerli-yerində və mükəmməl idi. Sanki quş dimdiyində gətirib bircə-bircə yerləşdirmişdi.

İlk nəzərə çarpan isə sərginin kifayət qədər böyük olması idi (Qeyd edim ki, nümayiş olunan əsərlər də həcmcə "maksim"ə yaxın idi). Arif müəllim orijinal fırça ustası olmaqla bərabər, həm də məhsuldar sənətkardır. Rəssamın həyat yoldaşı Fəridə xanım bildirdi ki, elə bu qədər də əsər müəllifin özü tərəfindən səxavətlə hədiyyə verilib. Fərdi sərgi bir növ monotamaşadır. Divarlardan asılan "profil-anfas" portretlər, peyzajlar, plakatlar, natürmortlar, doğma Abşeronun gümbəzli hamamlarından tutmuş, uzaq Afrika, Hindistan motivlərinə, nağıl-dastan personajlarına qədər rəssamın özünüifadəsi, iç dünyasının əksi idi. Rəssamlıqda isti rəngləri sevirəm. Şux, rəngarəng... Necə izah etsəm? Fışqıran, şampan partladan, feyerverk... Ümumiyyətlə götürsək, mənim janrım klassikadır. Bütün sahələrdə və mənalarda. Hər halda elə zənn edirdim. Arif müəllimin sərgisinə gələnə qədər... Hər sənətkarın yaradıcılığı dövrlərə bölünür. İstər ədəbiyyat adamı olsun, ya incəsənət. Təbii prosesdir, insan dəyişir, inkişaf edir. Mühit, dəb, yeni meyllər, cərəyanlar öz sözünü deyir. Əslində, bütün insanların həyatı mərhələlərdən keçir. Hətta belə bir tendensiya da mövcuddur ki, birinci yaş dövrünün insanı, ikinci yaş dövrünün insanı. Bəzən onlar bir-birindən tamam fərqlənir. Düşüncələri, dünyanı dərki, bundan doğan həyat tərzi, zövqü, məşğuliyyəti ilə. Əgər adi insanlarda belədirsə, yaradıcı fərdlərdə daha qabarıq müşahidə olunur. Məsələn, İsa Hüseynovun nəsri bunun bariz nümunəsidir. Bu cəhət az və çox dərəcədə başqa məşhur yazıçılarımızın yaradıcılığından da yan keçməyib. Arif Əzizin sərgisi də, nümayişkaranə olmasa da, ehtimalla iki hissəyə bölünmüşdü. Zalın dərin küncü realizmi, geniş, işıqlı tərəfi isə bəyaz dövrü əks etdirirdi. Hər iki hissə tariximizin inikası idi. Sovet dövrü, sosialist realizmi, işğal, şanlı zəfər... Qara, qırmızı, bəyaz...

"...İZM"lərin hakim olduğu zamanda olur ki, tamaşaçı bəzən abstrakt əsəri qavraya bilmir. Əsərin alt qatını, impulsları, müəllifin nə demək istədiyini. Poeziyada fəlsəfə kimi. Bu da bir priyomdur, nəticəni tamaşaçıya buraxmaq... "Səhifəni axıra qədər doldurmağa çalışmayın, oxucu üçün də boşluqlar qalmalıdır". Rəsm əsəri üçün də keçərlidir, bədii əsər üçün də, bədii film üçün də. Arif müəllimin ən mürəkkəb əsərində belə konturlar seçilir, oxunur. Əsas odur təkcə baxmayasan, həm də görəsən, görüb düşünəsən. Xətlərin, ştrixlərin, naxışların istiqamətini, təyinat nöqtəsinə qədər izləyə biləsən. "İnsanın bəsirət gözü ARİFLƏRLƏ ünsiyyətdə açılır" (Əbu Turxan) Rəng informasiyanın ən mühüm ötürücülərindəndir. Arif Əzizin bəyaz aləmi yalnız zövq vermir, həm də düşündürür. Görünən gözün, görünməyən fikrin diqqətini çəkir. Rəssamın işləri onun dünya hadisələrinə bir növ reaksiyasıdır. Qarabağ tematikası sərginin baş tacıdır və Arif müəllimin yaradıcılığından qırmızı xətt kimi keçir, onun vətəndaşlıq məramını, milli təəssübkeşliyini ortaya qoyur. Bəyaz fonda Qarabağ atları, Xarıbülbül - müxtəlif variasiyalarda, qaranın hakim olduğu Xocalı qətliamı - ən ağrılı yerimiz, qan yaddaşımız... Elə bil rəssam fırçasını qəlbinin qanına batırıb çəkib. Qırmızı-narıncı, alov saçan "Mətin cami" tablosu Qarabağın simvollarından birinə - Ağdam məscidinə həsr edilib. Ümumiyyətlə, Arif müəllimdə rəmzlər, metaforiklik çoxdur. Rəngkarlıqda simvol tək seyrçinin düşüncəsinə deyil, həm də duyğularına yönəlir, "dil" rolunu oynayır. Duyğu ani emosiya və affektdən fərqli olaraq dayanıqlıdır, insanın qəlbini çulğalayır. Düşünürəm ki, bu rəsm Arif Əzizin ən süjetli əsərlərindəndir, baxanda sanki kitab oxuyursan. Səma qırmızı atəşdən görünmür, qan qırmızıya qarışıb, yerdə viranəlik... İçəridə bəlkə də, Xocalıdan gətirilənlər ağlaşılır. Cami isə dayanıb. Möcüzə həsrətində. Həyatın, azadlığın simvolu kimi. Bilir ki, bunlar gəldi-gedərdir. Bu günü gözləyir. Heç nəyə baxmayaraq, şəkildə qələbə ab-havası var. Əsərin ideyası da budur.

Rəssamın yaradıcılığında "silsilələr" xüsusi yer tutur. İncəsənət xadimlərinin qrafik portretləri, silsilə plakatlar, "Nyu", "Bakının əmək qəhrəmanları" albomu, Qarabağ mövzusu, Fransa səfərinə həsr olunmuş "Mulen Ruj" silsiləsi və sair. "Mulen Ruj"un rəngləri, aydın və konkret ifadə tərzi məni sehirlədi... Ona təkrar-təkrar döndüm. Və... rəssamın vizit kartı sayılan "Bəyazlar". Ağ rəng həmişə təmizlik, paklıq ehtiva edib, şıklıq, trend, lüks, prestij sayılıb. Həm klassikadı, həm aktual. Nahaqdan deyildir ki, "Adidas", "Zara", "Cartler", "Apple", "Google", "Sony" kimi dünyaca məşhur markalar uğurun ən önəmli ünsürü olan loqo üçün fon olaraq məhz ağ rəngi seçmişlər. Rəssamlar ağ rəngi kətana bənzədiyi üçün daha çox sevirlər. Arif müəllimin əsərlərində ağ rəngin ən eleqant çalarlarını görürük... Qar kimi, opal, platin, fil sümüyü, bej... Bir sözlə, bəyaz zövqlü insanların rəngidir.

Novator usta olan Arif Əzizin yeni kolleksiyasında mozaika tipli əsərlərdən tutmuş, xalça üzərində həkkə qədər sənət nümunələri sərgilənirdi. "Novruz" tablosu ağ dövrə aiddir. Bu əsər sənətşünaslar tərəfindən öz qiymətini almışdır. Qadın, kişi siluetləti, səməni, tabloya səpələnmiş tək-tək güllər, rəngli yumurtalar, sirli fiqurlar rəssam tərəfindən pozitiv notlarda və tonlarda təsvir edilmişdi.

Sahildə sıralanmış qayıqlar təsvir edilmiş tablonun önündə donub qaldım (Deyirlər, sənətsevərlərin müəllifə alqışı belə olur). Şəkil sanki danışır... Səhər yeni açılır, günəş sularda bərq vurur. Əsl Abşeron əhli kimi Arif müəllimin də sanki bütün sevgisi dənizdə bitir. İnsan da ağac kimidir, rişələri dərinə gedir, kökündən su içir.

Arif Əziz abstraksionist rəssam kimi Avropa modelyerlərinin diqqətini cəlb etmiş, gənc dizayner L.Mergen onun əsərlərindən özünün geyimlərində istifadə etmişdi. Belə ideyalar əvvəllər də moda aləmində alqışlanmışdı. 2017-ci ildə Berlin və London moda həftələrində "Qarabağ kolleksiyası"nı, daha sonra "Arif Əziz buraxılışı" kolleksiyasını təqdim edib. Bundan əlavə, rəssamın əsərlərindən Türkiyə, ABŞ kuturyeləri də istifadə ediblər. Onu əbəs yerə "sənəti ilə ölkələrə körpü salan rəssam" adlandırmırlar. Özü də bəyaz körpü...

Arif müəllimin sərgisində xeyli vaxt keçirəndən, əsərləri ilə yaxından və ətraflı tanışıqdan sonra anladım ki, daha onun müəllif dəst-xəttini "Arif Əziz" imzasına baxmadan da tanıyaram. Bu əminliyi mənə rəssamın təkrarsız üslubu, kübarca manerası, bənzərsiz ştrixləri, özəl aksentləri verir. Necə deyərlər, sənətdə təsvir edilən səma deyil, çay, dəniz də deyil. Təsvir olunan qəlbin ənginliyidir. Rəsmlər arasında dolaşarkən, birindən digərinə keçid etdikcə rənglər haqqında düşündüm, xəyal etdim, hissə qapıldım. "Rənglərin də musiqi kimi ahəngi var. Ağrının, sevincin, ümidin də rəngi var" (Rəsul Rza). Rənglər həyatımızın bir parçasıdır, onların öz psixologiyası var və bu "psixologiya"nın da insan psixologiyasına birbaşa təsiri. Qışqıran və sakitləşdirən rənglər olduğu kimi, bir-biri ilə mübahisə edən və yola gedən rənglər də var. Biz hələ yazıb-oxumağa başlamamışdan şəkil çəkməyi öyrənirik. Ətraf aləmlə tanışlığımız rənglərdən başlayır. Bu həvəs bizi ömrümüz boyu müşayiət edir. Boş duranda əlimizin altında kağız-qələm varsa, mütləq nəsə cızmaqara edirik. Həndəsi fiqurlar, ornamentlər, labirint çəkirik... Türk ədəbiyyatında postmodern üslubun parlaq nümayəndəsi Orxan Pamuk "Mənim adım qırmızı", "Qara kitab", "Bəyaz qala", "Qar", "Qırmızı saçlı qadın" kimi romanları, "Başqa rənglər" kitabı ilə dünyanı rəngli görür. İlk gəncliyində təsviri incəsənətlə ciddi məşğul olan gələcəyin "Nobelçi"si palitrasından böyük ədəbiyyata gələndən sonra da ayrıla bilmədi. Necə deyərlər, "keçmiş" rəssam olmur. Rəssam həmişə rəssamdır. Təsviri sənətdə olmasa da, təşnəsini ədəbiyyatda söndürür.

Belə bir deyim var: "İnsanlar şəkil çəkməyən zamanlarda zülmət idi. Şəkil çəkməyəcək zaman gələrsə, yenə də zülmət olacaq". İndi bu barədə düşünmək istəmirəm. Çünki ağappaq, bəmbəyaz bir dünyadayam. Arif Əziz dünyasında. İnanaq ki, qaranlıq bir daha gəlməyəcək. Arif müəllimin bəyaz dünyası qaranlığı qovur. Özünün dediyi kimi: "Bəyaz qaraya qalib gələcək". "Günəşin altında yeni heç nə yoxdur" iddiası həmişə özünü doğrultmur. Kürəmizdə hələ nə qədər kəşf edilməli, öyrənilməli, yaradılacaq nəsnə var. Sərgidən hüzur taparaq, enerji dolu qopdum. Gözəl məkanda, xoş çevrədə mübarək bir neçə saat keçirtdim. Arif müəllimə - "Yaratmaq eşqiniz heç zaman Sizi tərk etməsin!" arzusu ilə sərgidən ayrılıram.  

525-ci qəzet, 2023, 13 fevral

SİZƏ MARAQLI OLA BİLƏR