Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Görkəmli nəvaişünas alim Şöhrət Siracəddinovun "Əmir Əlişir" kitabı - Almaz Ülvi

10-02-2023 [ 11:46 ] [ oxunub:165 ]
printerA+ | A-
103092

Şöhrət Siracəddinov (Şuhrat Samariddinoviç Sirojiddinov) 23 iyul 1961-ci ildə Özbəkistanın Səmərqənd vilayətində anadan olub.

Şöhrət Siracəddinov Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun və Nijni-Novqorod Dövlət Dilçilik Universitetinin fəxri doktoru, Oksford İslam Araşdırmaları Mərkəzinin fəxri üzvü (Böyük Britaniya), Mərkəzi Asiya Araşdırmaları Beynəlxalq Assosiasiyasının (Koreya) həmsədri, Avrasiya Türk Tədqiqatları İnstitutunun elmi məsləhətçisi (Koreya), eyni zamanda, Özbəkistan-Amerika Dostluq Cəmiyyətinin sədridir.

Özbəkistan nəvaişünaslıq elmi məktəbinin görkəmli nümayəndəsi Şöhrət Siracəddinov Əlişir Nəvainin həyat və yaradıcılığına həsr olunan monoqrafiyaların müəllifidir.

Şöhrət Siracəddinov Özbəkistan Respublikasının Ədəbiyyat üzrə 1-ci dərəcəli Dövlət mükafatı və Çingiz Aytmatov adına Beynəlxalq mükafat laureatı, Özbəkistanda fəaliyyət göstərən gənclər birliyinin baş tərbiyəçisidir.

Professor hazırda Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektorudur.

lll

Şöhrət Siracəddinovun Əlişir Nəvaiyə həsr etdiyi növbəti kitabı "Əmir Əlişir: həyatı və yaradıcılığı" adlanır. Əslində bu tədqiqat əsərinə - ƏMİR ƏLİŞİRİN KİMLİYİ olaraq rəng versək, heç də yanılmarıq.

Professor Şöhrət Siracəddinovun (Shuxrat Sirojiddinov) ağır əməyi - göz nuru ilə başa gələn əsəri qarşımızdadır. Məhz göz nuru ilə! Dahi mütəfəkkirin doğumundan ta vəfatınacan olan bütün faktlar, həyatında baş verən hadisələr əlyazmalar, arxiv sənədləri, mənbələr əsasında saralmış vərəqlər arasından bircə-bircə seçilmiş və söz heyrətilə ilmə-ilmə naxışlanmışdır. 2011-ci ildə çap etdirdiyi "Əlişir Nəvai: mənbələrin müqayisəli - tipoloji, tekstoloji təhlili" monoqrafiyasının təkrar, təkmilləşdirilmiş və  qısaldılmış nəşridir.

"Ailədə və sarayda" bölümünə nəzər salaq:  sonralar "Məcalisun-nəfais"də şairin özü də  etiraf etdiyi kimi, hələ 3-4 yaşlarında atası ilə saray məmurları arasında olanda şeir oxumasını heyranlıqla dinləmişlər. Mir Qasım Ənvardan öyrəndiyi və əzbərdən dediyi -

Dünyanı odlandıran,  geyimini parçalayan bir rindəm, aşiqəm

Sənin qəminin dövləti ilə cahanın əndişəsindən qorxmuram         .(sətri tərcümə):

- misralarla hamının diqqətində, gözü önündə böyümüşdür. Beş-altı yaşlarında Fəridəddin Əttarın "Məntiqut-teyr" əsərini - dörd min səkkiz yüz otuz səkkiz beytlik əsəri başdan-başa öyrənib. Əlbəttə ki, belə bir yaşa görə oxunması, öyrənilməsi ağır əsərlərdir. Belə əsərləri ancaq fitrətən fazil doğulanlar dərk edib əzbərləyə bilər. Nəvai gənclik yaşına belə bir sevgi ilə dolmuşdu. Bu nəzər-diqqət onu yaşından tez böyüdüb, gəncliyinin ilk astanasında artıq şair kimi ad-san çıxarmışdı.

Əlişir Nəvainin zadəgan ailəsində doğulduğundan təlim-tərbiyəsində yaşadığı mühitin sayılmış-seçilmiş insanlarının da təsiri böyük olub. Gələcəyin bir hökmdarı - Teymurilər səltənəti üçün yetişdirilən Hüseyn Bayqara ilə uşaqlıq illərini yaşayıb. Onların ataları eyni ananın südü ilə böyüyüblər. "Dədə Qorqud" dastanından gələn "Ana südü, dağ çiçəyi" deyilən bir zərbmisal var. Süd haqqını heç nə kəsə bilməz. Əlişir və Bayqaranı belə bir bağ biri-birinə bənd edib. Əlişir Nəvai tarixçilərin də yazdığı kimi, çox ziddiyyətli, qarışıq və yeni bir ümumtürk intibahına can atılan zamanda ömür yaşayıb. Hökmdarlar, teymurilər övladları taxt-taca doğru bütün bacarıqlarını, qabiliyyət və cəhdlərini qılıncla ortaya qoyurdularsa, Əlişir Nəvai təfəkkürü, istedadı, zehniyyət düşüncəsi ilə sövq-təbii ümumtürk intibahına cığır açırdı. Hətta o zirvənin  fatehi olmağını Uca Allah onun qismətinə yazdı. Bu nüansa Söhrət Siracəddinovun tədqiqatında nəzərə çatdırdığı gerçəyə bənzər bir əfsanə ilə etüd vermək istədim."Əlişir Nəvai və Hüseyn Bayqara gənc yaşlarından yaxın dost olublar və məktəbdə bir yerdə oxuyublar. Onların müəllimi çox itifikirli insan olub. Bir gün o, tələbələrinin fikirlərini və onların nə ilə maraqlandıqlarını öyrənmək istəyir. Hər ikisinə baş və qılınc şəkli çəkib şərh yazmağı tapşırır. Əlişir baş, ağıl və hikməti qəzəllə vəsf edərək tamamlayır, Hüseyn isə qılıncı tərifləyərək, döyüş-dava haqqında mədhiyyə yazır". Məncə, şərhə ehtiyac qalmır.

Bütün qələm əhli əslində həm də özünü yazır. Bu mənada diqqət yetirsək, Əlişir Nəvainin bütün tərcümeyi-halını zərrəsi ilə öz əsərlərindən yazmaq mümkündür. Amma o tərcümeyi-hal notlarını Şöhrət Siracəddinov kimi nəvaişünaslar, əlyazma mənbələrini dəqiq oxuyan və təhlil edə bilən mətnşünas alimlər yaza bilər. Ədəbiyyatı, dili, tarixi, dini bilməklə yanaşı, təsəvvüfün dərinliklərinə də enə bilən mətnşünas alimlər lazımdır: professor Şöhrət Siracəddinov kimi.

"Əmir Əlişir" tədqiqat əsərində dahi şairin həyatında mühüm rolları, təsirləri olan insanlar - tarixi şəxsiyyətlər, ustadları, dostları, dövrünün tanınmış və özünün rəğbət bəslədiyi şairlər haqqında incə məqamlar lakonik şəkildə qələmə alınıb.

Nəvai niyə evlənmədi? Bu suala da tədqiqatçı həm mənbələr, həm də şairin öz əsərləri kontekstində aydınlıq gətirməyə cəhd edir. Vaxtı ilə bu məsələyədə biz də fikrimizi bildirmişdik.  Nəvainin əsərləri və onun kübar ədəbi kontekstindən çıxardığım nəticə belə olmuşdu: Bəlkə də saray həyatında - saray hərəmxanalarında qadınlara qarşı əxlaqsızlıqlar, amansızlıqlar onun şair qəlbinin dərinliklərinə enmiş, 6 yaşında anasını  itirən bir uşağın ana mehr-məhəbbətinə, nəfəsinə doymaması gənclikdə də duyğularının ən yaralı yeri olub. Məhz yaşadığı mühitdə qadınların bu cür alçaldılması onun ailə həyatı qurmasına öz təsirini göstərdi. Bu haqda bir çox rəvayətlər də yazılıb.

Könlü də zəngin Nəvai bütün var-dövlətini vəqf quraraq el-xalq yolunda xərcləmişdi. Şöhrət Siracəddinov şairin belə xeyirxahlıq niyyətinə işarə olaraq yenə mənbələrə söykənərək maraqlı məqamları üzə çıxarmışdır.

Əlişir Nəvai dini ehkamları ilk dəfə türkcədə qələmə alaraq sadə insanlara islamın məna və fəlsəfəsini anlatmışdı. Və Həcc ziyarətinə getməyi canı-könüldən istədiyi məlumdur. Amma bu yolun ziyarəti ona qismət olmur. Təskinlik üçün yox, həqiqət naminə fikrimi şairin ruhuna ünvanlamaq istədim: eramızdan əvvəl tikilən və günümüzə gəlib çatan İskəndər qalası ( Ərk qalası, Herat qalası da deyirlər) o qədər böyük, o qədər ucadır ki, sanki göylə yer arasında dayaqdır. Heratda olarkən yerli əhalinin dediyinə (və bundan sonra həm də öz müşahidələrimə görə), qala elə bir yerdə tikilib ki, burada yerlə göy arasında atmosfer boşluğu var - eynilə Ciddədə Kəbənin yerləşdiyi məkan kimi. Ona görə oradan edilən dualar mələklərin vasitəsi olmadan Uca Allaha çatır. Bəli, insan o məkanda gəzərkən Allaha çox yaxın olduğu inamına dolur. Əlişir Nəvai hər gün həmin qutsal məkanda Allahla baş-başa qalmaq fürsətində olub ki, islamın vacib ehkamlarını türkcədə qələmə alıb. Bu özü ziyarət deyilmi?! Ruhun nur içində cənnət bağında dolaşsın, dahi insanımız!

Şöhrət Siracəddinovun bu əsərini də məhz qutsal ibadət kimi qəbul edərək, səmimi niyyətlə deyirik: Əlişir Nəvai ömürlüyünə ziyarətiniz mübarək olsun, nəvaişünas ustad!

Əsəri özbək dilindən Azərbaycan dilinə  çevirən Özbəkistan Respublikası Əlişir Nəvai adına Daşkənd Dvlət Özbək dili və ədəbiyyatı Universitetinin dosenti Gülbahar Aşurova və kitabın məsul katibi,  AMEA Əlyazmalar institutunun doktorantı, dosent Şəhla Məcidovanın əməyini də xüsusi qeyd etmək istəyirəm.

SİZƏ MARAQLI OLA BİLƏR