Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

Əlişir Nəvainin əsri və nəsri (elmi-filoloji və dini-təsəvvüfi əsərləri) monoqrafiyasının yeni nəşri - Almaz Ülvi Binnətova

09-06-2023 [ 13:58 ] [ oxunub:262 ]
printerA+ | A-
103512

 “Əlişir Nəvainin əsri və nəsri (elmi-filoloji və dini-təsəvvüfi əsərləri)” monoqrafiyası Azərbaycan-özbək ədəbi əlaqələrinin, Azərbaycan nəvaişünaslığının inkişafına öz töhfəsini verən dəyərli kitabdır. Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr olunan “Əlişir Nəvainin əsri və nəsri” monoqrafiyası özündə Ə.Nəvai əsərlərinin şərhini, məzmununu, analitik təhlilini cəmləşdirmişdir. “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri” şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətovanın  “Əlişir Nəvainin əsri və nəsri (elmi-filoloji və dini-təsəvvüfi əsərləri)” monoqrafiyası 2020-ci ildə Bakıda “Elm və təhsil” nəşriyyatında çap olunmuşdur.

“Əlişir Nəvainin əsri və nəsri (elmi-filoloji və dini-təsəvvüfi əsərləri)” monoqrafiyası 2023-cü ildə Bakıda “Elm və təhsil” nəşriyyatında yenidən nəşr olundu. Kitabın elmi redaktorları akademik, AMEA-nın I vitse-prezidenti İsa Həbibbəyli və nəvaişünas, filologiya elmləri doktoru, professor Şöhrət Siracəddinovdur. Kitaba filologiya üzrə elmlər doktoru Ataəmi Mirzəyev, filologiya üzrə elmlər doktoru, professor Dilorom Salahi kimi dəyərli alimlər rəy yazmışlar. Kitabın məsul redaktoru isə filologiya üzrə fəlsəfə doktoru Şəhla Məcidovadır. Kitaba akademik, AMEA-nın I vitse-prezidenti İsa Həbibbəyli tərəfindən “Azərbaycan nəvaişünaslığının yeni səhifəsi” adlı ön söz yazılmışdır. Ön sözdə tədqiqatçı Almaz Ülvi Binnətovanın Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin inkişafındakı böyük rolu və bu iki xalqın dəyərli sənətkarı Əlişir Nəvai və onun şəxsiyyəti haqqında məlumatlara yer verilmişdir. Eyni zamanda, Şöhrət Siracəddinovun “Almaz Ülvinin  “Əlişir Nəvainin əsri və nəsri” monoqrafiyası müstəqillik dövrü Azərbaycan nəvaişünaslığının ən sanballı nümunəsidir” adlı məqaləsi kitabın müəllifi və onun iki qardaş xalq arasında mövcud olan və inkişaf edən ədəbi əlaqələrdəki müstəsna xidmətlərini əks etdirən qiymətli bir materialdır.  582 səhifədən ibarət olan bu monoqrafiya, ümumilikdə Əlişir Nəvainin elmi-filoloji və dini-təsəvvüfi əsərlərini əhatə etməsi baxımından dəyərlidir. “Əlişir Nəvainin əsri və nəsri (elmi-filoloji və dini-təsəvvüfi əsərləri)” monoqrafiyası müasir dövrdə Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin möhkəmliyini, bağlılığını göstərmək baxımından dahi mütəfəkkir Əlişir Nəvai şəxsiyyətini və yaradıcılığını XXI əsr gəncliyinə təqdim edən olduqca dəyərli bir mənbədir.

SİZƏ MARAQLI OLA BİLƏR