Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Görkəmli ədəbiyyat tarixçisi, nəcib insan - Professor Kamran Məmmədov-100

21-12-2022 [ 12:35 ] [ oxunub:116 ]
printerA+ | A-
102961

(Əməkdar elm xadimi, professor Kamran Məmmədovun 100 illiyinə)

Bədii ədəbiyyatın, söz sənətinin  yarandığı dövr, zaman ilə müqayisədə ədəbiyyat tarixi yeni elm sahəsi olaraq XX yüzilliyin əvvəllərində düşüncə müstəvisinə gətirilmiş, sonrakı onilliklərdə uğurla təşəkkül və təkamül prosesi keçmişdir. Qədim və zəngin milli-mənəvi qaynaqlara söykənərək ədəbiyyat tarixçiliyi sahəsində ilk cığır açan mütəfəkkir-araşdırmaçı Firidun Bəy Köçərli sənət estafetini, ədəbi missiyanı şərəf və ləyaqətlə davam etdirmək üçün özündən sonra elmə gələn yeni və güclü bir nəslə əmanət qoyub getdi. İstedadlı ədəbiyyatşünaslardan Feyzulla Qasımzadə, Məmməd Arif Dadaşzadə, Həmid Araslı, Mir Cəlal Paşayev, Məmməd­hüseyn Təhmasib, Məmməd Cəfər Cəfərov, Mirzağa Quluzadə, Cəfər Xəndan Hacıyev, Əziz Mirəhmədov, Kamal Talıbzadə və b. Firidun Bəy Köçərli ənənələrini inkişaf etdirərək yüksək pilləyə qaldırmaq şərəfinə nail oldular. Bu nəslin sıralarında ləyaqətlə yer alan, bacarıqlı və cəfakeş tədqiqatçılarından biri də ədəbiyyat tarixi sahəsində fədakar əməyi, monumental monoqrafiyaları ilə rəğbət qazanmış görkəmli alim, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Kamran Məmmədov idi. Akademik İsa Həbibbəyli professor Kamran Dadaşoğlunun ədəbiyyat tarixi qarşısındakı xidmətlərini yüksək qiymətləndirərək yazırdı: “Kamran Məmmədov əsasən ədəbiyyat tarixçisi idi. O, ədəbiyyat tarixinə dair əsərlər yazarkən yalnız konkret tarixi bir dövrdəki ədəbi şəxsiyyətlərin bədii əsərlərini dərindən oxuyub öyrənməklə kifayətlənmir, mütləq arxivlərə, kitabxanalara gedib yeni materiallar arayıb-axtarır, elmi dövriyyəyə daxil edirdi.”

Monoqrafiyalarında hər zaman elmi yeniliyi prioritet sayan professor Kamran Dadaş oğlu Məmmədov 100 il bundan əvvəl - 1922-ci il dekabr ayının 21-də Azərbaycanın qədim mədəniyyət mərkəzi, musiqi, ədəbiyyat beşiyi adlandırdığımız, Qarabağ xanlığının sabiq paytaxtı Şuşa şəhərində dünyaya göz açmış, burada 7 illik təhsilini bitirdikdən sonra Bakıya təşrif gətirmişdir. Əvvəl Pedaqoji Texnikumda təhsil almış, sonra isə Azərbaycan Pedaqoji İnstitutunun Dil-ədəbiyyat fakültəsinə daxil olmuş, 1941-ci ildə təhsilini yarımçıq qoyaraq könüllü olaraq müharibəyə yollanmışdır. 1943-cü ildə Qafqaz cəbhəsində ağır yaralanan Kamran Məmmədov Hərbi xəstəxanada uzunmüddətli müalicədən sonra Bakıya qayıtmış, cəbhə yaralarının ağrı-acısını ömrü boyu daşımağa məhkum olmuşdur. Yarımçıq qalmış ali təhsilini Azərbaycan Dövlət Universitetində (indiki BDU) tamamlayan Kamran Dadaşoğlu 1945-ci ildən taleyini Nizami adına Ədəbiyyat İnstitutu ilə bağlamışdır. O institutun aspiranturasında  təhsil almış (1945-1948), kiçik elmi işçi (1948-1952), baş elmi işçi (1952-1960), XIX-XX əsrlər Azərbaycan ədəbiyyatı tarixi (1960-1965),  XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı tarixi (1965-1986) şöbələrinin müdiri və elmi məsləhətçi (1986-1989) vəzifələrində çalışmışdır.

Gənc aspirantın ilk ədəbi-tənqidi məqaləsi 1945-ci ildə “Azərbaycan məktəbi” jurnalının 4-cü sayında dərc etdirdiyi “Ağa Məhəmməd şah Qacar” adlı Əbdürrəhim bəy Haqverdiyevin eyniadlı tarixi faciəsi haqqında resenziyasıdır.

K.Məmmədov aspirantura təhsili dönəmində elmi-ədəbi fəaliyyət sahəsində yüksək aktivlik nümayiş etdirmiş, Üzeyir bəy Hacıbəyli, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Mirzə Əli Möcüz, Səməd Vurğun, Mir Cəlal, Abdulla Şaiq, Qılman Musayev, Nazim Axundov və b. görkəmli sənətkarların həyat və yaradıcılığı, ədəbi irsi haqqında o dövrün “Kommunist”, “Azərbaycan gəncləri”, “Bakı-axşam”, “Ədəbiyyat” qəzetlərində və “Azərbaycan məktəbi” jurnalında zamanın tələblərinə cavab verən, elmi-nəzəri səviyyəli yazıları ilə diqqəti cəlb etmişdir. Onun 1945-ci ilin oktyabr ayından Nizami adına Ədəbiyyat İnstitutu Elmi şurasının iclaslarında mütəmadi iştirak etdiyi, şura üzvlərindən M.Arif, F.Qasımzadə, M.Cəlal, H.Araslı, M.Cəfər, M.Təhmasib, Ə.Sultanlı, Ə.Mirəhmədov, N.Ağazadə, K.Talıbzadə və b. həmkarlarının məzmunlu, dolğun çıxışlarını dinlədiyi, elmi mühitdə formalaşdığı tədqiqat müəssisəsinin müvafiq sənədlərindən, protokollarından da bəlli olur. Kamran Məmmədov filologiya elmləri namizədi (indiki fəlsəfə doktoru) alimlik dərəcəsi almaq üçün üzərində çalışdığı “Ə.Haqverdiyevin bədii nəsri” adlı dissertasiya işini 1948-ci ildə uğurla başa çatdırmış və bu barədə institutun direktoru Məmməd Arif ilin yekunları haqqında Elmi şura qarşısında məruzə edərkən gənc aspirantın araşdırmalarının elmi səviyyəsini yüksək dəyərləndirmişdir.

Müəllif Ə.Haqverdiyevin bədii nəsri mövzusunda yazdığı 265 səhifəlik mükəmməl tədqiqat işində ədibin hekayələrinin ideya istiqamətlərini, bədii xüsusiyyətlərini sistemli şəkildə təhlil etmək və dəyərləndirməklə yanaşı onun həyat və yaradıcılığının, ictimai-sosial mühitinin naməlum, görünməyən tərəflərini də tədqiqat obyektinə çevirmiş, bəzən elmi-publisistik manevrlərdən peşəkarlıqla faydalanaraq əsəri oxunaqlı və cazibədar dil ünsürləri zənginləş­dirmişdir. Tədqiqat işində ədibin nəşrdən kənarda qalmış bəzi nəsr əsərləri də ilk dəfə üzə çıxarılaraq onlara ədəbi-tənqidi qiymət verilmişdir.

Kamran Məmmədov üçcildlik “Azərbaycan ədəbiyyatı tarixi” kitabının işlənilib hazırlanmasında, araya-ərsəyə gətirilməsində fəal rol oynamış, xüsusilə 1960-cı ildə nəşr edilən ikinci cilddə yer almış “Qasım bəy Zakir” və “Əbdür­rəhim bəy Haqverdiyev” elmi oçerklərinin müəllifidir. Onun Ə.Haqverdiyevdən sonra ikinci ən irihəcmli monoqrafiyası 1957-ci ildə Azərbaycan EA “Elm nəşriyyatı”nın çap etdiyi “Qasım bəy Zakir” elmi-populyar əsəridir. Tədqiqat işi lirik ovqatlı proloqla başlasa da tarixi faktlara və hadisələrə daha çox üstünlük verilmişdir. Müəllif Qasım bəy Zakirin Şuşa ədəbi-mədəni mühitində dünyaya gəlməsi və yazıb-yaratması imkanlarını dəyərləndirməklə yanaşı həmin dövrün İran-Rusiya hadisələrinə, Qarabağ tarixinin keşməkeşli, ziqzaqlı məqamlarına da xüsusi diqqət ayırmışdır. K.Məmmədov “Qarabağnamələr”ə  əsaslanaraq zamanın acınacaqlı mənzərəsi fonunda baş verən ziddiyyətlərin şairin şəxsi həyatında, taleyində ağır fəsadlara çevrilmiş məqamları qabarıq cizgilərlə öz əsərində təcəssüm etdirmişdir. Qasım bəy Zakirin böyük dramaturq Mirzə Fətəli Axundzadə və Xurşidbanu Natəvan ilə yazışmalarına ayrılmış səhifələr, müəllifin mövzuya fərqli baxış tərzi, arxiv sənədlərindən və xatirələrdən qədərincə faydalanma metodu monoqrafiyanın cazibədarlığını artıran və məzmununu dolğunlaşdıran keyfiyyət göstəriciləridir.

Kamran Məmmədovun milli ədəbiyyat tariximiz üçün sanballı tədqiqat­larından biri də əslən şuşalı olan görkəmli dramaturq, ilk faciə əsərinin müəllifi haqqında yazdığı və 1963-cü ildə Azərbaycan Elmlər Akademiyası nəşriyyatında çap etdirdiyi “Nəcəf bəy Vəzirov” adlı irihəcmli monoqrafiyasıdır. O 1964-cü ildə eyniadlı dissertasiya müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır. On bir fəsildən və 520 səhifədən ibarət olan dissertasiyada N.B.Vəzi­rovun uşaqlıq, gənclik və təhsil illərindən, Azərbaycan meşələri haqqında ilk elmi əsərindən, ailə-məişət dramlarından, komediyalarından, ədəbiyyatımızda ilk faciədən, publisistik fəaliyyətindən, iqtibas etdiyi əsərlərdən, sovet dövrü yaradıcılığından, ədəbi-tənqidi mülahizələrindən və teatr məsələlərinə baxışla­rından bəhs edilmişdir. K.Məmmədov dissertasiya üzərində işləyərkən zəngin arxiv materiallarından və nadir sənədlərdən yetərincə barınmış, mövzunun qaranlıq tərəflərinə, görünməyən məqamlarına aydınlıq gətirməyi böyük həssaslıq duyğusu, qədirşünaslıq hissi ilə bacarmışdır. Tədqiqatçının tədqim etdiyi arxiv sənədlərindən bəlli olur ki, gənc Nəcəf bəy Fətəli bəy oğlu hələ Bakı Realnı gimnaziyasında oxuduğu illərdə rus, fransız və alman dillərini yüksək səviyyədə mənimsəmiş, həmin xalqların ədəbiyyatı, mədəniyyəti ilə birbaşa tanış olmaq imkanlarına yiyələnmişdir. N.B.Vəzirovun xüsusilə “Həyat”, “Tazə həyat”, “İrşad”, “Yeni irşad”, “Tərəqqi”, “Sədayi-həqq”, “Mirat”, “Açıq söz”, “El həyatı” və digər mətbuat orqanlarında dərc etdirdiyi məqalə və felyetonlarda toxunulan maarif, mədəniyyət məsələləri, siyasi azadlıqlar və insan haqları, ekologiya, Cənubi Azərbaycanda milli-azadlıq hərəkatı və b. aktual mövzular monoqra­fiyada ilk dəfə geniş və sistemli şəkildə təhlil edilmiş və yüksək dəyərlən­di­rilmişdir.

Professor Kamran Məmmədovun “şuşalı ədiblər” silsiləsindən monoqrafiya həsr etdiyi növbəti sənətkarımız Yusif Vəzir Çəmənzəminlidir. Tədqiqat işi ilk dəfə 1981-ci ildə “Elm” nəşriyyatında işıq üzü görmüş, yenidən təkmilləşdirilərək 1987-ci ildə “Yusif Vəzir Çəmənzəminli” adı ilə “Azərnəşr” tərəfindən yüksək tirajla oxucu auditoriyasına ünvanlanmışdır. Əsərdə görkəmli yazıçının, ictimai-siyasi xadimin həyat və yaradıcılığı bütün işıqlı yönləri, haqqa, həqiqətə dayalı tərəfləri ilə yanaşı Şuşa, Bakı, Peterburq, Kiyev, Saratov, İstanbul, Paris, Daşkənd və b. şəhərlərdə ədəbi-mədəni mühit, Rusiya imperiyasının çöküşü, yeni həyat, müstəqillik uğrunda mübarizə, görkəmli ədiblər, sənət adamları ilə yeni tanışlıqlar, onlarla fikir mübadiləsi, ayrı-seçkiliyə, ədalətsiz təzyiq və təpkilərə məruz qalması sənədlər, faktlar əsasında tamlığı, bütövlüyü ilə təqdim edilmişdir. Müəllif repressiya dövründə Yusif Vəzirin çəkdiyi əzablara diqqət çəkərək yazır: “1938-ci ildən işlədiyi yerlərdən ixtisara salınan ədib köhnə sənətinə - vəkilliyə qayıdır, üç ay vəkil işlədikdən sonra yenə ixtisar adı ilə işdən azad edilir. Dolanacağı çətinləşən yazıçı ona haqsız münasibət haqqında yuxarı təşkilatlara ərizə ilə müraciət edir: “...Talesizliyimə Kərəm dədə kimi yanıram, yazıq körpələrim də mənimlə bərabər yanır. Bunların günah nədir, bilmirəm... Mən maddi kömək istəyirəm, mən ancaq hər bir yazıçıya verilən şərait və imkan arzusundayam...”

Kamran müəllimin monoqrafiyasından oxuyuruq ki, Sovet rejimi “hər bir yazıçıya verilən şərait və imkan”dan Yusif Vəzirə qıymayıb, ədibə ikili standarlar, “biz və onlar” prinsipləri ilə yanaşıb. Nəticədə böyük yazıçı vətənindən uzaqlara, Qorki vilayətinin Suxobezvodnaya kəndinə sürgün olunub, ailəsi ilə görüşlərə icazə verilmədən əzablara, zülmlərə məhkum edilib və qürbətdə dünyasını dəyişib.

Kamran Dadaşoğlunun elmi-tədqiqat işlərindən söz açanda onun “XX  əsr Azərbaycan şeirində satira” (Bakı, “Elm”, 1975, 276 s.) mövzusunda yazdığı monoqrafiyanı görməzdən keçmək mümkünsüzdür. Satirik ədəbiyyatımızın tarixinə və ənənələrinə həsr olunmuş bu tədqiqat haqqında akademik İsa Həbibbəyli yazır: “Həm tənqidi-realist ədəbiyyatımızın qüdrətli nümayəndə­lərindən, həm də satirik irsin tarixindən bəhs edən bu elmi əsər aradan uzun illər keçsə də, ideologiya dəyişsə də, qətiyyən köhnəlməmiş, öz aktuallıq və müasirliyini qoruyub saxlamışdır.”

Professor Kamran Məmmədovun monoqrafiyalarını mövzusundan, yazıldığı zamandan aslı olmayaraq ümumi nəzərdən keçirdikdə onların ideoloji sıxıntılara məruz qalmadığı, elmi konstruksiyasının, estetik aurasının zədələnmədiyi müşa­hidə edilir.

Kamran müəllim nəcib insan, məğrur şəxsiyyət və xeyirxah alim idi. Onun gənclərə diqqət və qayğısından vaxtilə barınanlardan biri də bu yazının müəllifidir. Təxminən 1985-ci ilin sentyabr ayı idi. Dissertasiya mövzumun müəyyən edilməsi ilə əlaqədar XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı tarixi şöbəsinin müdiri Kamran Məmmədovla görüşməyimi məsləhət bildilər. Nahar vaxtı olduğu üçün Kamran müəllim şöbədə tək idi. Özümü təqdim edib məramımı bildirdim. Mehriban, gülümsər çöhrəsində bir ciddilik yarandı. Ani düşündükdən sonra mənə ərəb qrafikasını bilməyim barədə sual verdi. Bakı Dövlət Universitetində iki il fars dili fənnini öyrəndiyimi dedim. “Zənbur” və “Babayi-Əmir” jurnalları haqqında suallarına cavablarım da deyəsən Kamran müəllimi razı salmışdır. Şöbənin əməkdaşları – Əflatun Saraclı, Hüseyn İsrafilov, İslam Ağayev, Alxan Bayramoğlu və b. yığışaraq Kamran müəllimin sədrliyi ilə iclas keçirildi. Yığıncaqda dissertasiya mövzumun və elmi rəhbərimin təsdiq olunması İnstitutun elmi şurasına tövsiyə edildi. Hər şey elə sürətlə baş verdi ki, təəccübümü gizlədə bilmirdim. Kamran müəllim örnək olmağa layiq mərd, nəcib insan, görkəmli ədəbiyyat tarixçisi idi. O, ömrünün sonuna qədər gənc tədqiqatçıların qayğıları ilə maraqlanır, yaradıcılıq uğurlarını böyük həvəslə izləyirdi. Sabiq “Kommunist”, indiki “Xalq qəzeti”nin 1989-cu il 22 mart sayında böyük dramaturq Cəfər Cabbarlının 90 illiyinə həsr olunmuş “Sənətkar ömrünün qığılcımları” adlı məqaləm dərc edilmişdir. Yazının anonsunu radiodan eşidən Kamran müəllim yerdə xəstə yatdığına baxmayaraq qəzeti aldıraraq məqaləni oxumuş və ilk təəssüratlarını həyat yoldaşı, filologiya elmləri namizədi Dilarə xanım Məmmədova ilə bölüşmüşdür. İnstitutumuzun əməkdaşı Dilarə xanım bu barədə mənə məlumat verəndə gənc müəllifin keçirdiyi hissləri yəqin ki, təsəvvür etmək o qədər də çətin olmazdı...

Uzun sürən ağır xəstəlik, amansız əcəl müharibənin odundan-alovundan sağ-salamat çıxmış, məşəqqətlərə mərdliklə sinə gərmiş, məğrur, müdrik şəxsiyyəti, nəcib insanı hər zaman köməyə, qayğıya möhtac olan gənc tədqiqatçılara çox gördü... Kamran müəllim məqalə “əhvalat”ından iki həftə sonra – 1989-cu il 6 aprel tarixində dünyasını dəyişdi.

Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Kamran Dadaş oğlu Məmmədovun ədəbiyyat tariximizin xəzinəsini zənginləşdirən, aktuallığı və müasirliyi ilə gənc tədqiqatçılar üçün istinad mənbəyinə çevrilən monumental monoqrafiyaları haqlı olaraq elmi camedə qəlbimizi qürur və iftixar hissi ilə döyündürən  “Ədəbiyyatşünaslığımızın Qarabağ­namələri” adlandırılır.

Asif RÜSTƏMLİ,
filologiya elmləri doktoru, professor

"Azərbaycan" qəzeti, 2022, 21 dekabr

"Xalq qəzeti", 2022, 21 dekabr