Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Ömər Faiq Nemanzadənin 150 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

18-07-2022 [ 13:25 ] [ oxunub:52 ]
printerA+ | A-
102589

Azərbaycan Milli Elmlər Akademiyası  Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli ictimai xadim, publisist Ömər Faiq Nemanzadənin 150 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib. Sessiyada Ömər Faiq Nemanzadənin ailə üzvləri, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, müxtəlif muzey və mətbuat orqanlarının üzvləri də iştirak ediblər.

Sessiyanı AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açıb. O bildirib ki, “Ömər Faiq Nemanzadə Molla Nəsrəddin ədəbi məktəbinin əsas yaradıcılarından, Cəlil Məmmədquluzadənin ən yaxın silahdaşlarından biridir. Azərbaycanda milli mətbuatın və ictimai fikrin inkişafında böyük xidmətləri olan mütəfəkkirdir. Onun publisistikası “Molla Nəsrəddin”də olduğu kimi satirik olmasa da, XX əsrin əvvəlləri Azərbaycan publisistikasının qiymətli səhifələrindən biridir. Onun publisistikası bir çox hallarda elmi publisistikadır. Ömər Faiq Nemanzadənin publisistikasında dövrün ən mühüm məsələləri həm publisist baxımdan bir vətəndaş kimi, həm də elmi baxımdan bir ziyalı kimi qoyulub, həll olunmuşdur. Xüsusən, ana dili uğrunda mollanəsrəddinçilərin apardığı mübarizədə satirik tərəfində bütün mollanəsrəddinçilər, elmi tərəfində Ömər Faiq Nemanzadə dayanmışdır. Azərbaycanda qadın azadlığı, Azərbaycan dili məsələsi, Azərbaycan milli-mənəvi varlığının azərbaycançılıq mövqeyindən meydana qoyulmasında nümunə göstərmişdir.

Cəlil Məmmədquluzadə ilə Ömər Faiq Nemanzadənin dostluğu “Şərqi-rus” qəzetindən başlamışdır. Jurnalla mollanəsrəddinçilərin əlaqələndirilməsində Ömər Faiq Nemanzadə böyük körpü rolunu oynamışdır. Onun satirik əsərləri çox azdır, tənqidi məqalələri vardır. Mirzə Cəlillə çiyin-çiyinə çalışıb, hərəkatı irəli aparıb, sona qədər onun ideallarına sadiq qalıb. Mirzə Cəlilin ən yaxın silahdaşı olub.

Həmin dövrlər “Molla Nəsrəddin” məktəbi də vardı, amma elmi publisistika yeni formalaşırdı. Azərbaycanda elmi-analitik publisistikanı yaradanlardan biridir.

Ömər Faiq Nemanzadənin əsərləri bir neçə dəfə çap olunub. Onun tədqiqi və əsərlərinin nəşri baxımından mərhum professor Şamil Qurbanovun xidmətlərini ayrıca qeyd etmək istəyirəm. İndi azərbaycançılıq işığında, açılan arxivləri də nəzərə alaraq onun haqqında yenidən yazmağa ehtiyac var. Ömər Faiq Nemanzadə haqqında foto-albom monoqrafiyanın yaradılması lazımdır. Onun haqqında yenidən dissertasiya mövzusu verməyə, plan işinə salmağa ehtiyac vardır.

Bugünkü sessiyaya Ömər Faiq Nemanzadəyə  müstəqillik idealları işığında yenidən qayıdış, yeni mərhələnin başlanğıcı kimi baxırıq. Bu gün burada Ömər Faiq Nemanzadənin ailə üzvləri, məşhur Pepinov ailəsinin üzvləri iştirak edirlər. Həmçinin, axıska türklərinin nümayəndələrinə də tədbirə qatıldıqları üçün təşəkkür edirik”.

Sessiyada tarix elmləri doktoru, professor Solmaz Tohidi “Ömər Faiq Nemanzadə: Millətin gələcəyini işıqlı görmək inamı”, filologiya üzrə fəlsəfə doktorları, dosentlər Səadət Vahabova “Sarıqamış uğursuzluğu, rus və erməni genosidinin Ömər Faiq Nemanzadə publisistikasında şərhi” və Gülbəniz Babayeva “Molla Nəsrəddin” ədəbi məktəbi” adlı məruzələrlə çıxış ediblər.

Qonaqlardan “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, professorlar Asif Hacılı, Sevda Süleymanova və İstanbul Universitetinin doktorantı, “Çapar” tarix dərgisinin baş redaktoru Dilqəm Əhməd, axıska türklərinin “Vətən” cəmiyyətinin sabiq sədri İsmayıl Rəhimov da sessiyanın mövzusuna uyğun çıxış ediblər.

Sessiyada Ömər Faiq Nemanzadənin nəvəsi Fuad Pepinov və ailə üzvü Çingiz Nemanzadə çıxış edərək, böyük şəxsiyyətə verilən elmi dəyər üçün minnətdarlığını bildirib.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR