Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Şirindil Alışanlı fenomeni: tənqidçi, nəzəriyyəçi, tədqiqatçı - Baba Babayev

16-09-2022 [ 11:07 ] [ oxunub:56 ]
printerA+ | A-
102698

Son üç ildə pandemiya da daxil olmaqla gündəlik həyatın irili-xırdalı məişət problemləri, sevincli və ya kədərli qayğıları qorxu xofu altında başımızı elə qatdı ki, illərin necə keçdiyindən xəbərsiz olduq. Bu üç ildə o qədər doğmalarımızı, yaxın sirdaşlarımızı itirdik ki, nəsə bir söz deməyə, kiməsə pasiban olmağa belə gücsüz qaldıq. Özümüz bir yana, hətta yaxınlarımızın, cani qəlbdən istədiklərimizin varlığı və fəaliyyəti ilə təkcə özləri üçün yaşayanlarla yanaşı, həm də başqaları üçün yaşayanların yubiley yaşına çatdığının fərqinə belə vara bilmirik.

Mənim Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna gediş-gəlişim 1976-cı ilin iyunundan başlanıb. Tanınmış tənqidçi, professor Qulu Xəlilovdan və klassik ədəbiyyatın bilicisi Qulamhüseyn Beqdelidən dərs alırdım. O illər Şirindil Alışanovun tənqidi, nəzəri məqalələri ədəbi ictimaiyyətin diqqətini az bir zamanda özünə cəlb etmişdi.

Son 8-10 ildə şöbələrimiz qonşu otaqlarda yerləşdiyindən istər koridorda ayaqüstü ədəbi-elmi söhbətlərdə, istərsə də rəhbərlik etdiyi şöbədəki söhbətlərində onu dünya ədəbiyyatını mütəmadi izləyən, erudisiyalı, intellektual səviyyəli ciddi bir tənqidçi, poetikanı dərindən mənimsəmiş, situasiyalardan asılı olaraq polemika doğuran məsələlərə aydın, anlaşıqlı şəkildə, hər kəsin başa düşəcəyi tərzdə cavab verə biləcək, həm də nöqtə qoyub son akkordlarını vuran görkəmli bir alim, vətəndaş, şəxsiyyət kimi tanımışam. Bu söhbətlərdən, onun rəhbərlik etdiyi şöbəyə gediş-gəlişdən sonra qiyabi, qonşu münasibətlərimiz əyaniləşdi, daha da istiləşdi, onu həmişə yaşından asılı olmayaraq hər kəsə qayğı, tövsiyə, məsləhətlər verən ustad kimi  gördüm. Özü də təvazökarlıqla... Bəziləri kimi mən ifadəsi, mən iddiası Şirindilin leksikasına daxil olan söz deyildir.

Şirindil Alışanlını alim kimi səciyyələndirən məxsusi xarakterik xüsusiyyətlər barədə düşünəndə ilkin olaraq onun elmi maraq dairəsinin dərinliyi ilə fərqlənməsi yadıma düşür. Şirindil Alışanlı hələ universitetdə oxuduğu illərdə intellektual təfəkkür sahibi olması ona dərs deyən alimlərin diqqətini çəkib, 1970-1975-ci illərdə Bakı Dövlət Universitetində təhsil alarkən, filologiya fakültəsində tənqid üzrə ixtisas kursunu bitirib. 1977-1980-ci illərdə SSRİ Elmlər Akademiyasının M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təhsilini davam etdirib, XX əsrin görkəmli estetiki Yuri Borevin rəhbərliyi ilə 1981-ci ildə namizədlik dissertasiyasını müdafiə edib. Deməli, quyuya su tökməklə sulu olmaz, su quyunun dibində olar. Bir də ki, Şirindil böyüyüb başa çatdığı, tərbiyə aldığı ocaqda - böyük qardaşı, çox istedadlı Azərbaycan şairi, Şərq ədəbiyyatının bilicisi, professor Hüseyn Kürdoğlu kimi alimin misilsiz bir xəzinəsi içində pərvəriş tapıb. Gül tutan əldən gül iyi gələr, - deyib babalarımız. Şirindil Alışanlı Laçının çeşməli-bulaqlı, axarlı-baxarlı bir cənnət məkanında doğulub. Buz kimi dağ suları, yamyaşıl yaylaqlar, sıx meşələr uşaqlıq illərini keçirdiyi unudulmaz yerlərdir. 1994-cü ildə avtoqrafla təqdim etdiyi "Sözün estetik yaddaşı" kitabından aldığım təəssürat o vaxt bu oldu ki, bu kitabda Azərbaycan tənqidinin, ədəbiyyatşünaslığının və nəzəri-estetik fikrinin problemləri yeni təfəkkür işığında araşdırılıb, milli-mənəvi dəyərləri və müasir ədəbi prosesi qiymətləndirməkdə sənət meyarı başlıca prinsip seçilib. Kitabdakı ayrı-ayrı məqalələrdən duydum ki, son iyirmi ildə (1974-1994) poetik fikrimizin ideya-bədii təkamülünün başlıca istiqamətləri alim tərəfindən dünya təcrübəsinə istinadən ümumiləşdirilib.

Professor Şirindil Alışanlının 2011-ci ildə "Elm" nəşriyyatında işıq üzü görən "Müasir humanitar təfəkkür və Azərbaycan ədəbiyyatşünaslığı" monoqrafiyasında çağdaş dünya humanitar fikrinin kontekstində XX əsr Azərbaycan ədəbiyyatşünaslığının tarixi təcrübəsi ümumiləşdirilib, müasir ədəbi-nəzəri fikrin dəyərləndirmə, dövrləşdirmə, bədii metod və poetika məsələləri ilə bağlı problemlər araşdırılbsa, 2013-cü ildə nəşr olunan "Ədəbi-nəzəri fikrin tarixiliyi və müasirliyi" kitabına ədəbiyyatşünaslığın müasir nəzəri-metodoloji problemləri, yaradıcılıq metodu konsepsiyasının təşəkkülü və inkişaf mərhələləri, ədəbi tənqid və tarixi ədəbi proses, həmçinin, ədəbi-nəzəri fikrin korifeyləri (Hənəfi Zeynallı, Məmməd Cəfər, Mir Cəlal, Yaşar Qarayev, Məsud Əlioğlu, Əziz Mirəhmədov, Mirzə İbrahimov, Elçin) haqqında məqalələr daxil edilib.

Professor Şirindil Alışanlı 2022-ci ildə, baharın təravət saçan günlərində "Sözün yaşamaq haqqı" fundamental bir əsərini elmi ictimaiyyətə ərmağan etdi (Bakı, "Sabah", 2022). Yeni nəşr olunan kitaba tənqidçi-ədəbiyyatşünasın son illər apardığı tədqiqatların yekunu olaraq (sanki alim bu dəyərli, məxəz, mənbə olan kitabla həm 70 illik yubileyinə bir töhfə verir, həm də buradakı elmi-nəzəri məqalələrlə çağdaş gənclərimizə ustad dərsi keçir, örnək olur), XX əsr Azərbaycan ədəbi gedişatının ideya-estetik mahiyyətini özündə ehtiva edən əsərləri toplanıb.

Şirindil Alışanlını tanıdığım onilliklərdə o, şəxsiyyət kimi necə saf, təmiz, dəqiqdirsə, ədəbiyyatşünas-tənqidçi kimi də dəqiqdir və ədəbiyyatşünaslıq özü də dəqiqliyi sevir.

5 monoqrafiyanın, 200-dən artıq məqalənin müəllifi Şirindil müəllim Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafına sanballı, ciddi töhfə vermiş, barmaqla sayılası alimlərdən biridir.

Professor Şirindil Alışanlı elmi araşdırmalarında nəzəri və praktiki əhəmiyyət kəsb edən mövzulara meyl göstərib. Nəzəriyyəçi alimin elmi üslubunun səciyyəvi cəhətlərindən biri də odur ki, o, düşüncə, mülahizəsini sadə, anlaşıqlı dildə vermək mümkün olanda (akademizmə qaçmır - B.B.) bu imkandan maksimum yararlanır. Onun təhlilləri də, elmi mülahizələri də sadə və anlaşıqlı dildə ifadəsini tapır. Şirindil Alışanlının yazı üslubuna nəzəri terminlərdən yeri gəldi-gəlmədi istifadə yaddır. Onun əsas əyarı mülahizənin mahiyyətinin, nəzəriyyənin fəlsəfəsinin dolğunluqla çatdırılmasıdır.

Görkəmli ədəbiyyatşünas Şirindil Alışanlı Azərbaycan ədəbiyyatşünaslığında Yaşar Qarayevin konsepsiya kimi irəli sürdüyü məsələ-problemləri davam və inkişaf etdirmişdir. Ş.Alışanlı nəzəriyyəçi olaraq bədii ədəbiyyatın ideologiyadan və ictimai fikridən asılılığına nöqtə qoyur. Alim bədii ədəbiyyatı məhz obrazlı yaradıcılıq kimi, yəni dünyagörüşün təkrarsız və əvəzsiz bir forması kimi, canlı həyata və insana daha adekvat olan inikas forması kimi dərk edərək təhlil edir. Alim "Səməd Vurğun sənəti müasir ədəbi-ictimai reallıqlar kontekstində" məqaləsində ("Sözün yaşamaq haqqı", 2022) "Səməd Vurğun və onun ədəbi nəsli avtoritar cəmiyyətin ədəbi-siyasi gerçəkliyi müstəvisində yazıb yaratmışlar", - deyir. Nəzəriyyəçi daha dərin qatlara gedərək, heç kəsin görə bilmədiyi və ya deməyə gücü çatmadığı məsələləri də nişangaha gətirir. Professor Şirindil Alışanlı sanki, müəllimi, professor Mir Cəlal Paşayevin "Azərbaycanı şeirə gətirən Səməd Vurğun oldu" aforizmini konsepsiya kimi, məhz müstəqillik ərəfəsində, sözün yaşamaq haqqı olan bir zamanda davam və inkişaf etdirib. Sanki nəzəriyyəçi alim "Ən qatı siyasi rejimə meydan oxuyan Vaqif - Səməd Vurğun idi, millətin danışan dili, xalqın müstəqillik amalının daşıyıcısı. Qalanları belə nəzərə almasaq, "Azərbaycan" şeiri və "Vaqif" dramı Azərbaycan Xalq Cümhuriyyətinin ideyalarının ədəbi mətndə ifadə olunmuş böyük tarixi missiyanı icra etmiş abidələrdir" mülahizələri ilə bu iki şah əsər haqqında gələcəkdə kiminsə fikir söyləməyinə ipucu qoymur.

Səməd Vurğun poeziyasının poetikası, fəlsəfi tutumu, mətnlərə istinadən açılmamış qatların fuqanla üzə çıxarılması ("S.Vurğun poeziyası Azərbaycanın poetik rəmzidir", "Azərbaycan" şeiri əslində xalqın ruhunda əbədi kök salmış himndir", "Azərbaycan" şeiri yurdumuzun poetik xəritəsidir", "Səməd Vurğunun fəlsəfi cəhətdən müdrik faciəsi "Vaqif"də meydana çıxır", "Səməd Vurğun Azərbaycan poeziyası tarixində yeni poetik sistem yaratmışdır", "M.F.Axundovdan sonra məhz S.Vurğun dünya nəzəri-estetik fikrinin dövriyyəsinə daxil olmuşdur"...) və digər məqamlar bir məqalədə sanki konsepsiya kimi təqdim olunur. Bunlar isə yeni yanaşma prinsipləri ərsəyə gəldikcə Vurğun poeziyasının ideya-estetik dəyərləri öz vüsəti ilə daha çox sonralar yaşamaq hüququ qazanacaqdır.

"Sözün yaşamaq haqqı" kitabı əhatə dairəsinə, elmi sanbalına, mövzuların aktuallığına, resenziyaların prinsipiallığına, təhlilə çəkilən mətnlərin nəzəriyyə ilə əsaslandırılıb ümumiləşdiriləməsinə, opponentinin fikirlərinə sayğı ilə yanaşmaya, tarixi faktları təhrif etməməyə və s. müsbət keyfiyyətlərinə görə fundamental bir monoqrafiyadır. Sərlövhələrin elmi tutumundan kimdənsə, dəyərli bir ədibdən, yaxud alimdən danışılacağı əvvəlcədən duyulmaqdadır. Kitabdakı "Cəfər Cabbarlı sənəti zamanın və sənətin sınağında", "XX əsr ədəbiyyatının Mir Cəlal fenomeni", "Nizami Gəncəvi poeziyası Mir Cəlalın nəzəri şərhində", "Klassikləri oxumağın Həmid Araslı dərsləri", "Yaşar Qarayev: yaxından və uzaqdan" və sair yazılar hər biri özlüyündə zəngin bir nəzəri məxəzin ortaya qoyulmasından xəbər verir.

Elmi fəaliyyətimdə müstəsna xidmətləri olmuş akademiklər Kamal Talıbzadə, Yaşar Qarayev, Bəkir Nəbiyev və başqalarından sonra biz nəslin 80-ci illərdə aldığı öyüd-nəsihətləri, elmi öyrənməyin prinsiplərini  bugünkü gənc tədqiqatçılar daha çox müraciət etdikləri Şirindil Alışanov kimi alimlərdir (Çox təəssüflər olsun ki, professor Şirindil Alışanlı bu gün ona Ana südü kimi halal olan Akademiyanın həqiqi üzvlüyünə layiq görülməyib. Allah rizasına bu, onun halal haqqıdır).

Həyatda olduğu kimi (müqtədir, həssas olan alim - elmimizin gələcəyini düşünərəkdən əsasən, son vaxtlar yazılan dissertasiyalardan çox narahatlıqlar keçirir), resenziyalarında, tənqidi məqalələrində, ədəbiyyatşünaslığa dair düşüncələrində də prinsipiallıq nümayiş etdirən, dünya şöhrətli Yuri Borev məktəbinin, Yaşar Qarayev irsinin görkəmli davamçısı, filologiya elmləri doktoru, professor, Estetika və Azad Sənətlər Akademiyasının akademiki (Rusiya) Şirindil Həsən oğlu Alışanlını yeni kitabı və yubileyi münasibəti ilə təbrik edir, növbəti on illiyin bu zaman kəsimində görüşmək arzuları ilə ona möhkəm cansağlığı arzulayırıq.

 

525-ci qəzet, 2022, 15 sentyabr