Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

A

Dadın damağımdan çəkilməz, Şuşa! - Dilarə Adilgil

29-04-2022 [ 12:49 ] [ oxunub:533 ]
printerA+ | A-

MÜQƏDDƏS QALA ŞƏHƏRİMİZƏ BİR GÜNLÜK SƏFƏRİN BİR ÖMÜRLÜK TƏƏSSÜRATI

Deyirlər, dünyada şad xəbərin intizarını çəkməkdən böyük zövq ola bilməz. Şuşaya getmək xəbərinin naz-intizarını sevə-sevə çəkdim. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun bir qrup əməkdaşı Şuşaya - könül şəhərimizə bir günlük səfərə yollanırdı. Təşkilatçı institutumuzun rəhbərliyi idi. Avtobusumuz səhər 5-də şəhər şirin yuxuda ikən yola çıxdı. Hamı həyəcanlı idi, görən də, görməyən də. Həm də yarıyuxulu, həm cismani, həm ruhani. Reallıqla yuxu arasında. Bir-birimizə "Allah ziyarətini qəbul etsin" deyirdik. Görəsən, doğrudan Şuşaya gedirik?! Hələ qaranlıqdır, şüşənin arxasında duman, avtobusun içində sakitlikdir. Hər kəs özünü verib düşüncələrə. Hərə öz Şuşasını düşünür. Keçmişdə qoyduğunu, indiki halını, nə ilə qarşılaşacağını. Bir qədər sonra tanış Salyan, Biləsuvar yolunu keçib daxil oluruq tanış olmayan ərazilərə. Bu yolu ilk dəfə gedirəm. Heç ömrün o tayında da nəsib olmamışdı. İnsan xisləti belədir, təhlükə hiss etmədiyi hər şeyə - maddi, ya mənəvi hər dəyərinə soyuqqanlı yanaşır. Gənclikdə cansağlığı arzusu təəccübləndirir: "Canım onsuz da sağdı da..." "Torpaq? Onsuz da mənimdi, bu gün olmasın, sabah gedərəm..."

Yol kənarında "İşğaldan azad olunmuş torpaqlar burdan başlayır" lövhəsini görəndə özümü "yığışdırdım". Çox həyəcanlıyam. Hər nə qədər xəbərdar olsam da, düşmənin törətdiyi dəhşətli urbisidi görməyə hazır deyiləmmiş. Sağ-sol mina çölüdür. Buna öyrəşmək olmur, qalır çar-naçar qəbullənmək, unutmamaq şərti ilə gələcəyə baxmaq. Bələdçi öz işini görür... Haradan hücuma keçmişik, hansı mövqedə daha çox itkimiz olub - belə-belə mətləblərdən söz açdı... İlk qələbə sevincini Füzulinin kəndlərinin azad edilməsi yaşatmışdı bizə. Sonra bələdçidən bu sözləri eşitdik:

- Fizuli şəhərinin mərkəzindəyik..

- Hanı mərkəz? Hanı şəhər? Şəhər öldürülüb, sümükləri qalıb! Sivilizasiyanın əlaməti belə yox! Füzuli və başqa şəhərlərimizdə atom bombası partlamayıb, erməni nifrəti fışqırıbmış...

Oyanan, yaşıllaşan təbiətin mənzərəsini ürəkağrıdıcı görkəmi ilə korlayan qapı-pəncərəsiz, damsız evlər Zəfər yolu ilə bir xeyli "ardımızca gəlir". Füzulini bərpa etmək mümkün deyil, yenidən özül qoyulub tikiləcək. Erməni də modern kənd və şəhərlərdə yaşayan füzulililərə bizim yayımlarımızdan baxıb köks ötürəcək, keçmiş xarabazarın həsrətini çəkəcək. Sarıldıqları "ata, oğul, müqəddəs ruh" heç dadlarına çatmasın!

Bu da, görünüşcə, İtaliyanın dağ kəndlərinə bənzəyən Tuğ!..

Cəfər Cabbarlı ermənilərin mayasına bələd idi, ona görə "1905-ci ildə"ni Baxşının məhz "Sarı gəlin"i tarda çalması ilə başlamışdı. Dəfələrlə düşmənin xaç yürüşünə məruz qalan qədim kəndi arxada qoyandan sonra Şuşaya elə bir məsafə qalmır...

Qırmızı "ŞUŞA" yazısı birdən göründü. Elə bil kimsə arxadan əlləri ilə gözlərimi tutmuşdu, qəfil buraxdı. Fotolarda gördüyümüz ziqzaqvari Şuşa-Laçın yolunu canlı gördüm. Zirvədə də Cıdır düzü. Deyilən qədər varmış. Daha da artıq. Elə bil rəssam çəkib. "Əsrlərin dibindən axan" Daşaltı çayı... Bir ara qəlbimizi itkilərlə dağlayan Daşaltı kəndi... Xüsusi təyinatlılarımız Şuşaya gecə saatlarında bu meşəlikdən daxil olublar. Şuşa 10 386 gün bu anı gözləmişdi. Ruzigarın gözü belə savaş görməmişdi! İgidlərimiz qarı düşmənin əlindən Qarabağ "şümşadını" almaq üçün ən qaydasız döyüşə atıldılar. Öz şümşadları al-qan olsa da (Cıdır düzünə qalxanda daşlarda güllə izlərini görəcəyik). Xalq şairi Qabil necə sərrast demişdi: 

Qanı suyla yusalar da, su aparmaz hər qanı,

Qana-qanla geri alsın gərək millət Şuşanı!

Sağa baxıram, ağlayıram, soldakı abadlıq işlərini görürəm, ürəyim açılır. Yol çəkilir, körpü tikilir. Çoxdan bu qədər qarışıq hisslər keçirməmişdim... Qarşıda Şuşa dolaylarını qalxmaq var. Şuşa ovalığı Qarabağın ən sərt, əlçatmaz mövqeyi, təbii qalasıdır. Yola acgözlüklə baxıram. Dolaylar havadan "asılı" sal qayaların hər üzünü bizə göstərir, sağdan sola keçir, soldan sağa... Mən qayalıq ancaq Daşaltının üstünü bilirdim, elə deyilmiş. Qayalardan da bir təbii qala hörülmüşdü (Qaya, "qala" sözlərini çox işlədirəm deyəsən, nə edim, buradayıqsa, açar söz də qayadır, qaladır). Əhməd bəy Cavanşir - Pənahəli xan Sarıcalı Cavanşirin nəticəsi, Həmidə xanım Cavanşir-Məmmədquluzadənin atası yazırdı: "Şimali-şərq tərəfdən Şuşaya çatmağa üç verst qalmış başını qaldırıb baxdıqda üzərində möhtəşəm qala divarları və qüllələr ucalan sıldırım qayalar taclı başını sıx tutmuş əfsanəvi nəhəngləri xatırladır". Yolu Şuşaya düşmüş qraf C.Keppel isə yazırdı: "Şəhər hündür qayalı dağların yamacında tikilib. Yamac o qədər dikdir ki, sanki evlər oradan quş qəfəsləri kimi asılıb". Belə möhtəşəm təsvirlərdən sonra mənim kimi adi "öləri"yə söz deməkmi düşür?

Ağır avtobus "tövşüyə-tövşüyə" düz dağa dırmaşır. Şuşa dağın başında! Həyəcan zirvədə! Yol boyu bizimlə qoşa gələn dumandan əsər-əlamət yoxdur. Şuşanın dumanı "cənnət buludu"dur, deyirlər... Təbiət hadisəsi olaraq dumanı nə qədər sevsəm də, qalanın adı onunla assosiasiya olunsa da, bu bəyaz tül Şuşanın yaraşığı sayılsa belə, "Allah-Allah" edirdik ki, təki hava açıq olsun. Turun proqramına görə vaxtımız məhdud olacaqdı, o da dumanda itməsin.

Bəs deyirdilər bu dağlara yaz gec gəlir? Şuşa bizi günəşi, hərarəti ilə qarşıladı, yumşaq nəfəsi üzümüzü sığalladı, oxşadı. Bakıdan qalın kürklə gəlmişdim, Şuşada qoluqısaya qədər naziltdim əynimi. Ciyərdolusu nəfəs alıram... Siz heç ballı hava ilə nəfəs almısınızmı? Udub fərqində olmusunuzmu? Bir də görürsən, handa bir böyük şəhərdə baxmağa maraqlı yer tapmırsan. Şuşa kimi şəhərcikdə isə, bilmirdik, harasından başlayaq... Baxmayaraq ki, dağıntı çoxdur. Qədimi bəy-xan mülkləri, əsilzadələrin imarətləri yerlə-yeksan edilib. 28 illik işğal, iki müharibə, küçə döyüşləri də şəhəri tanınmaz hala salıb.

Qarabağda talan var,

Zülfün üzə salan var,

Gedirsən, tez qayıt gəl,

Gözü yolda qalan var.

Kədər, qüssə bayatıya xas olsa da, Qarabağ bayatıları başlarına gələnlərdən dolayı daha nisgillidir. Amma indi o nisgillərdən yaranan tutqunluğun da  üzü aydınlığadır.

Şuşa bu gün böyük tikinti meydanını xatırladır, tarixdə neçənci dəfə yenidən qurulur. Bu dəfə əbədilik! 200 il sahiblənmək istədikləri Şuşada ermənilər heç nə qurub-artırmayıblar, nə qalıb, bizdən qalıb. Bu günə qədər Şuşanı içimdə, özümdə gəzdirirdim, indi özüm Şuşada gəzirəm. Bu gözəl hiss, şirin duyğu ruhumun dərinliklərinə işləyir. İlk öncə qara buludlar sıxlaşmazdan, qara əllər uzanmazdan qabaqkı halını, sakinlərini, yaşayışını, məişətini, koloritini gözlərimdə canlandırmaq, şəhərin səsini, şivəsini eşitmək istəyirəm, döşənmiş küçələrini xəyal edirəm. O zamanın ruhunu tutmağa çalışıram. Bax, bu tində nə var imiş, görəsən? Bəs bu səkidə? Alınırmı? Qoy deyim... Xəyali hə, vizual yox...

Xan qızı Natəvanın sarayı... Yarıuçuq görkəmi ilə də qürurludur. Bu da Şuşanın qala divarları: bütün yaraşığı və əzəməti ilə! Nadir memarlıq nümunəsi olan Gəncə qapısından keçib, yaşıl əraziyə daxil oluruq. Qəhrəman Qala! Əsgərlərimizə səngər Qala! Əbədilik öz əzəmətində qalasan!

...Dikdiri qalxıb dayanırıq. Məftil qapını itələyib qarşımızda geniş düzənlik görürük. "Cıdır düzü buradır?" - deyə xəbər alıram... Onun genişliyi mənə nəhayətsiz gəldi. Bura bir yayla. Zümrüd ənginliklər də, necə təsəvvür eləmişdim, elə idi. Cıdır düzündə gözəl çağlarda hər kəsin olmasa da, hər ailədən kiminsə şəkli var. Özü də bir rakursda, uçurumun kənarında. Hər kəsin cəsarəti, riski, "dəliliyi" dərəcəsində, şiş qayaların ucunda. Kim nə qədər yaxına gedə bilib... Bu da Xəzinə qayası... Bu məşum uçurum tarix boyu, tamaşalıq guşədən çox, intihar, qətl yeri olub, yəqin ki. Üzümü çevirirəm. Dəstəmizdən şuşalı bir xanım xatırlayır... Uşaqlıqda lap yarğana yaxınlaşıb aşağıya qışqırırdıq: "Qızıl var?" Cavab gəlirdi: "Varrrrr, varrr..." Səbəbi də qayanın adı ilə bağlıdır. Rəvayətə görə Qacarın gürcü çarı İraklidən, Pənah xanın nəvəsi Məmməd bəy Batmanqılıncın Qacardan müsadirə etdiyi 13 ton qızıl, qiymətli daş-qaş bu qayanın dibində basdırılıb... və o itən itib.

Topxana yoxdur. Deyirlər, meşə o qədər sıx idi ki, gündüzün günorta çağı ora gedəndə elə bilirdin, gecədir. O boyda meşəlikdən iki tək, bir cüt ağac qalıb: düşmən qırıb. Qalanlar da gedənlərə ağı deyən ağıçılara oxşayır. Qarabağ hadisələri həyatımıza Topxana meşəsinin qırılması ilə daxil olmuşdu, elə həmin ssenari ilə də başa çatdı. Bütün Qafqazın oksigeni sayılan Topxana azad edilməsi ərəfəsində yenidən yandırıldı, düşmən əlləri ilə qoynunda zəhərli tullantılar basdırıldı. 1795-ci ildə Şuşanı 33 gün uğursuz mühasirədə saxlayan Qacar toplarını bu meşədə yerləşdirmişdi, o zamandan da meşəlik "Topxana" adlanır. Topxananın bizim üçün böyük mənəvi əhəmiyyət daşıdığını düşmən də bilir, ona görə çətinə düşən kimi bizim canımızı yaxmaq üçün ona hücum çəkir. Arxada duman içində görünməz olan dolanbac yollar, aşağıda nəhəng qayalığın altında heyrətamiz Daşaltı dərəsi, uzaqda Xankəndi görünür. 28 il yaramızı qazımaq üçün şəklinə baxdıq. Baxırdıq və düşünürdük ki, biz bu gözəlliyi necə itirə bilmişik? Azərbaycan haqqında olan bütün foto-bukletlərdə bu şəkillərdən var. Necə mədəniyyətimiz olub. Həmişə düşünürdüm ki, məşhur yaşıl fonda o ikihaçalı ağ zolaq nədir elə? Bütün fotoların arxa divarı. Dönə-dönə baxırdım, "böyüdüb" yenə baxırdım. Ən müxtəlif mövqelərdən, müxtəlif işıqlarda. Heç kim də cavab verə bilmirdi. Yol deyirdilər... Başa düşürdüm ki, heç kəsi cəlb etməyib. Deyirdim, qaldı özüm gedənə, onda anlaram. Qaya imiş: qayanın sürtülmüş, keçəlləşmiş yeriymiş. Görəsən, niyə məhz bu hissə çılpaqdır?

Bülbülün ocağına baş çəkdik. "Gövhər ağa", "Qazançılar" təmirdədir. Əbdürrəhim bəy Haqverdiyevin, Yusif Vəzir Çəmənzəminlinin təhsil aldıqları məşhur Şuşa "Realnı"sı işğalın ilk günlərində yandırılıbmış. Ən son Vaqifi ziyarət edirik. Qara mərməri sığallayıram. Qeyri-ixtiyar səslənirəm: "Yəqin simvolik məzardır..." "Yox, içindəki özüdür, məqbərəni, betonu dağıdıblar, amma nəşi qalır", - etirazını eşidəndə çox təəccüblənir, bundan da çox sevinirəm!!! Elə bil evi soyan oğru tələsib nəyi isə düşürüb: mənim üçün çox qiymətli olanı!..

Şuşa "Qala" adlansa da, heç zaman hərbi məntəqə - fort olmayıb. Bundan sonra da elə olmayacaq: daima  Mədəniyyət paytaxtı olaraq qalacaq...

Ermənilər Şuşanı itirməyi ağıllarına da gətirməzdilər. Özlərinə çox güvənirdilər, bizə yuxarıdan aşağı - Şuşadan Xankəndinə baxan kimi baxırdılar. Allahın qeybindən isə xəbərsizdilər. Biz Şuşanı şaquli istiqamətdə, aşağıdan yuxarıya götürdük. İndi də onlara həmin şaquli xətt üzrə yuxarıdan aşağı baxırıq. 28 il əvvəl olduğu kimi. Qoy başlarını daşlara döyüb sındırsınlar ki, axı bu necə baş verdi?!

8 rəqəminin təfsiri zamanı onun həm cənnətin, həm də sonsuzluğun rəmzi olduğu söylənilir. Həm itkiyə səbəb, həm də şans gətirmək kimi ikili xüsusiyyətə malik olduğu da deyilir. Hər ikisini millətcə canımızda, qanımızda yaşamışıq. Oddan, sudan keçib milli mənliyini qoruyan xalq kimi daha bizə zaval olmadığını düşünürəm. Şuşanı qaytarmaqla həm də özümüzü qaytarmışıq, özümüzə qayıtmışıq. Körpə uşağın ilk addımlarına sevinən valideyn kimi Şuşanın dirçəlməyinə, inkişafına fərəhlənirik: Şuşaya birinci dəfə qar yağdı! Şuşada ilk çörəkçi açıldı! İlk şirniyyat sexi, "Bravo", otel istifadəyə verildi! Necə də darıxmışdıq Şuşa başlıqlı sevindirici xəbərlər üçün! İndi az qala hər gün bir neçə dəfə eşidirik bu gözəl xəbərləri!

Bakıya dönüş üçün avtobusa minəndə hamımız günəşdən yanıb qaralmışdıq. "Harada yanmısan belə?" - sualına, "Şuşada!" deməyin zövqü heç nə ilə müqayisə olunmaz. Nəinki avtobusa minəndə, heç Bakıya çatanda da bir damcı yorulmamışdım. Ani mürgüləməmişdim də. Şuşa səfərimi emosional ardıcıllıqla nəql etməyə çalışdım. Hələlik, Şuşa! Daşlı qala, mənsiz darıxma! Yenə gələcəyəm!