Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Ədəbiyyat İnstitutunda “Heydər Əliyev və Azərbaycan ədəbi-ictimai fikri” adlı elmi sessiya keçirilib

28-02-2023 [ 15:59 ] [ oxunub:422 ]
printerA+ | A-
103133

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Heydər Əliyev və Azərbaycan ədəbi-ictimai fikri” adlı elmi sessiya keçirilib.

Elmi sessiyanı giriş sözü ilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açıb. “Heydər Əliyev İli” çərçivəsində ölkəmizdə və dünyada Ulu Öndərə həsr olunmuş silsilə tədbirlərin davam etdiyini deyən akademik İsa Həbibbəyli bu istiqamətdə Akademiyanın Tədbirlər planının da uğurla icra olunduğunu söyləyib. Qeyd edib ki, AMEA-nın tədbirləri respublika və Akademiya miqyasında həyata keçirilir və alimlərimiz Ümummilli Liderin həyatı və fəaliyyətinin dərindən öyrənilməsini, dahi şəxsiyyətin Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətlərinin elmi cəhətdən əsaslandırılmış şəkildə ictimaiyyətə çatdırılmasını özünün borcu hesab edir.

Ulu Öndərin çoxəsrlik tariximizin nadir şəxsiyyətlərindən biri və zirvələri fəth etmiş görkəmli dövlət xadimi olduğunu bildirən akademik İsa Həbibbəyli vurğulayıb ki, Azərbaycanın yarıməsrlik inkişafının əsası Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır və o, hələ Dövlət Təhlükəsizliyi Komitəsində çalışdığı illərdə milli kadrların hazırlanması və irəli çəkilməsi işinə xüsusi diqqət yetirib. Akademik diqqətə çatdırıb ki, Ulu Öndərin ölkəmizə rəhbərlik etməyə başladığı illərdə Azərbaycan inkişafına görə ittifaq respublikaları içərisində son sıralarda qərarlaşsa da, dahi lider qısa müddətdə həyata keçirdiyi geniş islahatlarla Azərbaycanı keçmiş SSRİ-nin ən qabaqcıl ölkələrindən birinə çevirdi. 1990-cı illərdə isə Azərbaycanın müstəqilliyini itirmək təhlükəsini aradan qaldırdı, dövlət orqanlarını yenidən formalaşdırmaqla əbədi müstəqilliyimizin təməllərini atdı.

“Müasir dövrdə isə Azərbaycan dövləti Prezident İlham Əliyev tərəfindən bütün sahələrdə daha da inkişaf etdirilib, regionun və dünyanın aparıcı dövlətlərindən birinə çevrilib. Vətən müharibəsindəki şanlı Qələbə isə çoxəsrlik tariximizin nadir hadisəsidir və Müzəffər Ali Baş Komandan İlham Əliyev bu tarixə özünün əbədi imzasını qoyub. Xalqımız inanır ki, Prezident İlham Əliyevin iradəsi ilə Zəngəzur dəhlizi açılacaq, Ermənistanla sülh müqaviləsi imzalanacaq, Azərbaycan regionda və dünyada söz sahibi kimi öz mövqeyini qoruyacaq”, - deyə akademik İsa Həbibbəyli vurğulayıb.

Akademiyanın Tədbirlər planından bir qismini diqqətə çatdıran akademik İsa Həbibbəyli aprel ayında “Heydər Əliyev İli”nə həsr olunmuş AMEA-nın Ümumi yığıncağının keçiriləcəyini, Azərbaycan və Türkiyə alimlərinin iştirakı ilə “Bir millət – iki dövlət” mövzusunda elmi konfransın təşkil olunacağını, “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Milli Elmlər Akademiyası” sənədli filminin hazırlanacağını deyib. Həmçinin AMEA-nın “Heydər Əliyev İli”nə ən böyük töhfəsi olan və 2023-2024-cü illərdə nəşrə hazırlanan “Heydər Əliyev Ensiklopediyası”nın sözlüyünün layihəsinin hazırlandığı barədə də məlumat verib.

Ədəbiyyat İnstitutu tərəfindən isə “Heydər Əliyevin bədii obrazı: tarixilik və müasirlik” adlı monoqrafiyanın və Heydər Əliyevin Azərbaycan ədəbiyyatı ilə bağlı Fərman və Sərəncamlarından ibarət kitabın nəşrə hazırlandığını bildirib. Bundan əlavə, institutun “Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının bir buraxılışının Ulu Öndərə həsr olunacağını diqqətə çatdırıb.

“Ulu Öndərin həyatı və fəaliyyətinin elmi cəhətdən dərindən öyrənilməsi, bu istiqamətdə konfransların təşkili və nəşrlərin çapı, ölkəmizin elm sahəsində qazandığı nailiyyətlərin ictimaiyyətə çatdırılması alimlərimizin Ümummilli Liderin ruhu qarşısında hesabatı, alimlik, vətəndaşlıq borcudur”, - deyə AMEA prezidenti bildirib.

Tədbirdə, həmçinin Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin “Azərbaycan reallığında Heydər Əliyev epoxası”, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlunun “Müstəqillik dövrü nəsrində Heydər Əliyev”, filologiya elmləri doktoru Elnarə Akimovanın “Ədəbiyyatda azadlıq ideallarının intişarında Heydər Əliyevin rolu”, filologiya elmləri doktoru Əlizadə Əsgərlinin “Heydər Əliyev: dünya sivilizasiyasında elit şəxsiyyət” və filologiya elmləri doktoru, professor Vüqar Əhmədin “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda məruzələri dinlənilib.

FOTO QALEREYA