Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Qarabağ, Zəfər, Şuşa bu gün bizim ədəbiyyatın ən aktual mövzularıdır: müsahibə - Elnarə Qaragözova

12-12-2022 [ 10:28 ] [ oxunub:162 ]
printerA+ | A-
102929

Yazıçı Tural Cəfərlinin ədəbiyyatşünas Elnarə Qaragözova ilə müsahibəsi

Xoş gördük, Elnarə xanım. İşləriniz necə gedir?  

-Xoş gördük.

İstərdim ədəbi tənqidlə bağlı işinizdən bir az danışasınız. Ümumi prosesin sxemi və planlarını necə müəyyən edirsiniz?

-Nizami Gəncəvi adına  Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi kimi ədəbiyyatımızın bu gününü, dünya ədəbi prosesindən gələn meylləri və milli yaddaşdan gələn məqamların təzahürlərini araşdırır, gəldiyim qənaətləri  həm ədəbi mətbuatda, həm də elmi tribunalarda təqdim edirəm. Xüsusilə ədəbi cərəyanların ədəbiyyatımızda təzahürünün araşdırılması tədqiqatlarımın prioritet istiqamətlərindəndir. Mən ədəbi tənqid ixtisasını bitirməmişəm. Ədəbiyyat nəzəriyyəsi istiqamətində  ixtisaslaşıram. Lakin əsas araşdırma obyektim müasir dünya və Azərbaycan ədəbi prosesi ilə bağlıdır. "XXI əsrin əvvəlləri Azərbaycan ədəbiyyatında arxetipin yeni formaları" mövzusunda müdafiə etdiyim fəlsəfə doktorluğu dissertasiyamın nəzəri xətti - mifologiya və arxetiplər nəzəriyyəsi aspektində araşdırmalar da tədqiqatın da adından göründüyü kimi məhz cari ədəbi materiallar üzərində qurulmuşdu.  Hal-hazırda institutun elmlər doktorluğu hazırlığı üzrə dissertantı kimi "Azərbaycan postmodernist ədəbiyyatının poetikası" mövzusu üzrə araşdırma aparıram. Bu tədqiqatım da müasir ədəbi proses üzərində kökləndiyindən daima çağdaş Azərbaycan və dünya ədəbiyyatını izləməyə çalışıram.

-Təhsillə bağlı sırf "ədəbi tənqid" ixtisasını bitirən kifayət qədər kadrlar var. Ancaq ədəbi tənqidin yeni nəfəsini hiss etmirik. Bunun səbəbini nədə görürsünüz?

-Bəli, qeyd etdiyiniz məqamı cari ədəbi proses üçün aktualdır. "Ədəbi tənqid" ixtisasını bitirmək ədəbi tənqiddə iştirak etmək, bu prosesin bir parçasına çevrilmək üçün mütləq faktor deyil. Əlbəttə, tənqidçi, araşdırmaçı üçün baza mütləqdir. Lakin əgər ədəbiyyata həvəs, sevgi və bunları mütləq şəkildə müşayiət etməli olan zəhmət yoxdursa, "ədəbi tənqid" ixtisasına yiyələnən şəxs mətninin enerjisini hiss edə bilmirsə, ədəbi prosesi duya bilmirsə o sadəcə "diplomlu kadr" olaraq qalır. Cari ədəbi mühitdə "diplomlu ədəbi tənqidçi" olmaq asandır, əsl araşdırmaçı-tənqidçi olmaq isə çətindir. Bu məqam bütün ixtisaslar üçün keçərlidir.

Bəlkə işin mahiyyətini dərk edib, uzaq dururlar?

-Mən belə düşünmürəm. Ədəbiyyat və ədəbi mühit çox cəzbedicidir, özəl enerjiyə  malikdir. Bir dəfə ədəbi prosesin enerjisini hiss edən, bunun üçün yola çıxanlar bu yoldan dönmürlər. Ədəbi tənqidin mahiyyətini dərk edənlər və onu sevərək seçənlər bu gün ədəbi prosesdə fəal iştirak edirlər. Uzaq duranlar sadəcə diplom almaq üçün  üçün bu ixtisası seçənlərdir.

Bu gün Azərbaycan ədəbiyyatında tənqidin rolu nədən ibarətdir?

-Müstəqillik dövrü ədəbiyyatı çoxaspektli, çoxşaxəlidir. Bədii material həddindən çoxdur. Ədəbiyyatımızın daha öncəki dövrləri ilə müqayisədə  bu günkü ədəbi prosesin nəhəngliyi daha çox nəzərə çarpır. Buna əsas səbəblərindən biri   yazıçılar, şairlər üçün tribunaların çox və rəngbərəng olmasındadır. Digər tərəfdən ədəbiyyata əbədiyyət kimi baxıb öz düşüncələrini burada həkk etməyin asan olduğu qənaəti cəmiyyətdə yayğındır. Bu baxımdan çağdaş Azərbaycan ədəbiyyatında tənqidin rolu  öncəki dövrdən də böyük əhəmiyyət kəsb edir.  Bu gün ədəbi tənqidin görməli olduğu iş həm çox ağır, həm də məsuliyyətlidir. Bir tərəfdən qeyd etdiyim kimi bədii materialın bolluğu və rəngarəngliyi, tribuna azadlığı ədəbi mühitdə xaotik bir vəziyyətin yaranmasına səbəb olur. Digər tərəfdən bizim ədəbi tənqidin yeni etapı formalaşma prosesini keçir. Çağdaş ədəbi tənqid sovet ədəbiyyatşünaslığından miras qalan ənənələrdən bu günə uyğun olanları saxlamaqla dünya ədəbi prosesinə,  ədəbiyyatşünaslığına inteqrasiya etməlidir. Lakin bu proses kor-koranə olmamalı, azərbaycançılıq ideologiyasına uyğun həyata keçirilməlidir. Hal-hazırda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda akademiyanın prezidenti akademik İsa Həbibbəylinin rəhbərliyi ilə 10 cildlik Azərbaycan Ədəbiyyatı Tarixi hazırlanır. Yeni dövrləşdirmə konsepsiyası və azərbaycançılıq ideologiyasına əsaslanan bu layihə artıq yekunlaşmaq üzrədir. Bu fundamental layihədə həm daha öncəki dövrlərdə yaşamış görkəmli alimlərin, həm də müasirimiz olan, elmdə öz sözünü demiş, tanınmış  ədəbiyyatşünaslarımızın tədqiqatları yer almşdır. Təqdirəlayiq haldır ki, yeni ədəbiyyat tarixi layihəsində gənc nəsli təmsil edən  ədəbiyyatşünaslara da etimad göstərilmiş, onların yeni baxışı özündə ehtiva edən  araşdırmaları da on cildliyə daxil edilmişdir. Bütün bu amillərə görə  ədəbiyyatımızın bütün dövrlərinə yenidən və yeni baxışı özündə əks etdirən bu oncildlik   nəinki ədəbiyyatımızın inkişaf yolunun, həm də bugünkü ədəbi tənqidin də obyektiv güzgüsü rolunu oynayacaq.

Müqayisə aparsaq ötən əsrin ədəbi tənqidi və çağdaş dövrümüzün ədəbi tənqidi arasındakı fərqləri və oxşarlıqları necə göstərə bilərsiniz?

-Ötən əsrin ədəbi tənqidi  SSRİ-nin tətbiq etdiyi ideoloji klişelər, məhdudiyyətlər üzərində formalaşmışdı. Lakin bununla belə həmin dövrdə faliyyət göstərən ədəbiyyatşünaslarımız imkan daxilində kökü M.F.Axundovdan gələn,  sırf Azərbaycan ədəbi tənqid məktəbini yaratmağa çalışırdılar və buna nail oldular. Müasir dövrdə  ədəbi tənqidin üzərinə düşən vəzifələr daha çətindir. Lakin  indi ədəbi tənqidçinin  meydanı da  daha genişdir.

Bəs "tərif" yazısını "tənqid" kimi təqdim edənlərə münasibətiniz necədir?

-Əslində sözün əsl mənasında ƏDƏBI TƏNQİDDƏ nə tərif, nə də tənqid olmamalıdır. Bu söz birləşməsindəki  "tənqid" araşdırma, incələmə, qiymətləndirmə meyarıdır. Yazıçının şəxsiyyəti, mövqeyi yox, bədii mətnin ədəbiyyata gətirdiyi məqamlar əsas götürülməlidir. Tənqidçi əsəri oxuyanda müəllifinin kimliyini unutmalıdır, obyektiv olmalıdır. Yazar da əsəri haqqında yazılan araşdırmanı tərif yaxud tənqid kimi yox, obyektiv qəbul etməlidir. Əgər bir əsər haqqında tədqiqat aparılırsa həmin tədqiqin mahiyyətindən, verilən qiymətdən asılı olmayaq artıq həmin əsər ədəbi prosesin subyektinə çevrilir və bu yazarın uğurudur.

Azərbaycan oxucusunu ədəbiyyatdan uazalqaşdıran və yaxud yaxınlaşdıran səbəblər...

-Müasir dövrün reallıqları, elmi-texniki inkişaf nəinki Azərbaycan, ümumən dünya oxucusunu ədəbiyyatdan uzaqlaşdırıb. Ədəbiyyat uzun müddət ərzində didaktik-əxlaqi əhəmiyyətə malik olması ilə yanaşı həm də əyləncə mənbəyi olub. Qədim zamanlardakı nağıl məclisləri, daha sonralar toylarda dastanların dinlənilməsi buna bariz sübutdur. İndi ədəbiyyatın əyləncə funksiyasını televiziya, internet öz üzərinə götürüb, ədəbiyyata yönələnlər isə onun maarifçi yönünü seçənlərdir. Bu səbəbdən bu gün oxucuların azlığı tendensiyasını ədəbiyyatın çöküşü kimi yox, əksinə elitarlaşması kimi qiymətləndirirəm.

Niyə kitab oxumaq dəbdə deyil? Yaxud kitab oxumağın populyarlığını necə artırmaq olar? -Qeyd etdiyim kimi, bu gün əyləncə yox, əxlaq, mənəvi dəyər və bilik axtarışında olanlar ədəbiyyata maraq göstərirlər. Məncə yazıçılarımız da kəmiyyəti yox keyfiyyəti əsas götürməlidirlər. Kitabın nə qədər satılması yox, nə qədər oxunması önəmlidir. Kitab oxumağın populyarlığını artırmaq üçün əyləncənin yox biliyin  populyarlığına nail olmaq lazımdır, yazıçı-kumirlər yaranmalıdır. 
"Esse və felyetonda çağdaş müəllif xətti" yazısında Yunus Oğuz yaradıcılığından bəhs etmisiniz.  Yazarın müşahidə qabiliyyəti, mahiyyətə varma və ən önəmli məqamları qabartmaq, vurğulamaq qabiliyyətini oxucunun diqqətini çəkən məqamlardan biri kimi qeyd etmisiniz. Oxucunu müəllif başqa hansı keyfiyyətləri ilə maraqlandıra bilər?
-Milli məqamları müasir kontekstdə, ultramodern təqdim etmək bu günün oxucusunu maraqlandıra, mətnə çəkə bilər. Lakin bu qurama, kalka şəklində olmamalıdır. Bu sintezi təbii şəkildə təqdim edə bilən müəllif azdır. Mətnin lakonikliyinə, mobilliyinə də diqqət artırılmalıdır. Yunus Oğuzun yazıçı kimi uğurunu şərtləndirən əsas məqamlardan biri onun mətnin mobilliyini təmin etməsidir. Yunus Oğuz bu mobilliyi həm mətn daxili amil kimi, həm də fiziki olaraq  təmin edir. O roman janrının imkan verdiyi qədər həm dinamik, lakonik mətn yaradır, həm də öz əsərlərini bir yazıçı kimi təbliğ edir, görüşlər keçirir, kitablarını oxuculara hədiyyə edir. Xaricdə nəşriyyatlar yazıçını brend kimi ədəbi cameəyə təqdim edir, bizim ədəbi prosesin bu günkü - yenidən formalaşma etapında isə yazıçı özü-özünü brend kimi yaratmalı və təqdim etməlidir. Gələcəkdə bizdə də yazıçıların nəşriyyatlar tərəfindən brendləşdirilməsi və təbliği baş verəcək.
İndi maraqlı müəlliflərə az rast gəlinir. Çoxu "qalmaqalla" gündəmə gəlmək istəyir. Ortada ciddi mətnlər isə demək olar ki, çox azdı..
-Mən belə düşünmürəm. Yetəri qədər maraqlı müəllif , ciddi mətn var. Sadəcə olaraq yazarlar keyfiyyətli mətni ədəbi prosesə təqdim etməklə işlərini bitmiş hesab edirlər. Müasir dünya istehlak dünyasdır. Yalnız mahiyyət deyil forma da önəmlidir. Müəllif özü özünü brend kimi yaradıb təqdim etməyi bacarmalıdır. "Qalmaqal" da brend yaratmağın bir yoludur. Lakin ortada ciddi ədəbi mətn yoxdursa bu üsul heç bir işə yaramır.
 
Gənclərin "iddialı" çıxışları fonunda zəif yaradıcılıq nümunələrini necə təsvir etmək olar?

-Gənclik iddialı olmalıdır. Əgər belə olmasaydı inkişaf olmazdı. Zəif yaradıcılıq nümunəsi də ədəbiyyat faktıdır. Ədəbi prosesə nə isə yenilik gətirmək istəyirlər, alınmasa belə cəhd kimi təqdirəlayiqdir.

"Yazıçı nəfəsi" əsərdə harda  və necə  duyulmalıdır

-Bu müxtəlif variantlarda təzahür edə bilər. Bəzən əsər elə ancaq "yazıçı nəfəsi"ndən ibarətdir. Bəzən isə motiv kimi, yaddaş kimi mətnə daxil edilir. Mənim fikrimcə isə əsl ustalıq "yazıçının nəfəsini tuta bilməsi"dir.

Dünya ədəbiyyatının əsas klişeləri və Azərbaycan ədəbiyyatının bu klişelərdən məhrum  olduğu məqamlar...

-Mən bu cəhəti ədəbi cərəyanların təzahüründə görürəm. Azərbaycan ədəbiyyatında müəyyən ədəbi cərəyanlar ya əks olunmayıb ya da çox gec təzahür edib. Fikrimcə, əgər ədəbiyyatımız məcburən sosrealizmə tabe edilməsəydi, ədəbi proses öz qanunauyğun inkişafına uyğun olaraq bütün etapları keçə bilərdi və biz bu gün tam fərqli ədəbi mənzərəni müşahidə edərdik.

Tərcümə ədəbiyyatı haqqında nə deyə bilərsiniz?
-Müasir dövrdə tərcümə ədəbiyyatı öz yüksəlişini yaşayır. Amma bu daha çox kəmiyyət yüksəlişidir. Buna baxmayaraq bu günkü tərcümə ədəbiyyatının populyarlığını  müsbət qiymətləndirirəm. Tərcümədə keyfiyyət baxımından naqislik olsa da mahiyyət daha önəmlidir. Bizim üçün yeni olan ədəbi nümunələrin öz dilimizdə geniş auditoriyaya çatdırılması gələcək ədəbi prosesin, gələcək intellektual oxucunun bazisini yaradır.

Müasir Azərbaycan ədəbiyyatı nümunələrində  zamanla bağlı mövzu aktuallığının kasadlığını müşahidə etmək olar. Bu nə ilə bağlıdır?

-Səbəb ənənədən, klişeləşmiş mövzulardan kənara çıxmaq qorxusudur.  Əbədi ədəbi mövzulardan kənara çıxmaq, mətnə və əks etdirilən həyat materialına müxtəlif aspektlərdən yanaşmaq lazımdır. Dəyişən dünyanın dəyişən dəyərləri tam fərqli bir zamanda yaşamağımıza səbəb olub. Tarix və zaman çox sürətli və elastik bir formatdadır. Əslində bu kontekstdə müasir ədəbiyyatımız üçün aktual mövzular çoxdur. Qarabağ, Zəfər, Şuşa bu gün bizim ədəbiyyatın ən aktual mövzularıdır. Qarabağ mövzusu indi tam yeni aspektdə - zəfər və qayıdış aspektindən işıqlandırılmalıdır. Zəfərlə bağlı yazılan əsərlər içində iki  ədəbi nümunənin - Yunus Oğuzun "Çığır" romanını,  Zahid Xəlilin "Dəmir Yumruq Dastanı"nı diqqət çəkdiyini qeyd edə bilərəm.

Olaylar, 20222, 09 dekabr

 

 

SİZƏ MARAQLI OLA BİLƏR