Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Elmi şura

Ədəbiyyat İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib

18-06-2021 [ 09:01 ] [ oxunub:249 ]
printerA+ | A-
100917

Ədəbiyyat İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. İclasda şuranın üzvləri, İnstitutun ayrı-ayrı şöbələrinin müdirləri iştirak ediblər.

Elmi şuranı AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açaraq gündəlikdəki məsələlərlə iştirakçıları tanış edib. Sonra akademik İsa Həbibbəyli “İlin alimi” nominasiyası üzrə “Diplom”ları Teymur Əhmədov (Əlizadə Əsgərli çatdıracaq), Lütfiyyə Əsgərzadə və Rəhim Əliyevə təqdim edib. Həmçinin Qurban Bayramova 75, Sevda Məmmədovaya 60 illik yubileyləri münasibətilə Fəxri fərman verilib.

Akademik İsa Həbibbəyli son günlərin önəmli hadisələrinə münasibət bildirib: “Şuşa bəyannaməsi” yeni reallığın əsasını qoydu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisdə nitq söyləyib. Nitqində türk dünyasının böyük şəxsiyyətlərindən olan şairlərin yubileylərindən də bəhs edib. Bu il Türkiyədə “Yunus Əmrə ili” elan edilməsi təsadüfi deyil. Biz də bu işlərdə öz dəstəyimizi göstərməliyik”. Həmçinin “Yunus Əmrə ili” və “Nizami ili” ilə bağlı akademiyada görülmüş işlər haqqında ətraflı bilgi verib. Çap olunan əsərlər içərisində akademiklər Ramiz Mehdiyevin, Teymur Kərimlinin, dosent Eldar Əmirovun kitablarını xüsusilə vurğulayıb. Oncildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin III cildində Yunus Əmrəyə ilk dəfə ayrıca oçerk həsr edildiyini əlavə edib.

Sonra Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Yunus Əmrə tədbirləri və  Yunus Əmrə “Divanı”nın çapa hazırlanması haqqında professor Feyzi Ersoy və dosent Xuraman Hümmətova məlumat verib. Oncildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin V-X cildlərinin çapa hazırlanması haqqında İslam Qəribov, Şirindil Alışanov, Rəhim Əliyev, Nikpur Cabbarlı iştirakçıları məlumatlandırıb. Filologiya elmləri doktorları Vaqif Yusifli “Ədəbi proses-2020” Yaradıcılıq müşavirəsinə hazırlığın vəziyyəti və Tahirə Məmməd “Fizika və lirika” konfransının keçirilməsinə hazırlığın vəziyyəti haqqında, dosent Zəhra Allahverdiyeva “Nizami Gəncəvi ensiklopediyası”nın sözlüyünün müzakirəsi barəsində çıxış edib.

İnstitutun elmlər doktorluğu və fəlsəfə doktorluğu hazırlığı üzrə doktorantlarının elmi məsləhətçi və elmi rəhbərlərinin dəyişdirilməsi haqqında Təhsil şöbəsinin müdiri Samir Səttarov təklifləri səsləndirib.

İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli gündəlikdəki digər elmi-təşkilati və çap məsələlərini diqqətə çatdırıb.

 İctimaiyyətlə əlaqələr şöbəsi

FOTO QALEREYA